...Təbiətdə
yalan adına heç nə yoxdur. Ağac çiçək açmağıyla deyir meyvə gətirəcək,
düz deyir. Külək deyir əsirəm sərinlik olsun, yalan demir. Yağış
deyir yağıram bolluq-bərəkət olsun, bu da doğru danışır. Daş deyir
min illərdi durmuşam yerimdə, şahidlik edirəm gəldi-gedərlərə,
dediyi doğru deyil bəs nədi... Başqa-başqa sözlər də danışırlar
duyğulu, bəsirətli dinləyənlərinə, anlayanlarına. Dillərindən
yalan çıxmaz. Eləcə də heyvanlar. İt ki, yalandan hürmür. Pişik
ki, yalandan miyoldamır. İlan ki, yalandan fısıldamır. Xoruz ki,
yalandan banlamır. Şir ki, yalandan nərildəmir... Bunların da,
necə deyərlər, batiniylə zahiri bir.
İlahinin qoyduğu qanunların
təbiətdə tam işləkliyilə bağlı hallardır. İnsan həyatında bu qanunların
işləkliyi yarımçıqdır. Rəbbimizin dediyidir: "Məgər görməzmi
oldun səcdədədir Tanrıya göylərdə kimi varsa, yerdə kim varsa.
Günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar
da, insanların bir çoxu da eləcə" (Hac surəsi, 18-ci ayə).
Nəzərimizə çatdırılır
ki, insanlardan fərqli olaraq təbiət bütöv halında ilahiyə səcdəylə
ifadə edilən mütləq tabeçilik durumundadır. İnsan isə Yaradanın
planlaşdırdığı kimi tamamilə azad iradə sahibidir və doğruluğunda,
imanında da, yalanında, küfründə də azad bir varlıqdır. Azad iradə
sahibi insandan umulur ki, Tanrıya şükürlü səcdəylə keçən bir
ömür sürə. Belə səcdəni mümkünləşdirən başlıca amillərdən biri
bəsirətli olmaqdır. Və Rəbbimiz bəsirət açmaqdan ötrü təbiətin
daimi səcdə halını gözlərimizə tuşlandırır - "Məgər görməzmi
oldun".
Bu səcdə halı riyadan,
yalandan arınmış bir ibadət prosesidir, doğruluq dəyərlərinə söykənməli
insan ömrü üçün bir örnəkdir. Bəzi ilahiyyatçılar təbiətə "yazılmamış
Quran", "yazılmamış Oxu" deyirlər. Ətraf mühitə
müqəddəslik qazandıran və adekvat münasibət aşılayan dəyərləndirmə
olmaqla bərabər, onu öyrənmək, oxumaq zərurətilə bağlı ilahi bir
təlqini ehtiva edir "yazılmamış Quran" ifadəsi. Bu təlqin
təbii ki, yazılı müqəddəs Oxunun məntiqindən, yönəltmələrindən
doğur.
Özündən başqa bütün təbiət
varlıqlarında olduğu sayaq insanın da batiniylə zahiri, özüylə
sözü bir-birini tamamlamalıdır. Belə ahəngdarlığı şərtləndirən
doğruluq dəyərinə riayət ilk növbədə ona görə vacib bilinir ki,
bunun Tanrı-insan münasibətlərini tənzimləyici bir özəlliyi də
var. Rəbbimiz qeyri-səmimi, yalançı ibarələrlə müşayiət olunan
ibadəti qəbul etmir. İbadət görüntüsü yaradaraq çevrəsini aldatmaq
istəyində bulunanların əsl siması kimə-kimə görəyən, biləyən Rəbbimizə
yaxşı məlumdur: "İnsanlar içində elələri də var "Tanrıya,
axirət gününə iman gətirdik" deyərlər. İstəyirlər aldadalar
Tanrını, imanlıları. Yalnız özlərini aldadarlar, bunu duymaz olarlar.
Azarlıdır ürəkləri, Tanrı da artırmış azarlarını. Ağrılı bir əzab
gözləyir onları, yalan söyləyirdilər" (Baqara surəsi, 8-10-ci
ayələr).
Riyakarlığın Rəbbimiz
tərəfindən qınanması təkcə ibadəti məzmunsuz etməyilə bağlı deyil.
Bunun toplum həyatı üçün təhlükə törədən, insanların qarşılıqlı
münasibətlərini zədələyən bir təxribatçılıq tərəfi də var. Və
saxta iman yiyələri elə bu işlə də məşğuldurlar: "Yer üzünün
nizamını pozmayın" deyiləndə onlara, "Bizlər pozanlar
deyilik, düzəldənlərik" deyərlər. Bilin, onlardır pozuculuq
salanlar, bunu duymaz olarlar" (Baqara – İnək surəsi, 11-12-ci
ayələr).
Ömrünü-gününü ətrafa
yalanlar səpələməklə və bu mənada pozuculuqla keçirən şəxslər
bir qayda olaraq bunun fərqində deyillər, Rəbbimizin deyimilə,"bunu
duymaz olarlar". Yəni, yalançının da öz həqiqəti var və o
da inanır ki, doğru yoldadır. Baqara – İnək surəsindən gətirdiyim
ayələrin davamında bu məqamın da incələnməsi gözəldir: "Onların
o kəsə bənzəri var ki, qaranlıqda od qalamaq istəmiş. Ətraf nura
boyananda gözlərinin işığını almış Allah, qaranlıqlar içində onu
yalqız buraxmış. Görən deyillər daha" (Baqara – İnək surəsi,
17-ci ayə). Deyilən od – dilində bir şey, ürəyində özgə şey tutanların
inandığı həqiqətin rəmzidir. Qaranlıq isə özlərinin yaratdığı
bir mühitdir. Rəbbimizin dəyərlərindən axan gur işığa tutulduqca
saxta iman yiyələrinin gözləri bu işıqdan "kor" olur.
Yəni elə bir vurnuxmaya düşürlər ki, çaşqınlıqdan öz həqiqətləri
də gözlərinə görünmür. Bu, mütləq ölçüdə bəsirətsizliklə, küfrlə
sonuclanan və yalanlarla baş girləyən kimsələri gözləyən aqibətdir.
Bəzi ayələrdə yalançılığa
münasibət birmənalı ifadələrlə də açıqlanır: "...yalan sözü
söyləməkdən çəkinin" (Hac surəsi, 30-cu ayə). Həyatını yalanlarda
yaşayanlar həm də imansızlar siyahısında yer alır: "Yalanı
yalnız o kəslər uydururlar ki, Tanrının ayələrinə iman gətirməyirlər.
Məhz onlardır yalançılar" (Nəhl – Bal arısı surəsi, 105-ci
ayə).
Təbii ki, yalan danışmaqdan
heç kim sığortalanmayıb. İnsan xislətinə aid bir zəiflikdir, iman
gücüylə, vicdan impulslarıyla aradan qaldırıla bilir. Hərdən olur
doğru sözlü, düz əməlli şəxslər də yalana yuvarlanırlar: "Ey
inananlar! Eləmədiyiniz bir şeyi niyə söyləyirsiniz? Bu artırar
qəzəbini Tanrının" (Səf surəsi, 2-3-cü ayələr). Rəbbimizin
xitab etdiyi iman yiyələri də Allahın qəzəbi ilə hədələnirlər.
Çünki ara-sıra epizodik yalanlar sıralarına dağınıqlıq, pozğunluq
gətirə bilər ki, bu da onları bütpərəstliyə meylləndirər.
Yalançılıq insan kimliyini
zədələyir, şəxsiyyəti bütpərəstlik ovqatı və əxlaqına çəkməklə
məzmunsuz edir. Müqəddəs Müjdədə də oxuyuruq: "Bir-birinizə
yalan danışmayın, çünki köhnə mənliyinizi və onun əməllərini soyunmusunuz
və yeni mənliyi geyinmisiniz" (Koloslulara, 3:9). "Yeni
mənlik" təktanrılıq inanışının istehsal etdiyi şəxsiyyətlilik
dəyəridir. Yalana meyllənmək zəifliyi bu dəyərin itirilməsinə,
şəxsiyyətsizliyə şərait yaradır.
Söz müqəddəsdir və ona
xəyanət böhtana, ara vurmağa, ev yıxmağa, növ-növ cinayətə səbəb
olduğundan ən böyük günahlardan sayılır. İllah da bu xəyanəti
toplumda söz sahibliyinə iddiaçı şəxslər edələr. Təxribatlar baş
alıb gedər o zaman. Və nəzərə alınmalıdır ki, yalanlar şeytanla
işbirliyinin söz məhsullarıdır. Rəbbimiz buyurur: "Sizə bildirimmi
Mən şeytanlar kimlər üçün nazil olarlar? Suç yiyəsi hər böhtançı
kimsə üçün. Belələri şeytanlara qulaq asarlar. Çoxu da yalançıdır
onların" (Şüəra – Şairlər surəsi, 221-223-cü ayələr).
Müqəddəs yalan deyilən
bir anlayış da var. Qara xəbəri doğmalara olduğu kimi çatdırmamaq,
ağır xəstəyə ruh vermək, düşmən əsirliyində özününküləri güdaza
verməmək və s. naminə söylənən yalanlar bu anlayışa daxildir.
Müqəddəsliyi Tanrıya xoş gedən hallar yaratdığına görədir. Rəbbimiz
hətta hansısa ciddi təhlükənin sovuşmasından ötrü öz bəndəsinə
dili ilə Tanrını da danmağı üzürlü sayır. Onun bu bəndəsi "məcburiyyət
qarşısında qalaraq diliylə küfr desə də, ürəyi imanda rahatlıq
tapan" (Nəhl – Bal arısı surəsi, 106-cı ayə) bir iman yiyəsidir.
Belə məcburi yalanın məzur tutulması müstəsna hallara aiddir.
Bunların da müəyyənləşdirilməsi insanın öz vicdanına bağlıdır.
Sözümüzlə əməlimiz bir
olanda cənnətlə müjdələnən şəxslərdən oluruq. Belələrinin müqəddəs
Kitabımızın orijinalında sadalanan adlarından biri “sadiqun” sözü
ilə ifadə olunur. Sözündə və işində bir inanclı insanlara aid
olan açıqlaması isə konkret olaraq belə səslənir: doğru sözlü,
düz əməlli kimsələr.
Haqqın özü də birdir,
üzü də. Və sözü də bir. Rəbbimizə yaxınlaşmağın bir yolu məhz
bu keyfiyyəti özümüzdə tərbiyə edib yaşatmaqdan keçir.
|