«Rəngarəngdir
sizdən ötrü yer üzündə yaratdığı nə varsa. Bunda da, şübhəsiz,
bir ayə var ibrət alanlar üçün»
(Nəhl 13)
Rənglər Allah
tərəfindən insana verilmiş ən gözəl nemətlərdən biridir. Həm canlı,
həm də cansız aləmdə qüsursuz bir rəng uyumu hakimdir. Əsrarəngiz
təbiət mənzərələri, rəngbərəng kəpənəklər, çiçəklər, quşlar, heyvanlar,
dəniz dibinin rəngli dünyası, buludlu və günəşli göy üzü. Bütün
bu gözəllikləri yaradan hüdudsuz bir zövq və iradə sahibi var.
Allah taala rəngi də ayət – dəlil adlandırır. Nəticə çıxarmağımızı,
düşünməyimizi istəyir. Allah taala Özünün rəng sənətinin ucalığını
Quranda xüsusi vurğulayır: «Sən Allahın boyasına bax. Kim Allahdan
daha gözəl boya vura bilər?» (Baqara, 138).
«RƏNGARƏNGDİR
SİZDƏN ÖTRÜ YER ÜZÜNDƏ YARATDIĞI NƏ VARSA»
Uca
Tanrı yeknəsəqliyi sevmir. O, rənglərin də neçə çeşidini yaradıb.
Bu rənglər insanlar üçün həm ətraf mühiti yaxşı tanımaları, həm
də ruha verdiyi estetik zövq cəhətdən əhəmiyyətlidir. Allah taala
rəng fərqliliyini qüdrət əlaməti olaraq verir: «Göyləri, yeri
yaratmış, dillərinizi, rənglərinizi fərqli eləmiş. Bunlar Onun
qüdrətinin dəlilləridir. Şübhəsiz, bunlarda ayələr var elmli kəslər
üçün» (Rum 22); «Göydən su göndərmiş Allah. Görməzmi
oldun bunu? Bununla rəngarəng meyvələr yetirmişik. Biz dağlarda
ağa, qırmızıya, sarıya, tünd qaraya, müxtəlif rənglərə çalan iri-iri
yollar açmışıq» (Fatır 27); «İnsanları, heyvanları,
mal-qaranı da müxtəlif rənglərdə yaratmışıq beləcə» (Fatır
28); «İnsanlara şəfa gətirən rəngarəng bir bal çıxar
bu arının qarnından. Şübhəsiz, bunda bir ayə var düşünən kimsələr
üçün» (Nəhl 69); «Rəngarəngdir sizdən ötrü yer
üzündə yaratdığı nə varsa. Bunda da, şübhəsiz, bir ayə var ibrət
alanlar üçün» (Nəhl 13).
«YAMYAŞILDIR
HƏR İKİSİ»
Quranın
insana ən çox sevdirdiyi rəng isə yaşıldır. Çünki yaşıl həyatdır,
mövcudluğun davamıdır: «Sizə göydən su göndərən Odur. Hər növ
bitki bitirdik Biz bu su ilə. Hər bitkidən bir yaşıl çıxardıq,
hər yaşıldan bir-birinin üstünə minmiş dənələr. Bir-birinə bənzəyən
və bənzəməyən meyvələri - xurma ağaclarının düyümlərindən sallanan
salxımlar, üzüm bağları, zeytun və nar yetişdirdik. Bar verib
yetişən zaman nəzər salın hər birinin meyvəsinə. Bunlarda, şübhəsiz,
iman gətirənlər üçün çoxlu-çoxlu dəlil var» (Ənam 99).
Quranda cənnət də yaşıl təsvir olunur: «Adn cənnətləri gözləyir
onları. Oralarda ayaqları altından çaylar axar, qızıl-qızıl bilərziklər
taxarlar, nazik, qalın yaşıl geyimlər geyərlər, taxtlarda əyləşərlər.
Bu nə gözəl ne'mət imiş, buralar nə yaxşı imiş» (Kəhf
31); «Bunlardan savayı daha iki cənnət də var. Elə isə
hansı ne'mətini danırsınız Rəbbinizin, deyin bunu adını. Yamyaşıldır
hər ikisi» (Rəhman 62-64). Yaşılın Quranda sevimli
rəng olmasını ərəblərin səhrada yaşaması və yaşıllıq ehtiaycı
ilə əlaqələndirmək olmaz. Çünki Müqəddəs Kitabımız bütün bəşəriyyətə
göndərilib. Bundan başqa, cənnət təsvirlərindən görünür ki, bu
rəng təkcə təbiət təsvirləri ilə bağlı deyil. Cənnət əhlinin paltarları,
yastıqları da yaşıl təsvirdə verilir: «Gözəl-gözəl xalçaların
üstündə yaşıl-yaşıl yastıqlara söykənər cənnət əhli hurilərlə
yan-yana. Elə isə hansı ne'mətini danırsınız Rəbbinizin, deyin
bunun adını» (Rəhman 74-76); «Yaşıl, nazik ipəkdəndir
paltarları» (İnsan 21).
Yaşıl rəng bu dünyada
da və müsəlman olmayanlar tərəfindən də seviləndir. Rəng terapiyasında
yaşılın öz yeri var. Bu rəngdən astral bədənə ahəng vermək üçün
istifadə olunur. Alman şairi İ.V. Gete «Rəng haqqında təlim» adlı
əsərində yazır: «Rəng görmə hissinə, onun vasitəsilə də əhval-ruhiyyəyə
təsir edir. Ona görə incəsənət elementi kimi götürdükdə rəng ali
estetik hisslərə təsir üçün istifadə oluna bilər... Bizim gözümüz
yaşıl rəngdən həqiqi ləzzət alır. Hərgah hər iki ana rəng (göy
və sarı) eyni tənasübdə qatılıbsa və onların heç biri seçilmirsə,
onda gözümüz dincəlir. Ona görə daim olduğun otaq üçün, adətən,
yaşıl rəngi seçirlər».
RƏNGLƏRİN RƏMZLƏŞMƏSİ
Zaman-zaman bir sıra
rənglər müəyyən rəmzlərə də çevrilib. Ağ təmizlik, aydınlıq, xeyir
yükü ilə yüklənib, qara isə şərlə. Rəng araşdırıcısı Kristofer
Rou yazır: «Bir sıra ibtidai cəmiyyətlərdə əsas zidd qütblərə
rast gəlirik. Bunlar xüsusi rəmzi məna yükü daşıyır. Məsələn,
yuxarı və aşağı, sağ və sol, işıq və qaranlıq. Bu cütlərdə yuxarı,
sağ və işıq xeyir və həyatla, aşağı, sol və qaranlıq isə şər və
ölümlə assosiasiya olunub. İşıq və qaranlıqla yaxından bağlı olan
ağ və qara da belə cütlərdəndir». Ağ rəng işıq mənası verəndə,
qara zülmət, ağ həyat mənası verəndə qara ölüm, ağ təmizlik və
sahman mənası verəndə qara çirk və xaos anlamında işlənib.
Bəzi Afrika xalqlarında
indiyə kimi öz qara ciyərinə and içmə adəti var. Əgər and içən
inandırmaq istəyirsə ki, onun niyyəti doğru-dürüstdür və heç bir
bəd niyyəti yoxdur, onda xüsusi vurğulayır ki, «qaraciyəri ağdır».
«Onun qara ciyəri qaradır» ifadəsi isə bəd niyyətli olma anlamına
gəlir. Buna bənzər ifadə bəzi rayonlarımızda da var. Kiməsə rəğbətin
olmaması anlamında «Onunla qara bağırım ağ deyil» - yaxşı münasibətim
yoxdur ifadəsi işlənir. Bundan başqa, bədniyyət mənasında «qaranəfəs»,
bədbəxt mənasında «qaragünlü», kinli mənasında «qəlbiqara» ifəadələri
də yayılıb.
«ONUN SARAYI
QARA PALÇIQDANDIR»
Qədim yunanlarda qara
rəng şər və ölümlə assosiasiya olunurdu. Yunan cəhənnəmi – Tartar
qara rəngdə təsvir olunurdu. Homerin əsərlərində, demək olar ki,
bütün hallarda «qaranlıq», «zülmət» sözü qəhrəmanların ölümü ilə
bağlı işlədilir:
Qəzəblənmiş Odisseyin
mis nizəsi o cavanın
Gicgahından dəyib çıxdı bircə anda o tərəfdən.
Demokontun gözlərinə dəhşətli bir zülmət çökdü.
(İliada, 4: 504-506 ).
Qədim yunan filosofları
da ağ və qara rənglərin xeyir və şərlə bağlılığına şübhə etmirdilər.
Platon yazırdı: «Harada qarşılıqlı münasibətlərdə işıq, nur yoxdusa,
orada zülmət hökmranlıq edir, orada heç kəs haqq etdiyi şərəfə,
hakimiyyətə, müvafiq hüquqlara nail olma bilməz»
Qədim xalqların çoxunda
yaxşı dünya göydə, şər və ölüm isə yerin altındadır və qaranlıqdır.
Qədim türklər yaxşı adam öləndə onun ruhunun cənnətə uçduğunu
– ucaldığını, pis adamın ruhunun isə yerin altına, qaranlıq dünyaya
getdiyini düşünürdülər. Altaylılarda şər «allah»ı Erlikin yeraltı
qaranlıq dünyada yaşadığı deyilirdi. Onunla bağlı təsvirlərdə
qara rəngdən istifadə gen-boldur: qulaqlarının dalına keçirilən
uzun, qara qıvrım bığları var. Qara və keçəl öküzə, qara yorğa
ata və ya qara çəpsiz qayığa minib gəzir. Əlinə qamçı əvəzinə
qara ilan götürür. Onun sarayı qara palçıqdandır. Altaylılara
görə, ilk qara (şər ruhlarla əlaqədə olan) şamana cadunu - qamlamanı
Erlik öyrədib.
«KİMİN OĞLU-QIZI
YOXDURSA, QARA OTAQDA OTURDUN»
«Kitabi-Dədə Qorqud»
dastanlarında da qara rəng mənfi kimi dəyərləndirilir. «Dirsə
xanın oğlu Buğac xan boyu»nda deyilir: «Xanlar xanı Bayındır xan
ildə bir dəfə şadlıq edib oğuz bəylərini qonaq edərdi. Yenə şadlıq
məclisi qurub, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı.
Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdə qara otaq
qurdurmuşdu. «Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına
qara keçə döşəyin, önünə qara qoyun ətinin qovurmasını gətirin.
Yeyir, yesin, yemirsə, dursun getsin» demişdi. «Oğlu olanı ağ
otağa, qızı olanı qırmızı otağa yerləşdirin, Oğlu-qızı olmayanı
Allah qarğayıb, biz də qarğayarıq, qoy bilsin» demişdi. Əgər Bayındır
xan cahiliyyə dövrünün ərəbi olsaydı, qara otağa, yəqin ki, qızı
olanları göndərərdi. Amma, görəsən, Oğuz bəyləri oğlu olmayanları
qırmızı otaqda oturtmaqla nəyəsə nail olmağımı düşünürdülər? Çünki
müasir rəng terapiyasında vücuda enerci qazandırmaq üçün qırmızı
rəngdən istifadə olunur. Təsbitlərə görə, bu rəng qanda adrenalinin
miqdarını artırır, iş qabiliyyətini yüksəldir, ona görə ləng,
zəif adamlar üçün məsləhət görülür.
Qara rəngə gəlincə, görünür,
bu rəngin uğursuzluq, bədbəxtlik, bədbinlik əlaməti olduğu insan
şüurunda anadangəlmə fiksə olunmuş vəziyyətdədir. Çünki psixoloci
araşdırmalar göstərir ki, qayğı və sevgidən məhrum olan uşaqlar
şəkil çəkəndə, adətən, qara cizgilərə daha çox üstünlük verir,
lüzum olmayanda da ona əl atırlar.
«GÖNDƏRDİK Kİ,
ÜZÜNÜZÜ QARALDARAQ PİS GÜNƏ QOYALAR SİZİ»
Bəs bir sıra mədəniyyətlərdə
o cümlədən islamda qara rəng niyə belə rəmzləşib? Zənnimizcə bu,
Quranda qara rəngin, bir qədər dəqiq desək, qaralma prosesinin
uğursuzluq, məğlubiyyət, pis aqibət kimi verilməsi ilə bağlıdır.
Üz qaralırsa, elə bil o üzə cəhənnəmin rəngi yansıyır, rəsm əsərlərində
yaxındakı predmetlərin rəngi bir-birinə düşdüyü kimi. Ayələrə
nəzər salaq: «Yaxşılıq eləsəniz, özünüzə yaxşılıq eləmiş olursunuz.
Pislik eləsəniz də eləcə. Sonuncu olacağın və'dəsi yetişən zaman
yenə bəndələrimizi göndərdik ki, üzünüzü qaraldaraq pis günə qoyalar
sizi...» (İsra 7); «Qat-qat artıq qaytararıq
yaxşı işi yaxşı sona çatdıranın haqqını. Nə qara ləkə, nə alçaqlıq
ləkəsi götürməz onların üzü» (Yunus 26); «Görərsən
qiyamət günü necə qaralır Allahın adına yalan yaxan kimsələrin
üzləri. Cəhənnəm deyilmi məgər təkəbbürlü kimsələrin yuvası?»
(Zumər 60); «O gün ağarar bə'zi üzlər, qaralar
bə'zi üzlər. Üzüqara olanlara «İman götirəndən sonra kafirlikmi
etdiniz? Elə isə dadın əzabı» deyiləcəkdir. Üzüağ olanlarsa Allahın
rəhmətində əbədilik qalarlar. Bunlar Allahın ayələridir. Bunları
sənə haqq olaraq oxuyuruq. Aləmlərə [heç kimə] zülm eləmək istəməz
Allah» (Ali İmran 106-108); «And içəndə «Allah
qoysa» deməmişdilər. Onlar yuxuda ikən Rəbbinin dərgahından gələn
bir bəla bürüdü bu bağı. Qap-qara qaraldı bağ» (Qaləm
18-20): «Doğulan çağasının qız olduğu xəbəri müúdə verilən
zaman onlardan bir kimsəyə hirsindən qəmə batar, üzü qapqara qaralar»
(Nəhl, 58); "Ancaq Rəhmana caladıqlarının
müjdəsini verəndə onlardan bir kimsəyə, hirsindən qaralar o, qəm-qüssəylə
dolar o" (Zuxruf, 17).
Göründüyü kimi, bu ayələrdə
daha çox üzlərin, sifətin, rəngin qaralmàsından söhbət açılır.
Bu, pis aqibət anlamı verir. Amma adicə qaranın yaxşı anlamı da
var. Cənnət əhlində qara gözlülük gözəllik elementi kimi təqdim
olunur.. Vaqia surəsinin 22-ci ayəsi Kraçkovski
məalında «qara, irigözlü» şəklində verilib. Bu ayədə hurilərdən
danışılır. Başqa məallarda «qara» sözünə rast gəlməsək də, Həmdi
Yazır öz təfsirində «hur» sözünü «gözünün qarası daha qara, ağı
daha ağ» şəklində izah edir. Burada qara rəngin mənfi yükünü düşünmək
absurddur. Amma onu da nəzərə almaq lazımdır ki, ayədə söhbət
cənnətdən gedir. Qurani-Kərimdə şərabın cənnətdə «başqa cür» olması,
«başağrısı vermədiyi, ağlı başdan çıxarmadığı» vurğulanır, insanlara
zövq verdiyi deyilir.
Nəhayət, başqa bir xüsusa
diqqəti cəlb eləmək istərdik. İslamda bir şəxsin saçının, gözünün
və ya dərisinin qara olması onun haqqında pis düşüncədə olmağa
əsas vermir. Bu, Quran məntiqi ilə daban-dabana ziddir. Elə isə
ayrı-ayrı sadaladığımız ayələrdə qaralma prosesinin uğursuzluq,
məğlubiyyət kimi verilməsi nədəndir? Bəllidir ki, Quranda elm,
ədalət, iman kimi pozitiv anlayışlar aydınlıq; cəhl, zülm kimi
mənfi yönlər isə qaranlıq kimi ifadə olunur: «Hirslənərək gedərkən
zənn elədi Biz onu sıxıntıya salmarıq. Və nəhayət, qaranlıqlar
içində «Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən
zalım idim!» deyərək çağırmışdı Rəbbini» (Ənbiya, 87).
«İman gətirənlərin dostudur Allah, onları qaranlıqdan aydınlığa
çıxarar. Kafirlərin dostlarısa Tağutdur, aydınlıqdan qaranlıqlara
sürükləyər onları. Od əhlidir onlar, od içində əbədilik qalarlar»
(Baqara, 257). Quran özü isə aydınlıq qaynağı sayılır:
«Yolunuzu aydınladan nur göndərdik, Quran göndərdik sizə” (Nisa,174).
Bu səbəbdən qaralmanın ilahi nurun itirilməsi anlamına gəldiyini
düşünmək olar. Başqa bir ayədə də «Allah imanı qəlblərinə yazmış,
Özündən bir nur ilə onları dəstəkləmişdir» deyilir. Görünür, qaralma
deyəndə həmin nurun dəstəyindən məhrum olma nəzərdə tutulur.
«O GÜN AĞARAR
BƏ'Zİ ÜZLƏR»
Ağ rəng Quranda cənnətin
təsvirində gözəllərə (hurilərə) aid işlənilir: «Yanlarında irigözlü
qadınlar var, əl dəyməmş yumurta sayaq bəmbəyazdılar» (Saffət
45-49). Ağ rəngin gözəllik etalonu olması «Kitabi-Dədə
Qorqud»da da nəzərə çarpır: «qar üstünə qan dammış tək al yanaqlım»
ifadəsində «qar» sifətin ağlığına, «qan» isə yanağın rənginə işarə
edir. Quranda ağ rəng, ağarma uğur əlamətidir, qaralma isə yuxarıda
deyildiyi kimi, əksinə: «O gün ağarar bə'zi üzlər, qaralar bə'zi
üzlər. Üzüqara olanlara «İman götirəndən sonra kafirlikmi etdiniz?
Elə isə dadın əzabı» deyiləcəkdir. Üzüağ olanlarsa isə Allahın
rəhmətində əbədilik qalarlar» (Ali İmran 106-107).
|