Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim ra. Bunlar
Kitabın ayələridir. Rəbbindən sənə nazil olan Qur'an haqdır. Amma
buna inanmayır əksər adamlar.
2. Allahdır görə biləcəyiniz
dirəklərsiz göyləri ucaltmış olan, sonra ərşdə qərar tutan və
mə'lum bir müddətliyə hərəkətdə olan günəşi və ayı buyruğu altına
alan. İşləri yoluna qoyan ayələri birər-birər açıqlayar bəlkə
iman gətirəsiz Rəbbinizə qovuşmalı olduğunuza.
3. Yer üzünü döşəyib
düzənləyən, orada möhkəm duran dağlar quran, axar çaylar var eləyən,
hər meyvədən cüt-cüt yetişdirən, gecəni-gündüzə bürüyən Odur.
Şübhəsiz, bunlarda ayələr var düşünən kimsələr üçün.
4. Bir-birinə qonşu olan
sahələr, üzüm bağları, tarlalar, çox kök üstə, tək kök üstə bitən
xurma ağacları mövcuddur yer üzündə. Hamısı da bir su ilə sulanır,
amma dadına görə üstün tuturuq bir-birindən onları. Şübhəsiz,
bunlarda ayələr var düşünüb-daşınanlar üçün.
5. Təbii, təəccüb eləyəcəksən,
təəccüblüdür onların bu sözləri: «Biz torpağa qarışandan sonramı
yenidən xəlq olacağıq?» Rəblərini dananlardır belələri. Zəncirlər
vurulmuş boyunlarına. Od əhlidir onlar, od içində əbədilik qalarlar.
6. Yaxşılıqdan öncə pislik
gözləyirlər səndən tələsik. Özlərindən öncəki oxşarları da almışdılar
cəzalarını. İnsanların zülmünü, şübhəsiz, bağışlar Rəbbin. Və
şübhəsiz, cəzası da şiddətlidir Rəbbinin.
7. «Göndərməli deyildimi
Rəbbi ona [Muhammədə] bir ayə?» deyər küfr eləyən kimsələr. Sən
ancaq öncədən xəbərdarlıq eləyənsən. Hər qövmün özünün yol göstərən
peyğəmbəri var.
8. Hər dişinin nəylə
yükləndiyini, balalığının düşürdüyünü, böyütdüyünü bilir Allah.
Hər şey miqdar ilədir Allahın dərgahında.
9. Görülməzi, görüləni
biləndir, uludur, ucalardan ucadır O.
10. Sizlərdən sözünü
deməyən də, deyən də, gecələr gizlənən də, gündüzlər görünən də
bəllidir Ona.
11. İnsanı irəlidən,
arxadan izləyən mələklər var, Allahın əmrilə hifz eləyirlər onu.
Nə qədər ki, öz halını dəyişdirmir adamlar, dəyişdirməz onların
halını Allah. Bir qövmə pislik etmək istədimi, alınmaz qarşısı
Onun qəsdinin. Allahdan başqa bir hamisi də olmaz onların.
12. Yrəyinizə qorxu salan,
gözünüzdə ümid işığı yandıran şimşəyi göndərən Odur. Yağışla yüklü
buludları meydana gətirən Odur.
13. Onu alqışlayır göy
gurultusu, mələklər də həmd eləyirlər Ona Onun qorxusundan. Allahın
barəsində mübahisə eləyən kimsələrin üstünə ildırımlar göndərir
O, istədiyi kimsəni vurur O. Hamıdan güclüdür O.
14. Haqqa doğru çağırış
[«lə iləhə illə-llah» - «Allahdan başqa tanrı yoxdur»] təkcə Ona
doğru yönəlmiş. Və o kəslər ki, Ondan başqasına dua edirlər, duası
müstəcəb olmaz onların. Onların o kəsə bənzəri var ki, su içmək
üçün ovuclarını suya uzadar. Suya doğru əyilməsə, ovcuna su ala
bilməz. Boşa çıxar kafirlərin duası.
15. Göylərdə kim varsa,
yerdə kim varsa səcdə edər Allaha könüllü ya könülsüz. Səhər ertə,
axşamçağı hamının kölgəsi də səcdə edər Allaha.
16. Söylə «Kimdir göylərin
və yerin Rəbbi?» De «Allahdır!» De ki, «Onu qoyub nə yararı, nə
zərəri olmayan bütlərimi dost seçdiniz özünüzə?» De ki, «Korla
görən bir-birinə bərabərmi tutular? Yaxud, zülmətlə nur bir-birinə
bərabərmi tutular?» Yoxsa ki, Allaha qoşduqları şəriklər də Onun
kimi yaratmağa başlamışlar və müşriklər elə zənn eləmişlər bu
şəriklər yaratdığını Onun kimi yaradırlar. De ki, «Hər şeyin xaliqi
Allahdır. O hər şeyi qəhr eləyən tək Tanrıdır».
17. Göydən su endirər,
dolub daşar dərələr. Sel alıb aparar üzə çıxan köpüyü. Bəzək-düzək,
yaxud başqa bir şey düzəltməkçin odda əritdiklərinizin də üstündə
buna bənzər köpük olar. Haqdan batili belə bir bənzətmə ilə ayırar
Allah: köpük yox olasıdır, insanlara fayda verən şey isə yer üzündə
qalasıdır. Misalları beləcə açıqlar Allah.
18. Gözəl bir əcir gözləyir
Rəblərinin çağrışına səs verənləri. O kəslər ki, gəlməmişlər Onun
çağrışına, yer üzündə nə varsa hamısını, üstəlik də bir o qədər
onların olsa belə verərdilər bunları fidyə olaraq təki qurtulaydılar
Allahın əzabından. Onlardır hesabına pislik düşən kimsələr. Cəhənnəmdir
onların yuvası. Pisdən pis yataqdır ora!
19. Rəbbinin sənə göndərdiyinin
haqq olduğunu bilən kimsə kor olan kimsəyəmi tay tutular? Ancaq
ağıl yiyələri bunu düşünüb anlar.
20. O kəslər ki, yetirirlər
yerinə Allaha verilən sözü, pozmayırlar andlaşmanı,
21. o kəslər ki, birləşdirilməsini
Allahın buyurduğu şeyi birləşdirirlər [qohumlarla, mö'minlərlə
əlaqəni üzmürlər, birini o birindən ayırmadan bütün peyğəmbərlərə
inanırlar] və o ən pis hesabdan qorxurlar
22. və o kəslər ki, Rəblərinin
rizasını diləyərək səbr eləyirlər, namaz qılırlar, verdiyimiz
ruzidən gizlində-açıqda xərcləyirlər xeyirliyə və yaxşılıqlar
edə-edə pisliyə güc gəlirlər - onlarındır bu dünyanın gözəl son
ucu.
23. Adn cənnətlərinə
girər onlar. Ata-anaları və arvad- uşaqlarından əməli düz olanlar
da oralara girərlər. Mələklər də hər qapıdan girərək onların yanına
24. «Səbrinizə görə salam
olsun sizlərə, nə gözəldir dünyanın son ucu» deyərlər.
25. O kəslər ki, Onunla
əhdləşmədən sonra pozurlar Allaha verilən sözü, kəsirlər birləşdirilməsini
Allahın buyurduğu şeyi və pozğunçuluq törədirlər yer üzündə -
lə'nətə gələr onlar, onlar üçün hazırlanmış bu dünyanın pis son
ucu.
26. Allah istədiyi kimsəyə
ruzisini bol verər, istədiyi kimsəyə müəyyən miqdar ilə. Bu dünya
həyatında sevinc tapmışdır onlar [Məkkə əhli]! Axirətin yanında
ötəridir dünya həyatı.
27. «Göndərməli deyildimi
Rəbbi ona bir ayə?» deyər küfr eləyənlər. De ki, «İstədiyi kimsəni
azdırar, Ona üz tutan kəsi doğru yola yönəldər Allah».
28. O kəslər ki, iman
gətirmişlər və Allahı ana-ana rahatlanmış ürəkləri, bilsinlər,
yalnız Allahı anmaqla rahatlanar ürəklər.
29. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, xoşbəxt həyat, gözəl-gözəl yerlər
gözləyir onları.
30. Biz səni də göndərdik
bir ümmətə elçi olaraq. Neçə-neçə ümmət gəlib getmiş bundan öncə.
Göndərdik ki, oxuyasan sənə vəh yetdiyimizi Rəhmana küfr eləyən
kimsələrə. De ki, «Mənim Rəbbimdir O. Ondan başqa tanrı yoxdur.
Ona güvəndim, Onun dərgahınadır mənim yönümüm».
31. Dağları yerindən
tərpətsəydi də, torpağı parça-parça eləsəydi də, ölüləri danışdırsaydı
da Qur'an, imana gəlməzdilər. Bütün işlər Allahın əlindədir. İmana
gələn kəslər məgər bilməzmidilər, Allah istəsəydi əgər, insanları
hamılıqla yönəldərdi doğru yola. İşlədiyi işləklərinə görə bəla
döyər qapısını küfr eləyən kimsələrin, yaxud yurdlarına yaxın
yerdə qərar tutar bu bəla. Beləcə davam edər onların güzəranı
ta o vaxta qədər ki, gələr Allahın və'di axır. Və'dini pozan deyil
Allah.
32. Səndən öncəki peyğəmbərlərə
də istehzayla yanaşdılar. Möhlət verdim kafirlərə, sonra da yaxaladım
onları. Görəydin bir Mən necə cəza verdim onlara!
33. Hər kəsin qazancına
göz olan Allahlamı bərabər tutular hər şeydən bixəbər bütlər.
Allaha şəriklər qoşan kəslərə de ki, «Bunların adları nədir, kimdir
bunlar, deyin Ona? Yoxsa ki, yer üzündə Onun bilmədiyi bir şeyi
Ona bildirirsiniz? Yoxsa boş-boş sözlər ilə aldadırsız özünüzü?»
Bər-bəzəkli görünmüş küfr eləyən kəslərə işlətdiyi hiylələr. Sapmışlar
doğru yoldan. Allahın azdırdığına yol göstərən tapılmaz.
34. Əzab görər belələri
bu dünya həyatında. Axirət əzabı isə bundan daha ağır. Bir kimsə
də tapılmaz Allahın əzabından qoruya bu kəsləri.
35. Müttəqillərə və'd
edilən cənnət içində çaylar axır, yeygi də, kölgələr də daimidir
burada. Müttəqilərin tale payı budur. Kafirlərinsə tale payı cəhənnəm
odudur.
36. O kəslərə ki, Biz Kitab vermişdik, sənə nazil olana sevinər
onlar. Əleyhdar qruplar içində isə eləsi var inkar edir Qur'anın
bir qismini. De ki, «Mənə əmr olunub təkcə Allaha tapınım, Ona
şərik qoşmayım. Ona doğru çağırıram hamını, Onun dərgahınadır
mənim yönümüm».
37. Qur'anı ərəbcə bir
hökm olaraq göndərdik beləcə. Sənə elm gələndən sonra kafirlərin
istəklərinə uyacaq olsan, Allahın dərgahında sənə nə bir dost
tapılar, nə də səni bir qoruyan.
38. Biz səndən öncə də
elçilər göndərmişdik. Onlara da zövcələr, uşaqlar vermişdik. Elçilərdən
heç biri Allahdan iznsiz gətirə bilməzdi hər hansı bir ayəni.
Hər vaxtın bir yazısı var.
39. Dilədiyini pozub
silər, dilədiyini sabit saxlayar Allah. Onun dərgahındadır yazıların
anası.
40. Göstərsək də sənə
onlara və'd etdiyimiz əzabın bir qismini, alsaq da sənin canını,
sənin borcun haqqı bəyan eləməkdir, bizimki haqq-hesab çəkmək.
41. Məgər görməzmidilər,
yer üzünə gələ-gələ onu necə daraldırıq Biz hər tərəfdən. Allahdır
hökm vörən. Alınmaz qarşısı Onun hökmünün. Hesabı tez aparandır
O.
42. Onlardan öncəkilər
də quramalar qurmuşdular. Bütün quramaları qırar Allah. Hər kəsin
nə qazandığını bilir O. Və kafirlər də biləcəklər kimindir bu
dünyanın xoşbəxt son ucu!
43. «Sən elçi deyilsən»
deyər küfr eləyənlər. De ki, «Mənimlə sizin aranızda şahidlik
üçün təkcə Allah və Kitabı bilən kəslər bəs eləyər».
|