Qəhrin də lütfün kimi xoş...
Cəlaləddin Rumi
Dünya insanlar üçün bir imtahan meydanıdır. O, nə oyun-oyuncaqdır,
nə əyləncə yeridir, nə də məhkəmə salonu. Bu imtahandan uğurla
çıxanların mükafatı və yanlışlarda israr edənlərin cəzası şübhəsizdir.
Amma təbii ki, bu ağır imtahanda insan bəzən yorulur, ümidsizliyə
baş vurur. Nə etməli? Ümidsizlik islamda nədir?
Dinimizə görə insan zəif, xətalar etməyə meylli bir varliqdır.
Yaradılışdan belədir. Ona görə səhv etmək insanın bütün ömrü boyu
qarşılaşacağı bir durumdur. Önəmli olan insanin etdiyi xətalardan
ibrət alması, onlara bir daha yol verməməyə çalışması, bu yolda
ortaya iradə qoymasıdır. Saleh müsəlman bilməlidir ki, Allah taala
hər bir hadisəni möminin xeyrinə yaradır. Edilən xəta hansısa
xeyirlərə və hikmətlərə vəsilə olacaq. Xətalar nəticəsində təvəkkül
sərgiləmək Allaha təslimiyyətin, ona güvənmənin bir göstəricisidir.
Daha bir dərs odur ki, insan öz acizliyini bir daha anlayır. Bundan
əlavə, Allahın böyüklüyünü, nə edirsə-etsin, sonda yalnız ona
sığına biləcəyini xatırlayır. Bu isə insanın Allah sevgisini bir
az da artırır. Bəzən edilən bir yanlış insanin özünə, başqalarına
edə biləcəyi daha böyük bir səhvin qarşısını almaq üçün olur.
Kiçik xətadan dərs alan insan daha təmkinli olur, hərəkət və hərəkətsizliklərini
daha ciddi götür-qoy edir. Şüurunu daha ayıq, oyanıq saxlayır...Əslində
yanlışların özü insan üçün bəzən lütf olur, amma cəza kimi qəbul
edilir. Etdiyindən nəticə çıxarmaq əvəzinə dönə-dönə oraya qayıtmaq
insana heç nə verməz. Artıq o nöqtəyə dönüş yoxdur! Baş verənlərə
rəhmani bir gözlə baxılmayanda bu, insani depressiyaya, xaosa,
ümidsizliyə sürükləyə bilər. Yusif surəsində
deyilir: “Allahın rəhmətindən ümidinizi üzməyin. Allahın rəhmətindən
ümidini ancaq kafirlər üzər».”
İnanan insanlar ümidsizliyin, pessimizmin inancsızlara xas olduğunu
bilməli və bundan çəkinməlidirlər.
Bu və ya başqa bir olayın insanın xeyrinə, yoxsa ziyanına olduğunu
müəyyən etməyin çətin olması haqqında da ayə var. Təxminən bu
məzmunda: Elə şeylər var ki, xeyrinizədir, amma siz onu zərər
kimi qəbul edirsiniz. Nəyin xeyir, nəyin şər olduğunu bilməyin
çətinliyi haqda bir rəvayətdə isə belə deyilir: Bir kişinin atı
itibmiş. O vaxt atı olmaq böyüklük, onu itirmək fəlakət sayılırmış.
Qohum və dostlar gəlib onun dərdinə şərik olduğunu deyirlər: “Sənə
pis hadisə üz verib”. Kişi cavab verir: “Bilmək olmaz, bəlkə,
yaxşısı budu”. Adamlar fikirləşirlər ki, şəksiz, kişi fəlakətdən
ağlını itirib. Bir neçə ay keçir. At qayıdır, yanında da bir neçə
vəhşi at. İndi dost-tanış gözaydınlığına gəlir. Sevindiklərini
deyirlər. Kişi isə deyir: “Bəlkə, yaxşıdı, bəlkə də, pisdi”. Yenə
deyirlər ki, kişi dəli olub. Necə yəni, bəlkə də, pisdi? Bir müddət
keşir. Kişinin oğlu vəhşiləşmiş atları öyrədəndə onu yıxırlar
və qabırğaları sınır. Adamlar gəlib təəssüf ifadə edirlər. Kişi
yenə deyir: “Bəlkə, yaxşısı budu”. Bu vaxtlar müharibə başlayır.
Səfərbərlik olur. Gedənlər hamısı qırırlır. Kişinin oğlunu isə
məlum səbəbdən aparmırlar. Bu rəvayət də yuxarıda keçən ayədəki
məntiqin ifadəsidir.
Təsəvvüf əhli hesab edir ki, insan Allahdan gələn hər şeyi sevgi
ilə qəbul etməlidir. Cəlaləddin Ruminin məşhur bir sözü var: “Qəhrin
də lütfün kimi xoşdur”. Təbii ki, baş verən, belə deyək, bəlaları
lütf kimi qəbul eləmək çox az adama müyəssər olur. Bu, çox çətindir.
Amma təsəvvüf əhli deyir ki, “Qəhrin də lütfün kimi xoşdur” deyimi
avamlar üçündür. Ariflər yaxşı bilir, Onun qəhri yoxdu ki, O,
başdan-başa lütfdür...
|