Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim.
2. Şübhə yoxdur, bu Kitabı
aləmlərin Rəbbi nazil eləmiş.
3. «Bunu özündən uydurmuş
o» deyirlər, eləmi? Axı Rəbbindən haqq olaraq gəlmiş bu Kitab.
Gəlmiş ki, səndən öncə peyğəmbəri olmamış bir qövmə gəlib olacağı
xəbər verəsən və onlar da doğru yola gələlər.
4. Allahdır göyləri,
yeri, bunların arasında olanları altı gündə yaradan, sonra ərşdə
bərqərar olan. Ondan başqa sizə nə bir dost tapılar, nə də bir
iltimasçı. Bunu düşünməzmisiniz?
5. Göylə yer arasında
olan işlərə əncam çəkər Allah. Sonra sizə min il gələn bircə günün
içində verər hökmünü.
6. Görülməzi, görüləni
biləndir, güclüdür, Rəhimdir O.
7. Allahdır yaratdığı
hər şeyi gözəl yaradan, insanı ilk öncə gildən xəlq eləyən,
8. sonra onun nəslini
zəif su damcısından [nutfədən] var eləyən,
9. sonra ona görkəm verən
və Öz ruhundan ona üfürən. Qulaqları, gözləri, ürəkləri sizlərə
verən Odur. Ancaq yenə az-az şükr eləyirsiz Ona.
10. «Torpağa qarışaraq
yox olandanmı sonra yenidən var olacağıq?» deyərlər. Rəblərinə
qovuşmağı danar belələri.
11. De ki, «Canınızı
almağa vəkil edilən o ölüm mələyi gəlib sizi vəfat etdirər, sonra
da Rəbbinizin dərgahına dönərsiz».
12. Görəydin bir suçlular
o zaman nə hala düşür. Rəblərinin hüzurunda baş əyərlər, «Rəbbimiz!
Gördük, eşitdik artıq. Qaytar bizi geriyə, yaxşı işlər görərik.
Biz artıq qət'i olaraq Sənə iman gətirmişik» deyərlər.
13. İstəmiş olsaydıq
əgər, doğru yola gətirərdik hər kəsi. Ancaq Mən söz vermişəm cinlərlə,
insanlarla cəhənnəmi başdan-başa doldurum.
14. «Gördüyünüz işlərin
əvəzini dadın di, bu günlə üzləşəcəyinizi unutmuşdunuz. Biz də
sizi unutduq. İşləklərinizə görə verdiyimiz o əbədi əzabı dadın»
deyərik.
15. Bizim ayələrə o kəslər
inanar ki, bunlardan ibrət götürüb səcdəyə qapanarlar, Rəblərini
həmd eləyib öyərlər, təkəbbürlük eləməzlər,
16. yataqdan qalxıb duraraq
qorxuyla, ümidlə yalvararlar Allaha, verdiyimiz ruzidən Allah
yolunda sərf eləyərlər.
17. Gördüyü işlərə görə
gözaydınlığı olaraq özünə veriləcək şeydən heç kəsin xəbəri yox.
18. Məgör mö'minlə sapmış
adam bərabərmi tutular? Təbii, tayı deyil bunlar biri-birinin.
19. Ancaq o kəslər ki,
iman gətiriblər, saleh işlər görüblər, gördükləri işlərinin qarşılığı
olaraq cənnət mənzillərində yerləri var onların.
20. Doğru yoldan sapmışların
gedəcəyi yer isə od içidir. Hər dəfə istəyəndə çıxalar od içindən,
geriyə qaytararlar onları. «Bir zaman od əzabını danırdınız, indi
onu dadınız!» deyilər onlara.
21. Bəlkə yollarından
dönələr deyə o böyük əzabı daddırmamış dünyanın əzabından daddırarıq
onlara.
22. Rəbbinin ayələri
söylənilərkən bunlardan üz çevirəndən daha zalım kim ola? Biz
intiqam alacağıq suçlulardan, şübhəsiz.
23. Musaya Kitab verdik.
Nəbadə şəkk gətirəsən onunla görüşəcəyinə. İsrail oğullarına yol
göstərən elədik Musanı.
24. Səbr göstərən, ayələrimizə
iman gətirən kimsələri başçılar seçdik onlara. Doğru yola çəkirdilər
soydaşlarını.
25. Mübahisə etdikləri
şeyləri barəsində Rəbbin qiyamət günü verəcək Öz hökmünü.
26. Arxayın-arxayın gəzib
dolaşırkən öz yurdlarında yox elədik neçə-neçə nəsilləri. Bu damı
gətirməz doğru yola onları? Şübhəsiz, bunda da bir ayə var. Yoxsa
eşitmir qulaqları?
27. Məgər görməzmidirlər,
qurumuş torpağa su göndəririk, bu suyla bitki bitiririk, bu bitkini
özləri də yeyir, heyvanları da. Yoxsa görmür gözləri?
28. «Doğru sözlü, düz
əməlli kimsələrsinizsə, deyin, nə vaxt veriləcək hökm?» deyərlər
mö'minlərə.
29. De ki, «Hökm veriləcək
gün imana gəlsələr də kara gəlməz kafirlərin imanı. Möhlət də
verilməz onlara».
30. Sən onlardan üz çevir,
gözlə. Onlar da gözləyirlər nə vaxt bir bəla gələ sənin başına.
|