Büti-növrəsim
nəmazə şəbü ruz rağib olmuş,
Bu nə dindir, allah-allah, bütə səcdə vacib olmuş.
Dahi Füzulinin sətirləridir.
Gözələ sitayişilə Tanrıya şərik qoşduğunun və özü üçün belə bir
“küfr” qaçılmazlığının fərqindədir şair. “Bu nə dindir?” sualına
Yaradandan cavab istəyən şair Ona “allah-allah” xitabı ilə də
səslənir. Bu xitab eyni zamanda bir heyrət ifadəsidir. Şair gözəlliyin
Tanrı əsəri olduğunu və buna da bağlı sevgi duyğularının İlahidən
endiyini düşünə-düşünə heyrət edur ki, Tanrı nə əcəb dindar aşıqə
Özündən bir başqasına da səcdəni rəva görür.
Füzuli obrazlarının yaradılış
mexanizmində onun dini biliklərinin oynadığı rol şəksizdir. Ilahiləşdirilən
sevgilərdə “küfr” çaları, bu “küfr” payında Tanrı iradəsini vurğulamaqla
müəllif şeirin təsir gücünü artırmaq naminə belə bir üsuldan faydalanır.
Klassik poeziyada “sənəm”
sözünün birbaşa mənasının “büt” olduğunu çoxları bilmir. Aşıqin
sevdiyinə, bütə-sənəmə müraciətlərində sevgi-səcdə məfhumları
ayrılmazdır. Səcdədə sevgi çalarının yüksək sənətkarlıq səviyyəsində
qabardılması təbii ki, təkcə poetik zərurətlə şərtlənmir. Qeyri-təbii,
qeyri-ilahi (təbii olan hər şeyin üzərində İlahinin möhrü var!)
nəsnənin böyük poeziyaya gəlişi əlbət ki, mümkün olmazdı.
Insan-büt münasibətlərində
səcdə-sevgi məsələsinin qədim ənənəsi var. Yaradılan subyektə
yaradanın sevgisi təbiidir. Insanın öz əliylə yapdığı-yaratdığı
bütlərə beləcə tapınıb bağlanması tarixən özəl inanış dəyərlərini
doğurmuşdur ki, bunlar da öz növbəsində tərəqqiyə sədd şəkən,
düşüncə və davranışları ənənə buxovlarında saxlayan bütçülüyün
özülünü qoymuşdur.
Bütçülüyə qalib gələn
təktanrılığa görə də Tanrı yaratdığı insanı sevəndir. Insandan
böyük mənada umulan İlahiyə cavab sevgisidir. Insana səcdə-sevginin
konkret ayrıntılarını həyata keçirməyi isə Tanrı Müqəddəs Oxu
ayələrində gördüyümüz kimi, Özünün qüdsal varlıqları olan mələklərə
həvalə edir.
Müqəddəs Kitabımızda
onu da görürük ki, Tanrıya səcdə təlqinlərində ön plana çəkilən
qorxu hissidir. Bu, taqva duyğusu olaraq dəyərləndirilir və Tanrının
verəcəyi cəzadan qurtulmaq üçün Onun yasaq gördüyü əməllərdən
çəkinmə səpkisində təqdim olunur. Bəs səcdədə sevgi amili öz mənbəyini
nədən götürür?
Allahdan qorxmağı təlqin
edən ayələri incələdikcə bəlli olur ki, bunlar ilk növbədə imansızlara,
sonra isə imana yenicə gələnlərə, sadəlövh inanış yiyələrinə,
eləcə də imanlarında tərəddüd keçirənlərə ünvanlanır. Yaratdığı
insanın təbiətindəki bütün zəiflikləri nəzərə alan Tanrı onu imana
gətirməkdən ötrü öncə hazırlıq mərhələsindən keçirir, peyğəmbərlərinin
ötürücülüyü ilə ona olacaqları xəbərləyir. “Təkcə Məndən qorxun”
müraciətlərinin əsas məqsədi insanı köləlik xislətindən, bütpərəst
başçıların və din dəllallarının əsarətindən azad etmək, uydurma
əfsanə yığını olan və zamanla ayaqlaşmayan ənənə buxovlarından
şüurları təmizləmək və ümumiyyətlə, bəşər övladını canlara üşütmə
salan bütün dünyəvi subyektlər və obyektlərin fövqünə qaldırmaqla
öz Yaradanı ilə təkbətək qoymaqdır.
Bu mərhələni uğurla başa
vuranlar bəşəri qorxu hissindən uzaq azad insanlardır. Və Allahla
təkbətək qalmaqdan başlayır Onunla özəl tanışlıq, Ona qarşı yaranan
sevgi və bu sevginin Onun nəhayətsiz hikmətlərinin dərkinə səfərbər
edilməsi. Təbii ki, sevgi duyğusu cənnət nemətlərilə təltif olunmaq
təmənnasından ucadır. Tanrı sevgisinin fəlsəfəsi dərin, çalarları
zəngindir. Yalnızca onu qeyd edim ki, belə bir eşq-ibadət yolçuları
filan qədər namazın qarşılığında filan qədər savab qazancı vəd
edən dini rəvayətlərin üz tutduğu ticari zehniyyətdən arınmış
durumdadırlar.
Müqəddəs Kitabımızda
sadə ilə mürəkkəb, xüsusi ilə ümumi, tarixi ilə əbədi olan nəsnələr
üzvi bir vəhdətdə yer alır. Bunların sərhədlərini müəyyənləşdirmək
işi sanballı araşdırmalar tələb etsə də ayrı-ayrı əlamətlərini
aşkarlamaq çətin deyil. Bu əlamətlər bir yandan imana gələnləri
cənnət xoşbəxtliyilə müjdələyən, imansızları cəhənnəm olacağı
ilə qorxuzan peyğəmbərlik missiyasının praqmatik səpkidə imana
təşviqində, digər yandan göndərdiyi kəlmələrlə insana sevgisini
izhar qılan Tanrıya vəhylərin cavab sevgisi aşılamasında görünür.
Aparıcı olan birinci halda sadə, xüsusi və tarixidirsə, ikinci
halda mürəkkəb, ümumi və əbədidir. Birincilər insanın iç gözünü
– bəsirətini açmağı güdürsə, ikincilər bəsirətlilərin, iman gətirmişlərin
öz çözümünə buraxılır.
Bəllidir ki, Məhəmməd
Seçilmişə nazil olmuş ilk vəhylər “Alaq” surəsindəki beş ayədən
ibarətdir. Surənin adı ikinci ayədə insanın yaradılış materialını
bildirən sözdən alınmadır. Həmin ayədəki “alaq”ın tərcümədə bütün
mənalarının bir sözlə ifadəsi imkansız olduğundan və diqqəti daha
çox konkret elmi ayrıntılara cəlb etmək naminə əsasən bunun “qan
laxtacığı”, yaxud “embrion” olan lüğəti anlamlarından birinə üstünlük
verilir. Sözün bir başqa mənası da “sevgi”dir. Yaratdığının maddi
material ünsürlərindən birini göstərməklə yanaşı, Rəbbimiz xilqətdəki
mənəvi material ünsürünün də sevgidən ibarət olduğunu vurğulayır.
Rəbbimizin Müqəddəs Oxuda
keçən çoxsaylı adlarından biri “Vadud” – “Sevən”dir. Yaradana
məxsus bu özəl adla müəyyənləşən sevginin özəl sərhədləri yoxdur.
Rəbbimiz hər şeydə olduğu kimi insana sevgisində də sərhədsizdir.
Bu ulu sevgiyə qarşılıq verənlərin xoş halına!
|