«Son
ucu ölümlü dünya». «Kitabi-Dədə Qorqud»dan hamımıza tanış olan
bu ifadəni, adətən, hər bir məxluqun, daha çox insanın həyatın
sonunun ölüm olması kimi fikirləşirik. Yəni bu dünyada hamı ölür.
Bizi bu cür düşünməyə vadar edən, təhrik edən əvvəlki cümlədəki
«gəlimli-gedimli» sözüdür. Amma bu ifadədə dünyanın son ucunda
onun özünü gözləyən ölümdən danışılmırmı? Burada subyektiv idealizmdə
olduğu kimi, «mən varam deyə dünya da var, mən olmayanda dünya
da olmayacaq» kimi düşüncədən söhbət getdiyini fərz etmək sadəlövhlük
olardı. Çünki «Kitabi-Dədə Qorqud»da dini görüşlər Quran məntiqi
üzərində qurulub. «Son ucu ölümlü dünya» deyiləndə isə azı həm
də dünyanın sonunun nəzərdə tutulduğu şəksizdir.
Nə
biləsən, bəlkə, elə yaxındadır?
Dinimizə
görə, Qiyamətin başlayacağı zamanı heç kəs bilə bilməz. Qurani-Kərimdə
açıqca deyilir: «Səndən soruşarlar, Qiyamət saatı nə vaxt gəlib
çatacaq? De ki, «Bunu yalnız Rəbbim bilir, Ondan başqa kimsə yoxdur
bildirə o vaxtın saatını. Göylərə və yerə ağırlıq kimi çökən o
saat kəsdirəcək üstünüzü qəflətən» (Əraf, 187).
Başqa surələrdə də bu hadisənin vaxtının heç kəs tərəfindən bilinməməsi,
bu barədə mübahisələrin boş olduğu dəfələrlə vurğulanır: «Kitabı
haqq olaraq və ölçünü-mizanı ədalət olaraq göndərən Allahdır.
Nə bilirsən, bəlkə də, qiyamət saatı lap yaxındadır. Qiyamətin
qopmağına inanmayan kimsələr bunu tələsdirirlər. İnanan kəslərsə
qorxudan əsirlər, bunun haqq olduğunu bilirlər. Bilin, dərin bir
sapqınlıq içindədir qiyamət saatı barədə mübahisə eləyən kimsələr»
(Şura, 17, 18); «Səndən soruşsalar «Qiyamət nə vaxt qopacaq?»
de ki: «Bunu təkcə Allah bilər. Ancaq nə biləsən, bəlkə, elə yaxındadır
qiyamət» (Əhzəb, 63).
Niyə
olacaq?
Dünyanın
ölümlü bir dünya olduğu onun yaradılışından bəllidir. İstər üzərində
yaşadığımız yer, istərsə də onun içində olduğu qalaktika və həm
də kainat əbədi olmaq üçün proqramlanmayıb. Kainatda nə qədər
günəş, planet doğulur, ölür. Bir sözlə, varlığının başlanğıcının
əvvəli olan hər bir hadisin, yəni xəlq edilmişin, mövcudun varlığının
sonu da var. Əvvəli və sonu olmayan tək Odur. Çünki «O, Əvvəldir,
Axirdir».
Dünya
müəyyən bir məqsədlə yaradılıb. Nə qədər o məqsədə xidmət edəcəksə,
o qədər var olacaq. Dünyada fəlakətə səbəb ola biləcək davranışlar
seçim imkanı olub doğrunu seçməyən varlıqlar ucbatındandır. Bunlardan
bizə məlum olanı insanlar və cinlərdir. Əgər bu dünya yaradalışı
məqsədinə zidd şəkildə fəsad və zülm yurduna çevrilərsə, onu yaradan
bu vəziyyətin çox davam etməsinə yol verməz. Çünki bəlli olduğu
kimi, Allah Adəmi yaradanda mələklər «dünyada fitnə-fəsad törədəcək
birisimi» tipində sorğu edirlər və Allah taala onlara yox cavabı
verir. Əks halda bu söz səhv çıxmış olar. Qurani-Kərim tarix boyu
bir çox əhalinin məhz bu səbəbdən həlak olduğunu açıqlayır: «Yoxsa
Rəbbin əhalisi düzgün kimsələr olduğu halda məmləkətləri haqsız
yerə həlak edəcək deyildi» (Hud 117). Quran belə
məlumatlarla doludur.
Allah taala
bunu bizə bir ibrət olaraq təkrar edir. Nəticə çıxarmağımızı istəyir.
«Dağıdıb yox elədik zalımlığa yol verən neçə-neçə şəhərin adamlarını,
sonra da var elədik yerlərində başqa-başqa qövmləri. Gücümüzü
duyan zaman baş götürüb oralardan qaçardılar. Mələklər rişxəndlə
«Bəlkə, qaçmayasız, qayıdasız ne'mət aldığınız yerlərinizə, sizin
də dünyanızdan nəsə umuruq axı» deyərdilər. «Vay bizim halımıza!
Biz gerçəkdən zalımlar idik» deyərdi onlar. Nə qədər ki, onları
ot kimi biçməmişdik, külə döndərməmişdik, beləcə zarıyaraq danışırdılar.
Biz boşuna yaratmamışıq göyü, yeri, bunların arasında olanları.
Əylənmək istəsəydik, bunu dərgahımıza layiq olan bir şəkildə edərdik.
Əylənmək istəsəydik, belə edərdik. Biz haqqı çırparıq batilin
başına, parça-parça düşər beyni, bircə anda çıxar canı. Yazıqlar
olsun sizə, Allahın adına nələr söyləmirsiniz». (Ənbiya,
11-18).
İslamın
ən böyük dayağı
Məhəmməd
Füzuliyə görə, Qiyamətə inam islamın ən böyük dayağı, qayda-qanunun
ən möhtəşəm amili və hər şeyə malik, hər şeyi bilən Allaha ibadəti
vacib edən hökmləri qüvvədə saxlayan səbəblərin ən möhkəmidir:
«Çünki insan təbiəti fitrən mütləq zərərlə nəticələnən şəhvət
ləzzətlərinə və bədən həzlərinə maildir. Bunların qarşısını yalnız
həşr qorxusu və cəza heybəti ala bilər. Belə demək olmaz ki, bunların
qarşısını almaq üçün şəriət hökmündən, ümumi qəbul olunmuş qayda-qanundan
qorxmaq və ya verilmiş nemətin itirilməsi təhlükəsi kifayətdir.
Çünki ola bilər ki, şəriətin hökmü və ümumi qəbul olunmuş qayda-qanun
həyata keçirilməsin, neməti itirmək də buna maneçilik törətməsin...»
(«Mətləül-etiqad»).
Yeddi
Günəş, on iki Ay?
Dünyanın
sonu haqda fikirlər başqa inanclarda da var. Monqolların dünyanın
sonu haqda mifik təsəvvürləri də maraqlıdır. Bu qeyri-adi hadisələr,
təbii fəlakətlər, böyük dəhşətlər seriyası bizdəki Qiyamət təsvirlərinə
bənzəyir. Ehtimal olunur ki, yer üzündə həyatın sonu gələndə ilk
öncə yeddi Günəş çıxacaq. Onlar öz dəhşətli istisi ilə yer üzündə
olan hər şeyi yandırıb külə döndərəcək. Sonra on iki Ay çıxacaq.
Onlar çoxlu aramsız yağışlar yağdıracaqlar. Yağışlar hər şeyi
yuyub yerlə bərabər - dümdüz eləyəcək. Sonra qasırğa olacaq. O
isə hər şeyi silib-süpürüb sovuracaq. Yer üzündə hər şey məhv
olacaq. Bu zaman günahkarlar yanacaq, iman sahibləri isə tenqirlərin
(tanrıların) dünyasına götürüləcək. Onlar yeni dünya yaradılanadək
orada yaşayacaqlar.
İncilin
«Vəhy» adlanan hissəsi Qiyamət təsvirləri ilə daha zəngindir.
«Lakin o günlərdə, o məşəqqətdən sonra günəş qaralacaq, ay işığını
verməyəcək. Ulduzlar göydən düşməyə başlayacaq və göy cisimləri
sarsılacaqdır... O vaxt O mələklərini göndərəcək və Onun seçdiklərini
yerin ucundan ta göyün ucuna qədər, dörd külək istiqamətindən
toplayacaq. İndi əncir ağacından ibrət alın: onun budağı yumşalıb,
yarpaqları açılan zaman bilirsiniz ki, yay yaxındır. Eləcə də
siz bu şeylərin baş verdiyini görəndə bilin ki, İnsan Oğlu yaxındır,
qapılardadır» (Markın müJdəsi, 13: 24-29); «...Dənizin
və dalğaların gurultusundan dolayı çaşqınlıq içində olan xalqlar
yer üzündə iztirab çəkəcəklər. İnsanlar qorxudan və dünya üzərinə
gələn fəlakətləri gözləməkdən huşunu itirəcəklər, çünki göy cisimləri
sarsılacaq» (Lukanın müJdəsi, 21: 25-26).
Burada,
Quranda olduğu kimi, insanların dirilib mühakimə olunacağı zaman
təsvir olunur. Prosesin başlaması üçün öncə bütün ölülər dirilir
və bu, şeypur çalınışından sonra başlayır: «Sonra böyük ağ bir
taxt və onda Oturanı gördüm. Yer və göy Onun hüzurundan qaçdı.
Ölülər kitablarda yazılanlara əsasən mühakimə olundu. Dəniz özündə
olan ölüləri təslim etdi, ölüm və ölülər aləmi özlərində olan
ölüləri təslim etdilər. Və hər birinə öz əməllərinə görə hökm
oxundu. Sonra ölüm və ölülər aləmi odlu gölə atıldı. Bu odlu göl
ikinci ölümdür. Və həyat kitabında adı yazılmayan hər kəs odlu
gölə atıldı» (Vəhy, 20:11-15).
Ümumiyyətlə,
İncil və Qurandakı Qiyamət təsvirləri bir-birinə çox bənzəyir.
İncilin «Lukanın mücdəsi» fəslində oxuyuruq: «O günlərdə hamilələrin
və döşü uşaqlı qadınların vay halına» (Lukanın mücdəsi,
21:23). Həcc surəsində isə deyilir: «O gün görəcəksiniz,
südəmər körpəsini unudar hər döşü südlü qadın, uşağını düşürər
hər hamilə qadın» (Həcc surəsi, 2).
Güvəndiymiz
dağların durumu
Qiyamət
vaxtı yer üzündə şiddətli sarsıntılar baş verəcək. Bu barədə təsvirlər
çox unikaldır. «Elə ki, titrəm-titrəm titrədi yer və içindəki
yüklərini üzə çıxardı yer, insan deyər: «Bu nədir, nə olmuş yerə?»
Üstündəki olmuşlardan o gün xəbər verər yer. Bunları Rəbbi yerə
vəhy eləyər. » (Zilzəl 1-5). Məlum olduğu kimi,
dağların yer üzündə öz fəzifəsi var: «Dağları dirəklər təkin basdırmadıqmı?»
(Nəbə, 7) «Yer üzündə möhkəm duran dağlar qurmuş
ki, ayağınız altından yer qaçmasın» (Nəhl 15).
Hesab olununr ki, burada söhbət zəlzələlərin qarşısını almaqdan,
daha doğrusu, daha dəhşətli olmasına yol verməməkdən gedir. Bəlli
olduğu kimi, indiyə qədər yer üzündə qeydə alınan ən güclü zəlzələ
9,2 bal şiddətində olub. Amma qiyamət vaxtı elə böyük sarsılma
olacaq ki, dağlar öz funksiyasını - yerin ayağımız altından qaçmasını
əngəlləyəcək gücdə olmayacaq. Çünki bu dəhşətdən özləri də zərər
çəkəcək: «Dağılar dağlar o zaman» (Mursələt 10).
Sadəcə, zərərmi? «Qarşı yatan qara dağlar» artıq yer üzündə hərəkət
etməyə başlayacaqlar: «Oynam-oynam oynayacaq yerindən dağlar»
(Tur 10); «Yerindən oynayar dağlar, tozu qalar»
(Nəbə 20); «Oynadarıq yerindən bir gün dağları,
dümdüz görərsən yeri. Bir kimsəni buraxmadan hamını cəm edərik
bir yerə» (Kəhf 47).
Dünyanın
böyük dağ silsilələrini göz önünə gətirək. Onların hərəkətə gəlməsi
və sonra toza dönüb yerlə dümdüz olması insanları dəhşətə gətirən
mənzərələrdən biri olacaq: «O gün lərzəyə gələr yerlə dağlar,
dağlar toza dönüb dağılar» (Müzəmmil 14). «Səndən
dağlar barədə soruşarlar. De ki, «Qiyamət günü dağları dağıdıb
sovurar göyə Rəbbim. Bom-boş, dümdüz eləyər onların yerini. Nə
bir çuxur, nə bir təpə görərsən orada»(Ta-hə 105-107).
Qiyamət
gününüə aid bu səhnə böyük qorxularla doludur. O gün artıq sovrulmağa
başlayan dağlar eyni zamanda rəngbərəng olar. Tərkibindəki müxtəlif
maddələr, süxurlar və s. görə. Onların durumu üçün ayələrin ikisində
didilmiş yun, rəngəbərəng yunlar bənzətməsi işlədilir. Və bütün
bunların insanda yaratdığı dəhşətin qorxu və həyəcana aydınlıq
gətirilir. İstər dağlar, istərsə də insanların «sənə güvəndiyim
dağlar» deyib arxa saydıqlarının heç biri köməyə çatmaz: «O gün
didilmiş yün kimi olar dağlar» (Qaria 5); «O
gün gümüştək əriyər göy, didilmiş yun kimi olar dağlar. Dost dostun
hayına qalmaz, bir-birinin üzünə baxıb qalar dostlar o gün. Əzabdan
qurtula deyə suç yiyəsi hazırdır qurban verə oğul-uşağını, arvadını,
qardaşını, ona yaxınlarda yer vermiş olan qohumlarını. Yer üzündə
kim varsa hamını fəda eləyər özünün nicatı üçün» (Məaric
8-14). Bu, artıq sıfıra doğru hərəkətin başlanğıcıdır.
Bəlkə, sufi mütəfəkkirləri «Son başlanğıca qayıtmaqdır» deyəndə
bunu da nəzərdə tutubmuş...
|