Rəhman
və Rəhim Allahın adıyla
1. Göylərdə nə varsa,
yerdə nə varsa həmd oxuyar Allaha. Güclüdür, müdrikdir O.
2. Ey iman gətirənlər!
Eləmədiyiniz bir şeyi niyə söyləyirsiniz?
3. Eləmədiyiniz bir şeyi
söyləməyiniz artırar qəzəbini Allahın.
4. Sıx hörüklü divarları
xatırladan cərgələrə düzülərək Onun yolunda savaşanları sevər
Allah.
5. Bir zamanlar öz qövmünə
Musa demişdi: «Ey qövmüm, axı niyə əziyyət verirsiz mənə, siz
ki, bilirsiniz, mən Allahın göndərdiyi elçisiyəm». Haqdan üz döndərdilər,
bir sapqınlıq saldı ürəklərinə Allah. Yolsuzları doğru yola yönəltməz
Allah.
6. Məryəm oğlu İsa da
«Ey İsrail oğulları! Mən Allahın sizlərə göndərdiyi elçisiyəm.
Məndən öncə nazil olmuş Tövratı təsdiq edirəm, məndən sonra gələcək
Əhməd adlı Peyğəmbərin müjdəsini gətirmişəm» [Peyğəmbərimiz Muhammədə
işarədir] demişdi. Aşkar dəlillərlə gəldi bu Peyğəmbər onlara.
«Aşkar bir cadudur bu» dedilər.
7. İslama də'vət oluna-oluna
Allahın adına yalan yaxandan daha zalım kim ola? Zalımları doğru
yola çəkməz Allah.
8. Allahın nurunu söndürmək
istəyirlər ağızlarıyla. Verdiyi nurunu kamala yetirər Allah. Kafirlərin
bu xoşuna gəlməyir heç gəlməsin.
9. Doğru yolu göstərən
Qur'anla, haqq diniylə göndərmiş O Rəsulunu. Göndərmiş ki, göstərsin
haqq dininin bütün dinlərdən üstün olduğunu. Müşriklərin bu xoşuna
gəlməyir heç gəlməsin.
10. Ey iman gətirənlər!
Sizə nişan verimmi o alış-verişi ki, ağrılı bir əzabdan sizi xilas
eləyə?
11. Allaha və Rəsuluna
inanırsız, malınızla, canınızla Allah yoluna cihad eləyirsiz.
Bunun sizə xeyrini bilsəydiniz.
12. Suçlarınızdan keçər,
içindən çaylar axan cənnətlərə salar, Adn cənnətlərində gözəl-gözəl
yerlərdə yerləşdirər sizi Allah. Budur o böyük qurtuluş!
13. İstədiyiniz başqa
bir ne'məti də verər sizə. Yardım yalnız Allahdandır. Zəfər yaxındadır.
Bunların müjdəsini ver mö'minlərə.
14. Ey iman gətirənlər!
Allahın dininə yardım eləyənlərdən olun. Həvarilərə «Allaha doğru
gedən yolda kimlərdir yardımçılarım?» demişdi Məryəm oğlu İsa.
«Allahın dininə yardım eləyənlər bizlərik» demişdi həvarilər.
İsrail oğullarının bir tayfası gəlmişdi imana beləcə. Başqa bir
tayfası da küfr eləmişdi. Biz də yardım elədik imana gələnlərə,
güc gəldilər düşmənlərə.
|