"Ölən heyvan imiş, aşiqlər ölməz!»
Laədri
Ölüm nədir? O, absolyut bir sonmudur? Yoxsa bir sonramı
var. Bu «sonra»nın - axirətin olması çoxmu vacibdir? Bu sualları
cavab axtarmağa çalışaq. Amerika materialist filosofu Korliss
Lamont yazır ki, bir xristian kəndlidən soruşdum: «Axirətə inanırsanmı?»
O belə cavab verdi: «Axirət yoxdusa, Allah mənim nəyimə lazımdır?».
Son dərəcədə allahsız görünən bu cavabın özü çox məntiqidir. Çünki
dünya düzənini o dünyasız təsəvvür etmək olmaz. O dünyasız həyat
yarıda qırılıb qalmış bədii əsər kimi yekunsuz, mənasız, məntiqsiz
və çox ədalətsiz olardı.
Qeybə inam dinimizdə
çox prinsipial bir məsələdir. Quranda o dünyanın varlığına inam
Allaha imanla bərabər tutulur: «Təbii, təəccüb eləyəcəksən, təəccüblüdür
onların sözləri: «Biz torpağa qarışandan sonramı yenidən xəlq
olacağıq? Rəblərini dananlardır belələri» (Rad, 5). Əgər
Allah var, qeyb aləmi yoxsa və hər şey elə bu həyatla sona çatırsa,
sonra heç bir cəza və ya mükafatlandırma baş vermirsə, onda ya
bu dünya məhkəmə və mükafat salonu olmalı, hər kəs cəzasını elə
buradaca almalı idi. Ya da bu qəbul edilməlidir ki, insanlara
göndərilən Kitablar daha çox səmimiyyəti olan adamları dünya nemətlərindən,
rahat yaşayışdan məhrum eləmək, onlara zülm eləməklə nəticələnir,
Uca Tanrı isə səmimi insanların pak inancından, təmizliyindən
onların ziyanına olaraq istifadə edir. Bu imkansızdır. Bu qədər
mükəmməl düşünülmüş dünya düzənində belə məntiqsizliklər üçün,
belə sapqın düşüncələr üçün, belə ədalətsizliklər üçün heç bir
çərrə qədər də yer yoxdur. Məhəmməd Füzuli «Mətləül-etiqad» («Etiqadın
başlanğıcı») adlı fəlsəfi əsərində o dünyanın sübutlarından
biri kimi bu dəlilləri göstərir: «Bu dünyada Allahın sevimli bəndələrinin
zəhmət, düşmənlərinin isə nemət içində olması. Çünki əgər Allahın
səxavəti ancaq yemək, paltar, evlənmək və s kimi arzu edilən şeylərin
ÿëäÿ åäilməsi ilə məhdudlaşsaydı, onda bu nemətlərin sevimli bəndələrinə
verilməsi və onlarda daimi qalması məqsədəuyğun olardı. Sevimli
bəndələrin ağır zəhmətindən və Allah düşmənlərinin firavan həyat
sürməsindən aydınlaşır ki, sevimli bəndələr üçün vəd olunmuş və
həmişə davam edəcək bir nemət, eləcə də düşmənlər üçün həmişə
davam edəcək bir əzab vardır. Göründüyü kimi, rahatlıq və sıxıntının
hər biri iki hissəyə bölünür. Biri bu dünya ilə bağlı olub, fanidir,
o biri axirətlə bağlıdır, daimidir. İnsanların bəzisi fani rahatlığı
äàèìè rahatlıqdan, bəzisi də fani daimi sıxıntıdan üstün tutaraq
bu günü üçün seçib».
«BƏLİ»DƏN «BƏLİ»YƏ
FƏRQ VAR
Bir sıra müəlliflər ruhların
bədənlərdən çox əvvəl yaradıldığını və Allahla ruhlar arasında
bir anlaşma-müqavilə olduğunu Quran ayələri ilə isbata çalışırlar.
Sultan Vələd «Maarif» adlı əsərində yazır: «Ulu
Tanrı ruhları bədənlərdən altı yüz min ilə əvvəl yaradıb. Ruhlar
bədənlərdən əvvəl Tanrının rəhmət dənizində iqamət edirdilər.
Üzərlərində cismani bir zəhmət olmadan balıq kimi yaşayıblar.
Ulu Tanrı ruhlardan: «Mən sizin Rəbbiniz deyilmiyəm?» (7:171)
deyə soruşub. Ruhlar da «Bəli» deyə cavab veriblər (7:171).
Ruhların dedikləri o «bəli»lərdə fərqliliklər vardı. Bəzisində
fərq vardı və «bəli»dən «bəli»yə fərq mövcud idi. Bəzisi xalis,
bəzisi xalisin xalisi idi. Ulu Tanrı yaxşı və pisin, uca və alçağın
bir-birinə qarışmış olmalarını və bərabər görünmələrini və eyni
mərtəbədə olmalarını yerində görmədi və buyurdu ki, hamınız bəli
deyə iddia etdiyinizə və həqiqi ilə qəlpin, saf və qarışığın bəlli
olması üçün sizi bu can və könül aləmindən su və palçıq aləminə
göndərəcəyəm». Quranda ölümlə dirimin qoşa yaradılmasın imtahan
üçün olduğu aşkarca deyilir: Ölümlə dirimi qoşa yaratımş ki, sınağa
çəksin sizi, hansınızın daha gözəl işlə çalışdığını bəlli eləsin
(Mulk surəsi 2).
GERİYƏ YOL YOXDUR
İslamda ölümdən Qiyamətə
qədərki zaman və ya aradakı keçid məkanı mənasında «bərzəx», «bərzəx
aləmi» anlayışları var. İstər ərəbcədə, istərsə də dilimizdə coğrafi
termin kimi «bərzəx» sözü, adətən, iki dəniz arasında qalan quru
parçası anlamında işlənilir. Dini termin olaraq, ölümdən sonra
Qiyamətə qədər davam edən zaman, dünya ilə axirət arasındakı aləm
mənasında işlənilir. Bu söz Quranda üç dəfə işlənilib. Furqan
və Rəhman surələrində dadlı və duzlu iki dənizin bir-birinə qarışmasına
əngəl olan maneə kimi göstərilir: «Şirin sulu, acı sulu iki dəniz
yaratmış, qovuşuq görünür gözə onlar. Qovuşa bilmirlər bir-birinə,
maneə kəsibdir aranı» (Rəhman, 19-20); «Bir-birinin
yanında qoşa dəniz yaradıb, birinin suyunu içməli, şirin, digərinin
suyunu duzlu, acı eləyən və qarışmasınlar deyə aralarında maneəyə
qərar verən Odur» (Furqan, 53). Muminin surəsində
isə bərzəx ölümlə yenidən dirilmə arasındakı müddət kimi verilir:
«Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar
məni. Yarımçıq qoyduğum işimi tamamlaram, yaxşı işlər görərəm».
Bir sözdür, deyir o, deməyin nə faydası? Diriləcəkləri günə qədər
bir maneə dayanar onların arxasında. Sur çalınan gün əsil-nəsəb
deyilən şey qaldırılar aradan...» (Muminin, 99-100).
Bəzi sufi təfsirçilər hesab edirlər ki, Rəhman və Furqan surələrinin
yuxarıda xatırladılan ayələrindəki «iki dəniz» maddi və mənəvi
aləm, «bərzəx» isə bərzəx aləmi anlamında işlənilib.
«QORXUB ELƏMƏYİN...»
Quranda cənnət iman sahibləri
və əməli saleh kimsələr üçün onların yaxşı əməllərinə görə mükafat
olaraq hazırlanmış yer kimi göstərilir. Belə fikir var ki, cənnəti
təxəyyül etmək belə insanın gücü xaricindədir. Buna misal olaraq
Səcdə surəsindən bir ayəni göstərirlər: «Gördüyü işlərə görə gözaydınlığı
olaraq özünə veriləcək şeydən heç kəsin xəbəri yox» (Səcdə,
17). Quranda olan cənnət təsvirlərinin, sadəcə, insanlar
üçün bir təsəvvür yaratmaq üçün olmasını düşünmək olar. Aydın
məsələdir ki, bir anlayışı ifadə etmək üçün ya hansısa bir oxşarı
ilə analogiya aparılmalı, ya tam əksi – korrelyatı ilə qarşı-qarşıya
qoyulmalıdır. Bu halda korrelyat cəhənnəmdir. Amma cəhənnəm özü
də qeybdir. Onun təsvirindəki dəhşətlər də analogiyadır. Çünki
cəhənnəmi də təsvir etmək üçün bir qarşılıq olmalıdır. Bu isə
cənnətdir. Beləliklə, o dünyadakı yaşantıların təsviri üçün iki
qarşılıqlı olaraq bir-birinə zidd anlayış ortaya qoyulur. Onların
hər birinə aid məlumatı dərk eləmək, yəqin ki, insan üçün imkansız
olduğundan, hər ikisi qeyb olduğundan bu dünyanın informasiyaları
ilə analogiya aparılır. Cənnətin təsvirləri üçün insanın çox sevəcəyi,
əvəzsiz dərəcədə gözəl təəssüratı yaratmaq üçün bu dünyada insanlara
zövq verən ən gözəl anlayışlar sadalanır: yaşıllıqlar, xalçalar,
sərinlik, şərab, bal, irigözlü, gözləri heç kimə baxmamış və baxmayacaq
qadınlar; cəhənnəm üçün isə qır qazanları, dəhşətli isti və soyuq,
sümüklərin sındırılması, zəqqum və s.
"SİRRİ-QEYBİ
NƏ BİLƏR KİMSƏ XUDADAN QEYRİ?"
Dinimizə görə, qeybin
pərdəsi ölümdən sonra qaldırılır. Əgər cəhənnəm və ya cənnət haqda
daha müfəssəl məlumat verilərsə, bu qeybin pərdələrinin qaldırılmasına,
ölümə bərabər olardı. Digər tərəfdən, dünya düzəni pozulardı,
bu düzən o dünyanın qeyb olaraq qalması fəlsəfəsi üzərində qurulub.
Ümumiyyətlə, «Siz qeybi bilməzsiniz», «Bu barədə sizə az məlumat
verilmişdir» fikirlərinə istinad edib, yuxarıda bir qismi sadalanan
təsvirlərin təsəvvür yaratmaq üçün olduğunu ehtimal eləmək olar.
Beləliklə, istər cəhənnəmə aid təsvirlərdəki dəhşətlər, istərsə
də cənnətə aid komfort və ataraksiya təsvirləri qeybdəki durumu
insanlara, həm də ən bilgisiz kəslərə belə çatdırmaq üçündür.
Bu səbəbdən istifadə olunan təşbihlərin yerdəki, insanlar tanış
olan maddi təsvirlər olması tam təbiidir. Çünki yerdə olmayan
bir anlayışın, şeyin, təbii ki, ifadəsi üçün müvafiq söz də yoxdur.
Ona görə anlayış nə iləsə müqayisədə verilməlidir. İnsan beş duyğuya
malik olduğundan, təsvirlər də təsəvvür yaratmaq üçün bu duyğularla
hiss edilən əlamətləri sadalayır. Ağrı, isti, soyuq, zəqqum acılığı,
bal şirinliyi, şərab təsiri və s. Cənnətə aid dadbilmə ilə dərk
edilənlər təsvirlər: «Müttəqilərə vəd edilən cənnət budur: çirkab
götürməyən sulu çaylar, dadı dəyişməyən südlü çaylar, içənlərə
ləzzət verən şərab çayları, təmiz bal çayları axırlar orada»
(Muhəmməd, 15). Gözlə görülənlər: «Yanlarında irigözlü
qadınlar var, yalnız öz taylarına zillənmiş baxışları. Əl dəyməmş
yumurta sayaq bəmbəyazdılar» (Saffət, 48-49)
və s.
«CƏNNƏT-CƏNNƏT»
DEDİKLƏRİ»
Bəzi ayələrdə cənnət
və nemətləriylə bağlı təsvirlər dünya və axirət arasında oxşarlıqların
olduğunu ifadə edir: «İmana gələnlərə, əməli salehlərə mücdə ver,
içindən çaylar axan cənnətlər gözləyir onları. Onlara bu cənnətin
meyvəsindən ruzi veriləndə: «Bu ruzidən əvvəl də (dünyada) verərdilər
bizə» - deyərlər» (Baqara, 25). Cənnətdəki yaşayış
yeri haqda Qurani-Kərimdə «üst-üstə qurulmuş mənzillər» (Zumər,
20), «ev», (Təhrim, 11), «gözəl məskənlər»
(Tövbə, 72), «çadırlar» (Rəhman, 72)
ifadələri işlədilir. Cənnətdə mələklərin insanlara görünəcəyi
də deyilir. Quranda onların mömin və saleh əməl sahiblərinə tanış
olmadıqları yeni mühitdə qorxu və üzüntüyə düşməməyi təlqin edəcəyi,
onlara qulluq edəcəyi söylənilir: «Rəbbimiz Allahdır» deyəndən
sonra doğru yolu tutanların yanına mələklər can almağa gələn zaman
deyərlər: «Qorxub eləməyin, qəm-qüssə də yeməyin. Sizə vəd verilən
cənnətin mücdəsinə sevinin. Dünya həyatında da, axirət evində
də biz sizə dost-yoldaşıq. Ürəyinizdən nə keçirsə, meyliniz nə
çəkirsə, var orada sizdən ötrü. Bunlardan hamısına qonaq edər
sizi günahlardan keçən, Rəhim Allah» (Fussılət, 30-32).
Cənnətdə insanlara şərab da veriləcək, amma başqa cür şərabdır
bu: «Qədəhləri arxlardan doldurarlar. Ağappaq bir içkidir bu,
içiləndə ləzzətlidir, başağrısı vermir, ağlı başdan çıxarmır»
(Saffət, 45-47). Bundan əlavə, «Cənnət bağlarında
şadyanalıq eyləyər iman gətirən, saleh işlər görən kəslər» (Rum,
15) ayəsini təfsir edən bəzi müəlliflər cənnətdə musiqinin
də olacağını deyirlər.
Cənnətin hazırda mövcud
olub-olmaması da mübahisə predmeti olaraq qalır. «O cənnət təqva
sahibləri üçün hazırlanıb» (Əli İmran, 133) ayəsinə
əsasən «hazırlanıb» sözünün «hazırda mövcuddur» anlamına gəldiyini
düşünənlər var. Quranda Cənnət əhlinin Allahı görməsi haqda da
deyilir. Bir qisim təfsirçilər aşağıdakı ayəni məhz belə açıqlayırlar:
«Neçə üzlər var ki, o gün gözəlliyi ilə parıldar, Rəblərinə baxarlar»
(Qiyəmə, 22-23). Əvvəllər də qeyd etmişdik ki,
imanlı insanlarla Allah arasında bir sevgi mübadiləsi var. «Onlar
Allahı sevərlər, Allah da onları». Bu məntiqlə yanaşanda ölüm
sevdiyinə qovuşmaqdır.
NƏHAYƏT
Dünyada böyük bir ilahi
sahman var. Hər bir qar dənəsinə belə oricinal cizgilər verən,
yaratdığı məxluqların zahiri və daxili arxitektonikasında Özü
Özünü təkrarlamayan Ulu Tanrı yaradıb öz nəfəsini üfürdüyü, mələklərdən
üstün tutduğu insanı nə bu dünyada yiyəsiz qoyur, nə də bədəni
öləndən sonra onu heçliyə qovuşdurur. İnsanların bütün ömrünü
fəda etdiyi ideallar, canını qurban verdiyi müqəddəs məsləklər,
təbii ki, və yaxşı ki, heçliyə qovuşmur. Hər şey yaratdıqlarına
yiyə duran, «hər bir canı nəzərə alan», onların hər bir hərəkət
və hərəkətsizliklərinin qeydiyyatını apartdıran, büdrəyənlərin
qolundan tutan, yaxşılıq edənlərin bir neçə qat əvəzini verən
kərəm və cəlal sahibi Uca Tanrının hökmü altındadır... Biz adamlara
o dünyanın olmasını sübuta çalışmırıq, sadəcə, Allaha inanan kəslərin
o dünyaya da inanmalı olduqlarını düşünür, bu halda haqlı olduqlarını
müdafiə etməyə çalışır, eyni qənaətdə israrlı olduğumuzu demək
istəyirik. Və biz onu da istisna etmirik ki, bu yazını oxuyanların
hansısa bir qismi bizim kimi düşündüklərinin fərqində olacaq və
yəqin ki, öz qənaətlərinin doğruluğuna inamları bir qədər də artacaq.
|