Quranda
qəlb insanın gerçək mənliyi, ölümsüz həqiqəti kimi tanıdılır.
Ərəb dilində olan «qəlb» sözündə bir dəyişkənlik, haldan-hala
keçmə mənası var. Quranda qəlbin bu işi neqativ xassə kimi göstərilir
və insan qərarlı bir varlıq olmağa təşviq edilir. Və belə anlaşılır
ki, iman qəlbə bu qərarlılığı qazandırmağa kömək edir.
Çünki reallığı görməyə mane olan göz korluğu yox, qəlblərin korluğudur.
«Şübhəsiz, bunda bir ibrət dərsi var döyünən ürəkli, eşidən qulaqlı,
görən gözlü kimsə üçün. (Qaf 37). «Bir gəzib
dolaşalar yer üzünü, görələr-götürələr, ağıllanmalarına səbəb
olacaq ürəkləri, eşidən qulaqları ola. Kor olan gözlər deyil,
sinələrdə ürəklərdir kor olan. (Hacc 46).
Qəlbin padşahlığı
Əbu Hamid əl-Qəzali «Səadət
iksiri» əsərində qəlbin insan üçün rolunu obrazlı şəkildə belə
anladır: «Bil ki, bədən bir dövlət kimidir, ayaqlar və bir sıra
orqanlar onun əməkçiləridir, nəfsani arzular vergi müfəttişliyidir.
Aqressivlik polisdir. Qəlb bu dövlətin padşahı, ağıl isə onun
vəziridir. Onlar hamısı padşaha lazımdır ki, dövlətin işi qaydasında
olsun. Amma vergi müfəttişi yalançı, gəvəzə və fırıldaqçıdır.
Hər şeyi ağlın dediyinin əksinə edir. Və istəyir ki, hər şeyi
xərcləsin. Polis isə acıqlı, kobud, qəddar və sərtdir, öldürməyi
və sındırmağı sevir. Əgər padşah vəzirlə məsləhətləşsə, acgöz
və yalançı vergi müfəttişini yerinə oturda bilsə, polisi də vəzirə
tabe edə bilsə ki, o, çox qarayaxa olmasın, vəzifə səlahiiyyətlərindən
kənara burnunu soxmasın, onda dövlətin işi qaydasında olacaq,
xoşbəxtliyə gedən yol bağlanmayacaq. Yox, əgər ağıl nəfsani arzuların
əsirinə çevrilsə, onda vay halına! Dövlət yıxılacaq, padşah isə
bədbəxt olacaq və özünü məhv edəcək».
Qəlbin zövqü
Mərifət, yəni Allahı
bilmək və tanımaq qəlbin işidir. Həsəd, qəzəb, nifrətlə yanaşı
iman, Allah qorxusu, helm və təqva da qəlbə aid işlərdir. Hər
bir üzvün ləzzət aldığı bir fəaliyyət var. Dünyada çox şeylər
var, amma göz gözəl olanları görməkdən zövq alır. Dünyada çox
səslər var, amma qulaq xoşa gələn səsləri eşitməkdən zövq alır.
Qəlbin zövq aldığı fəaliyyət isə mərifətullah – yəni Allahı dərk
etməkdir.
Qəlbin ləzzəti hər şeyin
həqiqətini bilməkdədir. İnsan bu yolda nə qədər irəliləsə, o nisbətdə
ləzzət alar. İnsanın qəlbi nə qədər təmiz olarsa, daha çox sirlərə
vaqif olmaq imkanı əldə edər. Allahı
bilmək ləzzətlərin ən gözəlidlir. Çünki Allahın zat və sifatına,
sirlərinə, qüdrətini anlamağa yol açan onu tanımaq şərəf və səadətindən
daha gözəl nə ola bilər?!. Onu
da deyirlər ki, qəlb Allahın camalını müşahidə üçün xəlq olunub.
Mərifətullah əhli Allahı canından, malından daha çox sevər.
Qəlb iki deyil,
iki qapısı var
Mövlana yazırdı ki, əvvəlcə
çadır qurar, sonra türkü qonaq çağırarlar. Türk alimi Ömər Öngüt
«Qəlblərin açarı» adlı əsərində yazır ki, insan əvvəlcə sarayı
təmizləməlidir ki, Padşah (Allah) gəlsin. Fuad gözü, yəni qəlb
qapısı aralanarsa, bəzi sirlər təcəlli edər. İlahi nemət təmiz
qəlblərdə təcəlli edər. Qəlblər qablara bənzər. Qab su ilə dolu
olanda hava girə bilmir. Nə qədər ki, qəlblər masiva (Allahdan
başqası) ilə məşğuldur, mərifət hasil olmaz. Qəlbdə iki qapı var.
Biri daxilə – yəni mələkut aləminə, digəri xaricə – yəni beş hissə
açılır. Bu dünyaya aid dad və ləzzətlər qəlbdən çıxarıldığı anda
qəlbə doğru qeyb aləmi açılır və həqiqət görülür. Çünki qəlbin
hər iki aləmə yönəlib hər ikisini görməsi mümkün deyil. Bir tərəfi
qapalı olduğu üçün güzgüdə görüntü meydana gəldiyi kimi, qəlb
də Haqqdan qeyri şeylərə qapalı olanda ona qeyb aləmi açılır.
Qəlb mükəlləf
varlıqlara aiddir
Fikrimizcə, qəlb mükəlləf
varlıqlara aiddir. Heyvanların ürəyi var. Cinlər mükəlləf varlıq
olduqlarından qəlb onlara da aiddir. «Çoxlu-çoxlu İNSİ-CİN yaratmışıq
cəhənnəmlik olaraq. QƏLBLƏRİ VAR ANLAMAZLAR, gözləri var, görməzlər,
qulaqları var, eşitməzlər. HEYVAN KİMİ ŞEYDİR ONLAR. Yox, heyvandan
betərdilər, doğru yoldan daha uzaq düşüblər, qəflət içindədirlər»
(Əraf, 179). «Onlar heyvan kimi şeydilər» deyəndə məhz
qəlbin yalnız motor funksiyasını yerinə yetirdiyinə, ilahini dərk
yolunda heç nəyə nail olmadığına işarə var. Mükəlləf olmayan varlıqlar
üçün doğru və əyri yol deyilən anlayışlar yoxdur. Görünür, möhürlənmə
deyiləndə mükələf olmayanların urəyinə çevrilmə nəzərdə tutulur.
Quran qəlblərə
nur verir
«Sizə Allahdan bir nur
gəlib, aydın bir Kitab gəlib» (Məidə, 15). Bu
nurla qəlblər nurlanır. O, qəlblərdə paslanma və korlaşmanın qarşısını
alır. Möhür vurulmaz nur olan qəlblərə. O olan yerdə ilahi eşq
olar. İlahi eşq olan yerdə isə başqa heç nə olmaz. Çünki o, hər
şeyi yandırar. Məcnun: «Leyli sözü söylə, ya da xamuş» deyirdi,
ona görə ki, qəlbindəki Leyli eşqi başqa eşqlərə qalib gəlmişdi.
Amma Leyli eşqi masiva eşqi deyildi. Çünki onun «nəqqaş idi nəqşdən
muradı» (Füzuli). Bu yolu tutan başqalarını unutmalıdır.
Dünya ilə bağlı olan hər şeyi yaddanı çıxarmalıdır. Quranda əbəs
yerə deyilmir ki, arvad, uşaq, var-dövlət… insanı əsas eşqdən
yayındırır. «Məsnəvi»də bu həqiqət obrazlı şəkildə belə ifadə
olunur. Məcnun dəvəni minib Leylini görməyə gedirmiş. Dəvənin
belində xəyallara dalır və yüyən boşalır. Dəvənin də fikri öz
balasının yanında. Yüyənin boş olduğunu görüb başını döndərir
öz evlərinə, balasının yanına. Məcnun baxır ki, dəvənin istəyi
yerinə yetib. Bir neçə dəfə belə təkrar olunandan sonra dəvəni
buraxır: «Sən mənim başımın bəlasısan. Sənin öz dünyan var, mənim
öz dünyam, səninlə mənimki tutmuz». Dəvə burada insanı Allahdan
uzaqlaşdıran hər şey mənasında işlənib.
Qəlblərin xəstəliyi
Deyirlər ki, xəstə adam
gözəl yeməklərin dadını anlaya bilmədiyi kimi, əmr edən nəfsə
təslim olan adamın da qəlbi xəstə olar və o, ibadətlərdən ləzzət
ala bilməz. Kin, qəzəb, şəhvət, paxıllıq, riyakarlıq, tamah bu
xəstəliyin simptomlarındandır. Qəzali yazır ki, insan qəlbi öz
yaradılışından dəmir kimidir. Onu yaxşıca cilalamaqla güzgü düzəltmək
olar. Və cilalanmış «güzgü»də bütün dünyanı görmək olar. Əks halda
o pas atır və pas onu yediyindən daha güzgülüyə yaramır. Uca Tanrı
bu barədə deyir: «Xeyr, onların əməllərindən qəlbləri pas bağlayıb»
(Mutaffifin 14).
Maraqlı bir cəhət budur
ki, xəstəlik deyəndə əməli ilə sözü, zahiri ilə batini uyğun gəlməmək
nəzərdə tutulur. «Dilləri qəlblərində olanı söyləmirdi» deyilir.
Dinimizə görə, dil qəlbin tərcümanı olmalıdır. Yalan varsa, xəstəlik
var, riyakarlıq varsa, xəstəlik var. Şairlərə olan irad da («şairlərə
sapmışlar uyar») bu səbəbdəndir və ürəkdən gələni yox, yalan yazmalarına
görədir. Təsadüfi deyil ki, «onlar bunlardan deyil» deyə iç dünyasını,
duyğularını saf, səmimi şəkildə dilə gətirənlər onlardan fərqləndirilir:
«Məgər görməmisənmi, bir söz vadisindən o birinə keçərkən onlar
necə hədlərini aşırlar [yə'ni nə həcv, nə də mədhiyyə qoşmaqda
sərhəd gözləmirlər], Eləmədiklərini «Eləmişik» deyərlər» (Şuara,
225-226) .
Qəlb xəstəliyi qəlb qatılığı,
qəlb qaralması gətirir. Bu isə insanın sonsuzluğa, gözələ, yaxşıya,
Allaha gedən yolunu bağlayır: «Kimin ürəyini İslama açmışsa və
Öz nuru ilə doğru yola yönəltmişsə onu Allah, ürəyi bağlı olan
kimsə ilə birmi tutular beləsi? Vay halına o kəslərin ki, qəddar
ürəklərilə Allahı anmaqdan ayrı düşüblər. Aşkar bir sapqınlıq
içində vurnuxar onlar» (Zumər 22).
İnsanın qəlbinin paslanması
Allahla insan arasında bir pərdə yaradır. «Ayələrimiz ona oxunan
zaman «Öncəki nəsillərin əfsanələridir bunlar» deyər. Xeyr, elə
deyil! Qazandığı günahlardan pas atmış kafirlərin ürəyi. Əlbəttə,
o gün Rəblərinin rəhmətindən ayrı düşəcəklər (Mutaffifin
13-15).
Bəsirətin bağlanması
Deyirlər ki, bəndə bir
günah işlədəndə qəlbə bir qara nöqtə düşür, tövbə edəndə o nöqtə
silinir, qəlb parıldayır. Əgər təmizlənmə getməsə, nöqtələr çoxalır
və qəlbi tutur Beləliklə, qəlb paslanır və nəticədə kor olur.
Qəlbin kor olması
qəlb gözünün – bəsirətin kor olmasıdır. Bəsirət qəlbin görmək
gücüdür. O, ilahi işıqla nurlanır və varlığın sirlərini onunla
görürlər. Bəsirətin bağlanması ənfusi və afaqi dəlilləri oxumağa
mane olur. «Bunu ancaq təmiz olanlar anlar» ayəsi də bunu nəzərdə
tutur. Qəlb korluğunun ardınca damğalanma, qıfıllanma, möhürlənmə
gəlir. Burada artıq geriyə yol yoxdur.
Pərdə və möhür
«Onlardan eləsi var,
sənə qulaq kəsilər. Quranı qavramasınlar deyə örtük çəkdik ürəklərinə,
ağırlıq çökdürdük qulaqlarına. Hər cür möcüzəni görsələr belə,
yenə inanmazlar ona. Pənah gətirsələr də sənə, çəkişərlər səninlə.
«Öncə gəlib-gedənlərin əfsanələrindən başqa bir şey deyil bu»
deyər o kafirlər» (Ənam 25). Qəlbə pərdə çəkilməsinə
səbəb olan hərəkətlər içərisində bunlar götərilir: boş arzuları
ilah etmə (Casiyə 23), Allahın nemətlərin nankorluq
(Əraf 101), zülm (Yunus 74)…
«De ki, «Allah gözünüzü,
qulağınızı alsa sizdən, möhür vursa ürəyinizə, Allahdan başqa
tanrı varmı bunları qaytara sizə?» Bax, Biz necə açıqlayırıq bu
ayələri, onlar necə bunlardan üz döndərir»(Ənam 46).
Bu kimi ayələrdən belə
anlaşılmasın ki, Allah insanların iradəsinə müdaxilə edib onların
doğru yolu tapmasına əngəl olur. Belə olmadığı ayələrdən aydın
görünür: «Pozdular vədlərini, dandılar Allahın ayələrini, haqsız
yerə öldürdülər peyğəmbərləri, «Ürəyimiz pərdəlidir» dedilər.
Küfrə qarşılıq olaraq möhürlədi ürəyini onların Allah. Az bir
qismindən başqa iman gətirməz onlar» (Nisə 155); «Ondan
sonra da peyğəmbərlər göndərdik ayrı-ayrı qövmlərə. Aşkar dəlillər
gətirdi onlar qövmlərinə. Öncədən kafirlər idi, iman gətirmirdilər.
Beləcə möhürləyirik qəlblərini həddini aşanların» (Yunus
74).
Qəlbi-səlimlə
gəlin
Xəstəliyə tutulmamış
təmizlənmiş qəlb isə səlim qəlb adlanır. Allah taala istəyir ki,
hüzuruna səlim qəlblə gəlsin insanlar: «O gün ki, mal-dövlət,
oğul-uşaq fayda verməz heç kimə – yalnız təmiz ürəklə gəlməli
Allahın dərgahına» (Şuara 89). Tanınmış türk
alimi Yaşar Nuri Öztürk «qəlbi-səlim»dəki «səlim»in islamla bir
kökdən olmasına diqqət çəkir: «Səlim qəlb sülh, hüzur, təhlükəsizlik,
ağlıq və sükunətlə dolu qəlb deməkdir. İslam da bu dəyərləri əldə
etmək yoludur. Səlim qəlb Allaha lazım olan qədər təslim olan
qəlb deməkdir. …Rəhman olan Allahdan gizli bir yolla güc alan
və Rəhman üçün ürpərən bir qəlbdir»
|