«O,
çox bağışlayıcıdır, sevgi doludur». (Buruc, 14)
Uca Allahın
bir adı da çox sevən və sevilən anlamına gələn «Vədud»dur. Allah
taala sevgi qaynağıdır. Sevgini O yaradıb və bizim mahiyyətimizə
«Öz ruhundan üfürərkən» sevgini O yerləşdirib. Mühyəddin ibn əl-Ərəbi
dediyi kimi, «Biz sevgidən hasil olduq, sevgi ilə yaradıldıq,
sevgiyə doğru yönəldik və sevgiyə verdik könlümüzü». İnsanın fitrətində
rüşeym şəklində mükəmməl bir sevgi mövcuddur. Axı Allah insanı
kamil şəkildə yaradıb. İnsanın vəzifəsi isə bu sərvəti hərəkətə
keçirməkdir.
Mövlana yazır: «İnsan böyük bir şeydir və içində hər şey yazılıdır.
Fəqət qaranlıqlar və pərdələr qoymaz ki, içindəkiləri oxusun».
Bundan başqa, Allah bizə sevməyi və sevilməyi öyrədən düsturlar
məcmuəsi olan Kitablar endirib, peyğəmbərlər göndərib.
SEVGİ
MÜBADİLƏSİ
Sevgi Quranın əsas məvhumlarından
biridir, Uca Yaradıcının rəhmət dənizindən varlıqlara yönəltdiyi
ülvi bir duyğudur. Allah sevgini insana ən böyük güc kimi verib.
Dürüst adam gücü ondan alır. Füzuli «neydə təsiri-səda»nın da
eşqdən olduğunu yazırdı. Sultan Vələdə görə, məhəbbət Tanrının
sifətidir. Əgər insanlarda sevgi varsa, bu, Tanrı sevgisinin əksindən
başqa bir şey deyil və Tanrı tərəfindən onların daxilində parladılır:
«Evlərdəki və saraylardakı işığın günəşin parıltısından olması
şübhəsizdir» (“Maarif”). Quran Allahla bəndə
arasında münasibətlərin təməlini sevginin təşkil etdiyini vurğulayır:
ibadət və iman özü Yaradan ilə məxluq arasında sevgi mübadiləsindən
başqa bir şey deyil. «Ancaq Allah sizə imanı sevdirmiş, onu ürəyinizə
yatımlı eləmiş. Küfrü, yolsuzluğu, asiliyisə nifrətamiz eləmiş
ürəyinizə» (Hücurat, 7). Mövlana yazırdı ki,
könlündə Tanrı sevgisi artdımı, demək, Tanrı səni sevir. Bəs Allah,
ümumiyyətlə, kimləri sevir?
TƏQVA
SAHİBLƏRİ
Allahın sevdiyi insanlar
kateqoriyasınû Quranda dəqiqliklə öyrənmək olur. Allah tərəfindən
sevilən xoşbəxtlərin önündə təqva sahibləri gəlir. «Təqva» qorunma
deməkdir. İnsan Allaha qarşı öz məsuliyyətini dərk etməli, mələklərdən
üstün yaradılışının fərqində olmalı, Allaha şərik qoşmaqdan, nəfsin
təhrikedici pıçıltılarından, şərdən qorunmalıdır. Qorunanlar Allah
qatında çox yüksək dəyər sahibidirlər. «Şübhəsiz, Allahın dərgahında
sizlərdən ən dəyərli olanı təqvası daha çox olan kəsdir»
(Hücurat, 13). Hər bir insan doğuluşdan Allah taalaya
eyni uzaqlıqdadır. Ancaq insanın öz əməlləri nəticəsində bu məsafə
çoxala və ya azala bilər. Fərd pis əməllərdən qorunmağa çalışanda
bu məsafə qısalır. «Qorunan təqva sahiblərini isə Allah murad
etdikləri qədər qurtuluşa çatdıracaq. Onlara pislik toxunmayacaq
və qəm əlindən üzülməyəcəklər» (Zumər, 39-61).
Quranda Allahın dostları
olduğu deyilir və bunların dərddən üzülməyəcəyi bəyan edilir:
«Oyan! Allah dostlarına nə qorxu var, nə də dərddən üzülərlər».
Bunlar təqva sahibləridir: «Onlar ki iman edib təqva ilə pisliklərdən
qorunarlar» (Yunus, 62-63). «Bəli, əhdinə vəfa
eləyən, günahdan qorunanlar bilsin, TƏQVA SAHİBLƏRİNİ SEVƏR ALLAH»
(Ali İmran, 76).
SƏBR
EDƏNLƏR
Səbr hər cür çətinliyə
dözmək, fəlakətə və ya bəlaya düşəndə təlaş etmədən hər şeyin
Allahdan olduğunu dərk edib təhəmmül etməkdir. Əgər fərd bunu
anlayır və üsyan etmirsə, bu, təqdir olunur. Səbrsizlik isə qınanır:
«Rəbbin Öz hökmünü verənə qədər səbr elə! Balıq sahibi (Yunus
peyğəmbərə) oxşamayasan» (Qələm, 48).Quranda
deyilir ki, Yunus peyğəmbər böyük bir şəhərə peyğəmbər olaraq
göndərilibmiş. «Yüz min, yaxud daha çox adama peyğəmbər göndərdik
onu» (Saffət, 147). Bu şəhərin Dəclənin kənarında,
indiki Mosulun yerində olan Ninəva şəhəri olduğu güman edilir.
Yunus peyğəmbər otuz üç il camaatı imana çağırıb, amma cəmi iki
adam iman edib. Və o dözməyib şəhəri tərk edib. «Zunnunu da yada
sal. Hirslənərək gedərkən zənn elədi Biz onu sıxıntıya salmarıq.
Və nəhayət, qaranlıqlar içində «Səndən başqa tanrı yoxdur. Ucalardan
ucasan. Mən gerçəkdən zalım idim!» deyərək çağırmışdı Rəbbini»
(Ənbiya, 87).
Qurana görə, insanın
təkcə özünün səbr sahibi olması yetərli deyil, onu başqalarına
da tövsiyə etməlidir: «And olsun zamana, ziyan içindədir insan,
şübhəsiz. İman gətirənlər, saleh işlər görənlər, imana gəlməyi,
səbrli olmağı bir-birinə tövsiyə eləyənlər isə uğramazlar ziyana»
(Asr, 1-3).
Səbrin sirri ondadır
ki, insanın kamilliyinə aparır. Bu kamillik yolunu tutanlar ilahi
sevgiyə nail olurlar: «Neçə-neçə peyğəmbərlərlə bir sırada döyüşmüş
bəndələr Allah yolunda. Başlarına gələnlərdən sarsılıb həsləmədilər,
zəiflik göstərib süstləşmədilər, itaət göstərmədilər.
SƏBRLİLƏRİ SEVƏR ALLAH" (Ali İmran, 146 ). Allah
taalanın ən gözəl adlarından biri də Səburdur. İnsanı səbrli olmağa
çağıran Rəbbimiz peyğəmbərlərdən örnək gətirir. Quranda ayrı-ayrı
peyğəmbərlər haqqında yazılanları oxuyanda onların çox vaxt səbr
edib əvəzində uğur qazandığının şahidi oluruq. «İsməili, İdrisi,
Zulkifli də yada sal. HƏR BİRİ SƏBR YİYƏSİYDİ. Rəhmətimizin
ağuşuna aldıq onları, yaxşılardan idilər» (Ənbiya, 85-86).
Və nəhayət, Allah möminləri yarışa çağırır. Nəziat surəsində mələklərin
yarışdığı deyilir: «And olsun Allahın yolunda yarışdıqca yarışan
mələklərə (Nəziat, 4). Allah inananları da yarışa
çağırır – səbr məsələsində. Səbr yarışında düşmənləri yenməyi
tövsiyə edir: «Ey iman edənlər! Səbr edin və səbr yarışında düşmənlərinizi
keçin» (Ali İmran 200).
ƏDALƏTLİLƏR
Mövlanaya görə, ədalət
bir neməti yerinə qoymaqdır. Amma böyük mütəfəkkir bunu da əlavə
edir: «Ağaclara su vermək ədalət, tikana su vermək isə zülmdür».
Ədalət ölçülü davranma, doğruluqdur. İslamdakı ədalət aləmin nizamıdır,
çünki Allah taala hər şeyi təyinatı üzrə və qədərincə, bir tənasüblə
nizama qoyub. Bu səbəbdən ədalət əməl və itaətdə qaçınılmaz əxlaqi
bir fəzilət kimi qiymətləndirilir. Ədalətin ziddi isə haqsızılq,
əziyyət, işgəncə mənasında olan zülmdür. Ədalət Quranın əsas məfhumlarından
biribir. Allah taala ədalətlə hökm verənlərin ən xeyirlisi kimi
səciyyələndirilir (Əraf, 87). İnsanın vəzifəsi
də ədalətlə davranmaq, ölçünü gözləmək, haqq üzrə hökm verməkdən
ibarətdir. Heç bir situasiya insanın ədalətsizliyinə haqq qazandıra
bilməz. «Ey iman gətirənlər! Allah xatirinə ədalət örnəyi şahidlər
olun. Bir dəstə adama bəslədiyiniz kin sizi ədalətdən çəkindirməsin.
Ədalətli davranın. Təqvaya ən yaxın olan odur. Çəkinin Allahdan.
İşləklərinizdən, şübhəsiz, xəbərdardır Allah» (Maidə,
8).
Tərəflərin kim olmasından
asılı olmayaraq, hakimlik və ya şahidlik ədalətlə olmalıdır:.
«Ey iman gətirənlər! Özünüzün, ata-ananızın, yaxınlarınızın əleyhinə
olsa belə ədalətli olun şahidlik eləyəndə bir kimsəyə, varlısa
da, fəqirsə də bu kimsə. Varlıya da, fəqirə də sizdən yaxındır
Allah. Buna görə ədalətdən uzaqlaşıb nəfsinizə uymayın. Şahidlik
edəndə dilinizi əyər, bükər və ya çəkinərsəniz, bilin, işləklərinizdən
xəbərdardır Allah (Nisa, 135). Ədalətli olanlar
Allah sevgisinə nail olurlar: «Mö'minlərdən ibarət iki tayfa bir-biriylə
savaşsa, düzəldin onların aralarını. Əgər biri digərinə təcavüz
eləyirsə, təcavüzkar tərəflə savaşın ta Allahın əmrinə tabe ola
bu tayfa. Tabe olarsa ədalət gözləyib düzəldin aralarını, insaflı
olun. Şübhəsiz, adilləri sevər Allah» (Hücurat, 9);
«Hakimlik eləsən ədalətlə hökm ver. ADİLLƏRİ SEVƏR ALLAH»
(Məidə, 42).
GÖZƏLLİK
SƏRGİLƏYƏNLƏR
Quranda bir «mühsin»
sözü keçir. Ehsan edən, yaxşılıq edən, gözəl düşünüb, gözəl davranan
mənasında. Yer üzünün xəlifəsi şərəfinə layiq görülən insanın
vəzifələrindən biri də gözəl davranışdır. Quranda bu, məziyyət
sayılır və sevgi ilə mükafatlandırıldığı vurğulanır: «Gözəl davranın,
çünki gözəl davrananları sevər Allah» (Baqara, 195);
«Hər kim özü gözəl olaraq üzünü Allaha tutarsa, e'tibarlı bir
dəstəkdən yapışmış kimidir. Allaha qalar bütün işlər» (Luqmən,
22). Gözəlliyin qaynağı Allahdır. Allahın yaratdıqları
gözəl, sözü gözəl, hökmü gözəl, adları gözəldir: «Allahdır yaratdığı
hər şeyi gözəl yaradan» (Səcdə, 7); «Ən gözəl
kəlamları Qur'an olaraq göndərmiş Allah» (Zumər, 23).
Bu səbəbdən o gözəl davrananların tərəfindədir. «Dünyanın və axirətin
ne'mətinin yaxşısını onlara vermiş Allah. GÖZƏL İŞ GÖRƏNLƏRİ
SEVƏR ALLAH».(Ali İmran 148).
SALEH
ƏMƏL SAHİBLƏRİ
Saleh əməl dedikdə insanlığa
xidmətə və sülhə yönəlik bütün hərəkətlər nəzərdə tutulur. Qurana
görə, Allah pozğunçulardan nə qədər uzaqdırsa, varlıqlara xidmət
edən və yaxşı iş görən saleh əməl sahiblərinə o qədər yaxındır.
Sad surəsinin 28-ci ayəsində deyilir: «Yoxsa
iman gətirənləri, əməli salehləri yer üzündə qarışıqlıq salanlara
bərabərmi tutmalıyıq? Yoxsa müttəqiləri əxlaqsızlıq edənlərə bərabərmi
tutmalıyıq?» Ümumiyyətlə, Qurani-Kərimdə çox vaxt iman edənlər
və saleh əməl sahibləri ifadələri qoşa işlənir. Bu Allahın saleh
əmələ verdiyi dəyərin göstəricisidir. «Ancaq tövbə eləyən, iman
götirən, saleh bir iş görən kimsələrin pis işlərini yaxşı-yaxşı
işlərlə əvəz edər O. Günahlardan keçəndir, Rəhimdir Allah» (Furqan,
70). «O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər,
keçərik onların təqsirlərindən və onların mükafatını gördükləri
işlərin ən yaxşısına qarşılıq olaraq verərik» (Ənkəbut,
7). Saleh əməl sahibləri də Allahın sevdikləri sırasındadır:
«O kəslər ki, iman gətiriblər, SALEH İŞLƏR GÖRÜBLƏR, SEVİMLİ
EDƏCƏK ONLARI RƏHMAN» (Məryəm, 96).
TÖVBƏ
EDƏNLƏR
Tövbə etdiyi işdən peşman
olmaq, bir də təkrarlamamağa söz vermək, Allahdan bağışlanmasını
istəməkdir. Tövbə, əslində, bir ibadət şəklidir. Hücurat surəsində
tövbə etməyənlər pislənir: «belələri zalımdır» (49-11).
Çox tövbə etmək, çox günahları arxada qoymaq, bir daha onları
təkrar etməməyə söz vermək, onların səhv olduğunun təsbiti və
bağışlanma istənişidir. Bu, təqdir olunur və bu yolu seçənlər
Allah sevgisini qazanırlar: ALLAH TÖVBƏ EDƏNLƏRİ SEVƏR,
təmizləri sevər (Baqara, 222).
İnsanlar Allahın rəhmətindən
ümid kəsməməlidirlər. Hərçənd bütün tövbələr də qəbul olunmur.
Bağışlanma istənişi içdən olmalıdır. «Hər tövbəyə izin verilməz.
Tövbəyə də bir şimşək və bulud lazımdı. (göz yaşı)» (Mövlana).
TƏVƏKKÜL
EDƏNLƏR
“Təvəkkül” sözü işini
birinə həvalə etmək mənası verir. Dində təvəkkül deyəndə qəlbən
Allaha güvənmək nəzərdə tutulur. Quranda təvəkkülün lazım gəldiyi
vurğulanır. Amma təvəkkül ətalət, tənbəllik qaynağı olmamaldır.
Hər kəsin vəzifəsi əlindən gələni edəndən sonra təvəkkül etməkdir.
Mövlana yazır ki, gəmiyə yükü yükləmək sənin işindir, ondan sonrasını
Allaha təvəkkül etməlisən. Bir işin yaxşı nəticəsi üçün lazım
olanı edəndən sonra Allahı güvənmək., sığınmaq lazım gəlir. «Gəldinmi
bir qərara, güvən Allaha. ONA GÜVƏNƏNLƏRİ, şübhəsiz,
sevər Allah» (Ali İmran, 159). Amma heç bir iş
görmədən təvəkkül etmək ətalət, tənbəllik doğurar.
TƏMİZLİYƏ
RİAYƏT EDƏNLƏR
Allah taala mənəvi təmizlik
kimi fiziki təmizliyə də diqqət verməyi tövsiyə edir. Peyğəmbərimizə
nazil olan ayələrdən biri də təmizlik haqda idi: «Təmiz saxla
paltarını» (Muddəssir, 4). İslamda bədən təmizliyi
bir ibadət halına gəlib. Allah məscidə gedəndə və ya evdə namaz
zamanı təmiz və gözəl geyinməyi tövsiyə edir: «Ey Adəm oğulları!
Hər məscidə gedəndə gözəl və təmiz geyinin» (Əraf, 31).
Təmizliyə riayət edənlər də Allah sevgisinə nail olurlar. Fəqət
bu, daxili təmizliklə bütünləşməlidir: «Allah tövbə edənləri sevər,
TƏMİZLƏRİ SEVƏR» (Baqara, 222).
|