«Elə
ki, qamaşdı gözlər, tutuldu Ay, bir yerə cəm oldu
Günəşlə Ay, o gün insan söyləyər: «Hara qaçım, görəsən?» (Qıyəmə,
7-10)
Var olan hər bir şeyin yaradıcısı olan Allah kainatda var
etdiklərini, qoyduğu nizamı istədiyi vaxt aradan qaldıra bilər.
Bu nizam isə çox dəqiqdir: Günəşin, Ayın öz orbiti üzrə hərəkəti,
bunlara uğun olaraq istilik, rütubət, ulduzların cazibə yönündən
bir-biri ilə bağlılığı, yerdə tektonik proseslərin, dənizdə su
səviyyəsinin Ay və Günəşlə bağlılığı və s. çox mükəmməldir. Qiyamət
bu nizamı qoruyan qanunların aradan qalxması deməkdir.
Sarsılmaz tavanın sarsılması
Ümümiyyətlə,
kainatı, onun böyüklüyünü insan ağlı dərk edə bilməz. Allahın
«Ol!» əmri ilə yaranan və «genişlənməkdə olan» (Zariyət,
47) kainat haqda öz qalaktikamızla bağlı bir-iki rəqəmlə
nəsə təsəvvür etmək olar. Günəş Qalaktikada olan 200-250 milyard
ulduzdan biridir. Yerdən 325 min dəfə böyük olsa da, kainatdakı
ulduzların yanında çox kiçikdir. Günəş sistemi qalaktikanın mərkəzindən
30 min işıq ili uzaqlıqdadır. Bir işıq ili isə 9.460.800.000.000
km-dir. Günəş saatda 72.000 km sürətlə hərəkət edir, qalaktikamız
isə öz oxu ətrafında saatda 900.000 km sürətlə fırlanır. Qiyamət
vaxtı bu düzən darmadağın olacaq, ulduzlar arasında olan bağlar
dağılacaq: «Elə ki, töküldü ulduzlar» (İnfıtar 2).
ayəsində bundan bəhs edilir. Onlar həm də bulanacaq, sönəcək:
«Ulduzlar bulananda» (Təkvir 2); «Sönər ulduzlar
o zaman, yarılar göy o zaman» (Mürsələt 8). Fəlakət
Aydan da yan keçməyəcək: «Yaxınlaşmış qiyamət saatı, yarılmış
Ay» (Qəmər, 1).
Müqəddəs
Kitabımızda göyün qoruyucu bir tavan olduğu deyilir. Bu tavan
bizi ultrabənövşəyi şüalardan, kosmosun dondurucu soyuğundan qoruyur.
Quranda o da deyilir ki, qiyamətdə göy bu tavanlıq funksiyasını
itirəcək: «O gün göy SARSILIB ÇALXALANAR» (Tur, 9);
«bu səbəblə göy belə YARILIB-ÇATLAYIB; artıq Onun vədi gerçəkləşdirilib»
(Muzzəmmil, 18); «göy yarılıb ZƏİF DÜŞƏR» (Haqqa,
16).
Kosmologiya ilə bağlı əsərlərindən tanınan məşhur fizik Pol Devis
«Son üç dəqiqə» adlı əsərində yeri quyruqlu ulduz vurması nəticəsində
göyün alışıb yanmağa başlayacağını və qaynayan qazın bir girdab
əmələ gətirəcəyini yazır. Maraqlıdır ki, Rəhman surəsində də göyün
yanmağından söz açılır: «Yarılarsa göy, qızılgül kimi pardaxlanarsa
göy, yağ kimi əriyərsə göy, necə olar halınız?» (Rəhman,
37).
Uşaqları qocaldan gün
Qiyamət
vaxtı insanlar təsəvvür belə etmədikləri dəhşətli hadisələr qarşısında
çaşacaqlar. Körpə uşaqlar belə valideynləri tərəfindən atılacaq.
«Ey insanlar, qorxun Rəbbinizdən. Böyük bir dəhşətdir qiyamət
gününün zəlzələsi. O gün görəcəksiniz, südəmər körpəsini unudar
hər döşü südlü qadın, uşağını düşürər hər hamilə qadın.
(Hacc 1); «Qiyamətin gurultusu qopdumu, o gün hər kəs
qoyub qaçar qardaşını, anasını, atasını, arvadını, oğul-uşağını,
hamı öz hayında olar» (Abəsə 33-37).
İnsanlar bunları soyuqqanlılıqla izləyə bilməyəcək. Onların bu
vaxtkı durumu sərxoşluqla müqayisə edilir: «Sərxoş kimi görünər
gözlərinə o gün adamlar, sərxoş deyillər əslində onlar, Allahın
əzabının şiddətindən bu hala düşmüş onlar» (Hacc 2).
Nə baş verdiyini anlamayan uşaqların o gün dəhşətdən saçının ağaracağı
da deyilir: «Küfrdən əl çəkməsəniz, uşaqları qocaldan o günün
əzabından bəs necə qorunarsız?» (Muzzəmmil 17).
Buna baxmayaraq, möminlər üçün bu dəhşətlərin heç bir qorxusu
olmayacaq: «O gün bəzi üzlərdən nur yağar, təbəssüm yağar, sevinc
yağar» (Abəsə 38-39).
Qara çüxurlar
«Kainat
necə yaranıb?» sualına aranan cavablar sırasında «Biq bənq» nəzəriyyəsi
diqqəti cəlb edir. Bu nəzəriyyəyə görə hər şey heç nədən - yoxdan
yaradılıb. «Biq bənq» heçdən varlığa doğru böyük partlama anlamına
gəlir. Yəni elə bir nöqtə ki, «orada» maddə, enerci, kosmos, zaman,
məkan olmayıb. Və o nöqtədən varlığa doğru hərəkət başlayıb, kainat
isə durmadan genişlənir. Quranda da genişləndirmədən söz açılır:
«Bir də göyə baxın, Biz onu qüvvətlə bina etdik və şübhə yox ki,
Biz onu genişləndirməyə də qadiriz» (Zariyət, 47).
Kainatda bir nizam var və Allah onu öz qüdrəti ilə saxlayır: «Allahdır
göylərlə yeri məhv olmaqdan saxlayan. Yoxluğa üz tutdumu göylərlə
yer, Allahdan başqa heç kəs bunları tutub saxlaya bilməz. Həlimdir,
günahlardan keçəndir O» (Fatır 41).
Elm onu da deyir ki, kainatımız 15 milyard ildir genişlənir. Bir
zaman gələcək, bu proses əksinə gedəcək. Hər şey geriyə dönəndə
hərəkət kainatdan əvvəlki zaman və məkanın sıfır olduğu nöqtəyə
doğru gedəcək. Bu, indi qara çüxur tərəfindən udulma adlandırılır.
Böyük
çəkici
Maraqlıdır
ki, Qurani-Kərimdə “səmanın görünməz qapıları”na diqqətimiz çəkilir.
Qapılar keçid yerləri olduğuna görə, “səma qapıları” ifadəsini
bir sistemdən başqa bir sistemə, başqa kosmos-zamana, fərqli ölçü
və kainatlara keçid nöqtələri olaraq anlamaq mümkündür. 1987-ci
ildə içində Günəş kimi 200 milyard ulduz olan qalaktikamızın böyük
bir sürətlə kosmosda hara getməsi barədə suala cavab axtaran astrofiziklər
ortaq bir qənaətə gəldilər: Qalaktikamız saniyədə 700 km sürətlə
300 milyon işıq ili uzaqdakı Hidra Kenaurus adı verilən bir qalaktikaının
da o üzündə bir yerə doğru sürüklənir. Bu bölgədə on minlərcə
qalaktikanı içinə ala biləcək böyüklükdə, görünməmiş cazibə gücünə
malik bir qüvvə var. Sonrakı illərdə aparılan araşdırmalarda bu
cazibə səbəbinin bir qara çüxurdan qaynaqlandığı aşkarlandı. Bu
qara çüxurun adına Böyük Çəkici adı verildi. Son araşdırmalar
isə ən azı 900 qalaktikanın Böyük Çəkicinin təsiri ilə qorxunc
sürətlə ona doğru sürükləndiyini ortaya çıxardı.
Zamanın
lövbər atması
İndiki
elmi araşdırmalarda qara çüxurlarda zamanın donaraq durması iddia
olunur. Maraqlıdır ki, Quranda da qiyamətlə bağlı ayələrdə zamanın
dayanmasından - lövbər atmasından danışılır. «Səndən soruşurlar
ki, SAAT NƏ ZAMAN LÖVBƏR ATACAQ?» (Əraf,
187, Kraçkovski məalı) və ya «Səndən O SAAT (QİYAMƏT)
NƏ VAXT LÖVBƏR ATACAQ» deyə soruşurlar» (Nəziat
42, Elmalılı Həmdi Yazır məalı). Zamanın durması, sabit
qalması fizika qanunlarının keçərliliyini qeyb edərək kosmosun
bütün mahiyyətini itirməsi və yeni, başqa BİÇİMLİ bir kainatın
içinə girməsi deməkdir.
Türk alimi
Osman Çaxmağa görə, kosmosun xaricinə çıxa biləcək tunellər kimi
vəsfləndirilən qara çüxurlar qiyamətlə bağlı bəzi hədislərin şərhində
bizə ip ucları verir: «İlk hədis müəllifi olaraq qəbul edilən
Sənaninin qeydlərində peyğəmbərimizin bu sözlərinə rast gəlirik:
«Mənə günləri təqdim etdilər. Cümə gününü gördüm, onun gözəlliyi
çox xoşuma gəldi. Orada qara nöqtə şəklində bir şey gördüm. «Bu
nədir?» deyə soruşdum. «Qiyamət onun içində qopacaq» dedilər.
Hədisdə olan və qiyamətin içində qopacağı bildirilən «qara nöqtə»
ilə anladılmaq istənilən nədir? İslam ədəbiyyatında yer alan «məcərra»
və «şəmsüş-şümus» təbiri ilə nə anladılmaq istənildiyi mövzusunda
alimlər müxtəlif şərhlər veriblər. Qiyamət zamanı göyün yarılacağı,
qapı-qapı açılacağını ifadə edən ayənin - «Elə ki, yarıldı göy,
Rəbbinin əmrini haqq olaraq eşidib yerinə yetirdi göy» (İnşiqaq,
1-2) - təfsirində hz.Əli göyün «məcərra»dan çatlayıb
yarılacağını bildirib».
Astrofizikanın
indiki inkişafı çərçivəsində biz bu xəbərləri daha asan qavraya
bilirik. Məlum olduğu kimi, qara çüxurlar üçün ən bəlli xüsusiyyət
tor şəklində və sağlam yaradılan kosmosun «çatlayıb dəlinməsidir».
Maraqlıdır
ki, Quranda səmanın sağlam bir şəkildə olması bildirilməklə yanaşı,
onun «çatının olmaması» (Mulk, 3) açıqca vurğulanır:
«Yaxşı-yaxşı bax, VARMI GÖYÜN BİR ÇATLAĞI?» buyurulur. Eyni zamanda,
qiyamətə aid ayələrdə isə səmada çatlamanın olacağı mütəmadi olaraq
diqqətə çəkilir: «Qapı-qapı açılar göy» (Nəbə, 19).
Ehtimal olunur ki, bu ayədə qiyamət əsnasında axirətə qapı açılacağını
bildirir. Geometrik cazibə müvazinətinin pozulmasıyla ümumi nisbilik
nəzəriyyəsinin də isbat etdiyi kimi, kosmos-zaman düzlüyü, Qurana
aid ifadə ilə desək, bükülə bilər. Ulduzlar isə yerindən düşər.
Çünki göy cisimləri cazibə ipləri ilə həssas bir şəkildə bir-birinə
bağlanıb. Qara çüxurların müdhiş cazibəsi isə bu müvazinəti alt-üst
edə biləcək qüvvədir .
Ağ
çüxurlar
Qara
çüxurların o üzündə nə var? sualına “Heç bir şey” şəklində cavab
heç kəsi təmin etmir. Hələlik isbat olunmayan fərziyyəyə görə
ağ çüxurlar da var. Quranda Allah taala hər şeyi cüt olaraq yaratdığını
deyir: «Yerin yetirdiyindən, insanların öz canlarından və BİLMƏDİKLƏRİ
ŞEYLƏRDƏN cüt-cüt yaradan Allah uca və münəzzəhdir» (Yasin,
36). Maddə ilə yanaşı antimaddənin olması da artıq elmi
dairələrdə qəbul edilir. Elə isə ağ çüxurların olması niyə qəbul
edilməsin? Və araşdırıcılar onu da deyirlər ki, qara çüxurlar
ağ çüxurla qum saatı kimi birləşib. Ağ çüxurlar qara çüxurlardan
fərqli olaraq, udmur. Əksinə, onlara çatan hər şeyi bayıra püskürüb
çıxarırlar. Qara çüxurun əksinə, burada cazibə yox, itələmə var.
Buradakı cazibəyə qravitasiya deyirdik, oradakı itələmə – levitasiyadır.
Ehtimala görə, ağ çüxurlar, əslində, “Biq bənq” kimi yenidən doğuşu
təmsil etməkdədir. Ənbiya surəsindəki ayədə aləmin toplanıb büküldükdən
sonra təkrar ilk halına dönəcəyi bildirilir: “Kağızı qat-qat eləyib
kitaba döndərən tək qatlara bükərik o gün səmanı, eləcə də heçdən
yaratdığımız ilk xilqəti verdiyimiz vədə görə Biz təkrarən yaradarıq.
Vədimizə, şübhəsiz, əməl edərik» (Ənbiya surəsi, 104).
Çox ehtimal ki, burada yeni dünyaya – axirətə işarə olunur. Düzünü
Allah bilir.
Son
olaraq
Deyildiyi
kimi, qiyamət dəhşətləri təsvirə gələn deyil. Qiyamətin başladığını
bildirən əlamət olaraq bir neçə Günəş çıxacağını dedik. Monqollar
yeddi deyir, bizim dindarlarsa başqa bir rəqəm. Amma, əcəba, o
dəhşətlər içində kimin haqlı olduğunu bilmək üçün onları sayıb
dəqiqləşdirmək imkanı olacaqmı: «Bir Günəş, iki Günəş...?» Çətin
ki.
|