Rəhman
və Rəhim Allahın adıyla
1. Həmd olsun Allaha,
Onundur göylərdə nə varsa, yerdə nə varsa. Axirətdə də həmd edilməli
təkcə Odur. Müdrikdir, hər şeydən xəbərdardır O.
2. Yerə nə girirsə, yerdən
nə çıxırsa, göydən nə düşürsə, göyə nə qalxırsa bilir O. Günahlardan
keçəndir, Rəhimdir O.
3. «Bizim üçün qiyamət
saatı gəlməyəcək» dedi kafirlik eləyən kimsələr. De ki, «Elə deyil.
And olsun görülməzi bilən Rəbbimə, mütləq haqlayacaq sizi qiyamət».
Nə göylərdə, nə yerdə bir zərrə belə və zərrədən istər kiçik olsun,
istər böyük heç bir şey Ondan gizli qalan deyil. Bunların da hamısı
aşkar bir Kitabda artıq yazılmış.
4. Yazılmış ki, iman
gətirənlərə, əməli salehlərə mükafat verə Allah. Məğfirət gözləyir,
bol-bol ruzilər gözləyir onları.
5. Yazılmış ki, ayələrimizi
zəiflətməyə çalışan kimsələrə qarşılıq verə Allah. İyrənc, ağrılı
bir əzab gözləyir onları.
6. Haqdır Rəbbinin sənə
göndərdiyi, güclü və həmd edilməyə layiq olanın yolunu nişan verər
o göndərdiyi. Bunu yaxşı bilir elm alan kimsələr.
7. Kafirlərsə deyərlər:
«Parça-parça olub yoxa çıxandan sonra yenidən diriləcəyinizi xəbər
verən bir kişini sizlərə göstərəkmi?
8. Allahın adına yalanmı
yaxır, dəliliyimi var onun?» Əzab içində, dərin bir sapqınlıq
içində vurnuxar axirətə inanmayan kimsələr.
9. Məgər görməzmidirlər
başları üstündə göyü, ayaqları altında yeri? İstəsək yerin təkinə
gömərik onları, istəsək göyün bir parçasını başlarına salarıq.
Şübhəsiz, bunlarda bir ayə var Allaha doğru qayıdan hər bəndə
üçün.
10. Peyğəmbərlik, Kitab
vermişdik Davuda dərgahımızdan. «Ey dağlar və quşlar! Allahı öydükcə
Davud, səs verin səsinə» demişdik. Onun əlində dəmiri yumşaq eləmişdik.
11. Dəmirdən zirehlər
düzəlt, halqaları toxuyanda ölçü gözlə» demişdik. Yararlı işlər
görün, nə iş görürsünüzsə Mən görənəm.
12. Küləyi də Suleymənə
tabe eləmişdik. Səhərlər əsəndə bir aylıq yol gedərdi, axşamlar
əsəndə bir aylıq yol gələrdi külək. Mis əritdik onun üçün. Ona
tabe elədik Rəbbinin iznilə yanında işləyən cinləri. Əmrimizdən
çıxdımı bu cinlərdən birisi, ona od əzabını dadızdırardıq.
13. Nə istəsə onun üçün
eləyərdi bu cinlər. Mə'bədlər ucaldar, heykəllər düzəldər, böyük
hovuzlara bənzəyən qablar, ağır qazanlar və tiyanlar qayırardılar.
Ey Davud sülaləsi! Allaha itaətdə olub şükr eləyin. Bəndələrimdən
az-az adam şükr eləyir.
14. Biz ölüm hökmünü
verəndə Suleymənə əsaya söykənib qalmışdı o. Əsanı içindən qurd
yeyib qurtarantək yerə yıxıldı. Və yalnız bu zaman cinlərə aşkar
oldu ki, görülməzi bilsəydilər alçaldıcı əzabın [ağır əziyyətli
işin] içində qalmazdılar.
15. Səbə' əhlinin yaşadığı
yurdun sağında və solunda bir ayəyə dönəcək iki bağ var idi. «Rəbbinizin
ruzisindən yeyin, Ona şükr eləyin. Gözəl şəhəriniz var, bağışlayan
Rəbbiniz var» deyilmişdi onlara.
16. Onlarsa şükr eləmədilər.
Böyük sel göndərdik üstlərinə, o iki bağın yerinə iki başqa bağ
gətirdik. Meyvələri acı idi. Azacıq da sidr ağacı vardı bu bağların
içində.
17. Kafirlik elədiklərinə
görə cəza verdik onlara. Yalnız nankor kimsəyə cəza verilər.
18. Bərəkətli elədiyimiz
şəhərlərlə onların yurdları arasında gözə çarpan qəsəbələr yaratmışdıq
müsafirlər üçün. «Gecələr, gündüzlər arxayın gəzin, dolaşın buralarda»
demişdik.
19. Ancaq onlar «Yollarımızı
uzaq elə, Rəbbimiz!» dedilər və özlərinə zülm elədilər. Nağıla
döndərdik, darmadağın elədik Biz də onları. Şübhəsiz, bunlarda
ayələr var hər səbr yiyəsi üçün, tez-tez şükr eləyən hər kəs üçün.
20. Onların gümanını
doğruya yozmuşdu iblis. Mö'minlərin bə'zisindən savayı hamı qoşuldu
iblisə.
21. Əslində insanların
üstündə bir hökmü yox iblisin. Fəqət bununla Biz onları sınağa
çəkərik, bilərik axirətə kim inanır, kim şəkk gətirir. Hər şeyi
göz önündə saxlayıb hifz eləyəndir Rəbbin sənin.
22. De ki, «Allahdan
başqaları adına tanrılar olaraq tapındıqlarınızı çağırın gəlsinlər
köməyinizə. Nə göylərdə, nə yerdə zərrə qədər bir şeyin yiyəsi
deyil onlar. Nə göylərdə, nə yerdə Ona şərik qoşmaq üçün bir şeyi
yox onların. Onun da bütlərdən olan heç bir yardımçısı yox».
23. İltimas eləməkçün
Allahın izn verdiyi kəsdən savayı heç kimin iltiması fayda gətirə
bilməz Allahın dərgahında. Qorxu yox olanda ürəklərindən, bir-birindən
soruşarlar: «Rəbbiniz nə söyləmiş?» «Haqq söyləmiş. O ucadan ucadır,
uludan ulu» deyərlər.
24. De ki, «Göylərdən,
yerdən sizə ruzi göndərən kimdir?» De «Allahdır! Və doğru yolda
olan kimdir, bu yoldan açıq-aşkar sapmış kimdir, bizik, yoxsa
siz?»
25. De ki, «Bizim günahlara
görə siz cavabdeh deyilsiz. Biz də cavab daşımarıq sizin işləklərinizə
görə».
26. De ki, «Əvvəl-axır
bir yerə cəm edər bizi Rəbbimiz. Sonra da aramızda haqq ilə hakimlik
edər. Təkcə Odur haqq ilə hakimlik edən, hər şeyi bilən».
27. De ki, «Ona qoşduğunuz
şəriklər hanı, göstərin mənə. Göstərə bilməzsiniz, yoxdur onlar.
Təkcə Allahdır güclü olan, müdrik olan».
28. Müjdə verən, xəbərdarlıq
eləyən bir peyğəmbər göndərdik səni bütün insanlar üçün. Amma
bunu bilməyir onların çoxu.
29. «Doğru sözlü, düz
əməlli kimsələrsinizsə, deyin o və'din və'dəsi nə vaxt gələcək?»
deyərlər.
30. De ki, «Vaxtınız
çatan zaman həmin günü bircə saatlığa belə nə ötürə bilərsiz,
nə qabaqlaya».
31. «Nə bu Qur'ana, nə
də bundan öncəki Kitablara biz inanan deyilik» dedi kafirlik eləyən
kimsələr. Rəblərinin hüzurunda dayanan zaman zalımların halına
bir baxaydın! Bir-birinin üstünə atar günahlarını. Zəiflər [başçıların
tabeliyində olanlar] təkəbbürlük edənlərə [başçılara] deyərlər:
«Əgər siz olmasaydız, biz mö'min olasıydıq».
32. Təkəbbürlük edənlər
zəiflərə deyərlər: «Doğru yol göstəriləndən sonra bizmi sizə mane
olduq gələsiniz bu yola? Xeyr, siz özünüz özünüzü batırmısız günaha».
33. Zəiflər də təkəbbürlük
edənlərə deyərlər: «Siz bizə gecə-gündüz quramalar qururdunuz,
Allahı danmağı, Ona şəriklər qoşmağı bizə buyururdunuz». Əzabla
üzləşəntək, tərəflər içlərində peşmançılıq çəkərlər. Zəncirlər
vurarıq kafirlərin boynuna. Məgər öz işləklərinə görə deyil, başqa
bir şeyə görəmi çəkirlər cəzalarını?
34. Biz hansı bir şəhərə
xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları
«Biz sizinlə göndərilən şeyləri danırıq» demişlər.
35. «Mal-dövləti, övladları
ən çox olan bizlərik, biz əzaba uğrayan deyilik» demişlər.
36. De ki, «İstədiyi
kimsəyə ruzini bol-bol verər, istədiyi kimsəyə müəyyən miqdarda
verər Rəbbim. Amma bunu bilməyir əksər adamlar».
37. Nə mal-dövlətiniz,
nə də övladlarınız elə bir şey deyillər ki, sizi Mənə yaxın edələr.
Ancaq iman gətirənlərin, əməli salehlərin haqqını ikiqat qaytararıq
gördüyü işlərə görə. Asudə yaşayarlar cənnət mənzillərində.
38. O kəslər ki, çalışırlar
ayələrimizi zəiflədələr, əzabla üz-üzə qoyarıq Biz onları.
39. De ki, «Bəndələrindən
istədiyi kimsəyə ruzini bol-bol verər, istədiyi kimsəyə müəyyən
miqdarda verər Rəbbim. Nəyi xərcləmisizsə, bunun əvəzini yetirər
sizə. Ruzi verənlərin ən yaxşısıdır O».
40. Müşrikləri hamılıqla
bir yerə cəm etdiyi gün «Bunlarmı sizlərə tapınırdılar?» deyər
Allah mələklərə. 41. «Sənsən təkcə ucalardan uca olan. Sənsən
bizim dostumuz, onlar deyil. Bizlərə yox, cinlərə tapınırdılar,
cinlərə inanırdı onların çoxu» deyər mələklər.
42. «Bu gün bir-birinizə
nə yarar, nə zərər verməyə halınız yox. Bir zaman od əzabını danırdınız,
indi bunu dadınız» deyərik zalımlara.
43. Aydın ayələrimiz
onlara oxunan zaman «Bu kişinin qəsdi budur atalarınızın tapındıqlarından
sizi çəkindirə sadəcə» deyərlər. «Bu Qur'an Allahın adına uydurulan
yalandır» deyərlər. «Bu açıqca bir cadudur» demişdi haqq gəlib
yetişəndə haqqı danan kimsələr.
44. Bunlara öyrənmək
üçün bir kitab verməmişdik. Səndən öncə bunlara xəbərdarlıq eləyən
peyğəmbər göndərməmişdik.
45. Bunlardan öncəkilər
də haqqı danmışdılar. Onlara verdiyimizin onda birini belə bunlar
qazanmamışdılar. Ancaq onlar da danmışdılar Mənim ayələrimi. Mən
də göstərdim onlara necə olur axırı Məni danmağın.
46. De ki, «Sizə olan
məsləhətim təkcə budur, Allah xatirinə iki-iki, tək-tək qalxın
ayağa, sonra da yaxşı-yaxşı düşünün. Biləcəksiz dəlilikdən əsər
yox yoldaşınızda [Muhamməddə]. Şiddətli bir əzabın göləcəyini
öncədən bildirərək, sizə yalnız xəbərdarlıq eləyir».
47. De ki, «Buna görə
mən sizdən bir əcir də ummaram, əcir qoy sizin olsun. Əcrimi Allah
verər, hər şeyə şahiddir O».
48. De ki, «Haqq göndərər
istədiyi bəndəsinə görülməzləri bilən Rəbbim».
49. De ki, «Haqq üzə
çıxmış, batil yoxa çıxmış, batildən bir iz də yox».
50. De ki, «Haqdan dönüb
sapsam əgər, bu mənim öz əleyhimə. Doğru yolda olsam əgər, belə
vəhy eləmiş mənə Rəbbim deməli. Şübhəsiz, hər şeyi eşidəndir,
hamıya yaxındır O».
51. Görəydin bir necə
təşvişə düşür onlar. Can qurtarıb qaçmağa macalları yox. Yaxın
bir məkanda [qəbirlərdə] yaxalarlar onları.
52. «Qur'ana iman gətirdik»
deyərlər. Axirət kimi uzaq olan məkandan dünyada olan Kitaba necə
iman gətirərlər görəsən?
53. Qur'anı öncədən danmışdılar.
Dünya kimi uzaq olan məkandan görülməz barədə nə gəldi danışmışdılar.
54. İstədikləri şeydən
artıq ayrı düşərlər. Bir vaxt da onların məsləkdaşları ayrı-ayrı
firqələrə ayrılaraq bir-birindən ayrı düşmüşdülər, şəkk-şübhə
içində vurnuxurdular.
|