Rəhman
və Rəhim Allahın adıyla
1. Sad. And olsun Allahın
adı anılan Qur'ana,
2. böyüklük iddiasındadır,
Peyğəmbəri danmaq davasındadır kafir kimsələr.
3. Onlardan öncə neçə-neçə
nəsli məhv eləmişik. Fəryad çəkərək imdad diləyirdilər. Amma artıq
gec idi, nicat vaxtı deyildi.
4. Onlara öz içindən
bir elçi gələn zaman təəccüb qaldılar, dedilər: «Bu, fırıldaqçı
cadubazdır.
5. Tanrılardan tək tanrı
düzəltmişmi? Bu çox qəribə işdir».
6. Başçıları dedilər:
«Gedin tanrılarınıza ibadətdə olun, istəyirlər tək tanrıya qulluq
edəsiz.
7. Heç sonuncu dində
[xristianlıqda] də belə söz eşitməmişik. Bu, uydurma kəlamdır.
8. Nə oldu, gərək elə
içimizdən onamı nazil olaydı Qur'an?» Şəkk gətirdilər Qur'ana,
verəcəyimiz əzabı hələ dadmamışdılar.
9. Güclü, səxavətli Rəbbinin
rəhmət xəzinələri onlarınmı əlindədir?
10. Onlarmıdır göylərin,
yerin, bunların arasında olanların yiyəsi? Elədirsə, qoy onda
görünməz tellərlə qalxsınlar göyə və vəhy gətirsinlər istədikləri
adama.
11. Səni danan zaman
basılmış, pərən-pərən düşmüş düşmən dəstələrinin əsgərlərini andırar
onlar.
12. Onlardan öncə peyğəmbərləri
danmışdılar. Nuh və Ad qövmləri, qəzəbləndiyi adamı nizəylə çarmıxa
çəkən Fir'on,
13. Səmud və Lut qövmləri,
əl-Eykə camaatı ayrı-ayrı firqələrdi.
14. Hər biri danmışdı
peyğəmbərləri. Və hamısını haqlamışdı axır Mənim əzabım.
15. Surun o bircə labüd
səslənişindən savayı bir şey gözləməz onlar.
16. Rişxəndlə deyərlər:
«Haqq-hesab çəkilən gün gəlməzdən öncə ver, tez ver bizim payımızı,
Rəbbimiz!»
17. Nə deyirlər desinlər,
bas səbrini! Güclü bəndəmiz Davudu an Qur'anda. Allaha üz tutandı
o, şübhəsiz.
18. Davuda tabe elədik
səhər-axşam onunla bir Allahı həmd eləyən dağları.
19. Dəstə-dəstə uçan
quşları da ona tabe elədik. Bunların hamısı Davuda üz tutandılar.
20. Möhkəmlətdik hakimiyyətini,
hikmət verdik, haqqı batildən ayıran ağıl verdik ona.
21. Xəbərin varmı sənin
o şikayətçilərin əhvalatından. Dırmaşaraq mə'bədin divarına
22. girmişdilər Davudun
yanına, ürkmüşdü onlardan Davud. Demişdilər: «Qorxma, biz iki
şikayətçiyik. Birimiz qəsd eləmiş o birinin haqqına. Haqq ilə
hakimlik elə aramızda, basma haqqı, doğru yolun ortasına yönəlt
bizi».
23. «Bu mənim qardaşımdır.
Doxsan doqquz qoyunu var, mənimsə bircə qoyunum. «Bunu da mənə
ver» dedi. Mübahisəmiz düşdü, məni məğlub elədi».
24. Davud dedi: «Sənin
qoyununu öz qoyunlarına qatmaqla haqqını tapdamış o. Təcavüz eləyər
bir-birinin haqqına şəriklərin bir çoxu. Ancaq iman gətirənlər,
əməli salehlərsə bunlara aid deyil, sayları da lap azdır». Davud
zənn elədi imtahana çəkilir. Rəbbindən məğfirət dilədi, əyildi,
Ona tutdu üzünü.
25. Beləcə bağışladıq
onu. Payını çox eləmişik dünyada, gözəl bir məqama yetişmiş axirətdə.
26. Ey Davud! Biz səni
yer üzünün xəlifəsi elədik. Sən haqq ilə hakimlik elə insanlar
arasında. Olma nəfsinin əsiri, səni Allah yolundan azdırar nəfsin.
Haqq-hesab çəkilən günü unutduğuna görə şiddətli bir əzaba düçar
olar Allahın yolundan azan adamlar.
27. Biz boşuna yaratmadıq
göyü, yeri, bunların arasında olanları. Ancaq ayrı cür düşünər
küfr eləyən kimsələr. Vay halına kafirlərin, od qarsacaq onları.
28. Yoxsa iman gətirənləri,
əməli salehləri yer üzündə qarışıqlıq salanlara bərabərmi tutmalıyıq?
Yoxsa müttəqiləri əxlaqsızlıq edənlərə bərabərmi tutmalıyıq?
29. Mübarək bir Kitabdır
sənə nazil etdiyimiz. Ayələri barədə bir düşünüb-daşınalar, öyüd
ala ağlı olan kimsələr.
30. Biz Davuda Suleyməni
bəxş elədik. Nə gözəl bir bəndə idi! Allaha üz tutandı o, şübhəsiz.
31. Bir axşam çağı ona
şux qamətli cins atlar göstərmişdilər.
32. Dedi: «Rəbbimi unutdurdu
mənə gözəlliyə vurğunluğum. Pərdə arxasında artıq gizlənmiş günəş
[yə'ni axşam namazını ötürdüm].
33. Qaytarın o atları
yanıma». Sığal çəkdi qılıncla atların boyunlarına, ayaqlarına.
34. Sınağa çəkdik Suleyməni.
Başqa birisini oturtduq taxtında onun. Sonra tövbə elədi, Allaha
üz tutdu o.
35. Dedi: «Bağışla məni,
Rəbbim! Mənə bir hakimiyyət ver ki, məndən sonra heç kimə qismət
olmasın. Təkcə Sənsən səxavətli olan».
36. Biz də tabe elədik
ona küləyi. Onun əmri ilə hər yerə yüngülcə yüyürərdi külək.
37. Tikən, quran, qəvvaslıq
eləyən şeytanları da ona tabe elədik.
38. Və zəncirlənmiş başqa
kimsələri də onun buyruğu altına verdik.
39. «Bax bunlardan ibarətdir
sənə bağışladıqlarımız. Bunlardan kimə nə qədər istəsən bağışlaya
də bilərsən, heç kimə verməyə də bilərsən. Sənsən hesab yiyəsi»
dedik.
40. Payını çox eləmişik
dünyada, gözəl bir məqama yetişmiş axirətdə.
41. Bəndəmiz Əyyubu da
an Qur'anda. Bir zamanlar səsləmişdi Rəbbini. «Əzaba, əziyyətə
salmışdır məni şeytan».
42. «Ayağını yerə vur.
O çıxan sərin suda yuyuna bilərsən, ondan içə bilərsən» dedik.
43. Ailəsini, ölmüş övladlarını
rəhmətimizdən pay olaraq dirildib qaytardıq ona. Dedik bəlkə öyüd
ala ağlı olan kimsələr.
44. «Əlinə bir dəstə
çubuq götür, onunla vur arvadını. Vur ki, öz andını pozmayasan»
[yə'ni, and içmişdin ki, arvadına yüz çubuq vuracaqsan, yüz çubuq
bağlanmış dəstə ilə arvadını bir dəfə vurmağınla andın yerinə
yetirilmiş olur] söyləmişdik Əyyuba. Səbrini gördük onun. Nə gözəl
bir bəndə idi! Allaha üz tutandı o, şübhəsiz.
45. Güclü və bəsirətli
bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu da an Qur'anda.
46. Allaha bağlanalar
deyə ürək verdik, axirət evini düşünələr deyə ağıl verdik onlara.
47. Seçilmiş, xeyirxah
kimsələrdir onlar dərgahımızda.
48. İsməili, Əlyəsə'ni,
Zulkuflu da an Qur'anda. Hamısı xeyirxah kimsələrdir.
49. Yaxşılığa anılar
onların adı. Şübhəsiz, gözəl bir məqam gözləyir müttəqiləri.
50. Qapıları üzlərinə
açıq olan Adn cənnətləri.
51. Taxtlara söykənərək
cürbəcür meyvələr istərlər, içki istərlər orada.
52. Yanlarında yaşıdları
olan hurilər var, yalnız öz taylarına zillənmiş baxışları.
53. Haqq-hesab çəkilən
gün üçün bunlar sizə və'd verilir.
54. Verəcəyimiz bu ruzilər
tükənən deyil.
55. Azğınlarısa ən pis
məqam gözləyir.
56. Cəhənnəmə vasil olarlar.
Pisdən pis yataqdır ora!
57. Bunlar da qaynar
su və irindir, dada bilərlər artıq.
58. Hələ bunların bənzəri
başqa-başqa şeylər də var orada.
59. Kafirlərin başçılarına
«Bu dəstə də cəhənnəmə sizinlə bərabər vasil olacaq. Vay onların
halına, onlar da od içinə düşəcək» deyərlər.
60. Dəstədə olanlarsa
«Vay sizin halınıza, bizim yox. Başımıza bu bəlanı siz gətirdiniz.
Bura nə pis yer imiş» deyərlər.
61. «Rəbbimiz! Bu bəlanı
başımıza kim gətiribsə qat-qat artıq ver ona od əzabını!» deyərlər.
62. «Pislərdən bildiyimiz
kimsələr hanı bəs, görmürük» deyərlər –
63. «Gülürdük onlara,
gözdənmi itmiş onlar?»
64. Bu belə də olmalı.
Mübahisə eləyər bir-birilə cəhənnəm əhli.
65. De ki, «Mən sadəcə
xəbərdarlıq eləyən bir elçiyəm. Vahid qəhhar Allahdan başqa tanrı
yoxdur.
66. Göylərin, yerin,
bunların arasında olanların Rəbbidir O. Güclüdür, günahlardan
keçəndir O».
67. De ki, «Böyük bir
xəbərdir bu Qur'an.
68. Sizsə bu Qur'andan
üz döndərirsiz.
69. Adəmin barəsində
mübahisə edən zaman mələklər, o uca aləmdən yoxdu mənim xəbərim.
70. Mən sadəcə vəhy alıram.
Mən olacağı açıqca öncədən xəbər verən bir elçiyəm sadəcə».
71. Bir zaman mələklərə
Rəbbin demişdi: «Gildən bir bəşər yaradacam,
72. düzəldəcəm, sonra
da Öz ruhumdan ona üfürəcəm. Ona səcdə edərsiz».
73. Hamı, hamı səcdə
elədi,
74. iblis eləmədi. Təkəbbürlə
yaxasını çəkdi kənara, kafirlərdən oldu.
75. «Ey iblis, Öz əlimlə
yaratdığıma səni səcdədən edən nədir? Təkəbbürlümü oldun, qürurlananmı
oldun?» dedi Allah.
76. «Mən ondan daha üstünəm.
Məni oddan yaratdın, onu gildən» dedi iblis.
77. «Di rədd ol oradan,
sən artıq qovulmuşun birisən» dedi Allah –
78. «Qiyamətə qədər lə'nətim
üstündə olar».
79. «İnsanların diriləcəyi
günə qədər möhlət ver mənə, Rəbbim» dedi iblis.
80. «Götür, sən möhlət
alanlardansan» dedi Allah –
81. «Mə'lum bir vaxta
qədər sürər möhlətin».
82. İblis dedi: «Sənin
qüdrətinə and içirəm, onların hamısını azdıracağam.
83. Sənə sadiq bəndələrindən
savayı hamısını!»
84. «Haqq Mənəm, haqq
söylərəm» dedi Allah –
85. «Səni, sənə tabe
olanların hamısını cəhənnəmə dolduracam!»
86. De ki, «Buna görə
mən sizdən bir əcir də ummuram. Mən özündən deyənlərdən deyiləm.
87. Qur'an yalnız bir
öyüddür, aləmlərdən ötrüdür.
88. Bir müddət ötəcək,
Qur'anın haqq olduğunu mütləq biləcəksiniz!»
|