Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun səf-səf
düzülən mələklərə,
2. önündəkiləri sürdükcə
sürən mələklərə,
3. Qur'an oxuyan kimsələrə,
4. birdir Tanrınız!
5. Göylərin, yerin, bunların
arasında olanların Rəbbidir O. Şərqlərin, qərblərin Rəbbidir O.
6. Biz yaxın səmanı ulduzlarla
bəzədik.
7. Hər dikbaş şeytanın
şərindən qoruduq onu.
8. Şeytanları qoymazlar
qulaq asalar yuxarı aləmlərə. Göyün hər tərəfindən odlu daşlar
tullayarlar başlarına.
9. Qovarlar onları. Əbədi
bir əzab gözləyir onları.
10. Mələklərdən bircə
söz gizlincə eşidib qapdımı şeytan, dalınca düşər onun, haqlayıb
deşər onu odlu daş.
11. Kafirlərdən soruşsana,
onlarmı, Bizim yaratdıqlarımızmı daha möhkəm olar? Onların özlərini
yapışqan bir gildən yaratmışıq Biz axı.
12. Sən təəccüb qaldın
ki, danırlar səni, onlar da sənin təəccüb qalmağına güldülər.
13. Onlara fayda verməz
öyüd dinləmək.
14. Bir mö'cüzə görəndə
bununla əylənərlər.
15. Deyərlər: «Bu açıqca
bir cadudur.
16. Öləndən sonra, sümüyümüz
torpağa qarışandan sonra bizmi diriləcəyik,
17. öncə gölib getmiş
olan atalarımızmı?»
18. De ki, «Bəli, hamınız
diriləcəksiz. Sonra da alçalacaqsız».
19. O surun bircə kərə
səslənişilə qəbirlərdən qalxarlar, başlarına gələnlərə baxarlar.
20. Deyərlər: «Yazıqlar
olsun bizə!» Mələklər də onlara «Bu, qiyamət günüdür!» deyərlər
–
21. «Bu, mö'minlərlə
kafirlərin bir-birindən ayrıldığı gündür. Bu günü siz danırdınız».
22. Mələklərə əmr edilər:
«Çəkin məhşər ayağına zalımları, onların taylarını, tapındıqları
tanrıları,
23. Allahsızlıq edirdilər.
Cəhənnəmə yola salın onları.
24. Yol üstündə bir əyləyin
onları, tutduğu işlərə gerə cavab verməlidirlər».
25. «Nə oldu sizə, niyə
bir-birinizə yardım eləmirsiniz?» deyə soruşarlar onlardan.
26. Onlar bu gün hamılıqla
təslim olmuşlar.
27. Bir-birinin üzünə
durarlar, bir-birilə sözləşərlər.
28. Tabelikdə olanlar
başçılara deyərlər: «Yanımıza sağ tərəfdən gəlirdiniz [haqlı olduğunuza
bizi inandırmışdınız, bizi aldatmışdınız]».
29. Onlar da deyərlər:
«Siz iman gətirən kimsələr deyildiniz.
30. Biz sizin üstünüzdə
hakim deyildik. Siz özünüz azğın kimsələrdiniz.
31. Və artıq Rəbbimizin
dediyi o əzab bizim üçün haqq olmuş. İndi də əzabı dadmalıyıq,
şübhəsiz.
32. Bəli, sizi azdıranlar
biz idik. Çünki biz azğınlar idik».
33. O gün əzab içində
tay olarlar bir-birinə hamısı.
34. Bax belə edərik günahkarlara,
35. «Allahdan başqa tanrı
yoxdur» deyiləndə onlara təkəbbürlük edərdilər.
36. «Dəli bir şairə görəmi
tapındıqlarımızı tərk etməliyik?» deyərdilər.
37. O isə haqq gətirmişdi,
təsdiq eləmişdi öncəki elçilərin peyğəmbərliyini.
38. Şübhəsiz, dadacaqsız
o ağrılı əzabı.
39. Yalnız öz işləklərinizə
görə alacaqsız cəzanızı.
40. Yalnız Allaha sadiq
qalan bəndələrə verilməz o cəza.
41. Mə'lum ruzilər gözləyir
onları.
42. Meyvələr... Möhtərəm
kimsələrdən sayılar onlar,
43. ne'mət cənnətlərində.
44. Taxtların üstündə
üzbəüz əyləşərlər.
45. Qədəhlərlə hər birinin
başına dolanarlar. Qədəhləri arxlardan doldurarlar.
46. Ağappaq bir içkidir
bu, içiləndə ləzzətlidir,
47. başağrısı verməyir,
ağlı başdan çıxarmayır.
48. Yanlarında irigözlü
qadınlar var, yalnız öz taylarına zillənmiş baxışları.
49. Əl dəyməmiş yumurta
sayaq bəmbəyazdılar.
50. Dünyadakı işlərdən
danışar bir-birinə cənnətdəkilər.
51. Biri söyləyər: «Mənim
bir dostum vardı.
52. Deyərdi sən dəmi
doğrudan inanırsan
53. öləndən sonra, sümüyümüz
torpağa qarışandan sonra bizə cəza verəcəklər?»
54. Baxmaq istəyirmisiniz
indi nə haldadır o?»
55. Baxıb görər cəhənnəmin
ortasındadır.
56. Deyər: «Allaha and
olsun, az qala məni də yolumdan azdırıb məhv eləmişdin.
57. Mənə mərhəmətini
əsirgəsəydi Rəbbim sənin kimi cəhənnəmlik olardım».
58. «Bir daha ölmərik
biz, deyilmi?
59. Yalnız bir kərə ölmüşük,
sonra da dirilmişik. Bir də əzab görmərik».
60. Budur o böyük qurtuluş.
61. Çalışanlar qoy buna
çalışsınlar.
62. Qalmaq üçün buramı
yaxşıdır, zəqqum ağacı olan yermi?
63. Zalımlara göz dağı
elədik bu ağacı [yə'ni deyirdilər ki, od içində ağac olmaz, yanıb
gedər].
64. Cəhənnəmin dibində
bitən bir ağacdır bu.
65. Şeytan başı kimidir
tumurcuqları.
66. Yeyərlər meyvəsindən,
doldurarlar qarınlarını.
67. Gedib üstündən də
qaynar-qaynar su içərlər.
68. Sonra yenə cəhənnəmə
dönərlər.
69. Sapmışlardı ataları.
70. Ancaq yenə onların yoluyla getməyə tələsdilər.
71. Öncəki nəsillərin
çoxu sapmışdı doğru yoldan.
72. Biz hələ onlara xəbərdarlıq
eləyən elçilər də göndərmişdik.
73. Xəbərdarlıq almış
olan kafirlərin axırı gör nə olmuş.
74. Ancaq Allaha sadiq
qalan bəndələrin axırı başqa olmuş.
75. Köməyə çağırmışdı
Nuh Bizi. Necə gözəl bir tərzdə onun duasını Biz müstəcəb elədik.
76. Çox böyük bir bəladan
qurtardıq onu ailəsilə.
77. Bu dünyada onun ancaq
nəsli qaldı.
78. Yaxşı bir ad qoyub
getdi gələcək nəsillərə.
79. Aləmlər içində Nuha
salam olsun Bizdən!
80. Yaxşıları mükafatlandırırıq
beləcə.
81. Şübhəsiz, mö'min
bəndələrimizdəndi Nuh.
82. Axır qərq elədik
sulara kafir olan digər soydaşlarını.
83. Şübhəsiz, Nuhun ardıcılıydı
İbrahim.
84. Təmiz bir ürəklə
iman gətirmişdi Rəbbinə.
85. Bir zamanlar atasına,
soydaşlarına demişdi: «Görün bir nələrə tapınırsız?
86. Allahı qoyub uydurma
tanrılaramı tapınmaq istəyirsiz?
87. Aləmlərin Rəbbi barədə
nədir fikriniz?»
88. Nəzər saldı ulduzlara
İbrahim.
89. «Xəstələnmişəm!»
dedi.
90. İbrahimdən üz döndərib
getdilər.
91. Bütlərə yaxın gələrək
dedi: «Qoyduqları yeygidən niyə yemirsiz?
92. Niyə dillənmirsiz?».
93. Güclü zərbəylə qırıq-qırıq
elədi o bütləri.
94. Bütpərəstlər qaça-qaça
gəldilər.
95. Dedi: «Yonaraq düzəltdiyiniz
şeylərəmi tapınırsız?
96. Sizi də, bu düzəltdiyiniz
şeyləri də Allah yaratmış».
97. Bütpərəstlər bir-birinə
dedilər: «Od tiyanı düzəldin, atın onu od içinə».
98. Bir iş açmaq istədilər
İbrahimin başına, Biz də işlərini boşa çıxarıb alçaltdıq onları.
99. Dedi: «Mən Rəbbimin
yanına gedirəm. Doğru yola yetişdirər məni O.
100. Yaxşılardan olacaq
bir övlad bəxş elə mənə, Rəbbim!»
101. Həlim xasiyyətli
bir oğlan uşağının müjdəsini verdik ona.
102. Böyüdü, Safə-Mərva
arası qaçışa başladı atasıyla bərabər. İbrahim dedi: «Oğlum, yuxumda
görmüşəm ki, boğazını üzürəm. Görəsən nə ola bu?» «Atacan, sənə
nə buyursalar, yetir yerinə. Allah qoysa görərsən mən necə səbirliyəm»
dedi oğlu.
103. İkisi də özünü təslim
etdi Allaha. Oğlunun alnını yerə dirədi qurbangahda İbrahim.
104. Səslədik onu: «Ey
İbrahim!
105. Sən yuxunu haqq
elədin. Yaxşıları mükafatlandırırıq bax beləcə».
106. Əslində açıq-aşkar
imtahana çəkmişdik onları.
107. Kəsilməli oğlunun
əvəzinə böyük bir qurbanlıq yetirdik İbrahimə.
108. Yaxşı bir ad qoyub
getdi gələcək nəsillərə.
109. Salam olsun İbrahimə.
110. Yaxşıları mükafatlandırırıq
beləcə.
111. Şübhəsiz, mö'min
bəndələrimizdəndi İbrahim.
112. Yaxşıların arasından
seçib peyğəmbər göndərdiyimiz İshaqın müjdəsini verdik ona.
113. Ona da, İshaqa da
verdik xeyir-duamızı. Onların nəslində yaxşılar da var, özlərinə
açıqca zülm eləyənlər də.
114. Biz Musaya və Həruna
da peyğəmbərlik vermişdik.
115. Onları da, qövmlərini
də böyük bir bəladan xilas eləmişdik.
116. Yardım yetirmişdik
onlara, qalib gəlmişdi onlar.
117. Aydın anlamlı Kitab
vermişdik hər ikisinə.
118. Doğru yola yönəltmişdik
onları.
119. Yaxşı ad qoyub getdi
hər ikisi gələcək nəsillərə.
120. Salam olsun Musaya
və Həruna.
121. Yaxşıları mükafatlandırırıq
beləcə.
122. Mö'min bəndələrimizdəndi
hər ikisi.
123. İlyəs də göndərilmiş
elçilərdəndi.
124. Bir zamanlar öz
qövmünə demişdi: «Allahdan çəkinməzmisiniz?
125. Yaradanların yaradanını
qoyub Bə'l bütünəmi tapınırsız?
126. Allah sizin də Rəbbinizdir,
öncə gəlib-getmiş atalarınızın da».
127. Dandı onu soydaşları.
Cəhənnəmlik olacaqdı hamısı
128. Allaha sadiq qalan
bəndələrdən savayı.
129. Yaxşı bir ad qoyub
getdi gələcək nəsillərə.
130. Salam olsun İlyəsə.
131. Yaxşıları mükafatlandırırıq
beləcə.
132. Mö'min bəndələrimizdəndi
o.
133. Lut da göndərilmiş
elçilərdəndi.
134. Onu da, ailəsini
də hamılıqla xilas elədik
135. əzab içində qalan
qarısından savayı.
136. Sonra da məhv elədik
qalanlarını.
137. Bunların olduğu
yerlərdən keçirsiz səhər –
138. axşam. Baxıb düşünməzmisiniz
bunların aqibətini?
139. Yunus da göndərilmiş
elçilərdəndi.
140. Qaçaraq minmişdi
dolu gəmiyə.
141. Batmaq təhlükəsi
yaranan zaman püşk atdılar. Yunusun bəxtinə düşdü püşk. Atdılar
onu dənizə.
142. Balıq uddu onu.
Rəbbindən iznsiz iş görmüşdü o.
143. Allahı öyən kimsələrdən
olmasaydı
144. diriləcəyi günə
qədər balığın qarnında qalacaqdı.
145. Quruya çıxartdıq
onu, halsız-halsız uzanmışdı.
146. Bir qovun ağacı
bitirdik ondan ötrü.
147. Yüz min, yaxud daha
çox adama peyğəmbər göndərdik onu.
148. Ona iman gətirdilər.
Biz də bir müddətliyə dolandırdıq onları.
149. Bütpərəstlərdən
soruşsana, qızlar sənin Rəbbinin, oğlanlar onlarınmı?
150. Yoxsa mələkləri
qız yaratmışıq və yaradan zaman da yanımızda idilər?
151. Bir sözdür söyləyirlər
uydurub özlərindən.
152. «Allah doğmuş» deyərlər,
yalan danışarlar.
153. Qızları oğlanlardan
üstünmü tutmuş Allah?
154. Sizə nə olmuş, bu
nə sözdür deyirsiz?
155. Düşüncəniz yoxmudur?
156. Yoxsa ki, əlinizdə
açıq-aşkar dəlil var?
157. Doğru sözlü, düz
əməlli kimsələrsinizsə, gətirin kitabınızı.
158. Allahı cinlərə qohum
bildilər. Cinlər də bilirlər, cəhənnəmə sürüləcək bu sözləri deyənlər.
159. Ona qoşub dediklərindən
ucalardadır Allah.
160. Yalnız Allaha sadiq
qalan bəndələr cəhənnəmlik deyillər.
161. Tapındığınız bütlərlə
162. heç kimi azdıra
bilməzsiniz.
163. Yalnız cəhənnəmlik
kimsələri azdıra bilərsiniz.
164. Mələklər söyləyərlər:
«Bizlərdən hər kimsənin özünün bəlli yeri var,
165. bizlər səf-səf düzülənlərik,
166. Allahı öyənlərik».
167. Bütpərəstlər deyərlər:
168. «Öncəkilər kimi
bizim də bir kitabımız olsaydı,
169. Allahın sadiq bəndələrindən
olardıq».
170. Kitaba küfr etdilər.
Biləcəklər nə imiş küfrün axırı.
171. Göndərilmiş elçilərdən
olan bəndələrimizə söz vermişdik,
172. mütləq yardım ediləcək
onlara.
173. Şübhəsiz, qaliblər
Bizim əsgərlər olacaq.
174. Müəyyən müddətliyə
kafirlərdən üz çevir.
175. Sonra bax necə bir
cəza verilir onlara. Görəcəklər nə imiş küfrün axırı.
176. Verəcəyimiz əzabı
tələsikmi istəyirlər?
177. Elə ki, yurdlarına
nazil oldu o əzab, pis günə düşər xəbərdarlıq almış kafirlər.
178. Müəyyən müddətliyə
sən onlardan üz çevir,
179. Sonra bax necə bir
cəza verilir onlara. Görəcəklər nə imiş küfrün axırı.
180. Ona qoşub dediklərindən
ucalardadır güc yiyəsi olan Rəbbin.
181. Salam olsun göndərilmiş
elçilərə.
182. Və həmd olsun Allaha,
aləmlərin Rəbbinə!
|