«İnkişaf»
anlayışı nəyinsə imkan və bacarıqlarının artması mənasını verir.
O, irəliyə doğru hərəkəti, mövcud səviyyədən daha böyük uğurlar
səviyyəsinə yüksəlməyi nəzərdə tutur. Fərdi və ya kollektiv şəkildə
inkişaf etmək üçün ilk növbədə, çatmaq istədiyimiz hədəfləri müəyyən
etməliyik. Hər bir insan doğulandan bir sıra əsas bacarıqlara
malik olur. Bu bacarıqların gələcəkdə necə inkişaf edəcəyi adamın
bünyəsində olan potensialdan, ətraf mühitdən və başqa xarici faktorlardan
asılıdır.
İslam özünü təkmilləşdirməyə
böyük diqqət ayırır. Bu prosesdə adam öz üzərinə həyatın mənasını
anlamaq, onu daha yaxşı yaşamaq, həm özü, həm də cəmiyyət üçün
faydalı olmaq kimi məsuliyyət götürür. İslam həm də bu məqsədlərə
çatmağın yollarını ətraflı göstərir.
İnsanın inkişafı beşikdən
ta qəbrə qədər irəliləmə və dəyişmələr prosesindən ibarətdir.
İnkişaf prosesinə xaricdən o informasiyalar təsir edir ki, onları
adam hiss orqanları tərəfindən qəbul edir. Eyni zamanda, inkişafın
daxili mühərriki isə insanın bədənində və düşüncəsində gedən proseslərdir.
Biz burada diqqəti insan idrakının həm xarici təəssüratların,
həm də daxili fikir prosesinin təsiri ilə inkişafına cəlb etmək
istərdik. Bu inkişaf sözün geniş mənasında öyrənməni əhatə edir:
həm biliklərin əldə edilməsini, həm də sonrakı praktik istifadə
üçün mənimsənməsini.
İslam iki faktoru qəbul
edir ki, bunlardan biri insanın inkişafına yardım edir, o biri
isə onu əngəlləyir. İlahidən gələn ilham insanın inkişafına yardım
edir. Buna etinasızlıq və ətraf mühitdən gələn yanlış informasiyanın
qəbulu isə mane olur. İnsanın inkişafını həm obıvatel nöqteyi-nəzərindən,
həm də fəlsəfə və başqa elmlər: psixologiya, sosiologiya, antropologiya
baxımından öyrənmək olar. İnsanın inkişafının müasir tədqiqatları
çox vaxt onun korreksiya vasitələrini də əhatə edir, əgər o, insanın
temperamenti ucbatından, valideynlərin və ya cəmiyyətin neqativ
təsirindən, şəraitin pisliyindən və digər faktorlardan asılıdırsa.
Bu məqalədə bizi birinci
növbədə insanın inkişafının əsas prinsipləri maraqlandıracaq.
Məqsədimiz odur ki, bu inkişafa mane olan faktorları açıqlayaq.
İnsanlar müxtəlif bacarıqları ilə fərqlənir. Bəs necə edəsən ki,
hər bir kəsin bacarıqları arzu olunan məqsədlərə çatmağa imkan
verəcək qədər inkişaf etsin? Eyni zamanda, çox faktorlar var ki,
insanın inkişafında əhəmiyyətli rol oynayır, biz əvvəlcə onların
ən əsaslarının üzərində dayanacağıq.
Daha mühüm faktorlar
sırasında insanın özünə verdiyi qiyməti, onun xeyirli işlər görməyə
can atmasını və impulsiv hərəkətlərdən özünü qorumasını göstərmək
olar. Bu faktorları necə işləməyə məcbur etmək olar?
Bu, «öz şəxsiyyətini
qurma» (yəni insanın potensialını daha yaxşı realizə eləməyə kömək
edən prinsiplər arama) adlana biləcək bir prosesdə baş verir.
Bu prosesi başlanğıc nöqtəsi saymaq olar, çünki o, bizə müəyyənlik
hissi və özünə inam verir. Belə görünə bilər ki, bizi əhatə edən
müxtəlif adamların müxtəlif hərəkət maneralarını sistemsiz şəkildə
qəbul etməkdənsə, örnək olaraq bir adamı götürmək və onun hərəkətlərini
təqlid etmək daha rahat olar. Amma bizim bugünkü mürəkkəb və qarışıq
gerçəklikdə layiqli örnək tapmaq çətindir. Onu da yada salmaq
lazımdır ki, bizim kumirlər özləri ömürləri ərzində dəyişməkdə
davam edirlər, həm də onların həyat tərzinin nəticələri çox-çox
gec bəlli olur.
Bundan əlavə, tək bir
adamın nümunəsi, hətta lap yaxşı da olsa, bizə
bütün həyat boyu müxtəlif situasiyaların hamısında necə hərəkət
etməyi göstərmək baxımından yetərsiz olar. Bu, mümkün olsa da,
həmişə o məsələ açıq qala bilər ki, bu adam hansı prinsipləri
rəhbər tutur – axı, bu heç də hər zaman aydın, üzdə olmur. Bu
prinsipləri yalnız uzun müşahidələr və tədqiqat sayəsində öyrənmək
olar.
Burda tarix bizim köməyimizə
gələ bilər. Biz nə vaxtsa yaşamış tanınmış adamları örnək götürə
bilərik, eyni zamanda, sivilizasiya tarixindən dərs ala bilərik.
Özümüzün düzgün inkişafımız üçün təqlid üçün saf bir örnək götürməliyik.
Biz şübhə doğürmayan prinsipləri əsas olaraq götürməliyik. Bu
barədə düşünəndə adamların çoxu ideal olaraq irşad mənbəyi kimi
Allahı və ya ən yüksək inkişaf mərhələsinə qalxmış peyğəmbərlərin
(salam olsun onlara) nümunəsini götürürlər. Beləliklə, Allahı
xatırlamaqla insan onun bacarıqlarının inkişafı üçün hansı yolun
daha yaxşı olduğunu başa düşməyə başlayır. Adam tənhalıq, qəriblik
hissindən qurtulur. O, hər zaman Allahın hüzurunda təskinlik tapır,
istər yaxşı günlərdə, istərsə də yaman gürlərdə sanki Allahla
söhbət edir, özündə harmoniyanı saxlayır, ağ gündə də, ağır iztirablar
və kasıblıq vaxtı da ifratlardan qaçır.
Təbii ki, belə də görünə
bilər ki, Allahdansa daha «maddi» irşadedici obyekt tapmaq olar
və o da elə həmin məqsədlərə çatmağa kömək edər. Amma Allah hər
zaman bizimlədir və Allahın lütfünü Onu çağıran hər kəs hiss edə
bilər.
Başqa bir vacib faktor
odur ki, peyğəmbərlərin nümunəsini örnək götürəndə daha imanlı
və doğruçu olmalı oluruq. Biz təkcə fərdi yox, həm də kollektiv
əmin-amanlıq və rifaha çalışmalıyıq. Buna nail olmaq üçün mövcud
bilikləri əxz eləməli, yenilərin alınmasnda iştirak etməliyik.
Nöqsanlardan
arınma
Biz mütəmadi olaraq yeməkdən
qabaq əllərimizi yuyuruq. Çünki onlar müxtəlif predmetlərlə təmasda
olublar, onlarda zərərli mikroblar qalmış ola bilər. Bədənimizin
təri və ətrafdan çirk yığılanda paltarımızı yuyuruq. Biz bədənimiz
təmiz olsun deyə vanna və duş qəbul edirik Bu gigiyenik proseduraların
hamısının məqsədi bizim fiziki sağlamlığımızın qorunmasıdır. Bəs
niyə düşüncəmiz təmiz və sağlam olsun deyə analoci proseduralara
əl atmayaq?
Biz təfəkkürümüzü kirləndirəcək
çox şeylərlə rastlaşrıq. Məsələn, onun şahidi ola bilərik ki,
hansısa adam kimisə incidib, alçaldıb bundan zövq alır. Bu, bizim
yaddaşımızda qalır və nəticədə impulsiv şəkildə bizi təhrik edə
bilər ki, həmin davranış modelini təkrarlayaq. Biz görürük ki,
bəziləri yalan və fırıldaq yolu ilə uğurlar qazanırlar və bizim
idrak bu cür hərəkət sxemini yolverilən kimi qəbul edə bilər,
xüsusən onda ki, bu cür əyrilər örnək kimi anılırlar. Uşaq cəmiyyətin
hörmətli üzvü olan valideynləri tərəfindən pis münasibətə məruz
qala bilər və böyüyüb bu münasibət tipini öz övladlarına tətbiq
edə bilər.
Görmə və eşitmə təlim
və inkişaf üçün zəruridir. Onlar bizi insan kamilliyinin təsəvvürolunmaz
yüksəkliyinə qaldıra bilərlər. Amma biz onları düzgün istifadə
eləməliyik. Yoxsa gördüyümüz və eşitdiyimiz bizim idrakımıza zərər
vura, bizi uçuruma yuvarlaya bilər. Özünü kənar təsirlərdən necə
qoruyasan? Biz gördüklərimiz və eşitdiklərimiz üzərində düşünməli,
bir sıra baza prinsipləri rəhbər tutaraq arzuolunan əxlaq modelləri
pislərdən ayırmalıyıq. Bu prosesi əqlin məşqi də adlandırmaq olar.
Başqa məşq növləri kimi, o da mütəmadi təkrar olunmağı tələb edir.
Düşüncənin təmizlənmə
prosesi (bunu həm də ürəyin və ruhun təmizlənməsi adlandırmaq
olar), islamda təzkiyyat adlanır (ərəbcə «təmizlənmə», «tərbiyə»,
«inkişaf»). Bu possesin ilkin şərti insan düşüncəsinin «kirlənməyə»
meylli olmasını bilməkdir. Bu «kirlənmənin» mənbəyi öz xarakterinin
cizgiləri, xarici təsirlər və ya hər ikisi ola bilər. Amma xoşagəlməz
hərəkət üçün cavabdehliyi bu yola təhrik edən kəs və ya şərait
yox, onu edən daşıyır. Biz hamımız öz hərəkətlərimiz üçün cavabdehik.
Qanunu pozanda hüquqi məsuliyyət daşıyırıq. Allahsa Onun yazdıqlarını
pozduğumuza görə bizi məsul tutacaq. Biz bəhanə gətirə bilmərik:
«Məni şeytan təhrik etdi», «rəisim təhrik etdi» və s. Necə ki,
adamı əgər yüksək sürətlə maşın sürdüyünə görə saxlayıblarsa,
onu başqaları da belə edib tutulmadığına görə azad eləmirlər.
Allahsa hər şeyi görür və bilir, ona görə «tutulacam, ya yox?»
versiyası yoxdur. Yol hərəkətində sürət həddi özümüzə və başqalarına
ziyan vurmamağımız üçün qoyulduğu kimi, Allahın qadağaları da
yalnız bizim faydamız üçündür.
Öz hərəkətlərinə görə
cavabdehlik daşıma bacarığı məsuliyyət adlanır. Ağlımızın, qəlbimizin
və ya psixikamızın təmizlənməsində uğurlar qazanmaq istəyiriksə,
onu dərk etməliyik ki, dünya bizim düşüncəmizə zərərli təsir edə
bilər, qəlbimiz tamahlanar, ehtiraslar ağıla üstün gəlib bizi
ekssentrikə çevirə bilər. Quranın bu ayəsi üzərində düşünək: «nəfs
elə şeydir ki, pisliyə meyllidir. Nəfsi ancaq Rəbbim kəsər». (Yusuf,
53).
Bizlərdən hər kəs hər
cür nöqsandan xali olan təmiz qəlblə doğulur. Onun təbii meyli
doğru qərarlara tərəfdir. Amma insan inkişaf prosesində görmə,
eşitmə, iybilmə və başqa hiss orqanları vasitəsi ilə zərərli informasiyalar
alır və bunlar onun ilkin təmizliyini pozur. Beləliklə, insan
özünün hər bir yeni təcrübəsini mümkün zərərli təsirlər baxımından
yoxlamalıdır. Təzkiyyat insanın idrakına zərəri olan təsirlərin
təmizlənməsidir. Deyiləni Quranın bu ayəsi ilə illüstrasiya eləmək
olar: «And olsun insana, insanı kamil yaradana, insana pis əməllə
təqvanı tanıtdırana, uğura uğramış artıq nəfsini pak etmiş olan,
ziyana uğramış artıq nəfsini saxlamayıb günaha batırmış olan»
(Şəms, 7-10) Və ya: «Amma Rəbbinin hökmündən
qorxan və nəfsinə güc gələn kəsin cənnət olar yeri, şübhəsiz»
(Nəziat, 40-41).
İnsan nə qədər öz idrakını
təmizləmək üçün tədbirlər görsə də, o, nöqsanlardan sığorta olunmayıb.
Biz səhv edə, günah iş görə bilərik. Bu vaxt nə baş verir? Yaxşı
məşq edilmiş idrakın bir keyfiyyəti olur ki, ona nəfsi-ləv-vamə
- özünütənqid deyilir. Belə idrak baş verənə həyəcan siqnalı ilə
reaksiya verir və səhvi düzəltmək üçün tədbirlər görməyə çağırır.
Başqa tərəfdən, öz yanlışlarında israr edən, ehtiraslarını cilovlamağı
bacarmayan (nəfs əl-əmmarə sahibi) adam isə belə iqrarı özü üçün
ayıb sayacaq və gələcəkdə yeni-yeni səhvlərlə davam edəcək.
Əgər adam səylə öz səhv
hərəkətinin düzəldilməsi üzərində düşünür, bunun təkrarından qaçmağa
çalışırsa, bu, artıq özünü kamilləşdirmə aktıdır və inkişafa aparır.
Əksinə, bu işlərə başısoyuqluqla baxırsa, bu «kirlənməyə» və deqradasiyaya
aparır.
Özünü
təkmilləşdirmə qaydaları
Bu prinsiplərin əsas
anlamı hamıya aydındır. Amma onları həyata keçirmək kişilik, özünə
qarşı ciddilik, daimi səylər tələb edir. Biz hər dəfə Allahı zikr
edəndə yada salırıq ki, bu, Allahın əmridir və adamların düzgün
həyat sürməsinə yardım üçündür. Biz gündə beş dəfə də namaz qılırıq.
Bəs qalan vaxtlar? Qalan vaxtlarda da biz Onu zikr eləməli, öz
əməllərimizə onun qoyduğu qaydalar işığında baxmalıyıq. Biz hər
dəqiqə Onu düşünməliyik, yerindən, zamanından asılı olmayaraq.
Dediyi yolu tutmalıyıq. Ölçülü-biçili danışmalı və hərəkət eləmələiyik,
impulsiv yox!
İslamda bu təmizlənmə
prosesi cihadın ən böyük forması sayılır. Bu cihadı iradəsini,
dözümünü, israrını və Allahın ilhamına inamını qoruyaraq həyata
keçirməliyik. Bizim istər yüksəliş, istərsə də uğursuzluq zamanında
hərəkətlərimiz bu inamın təzahürü olmalıdır.
Uşaqlıqda bizə gündəlik
yazdırardılar, hər gün baş verənləri orda qeyd edərdik. Bunun
mənası onları yazıb saxlamaq deyildi, o idi ki, baş verənlər üzərində
düşünək. Axı, bir şeyi yazanda yaxşı və ya pisliyini fərqləndirməli
oluruq.
Adamlarda mütəmadi olaraq
gördüyü, eşitdiyi, hiss elədiyi, etdiyi şeyləri xatırlama ehtiyacı
var. Xatirələri analiz edəndə artıq ətraf mühitdə baş verənləri
impulsiv şəkildə yox, rahatca yerbəyer edə bilirik. Amma baş verdiyi
vaxt - xüsusən bu çox sürətlə baş verəndə – hadisələri qiymətləndirmək
olmur. Ona görə bunları sonra «yavaş sürətlə», «kənar səslərdən»
təmzləyib incələmək olur. Bizim hamımıza tənhalıq və sakit düşünmə
imkanı və zamanı lazımdır. Öz hərəktlərimizə Müqəddəs irşadın
işığında qiymət verməyə çalışmalıyıq.
Sual meydana çıxa bilər,
elə xüsusi sözlər varmı ki, adam Allahı ananda istifadə eləsin.
Belə sözlər xüsusi formullar kimi məhdudlaşdırılmayıb. Amma biz
bir neçə örnək gətirə bilərik ki, aydın anlamı var və asan yadda
qalır:
«La ilahə illəlah»
– Allahdan başqa ilah yoxdur. Bu sadə sözlərdə insan kamilliyinin
zirvəsinə yol var. Özün üçün yada salanda ki, tək Allahdan başqa
ilah yoxdur, bu, kamilləşmə üçün ən gözəl imkan yaradır. Çünki
biz başa düşürük ki, Allahın göndərdiyi bizim xeyrimizədir, bizim
üçün vacib deyil Allahın dediyindən başqa cür hərəkətə təhrik
edənlərə tabe olaq. Hər şey Uca Tanrının nəzarəti altındadır,
bizim işlərimizi O yönəldir, Ona dua edib yalvarırıq. Bacardığımız
qədər bu sözləri tez-tez təkrar etməliyik.
«Əlhəmdülillah»
- bütün təriflər ancaq Allaha aiddir. «La ilahə illəllah»
düzgün hərəkətlərin açarıdır. Bizə nə xeyir üz verirsə, Allahdandır.
«Əlhəmdülillah» isə etirafdır. Yəni Allah nəyi mümkün edirsə,
biz ona yetişə bilərik. Beləliklə, bu iki cümləni biz hər bir
hərəkətdən əvvəl də, sonra da deməliyik. Bunlar bizim şüurumuzun
və qəlbimizin təmizlənməsi üçün çox vacibdir. Bizə psixoloji təsir
edir və biz o yolda israrla qalırıq, bizim xeyrimizə olan yeganə
yolda.
Yekun
Allahı zikr və Ona minnətdarlıq
üçün üsullar çoxdur. Düzgün inkişaf eləmək üçün biz Ona yaxınlaşmalıyıq.
Sadə sözlər belə onları inamla və səmimiyyətlə deyəndə hüdudsuz
dərin mənalar ehtiva edir. Onlarda hamının dərk edəcəyi, sarsıdıcı
gücə malik bir sadəlik var.
Sonda Uca Allah tərəfindən
bizə gələcək həyatımızda vəd olunan
mükafat haqda sözləri
xatırlayaq: «Uğura uğramışdır imanında paklıq tapan, Rəbbinin
adını anan, namaz qılan» (Ələ, 14-15).
|