Azərbaycan
müstəqilliyə qovuşandan sonra Sovet imperiyası dövründə təsir
dairəsi xeyli məhdudlaşdırılmış uca dinimiz islam yenidən cəmiyyətin
həyatına daxil olmaqdadır. Amma çox təəssüf ki, özünün şəninə
layiq bir şəkildə yox, müxtəlif tarixi-ənənəvi çalarları ilə.
Quran islamı ilə yanaşı, mövhumat, mühafizəkar zehniyyət, uydurma
hədislər də islam adı ilə yayılır. Bunlar isə təbii olaraq müasir
təfəkkürlü insanları çaşdırır, bir sıra suallar doğurur. Bu yaxınlarda
bir nəfər bizə məktub yazıb cavab istəyir: “Məni bir məsələ narahat
edir. Bəzi adamlar deyirlər ki, fotoaparatla şəkil çəkmək və əl
ilə rəsm çəkmək məkruhdur. Bu, nə dərəcədə düzdür?”
Əvvəlcə onu qeyd edək ki, dininmiz yasaq, qadağa dini deyil. Quran
hökmü ilə yasaqlanmayan hər şeyə icazə var. Canlıların rəsmini
çəkməyin haram olub-olmaması məsələsinə gəlincə, qeyd edək ki,
bu, bir çox mübahisələrə səbəb olub. İnsanların və heyvanların
rəsmini çəkmək haramdı deyənlər hədislərə istinad edib qərar verirlər.
Bu barədə olan hədislər isə çox təhdidedicidir. Onlardan bəzilərinə
baxaq: “Hz. Peyğəmbər canlı bir şeyə bənzər surət düzəldən kimsə
üçün belə buyurub: ”Hər kim bir surət düzəldərsə, Allah taala
qiyamət günü həmin surətə ruh verənə qədər ona əzab verəcək. O
kimsə isə bunu əsla bacarmayacaq”; “Qiyamət günü ən şiddətli əzab
rəsm çəkənlərə veriləcək. Onlara deyiləcək: “Yaratdıqlarınızı
dirildin” (Buxari, “Libas”, 89, 97); “Allahın
yanında əzabı ən şiddətli olan insanlar təsvirçilərdir”
(Müslim 6:369); “Bu təsvirləri çəkənlər Qiyamət günü
əzab görəcək və onlara deyəcklər ki, bu təsvirlərə can verin”
(Müslim 6:368); “Hər bir təcvirçi cəhənnəmdədir.
Onun çəkdiyi hər bir surətə Allah qiyamət günü həyat verir və
o surət onu çəkənə əzab verər” (Müslim 6:370)
və s.
Göründüyü kimi, burada çox ağır cəzadan söz açılır. Bəs nədən
rəsm çəkmək üçün belə ağır cəza nəzərdə tutulub? “Ən şiddətli
əzab” nəyin müqabilində verilir? Əcəba, əgər insan və heyvan şəkli
çəkmək bu qədər böyük günahdısa, Quranda bu barədə niyə söz açılmır?
Allah taala bir şeyi qadağan edibsə, Quranda bu barədə ayə olmalıdır.
Müqəddəs Kitabımızda yasaqlanmayan hər şey halaldır. Əgər şəkil
çəkmək belə bir cəzaya səbəb olursa, nədən bu barədə bir dənə
də olsun ayə yoxdur? Ümümiyyətlə, məlumdur ki, Quranda Allah taala
insanlara bütün günah və haramları ümumi şəkildə bildirməklə yanaşı,
çox xırda, adi etik normalara da işarə edib, öyüdlər verib. Məsələn,
çirkin sözü dilə gətirmə (Nisə 148), mömin olmayanlar
salam verəndə onların salamını almaq lazımdır (Nisa 94),
sədəqəni dili ilə istəyənlərə yox, istəməyən ehtiyaclılara vermək
məsləhətdi (Baqara 273). Əgər peşəkar dilənçi
sədəqə istəyirsə, verməyə bilərsən, amma onu acılamaq yaxşı deyil.
Ayağını yerə möhkəm basma (yəni təkəbbürlə gəzmə) (İsra
37), ucadan danışma (Luqmən 9), paltarını
təmiz saxla (Muddəssir 4) və s.
Bunlar adicə etik normalardı. Pozulması da məntiqlə cəhənnəm odu
ilə nəticələnəsi deyil. Bütün bunlar Quranda varkən, Qiyamət günü
ən şiddətli əzaba, insanın əbədi olaraq cəhənnəmdə qalacağına
səbəb olduğu iddia edilən şəkil çəkmək, heykəl düzəltmək barədə
niyə bir kəlmə də yazılmayıb?
Təbiidir, kim isə şəkli
pis niyyətlə çəkə, heykəli pis niyyətlə düzəldə bilər. Yəni müsəlmanlıq
yenicə yayılarkən bütpərəstlik nostaljisi kimlərisə bu addımı
atmağa təhrik edə bilərdi. Həmin hədisləri izah edənlər də məsələyə
bu cür yanaşır. Deyirlər ki, insan rəsmi çəkməyə meyl bütlərə
sitayiş ənənəsi ilə bağlıdır. Amma başqa məqsədlə də rəsm çəkilə
bilməzmi? Bəyəm əməllərə niyyətlərə görə qiymət verilmir? Məsələn,
məscidə getmək özlüyündə nə yaxşıdır, nə də pis. Niyyətdən asılıdır.
İbadət niyyəti ilə gedirsənsə, yaxşıdı, nifaq salmağa gedirsənsə,
pis. Ocaq qalamaq özlüyündə nə yaxşıdır, nə də pis. Qızınmaq,
yemək bişirmək üçün olanda yaxşıdır, qarşısında diz çöküb: “Ulu
Ahuraməzda, mənə yardım et” deyirsənsə, şirkdi. Biz rəsm çəkəndə
onu ibadət üçünmü çəkirik? Bir milyard yarım müsəlmandan kiminsə
bütpərəstliyə qayıdış üçün rəsm çəkəcəyini düşünürsünüzmü?
Əgər kimsə büt deyib
tapınmağa rəsm və ya heykəl arayırsa, bu,
rəssamlıq və heykəltəraşlıq kimi incəsənət növlərinin qadağan
olunması iləmi nəticələnməlidir? Bəzi müəlliflərin çox doğru olaraq
qeyd etdiyi kimi, Günəşə sitayiş edənlər var deyə Günəş qadağan
olunmalıdır? İnəyə tapınanlar var deyə inəkləri qıraqmı? Aya,
ulduza, dağa, daşa tapınanlar yoxdumu? Oda tapınanlar yox idimi
peyğəmbərimizin zamanında? Bəs od niyə yasaqlanmadı? Başqa bir
hədisdə deyilir ki, it və rəsm olan evə mələklər girməz (Tırmizi).
Bunun da qondarma hədis olduğunu deyənlər çox haqlı olaraq sual
edirlər: Əzrail də mələkdir. Demək, evdə it saxlasan və ya rəsm
əsəri assan, qarantiya var ki, Əzrail evdə olduğun zaman canını
almayacaq? Göründüyü kimi, bütün bu iddialar çox məntiqsizdir.
Bu hədislərə inanıb rəsm
çəkməyi haram sayanlar fotoşəkil çəkməyi haram bilmirlər. Arqumentləri
də budu ki, fotonu insan yox, cihaz çəkir. Bu da məntiqsizdir.
Bəyəm fotoaparat özü mağazadan çıxıb evimizə gəlir, özü “enercayzer”lə
zaryadka olunur, özü çəkir, özü gedib “Kodak”da şəkli çıxarıb
bizə verir? Əgər rəsm bütpərəstlik təhlükəsinə görə haramdısa,
foto da haram olmalıdır. Əgər işi cihaz gördüyü üçün günah ondadısa,
həmin məntiqlə günahsız insan öldürən qatillər yox, soyuq və odlu
silahlar günahkardırlar. Yəni günah xəncərdədi, oxdadı, nizədədi,
tomahavkdadı, güllədədi, pilotsuz bombardmançı təyyarədədi....
Dünyada hər bir məxluq sözün dar mənasında yaradıcılıqla məşğuldur.
Arılar, termitlər, ağcaqanadlar, hörümçək... inşa edir, hörür,
bəzək vurur. Amma yaradıcılıq deyəndə ilk ağıla gələn insandır.
Yer üzünün xəlifəsi, daha mükəmməl əsma tərkibinə malik insan
yaradılmışların əşrəfi kimi rənglər, musiqi səsləri, sözlər və
sairə ilə gözəlliklər yaradır. Amma bu gözəlliklər Uca Yaradıcının
əsərləri ilə müqayisədə çox aşağıdır. Füzulidə belə bir müqayisə
var: pəhləvanlar yel qanadlı atlarını minib cövlana çıxanda uşaqlar
da bir çubuğa ip bağlayıb onu at kimi minirlər. Bu müqayisə burada
da yerinə düşər. Uca Tanrı Özünün ən gözəl yaradıcı olduğunu deyir:
«Bax, nə şanlıdır o Allah, YARADANLARIN ƏN GÖZƏLİ!» (Muminin,
14). Onun yaratdıqlarında nöqsan arayan heç nə tapa bilməz:
«O Rəhmanın yaratdıqlarında heç bir nizamsızlıq görə bilməzsən.
Haydı, çevir gözünü, görə bilərsənmi bir çat, bir qüsur? Sonra
gözünü təkrar-təkrar çevir, o gözə gücsüz, yorğun halda sənə dönər»
(Mulk, 3). Bütün gözəlliklərin qaynağı Allahdır.
Onun Özü kimi, YARATDIQLARI DA GÖZƏLDİR: «Allahdır yaratdığı hər
şeyi gözəl yaradan» (Səcdə, 7). BOYASI GÖZƏLDİR:
«Sən Allahı boyasına bax. Kim Allahdan daha gözəl boya vura bilər?»
(Baqara, 138). KİTABI, SÖZLƏRİ GÖZƏLDİR: «Allah
sözün ən gözəlini uyumlu və ahəngli bir kitab olaraq endirdi»
(Zumər, 23). Gözəlliyin mənbəyi Odur: «Sənə gözəllikdən
nə çatırsa, bil ki, Allahdandır» (Nisa, 79).
İnsan da sözün dar mənasında
yaradıcıdır. Kainatın hər nöqtəsində Allahın varlığının dəlillərini
tapmağa qadir ağıl verib insana Allah. Özü də bizi təhrik edir
bu ağılı işlətməyə. Kiçik mənada yaradıcılıqla məşğul olmağa.
Çox mükəmməl bir biçimdə yaradılmış insan hər hansı sənətin sahibi
olursa-olsun öz fəaliyyət sahəsində Allahın varlığının dəlillərini
arayıb tapa bilər, onun yaradanların ən gözəli olduğunu bir daha
görə bilər. Amma orta əsrlərdə uydurma hədislərə istinad edənlər
Allahın bizə rəhməti olan bir sıra sənət növlərini qadağan etməklə
insanın həyatdakı, yaradılışdakı gözəlliklərdən zövq almaq imkanını
daraldıblar. Və bununla islam incəsənətinə böyük zərbə vurulub.
Əlavə edək ki, o vaxtlar
ortodoksallar təkcə rassamlıq və heykəltəraşlığı yox, musiqini,
şeiri də qadağan eləmək istəyiblər. Riyaziyyata, digər dəqiq elmlərə
hücum edilib. Nə yaxşı ki, Əbu Hamid əl-Qəzali kimi böyük şəxsiyyətlər
vardı. Hədislər uydurub Yerin öküzün buynuzu üstə durduğunu, öküzün
isə balığın belində olduğunu iddia ediblər. Yer kürə şəklindədi
deyənləri isə “münkiri-peyğəmbər” adıandırıblar. Qeyd edək ki,
mühafizəkar ruhanilərin bu tip qadağaları başqa dinlərdə də var.
Xristianlıq dövlət dini olandan sonra Platonun Akademiyası bağlandı.
Riyaziyyat qadağan olundu. Xəstələri müalicə etmək yasaq idi.
Yəhudilikdə qəzet oxumağı televiziyaya baxmağı qadağan edən təriqətlər
elə bu gün də var...
Şükürlər olsun ki, Müqəddəs
Kitabımız Allah taala tərəfindən qorunur: “Şübhəsiz, Quranı göndərən
də Bizik, qoruyan da” (Hicr 9). Ona insan müdaxilə
edə bilməz. Quranda deyilir ki, Allahın haram qılmadığı şeyləri
haram etmək olmaz. Məidə surəsində oxuyuruq: “87. Ey iman gətirənlər!
Haram eləməyin o gözəl və təmiz şeyləri ki, halal buyurub sizə
Allah. Həddinizi aşmayın. Həddini aşanları sevməz Allah”. Yunus
surəsinin bir ayəsində isə Alahın adından yalan hökm verənlərə
çox sərt təpki var: ”59. De ki, «Bir baxın Allahın göndərdiyi
ruzinin bir qismini siz necə haram, bir qismini də necə halal
elədiniz. Allahmı izn vermişdi sizə, sizmi yalan yaxırdınız Allahın
adına?»
Burda qeyd etmək yerinə
düşər ki, rəsm çəkmə və heykəl düzəltmə yasağı islama, daha dəqiq
desək, şəriətə Tövratdan keçib. Həvvanın Adəm peyğəmbərin qabırğasından
yaradılması, zina edənlərin dağqalaq edilməsi kimi rəsm və heykəltəraşlığa
qoyulan qadağa da yəhudilikdən sızıb və uydurma hədislərə çevrilib.
Tövratda rəsm və heykəltəraşlığı qadağan olunması çox açıq şəkildə
yazılıb: "Fəsada uymayasınız və kişi və ya qadın surətində,
yerdə olan bir heyvanın surətində, göylərdə uçan qanadlı quş surətində,
torpaqda sürünən canlı surətində, suda olan balıq surətində, hər
hansı şəklin surətində oyma büt düzəltməyəsiniz” (Təsniyə,
4:16-18).
Sonda onu qeyd edək ki, NƏYISƏ HALAL VƏ YA HARAM ETMƏK ALLAH TAALANIN
IŞIDIR. BU HÜQUQU KIMSƏ MƏNIMSƏYƏ BILMƏZ. Uca Tanrı Müqəddəs Kitabımız
Quranda rəsm çəkməyi, heykəltəraşlığı haram etməyib. Əksinə, Qurani-Kərimin
Səbə surəsini oxuyanda bəlli olur ki, Süleyman peyğəmbərin sarayı
heykəllərlə süslənibmiş: “12.Küləyi də Suleymənə tabe eləmişdik.
Səhərlər əsəndə bir aylıq yol gedərdi, axşamlar əsəndə bir aylıq
yol gələrdi külək. Mis əritdik onun üçün. Ona tabe elədik Rəbbinin
iznilə yanında işləyən cinləri. Əmrimizdən çıxdımı bu cinlərdən
birisi, ona od əzabını dadızdırardıq. 13. Nə istəsə onun üçün
eləyərdi bu cinlər. Mə'bədlər ucaldar, heykəllər düzəldər, böyük
hovuzlara bənzəyən qablar, ağır qazanlar və tiyanlar qayırardılar.
Ey Davud sülaləsi! Allaha itaətdə olub şükr eləyin. Bəndələrimdən
az-az adam şükr eləyir”. Bu ayə bütün bu tip hədislərin üstündən
xətt çəkir.
P.S. Maraqlıdır ki, yazı hazır olandan bir neçə
saat sonra qapım döyüldü. Cavan bir oğlan idi. İmam Əlinin naməlum
rəssam tərəfindən çəkilmiş rəsmini mənə uzadıb dedi: “Allah yolunda
bir nəzir verin. Məscid üçün yığıram. Ehsan verəcəyik...” Ürəyimdə
dedim: ”Ay namərdlər, bəs neçə əsrdi camaatı niyə qoymurdunuz
rəsm çəkməyə? Uydurma hədislər qoşub insanları əbədi cəhənnəm
əzabı ilə niyə qorxuzurdunuz? Qoca Şərqin Rafaelləri, da Vinçiləri,
Mikelanceloları niyə yoxdu? Bunun cavabını kim verəcək? Görün
beş-üç hədislə nə qədər imkanlar rüşeym şəklində ikən boğulub!”
Doğrudan da, Allahın adına yalandan istinad edəndən daha zalım
kim ola bilər?!
|