Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim.
2. Basıldı rumlar
3. yaxın bir ərazidə.
Bu məğlubiyyətdən sonra qalib gələcək onlar
4. bir neçə il içində.
Əvvəldə də, axırda da Allahındır əmr, verər əmrini. Və sevinər
mö'minlər o gün.
5. Allahın yardımıyla
sevinmiş onlar. İstədiyi kimsəyə yardım edər, güclüdür, Rəhimdir
O.
6. Allah və'd vermişdi
bu qələbəni. Və'dini pozan deyil Allah. Fəqət bunu bilməyir əksər
adamlar.
7. Dünya həyatını üzdən
bilər, axirətdən büsbütün xəbərsiz olar onlar.
8. Məgər öz-özlüyündə
düşünməzmidilər, göyləri, yeri, bunların arasında olanları yalnız
haqq olaraq yaratmış Allah və hər şeyə bir əcəl tə'yin eləmiş.
İnsanların bir çoxu da Rəblərinə qovuşmağı danırlar.
9. Bir gəzələr, dolaşalar
yer üzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. Bunlardan
güclü idi o nəsillər. Torpağı əkib-becərərdilər, bunlardan çox
tikərdilər, qurardılar. Peyğəmbərlər gəlmişdilər onlara, aşkar
dəlillər gətirmişdilər onlara. Onlara zülm eləyən Allah deyildi,
özləri özlərinə eləyirdilər.
10. Və pisliklər eləyən
kəslərin axırı çox pis olmuş. Danmışdılar Allahın ayələrini, məsxərəyə
qoymuşdular bunları.
11. Bir şeyi yaratmağa
başlayır, yaradır, sonra onu təkrar yaradır Allah. Onun da dərgahına
axır dönəcəksiniz.
12. Mə'yus düşər suçlular
qiyamət qopan zaman.
13. Onlar üçün iltimas
eləyən çıxmaz qoşduqları şəriklərdən. Bunları danar onlar o zaman.
14. Qiyamət qopan gün
dəstələrə bölünərlər.
15. Cənnət bağlarında
şadyanalıq eləyər iman gətirən, saleh işlər görən kəslər.
16. O kəslər ki, kafirlik
eləyiblər, Bizim ayələri və Mənimlə axirətdə görüşməyi danıblar,
əzabla üz-üzə gələcək onlar.
17. Axşamlar, səhərlər
öyün Allahı.
18. Günorta da, günortadan
sonra da göylərdə və yerdə həmd edilib öyülməli təkcə Odur.
19. Ölüdən dirini, diridən
ölünü çıxarar, torpağa ölümündən sonra dirilik verər O. Siz də
diriləcəksiz beləcə.
20. Sizi torpaqdan yaratmış.
Sonra siz insanlar yer üzünə səpələnmisiz. Bunlar Onun qüdrətinin
dəlilləridir.
21. Sizin özünüzdən sizlər
üçün taylar yaratmış ki, rahatlıq tapasız taylarınızla. Sevgiylə
mərhəmət bərqərar eləmiş aranızda. Bunlar Onun qüdrətinin dəlilləridir.
Şübhəsiz, bunlarda ayələr var düşünənlər üçün.
22. Göyləri, yeri yaratmış,
dillərinizi, rənglərinizi fərqli eləmiş. Bunlar Onun qüdrətinin
dəlilləridir. Şübhəsiz, bunlarda ayələr var elmli kəslər üçün.
23. Gecələr, gündüzlər
dincəlirsiniz, gündüzlər Onun lütfündən pay olaraq ruzi arayırsınız.
Bunlar Onun qüdrətinin dəlilləridir. Şübhəsiz, bunlarda ayələr
var qulaq asanlar üçün.
24. Sizə şimşəyi göstərib
canınıza qorxu salır, gözünüzə ümid verir, sonra səmadan su endirir,
bu suyla dirildir ölmüş torpağı. Bunlar Onun qüdrətinin dəlilləridir.
Şübhəsiz, bunlarda ayələr var düşünüb-daşınanlar üçün.
25. Onun əmrinə müntəzir
dayanmış yerlə göy. Torpaqdan çağırantək sizləri qəbirlərdən çıxarsız.
Bunlar Onun qüdrətinin dəlilləridir.
26. Onundur göylərdə
nə varsa, yerdə nə varsa. Hamı boyun əymiş Ona.
27. Bir şeyi öncə yaradan,
yaratdığını öləndən sonra dirildən Odur. Onun əlində bu çox asan
bir işdir. Göylərdəki, yerdəki ən gözəl adlar Onundur. Güclüdür,
müdrikdir O.
28. Sizə özünüzü nümunə
çəkər Allah. Heç razılıq verərmisiz sizə verdiyimiz ruzilərə şərik
çıxa əmriniz altında olan kimsələr? Özünüz kimi azad adamlardan
necə qorxursunuzsa bunlardan da qorxursunuz eləcə. Düşünüb-daşınanlar
üçün açıqlayırıq ayələri birər-birər beləcə.
29. Elmsizlik üzündən
əsir olmuş zalımlar istəklərinə. Allahın azdırdığı kimsəni kim
yönəldər doğru yola. Bir nəfər də tapılmaz beləsinə yardım edə.
30. Haqq dininə tut üzünü,
Allahın fitrətilə yoğrulu dinə doğru. İnsanları yaradanda onların
fitrətini bu dinlə yoğurmuş O. Allahın dini dəyişməzdir. Doğru
yola biçili bir dindir bu. Fəqət Onun birliyini bilməyir əksər
adamlar.
31. Allaha qayıdın, qorxun
Ondan, namaz qılın, Ona şərik qoşanlardan olmayın.
32. Ayıraraq bir-birindən
dinlərini, ayrı-ayrı firqələrə ayrılar onlar. Hər firqə də öz
işində sevinc tapar.
33. Bir sıxıntı üz verəndə
insanlara qayıdıb yalvararlar Rəblərinə. Elə ki, rəhmətini onlara
daddırdı Allah, bə'zisi yenə də başlayar Ona şərik qoşmağa,
34. verdiyimiz ne'mətə
xor baxmağa. Dolanın kef içində. Onsuz da biləcəksiz axırı nə
imiş bunun.
35. Yoxsa bir dəlil göndərmişdik
onlara, Allaha şərik qoşmağı onlara deyən dəlil?
36. İnsanlara bir ne'mət
dadızdıranda sevinərlər. Fəqət öz əllərilə gördükləri işlərin
bəlasına düşəndə ümidini üzərlər rəhmətimizdən.
37. İstədiyi kimsəyə
ruzini bol-bol verər, istədiyi kimsəyə müəyyən miqdarda verər
Allah. Bilməzmi oldular bunu? Şübhəsiz, bunda ayələr var iman
gətirənlər üçün.
38. Qohumun, yoxsulun,
yolçunun haqqını ver. Allahın rizasını qazanmaq istəyənlər üçün
bu savab olar. Uğura uğrayar onlar.
39. Malınızı artırmaq
üçün faizlə verdiyniz şey gəlir gətirən deyil Allahın dərgahında.
Fəqət Allahın rizasını qazanmaq üçün zəkat olaraq verdiyiniz Onun
dərkahında sizə savab gətirər. Qat-qat artar savabları belələrinin.
40. Sizi öncə yaradan,
sonra sizə ruzi verən, sonra öldürən, sonra da dirildən Allahdır.
Ona qoşduğunuz şəriklərdən belə bir iş görən varmı? Ona qoşduqları
şeylərdən ucadadır, ucalardan ucadır O.
41. Qazandığı günahları
üzündən dənizdə, quruda bəla üz verər insanlara. Bə'zi işləklərinin
əvəzini Allah onlara daddırar ki, bəlkə tövbə edələr, haqqa dönələr.
42. De ki, «Gəzin, dolaşın
yer üzünü, baxın necə olmuş axırı öncəki nəsillərin. Çoxu da müşriklər
idi».
43. Allahın o qaçılmaz
günü nə qədər ki, gəlməmiş, doğru yola yönələn dinə doğru tut
üzünü. O gün insanlar bir-birindən seçilib ayrılacaqlar.
44. Kafir kəsin küfrü
onun zərərinə, əməli saleh kəsin işi bunun xeyrinə və cənnətdə
yeri hazır olar.
45. Çünki iman gətirənlərə,
əməli salehlərə Öz lütfündən pay olaraq mükafat verər Allah. Kafirləri
sevməz O.
46. Küləkləri müjdəçilər
olaraq göndərər ki, rəhmətindən dadızdırsın sizlərə. Gəmiləri
Öz əmrilə üzdürər ki, Onun lütfündən pay umasız. Ona şükr eləyəsiz.
Bunlar Onun qüdrətinin dəlilləridir.
47. Səndən öncə də hər
qövmə öz içindən peyğəmbərlər göndərmişdik. Aşkar dəlillər gətirmişdilər
soydaşlarına. Bunlar isə dandılar onları. Biz də intiqam aldıq
günah yiyələrindən. Mö'minlərə yardım eləmək Bizim borcumuz idi.
48. Küləkləri göndərən,
küləklərlə buludları həyəcana gətirən, buludları göy üzünə istədiyi
kimi yayan Allahdır. Görürsən, buludların içindən necə süzülür
yağış. Bəndələrindən dilədiyi kimsəyə göndərər bu yağışı, sevindirər
onları.
49. Yağış yağmazdan öncə
yağıntıdan ümidini üzmüşdülər.
50. Bir nəzər sal Allahın
rəhmətinin izlərinə. Ölmüş torpağı gör necə dirildər O. Ölüləri
dirildən tək Allahdır, şübhəsiz. Hər şeyə qadirdir O.
51. Yaşıllığı saraldan
bir külək göndərsək əgər, başlayarlar nankor-nankor danışmağa.
52. Eşitməz səni ölülər,
eşitməz səni üz çevirib gedən karlar.
53. Korları da sapqınlıqdan
xilas eləyib doğru yola gətirməyə sənin gücün yetən deyil. Yalnız
Bizim ayələrə iman gətirənlərə eşitdirə bilərsən kəlamlarını.
Müsəlmandır onlar.
54. Sizi zəif yaradan,
sonra sizə güc verən, sonra sizi zəiflədən, qocaldan Allahdır.
Dilədiyini eləyəndir O. Hər şeyi biləndir. Hər şeyə qadirdir O.
55. Qiyamət qopan zaman
suçlular and içərlər dünyada və qəbirdə qaldıqları bir saatdan
çox olmaz. Dünyada aldanaraq beləcə haqdan dönərdi onlar.
56. Elmli, imanlı kimsələr
«Qiyamətə qədər qaldığınız o müddət yazılmış öncədən Allahın yazısında.
İndi bu gördüyünüz dirilmə günüdür. Siz bunu gözləmirdiniz».
57. Həmin gün zalımların
üzrxahlıq etməsindən nə fayda. Zalımlardan heç tələb də olunmaz
haqq yoluna qayıdalar.
58. Bu Qur'anda hər şeydən
insanlara nümunələr çəkmişik. Ancaq yenə onlara bir ayə gətirən
zaman, «Siz yalnız batil işlər yiyəsi kimsələrsiz» söyləyər kafirlər.
59. Bilməzlərin ürəyini
möhürlər Allah beləcə.
60. Səbrli ol, haqdır
Allahın və'di. Qoy sənin səbrini sarsıtmasın inanmayan kimsələr.
|