Rəhman
və Rəhim Allahın adıyla
1. Ta sin mim.
2. Bunlar haqqı aşkar
bildirən Kitabın ayələridir.
3. Musa ilə Fir'ondan
gerçək bir əhvalat danışırıq sənə, çatdır bunu iman gətirənlərə.
4. Ali bir məqama yetmişdi
Fir'on yer üzündə. Bölüm-bölüm zümrələrə böldü xalqını. Gücsüz
görüb bir tayfanı kəsirdi başını oğullarının, sağ buraxırdı qadınlarını.
Pozğunçuluq törədən kimsələrdəndi Fir'on.
5. İstəyirdik gücsüzlərə
yaxşılıq eləyək, onlara başçılar seçək, onları Fir'onun mülkünə
varis eləyək,
6. onları yer üzündə
yerləşdirək və göstərək Fir'ona, Həmənə, bunların əsgərlərinə
qorxduqları şeyləri.
7. Musanın anasına vəhy
eləmişdik: «Uşağı əmizdir, ondan ötrü qorxuya düşən zaman onu
suya at, qorxma, üzmə özünü. Onu sənə qaytararıq, onu peyğəmbər
edərik».
8. Sudan götürdü onu
Fir'onun adamları. Onlara düşmən olacaqdı, başlarına bəla olacaqdı
bu körpə. Günahlara batmışdı Fir'on, Həmən və bunların əsgərləri.
9. «Mənim də, sənin də,
gözümüz aydın olsun! Öldürməyin onu. Bəlkə bir faydası dəydi bizə.
Ya da gəlin oğulluğa götürək onu» dedi Fir'onun qadını. Onlar
nə biləydilər bu işin axırı hara çıxacaq.
10. Musanın anası ürəyində
körpəsinin dərdi ilə səhəri açdı. Az qala deyəcəkdi ki, körpə
onun balasıdı. Ancaq ürəyinə səbat verdik Allahın verdiyi və'də
inana.
11. Musanın bacısına
dedi: «Göz qoy ona». O da bir kimsəni duyuq salmadan kənardan
göz oldu öz qardaşına.
12. Anasının döşündən
savayı özgənin döşünü əmməyi yasaq buyurmuşduq öncədən ona. Bacısı
gəlib «Bu uşağa baxacaq, ona tərbiyə verəcək adamları sizə nişan
verimmi?» dedi.
13. Beləcə anasına qaytardıq
onu, gözləri aydın olsun, dərd əlindən üzülməsin və bilsin, və'di
haqdır Allahın. Amma yenə bilməyir bunu çoxları.
14. Elə ki, yetginlik
çağına yetişdi, yaşa doldu, hikmət verdik, elm verdik Biz ona.
Yaxşıları mükafatlandırırıq beləcə.
15. Şəhərə girdi Musa
öz əhlindən xəbərsiz. Gördü iki nəfər bir-birilə boğuşur. Biri
öz qövmündən, digəri düşmənlərdən idi. Qövmündən olan kimsə düşməni
əleyhinə yardım istədi Musadan. Musa düşmən qövmdən olanı elə
vurdu ki, oradaca canı çıxdı bu kəsin. «Bunu şeytan elədi. Açıqca
düşməndir insana, azdırandır insanı doğru yoldan o» dedi Musa.
16. «Zülm elədim özümə,
bağışla məni, Rəbbim» dedi. Günahından keçdi Allah. Günahlardan
keçəndir, Rəhimdir O.
17. «Rəbbim! Verdiyin
o ne'mət haqqı, heç vaxt yardım eləmərəm suçu olan kəslərə!» dedi.
18. Ətrafına baxa-baxa
təlaşla, şəhərdə səhəri təzəcə açmışdı ki, bir də baxdı dünən
onu köməyə çağıran kəs indi də bir başqasının əleyhinə qışqıraraq
yardım umur ondan yenə. «Açıqdan-açığa azğının birisən sən» dedi
Musa.
19. O da onlara düşmən
qövmdən olanı yenə yaxalamaq istərkən Musa, dedi: «Ey Musa, dünən
bir nəfəri öldürdün, indi mənimi öldürmək istəyirsən. Deməli,
yer üzünün nizamını düzəldən deyil, yalnız bir müstəbid olmaq
arzusundasan».
20. Şəhərin o başından
kəsə yolla qaça-qaça bir adam gəlib dedi: «Ey Musa! Ə'yanlar səni
öldürmək üçün məşvərət eləyirlər. Sənə məsləhət görürəm aradan
çıxasan».
21. Ətrafına baxa-baxa
təlaşla, çıxdı şəhərdən Musa. «Zalım qövmün əlindən qurtar məni,
Rəbbim» dedi.
22. Mədyənə doğru üz
tutub getdi. «Bəlkə doğru yola yetirə məni Rəbbim» dedi.
23. Mədyəndə bir su quyusuna
tərəf gəldi. Gördü mal-qarasına camaat su verir, iki qız da qoyunları
yanında dayanıb baxır. «Niyə dayanmısız belə?» soruşdu qızlardan
o. «Gözləyirdik çobanlar işlərini bitirələr, sonra biz də qoyunlarımıza
su verərik. Atamız da əldən düşmüş bir qocadır» dedilər.
24. Qızların qoyunlarına
su verib kölgəliyə çəkildi. «Mənə nə xeyir göndərsən, ona möhtacam,
Rəbbim» dedi.
25. Qızlardan biri utana-utana
onun yanına gəldi, dedi: «Atam səni evimizə çağırır, qoyunlarımıza
su verdiyinə görə haqqını vermək istəyir». Qocanın evinə gəldi,
başına gələnləri bir-bir danışdı. «Qorxma, artıq xilas olmusan
zalım qövmün əlindən» dedi qoca.
26. «Atacan, onu muzdur
tut özünə. Muzdurların hamısından o yaxşıdır. Qolları qüvvətlidir,
özü e'tibarlıdır» dedi qızlardan biri.
27. «İstəyirəm bu iki
qızımdan birini sənə ərə verim. Əvəzində sən mənə səkkiz il işləməlisən.
On ilə çatdırsan muzdurluğunu, bu sənin öz fəzilətin. Fəqət səni
çətinə salmaq niyyətim də yox. Allah qoysa məni saleh adamlardan
biri kimi tanıyarsan» dedi qoca.
28. «Sözümüz sözdür.
Bu iki müddətdən hansı birini başa vursam, azadam deməli. Allah
Özü şahiddir bizim söhbətimizə» dedi Musa.
29. Müddətini bitirdi,
ailəsiylə bərabər yola düşdü. Tur dağı tərəfdə bir od gördü. Ailəsinə
dedi: «Bir od gördüm uzaqda. Gedib ordan sizə bir xəbər gətirəcəm,
yaxud da bir od parçası gətirəcəm qızınasız».
30. Oraya çatan kimi
mübarək məkanda, vadinin sağ tərəfindən, müqəddəs bir ağacdan
səs gəldi: «Aləmlərin Rəbbi olan Allah Mənəm, Mən.
31. Əlindəki əsanı yerə
at». Görəndə ki, ilan kimi qıvrılaraq sürünür əsa, arxasına baxmadan
qaçmağa üz tutdu Musa. «Ey Musa, qorxma, qayıt! Sən artıq təhlükədən
uzaqsan.
32. Əlini qoltuğuna sal,
çıxar, qüsursuz, bəmbəyaz olar əlin. Qorxudan açılan qollarını
bas sinənə. Bu iki mö'cüzə Fir'on və onun ə'yanlarından ötrü Rəbbinin
dəlilləridir. Sapmış bir qövmdür onlar».
33. Musa dedi: «Rəbbim,
onlardan bir kimsəni öldürmüşəm, qorxuram öldürələr məni.
34. Qardaşım Hərunun
dili daha anlaşıqlı. Onu da göndər yardım eləsin mənə, sözlərimi
təsdiqləsin. Qorxuram danalar məni».
35. «Sənə qardaşınla
yardım edərik. İkinizə də elə qüdrət verərik ki, sizə əl uzada
bilməsinlər. Sizin ikinizi, sizə tabe olanları, hamınızı qələbəyə
çatdıracaq Bizim ayələr» dedi Allah.
36. Bizim aşkar ayələrlə
gəldi Musa onların yanına. «Bu qurama bir cadudur. Biz dədə-babadan
belə şey eşitməmişik» dedilər.
37. «Rəbbim daha yaxşı
bilir kim gətirmiş sizin üçün dərgahından doğru yolu, kimə qismət
olacaq axirət evində uğurlu tale. Zalımlar uğura uğramazlar» dedi
Musa.
38. «Ey ə'yanlar! Tanrınız
təkcə mənəm, başqa tanrı tanımıram. Sən də ey Həmən, gil yandır
od içində, bişən gildən bir qəsr ucalt üstündən Musanın tanrısını
görə bilim. Belə bilirəm yalançının biridir o, şübhəsiz» dedi
Fir'on.
39. Nahaq yerə lovğalanırdı
Fir'onla əsgərləri. Elə bilirdilər Bizim dərgahımıza dönməyəcəklər.
40. Biz də əsgərlərilə
bərabər yaxalayıb onu suya atdıq. Bax necə olur axırı zalımların.
41. Onlara başçılar seçdik
cəhənnəm oduna gedən yola səsləsinlər təbəələrini. Qiyamət günü
yardımsız qalar onlar.
42. Lə'nət yazısıyla
damğaladıq bu dünyada onları. Qiyamət günündə də iyrənc kimsələrdən
olaraq qalacaqlar.
43. Öncəki nəsilləri
yoxa çıxarandan sonra insanların gözünü haqqa açan, onlara yol
göstərən, rəhmət verən Kitab göndərdik Musaya. Dedik bəlkə öyüd
alalar.
44. Musaya hökmümüzü
Biz verən zaman Tur dağının qərbində onu gözləyənlər arasında
sən yox idin. Və sən onu görənlərin yanında da deyildin.
45. Ondan sonra neçə-neçə
nəsillər yaratdıq. Başlarının üstündən illər ötdü. Mədyən camaatının
da içində yoxdun, ayələrimizi onlara oxumurdun. Onların xəbərlərini
sənə çatdıran Bizik.
46. Biz Musanı səsləyən
zaman Tur dağının yanında da sən yox idin. Fəqət səndən öncə peyğəmbəri
olmayan qövmə xəbərdarlıq çatdırmaq istədik, Rəbbindən rəhmət
payı olaraq səni peyğəmbər göndərdik. Dedik bəlkə öyüd alalar.
47. Öz əliylə gördükləri
bir işin bəlasına düşəndə, «Olmazdımı, bir elçi göndərəydin bizə,
Rəbbimiz, o zaman tabe olardıq ayələrinə, mö'minlərdən olardıq»
deyərlər.
48. Ancaq dərgahımızdan
haqq gələndə onlara, «Olmazdımı, Musaya veriləndən buna da veriləydi?»
deyərlər. Musaya veriləni də öncə danmamışdımı onlar? «Bunlar
ikisi [Musa və Muhamməd] bir-birinə arxa olan cadubazdırlar» dedilər.
«Hər birinə küfr edirik» dedilər.
49. De ki, «Əgər sadiqsinizsə
ilahi kəlamlara, o ikisinə gələndən daha doğru bir Kitab gətirin
ona tabe olum mən».
50. Cavab verə bilməsələr, bil öz şıltağının əsiridirlər. Allah
yoluna gəlməyib öz şıltağına uyanlardan daha çox sapmış kim ola?
Zalımların qövmünü doğru yola çəkməz Allah.
51. Onlara Qur'anı açıqladıq
bəlkə öyüd alaraq iman gətirələr.
52. O kəslərə ki, bundan
öncə Kitab vermişik, buna da iman gətirər onlar.
53. Onlara Qur'an oxunan
zaman «Buna iman gətirdik. Şübhəsiz, Rəbbimizdən gəlmiş olan haqdır
bu. Biz bundan öncə də müsəlmandıq» deyərlər.
54. İkiqat verilər əcirləri
səbr elədiklərinə görə. Yaxşılıqla sovarlar pisliyi. Verdiyimiz
ruzidən Allah yolunda sərf eləyərlər.
55. Mə'nasız bir sözü
eşidən zaman üz çevirib gedərlər. «Bizim öz işimiz var, sizin
də öz işiniz. Salam olsun sizə, cahillərlə bir işimiz yox bizim»
deyərlər.
56. Sevdiyin bir kimsəni
doqru yola yönəltməyə sənin gücün yetən deyil, təkcə Allah yönəldər
doğru yola istədiyi kimsəni. Doğru yola gələnləri daha yaxşı O
tanıyar.
57. «Doğru yolu tutsaq
əgər, biz səninlə bərabər yurdumuzdan qovularıq» dedilər. Məgər
Biz onlara əmin-amanlıq içində olan müqəddəs bir ocaqda, hər tərəfdən
məhsulların axışdığı diyarda yer vermədikmi? Ancaq bunu bilməyir
onların çoxu.
58. Keçirdiyi güzərana
naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri!
Onlardan sonra bu evlərdə az-az qalarlar. Həmin şəhərlərə varis
olanlar Bizik.
59. Ayələrimizi camaata
oxuyan bir elçi göndərməmiş heç bir şəhəri Rəbbin məhv eləyən
deyil. Biz yalnız camaatı zalımlar olan şəhəri məhv edərik.
60. Sizə verilən hər
şey gəldi-gedərdir, dünyanın zər-ziynətidir. Allahın dərgahında
olan ne'mət isə daha yaxşı, daha qalımlı. Bir ağıl işlətsəniz.
61. Və'd verdiyimiz gözəl
bir ne'mətə qovuşan kimsə, dünya həyatının gəldi-gedərini verdiyimiz,
sonra qiyamət günü məhşərə çəkdiyimiz kimsəyə bərabərmi tutalar?
62. O gün səsləyərək
onları «Mənə qoşduğunuz şəriklərim hanı, görmürəm?» deyər Allah.
63. Dediyimiz o əzab
gələndə başlarına «Rəbbimiz! Azdırdığımız kimsələrdir bu gördüklərin.
Özümüz azdığımız kimi bunları da azdırmışıq. Bunlardan uzaqlaşıb
dərgahına gəlmişik. Əslində bunlar bizə ibadət eləmirdilər» deyərlər.
64. «Allaha qoşduğunuz
şərikləri di çağırın gəlsinlər» deyilər onlara. Ha çağıralar,
cavab gəlməz ki, gəlməz. Elə ki, cəhənnəm əzabını gördülər, düşünərlər,
kaş ki, onlar doğru yolda olaydılar.
65. O gün səsləyərək
onları «Elçilərə cavabınız nə oldu?» deyər Allah.
66. Söz tapa bilməzlər
deyələr o gün, bir-birindən sorğu-sual eləməzlər o gün.
67. Ancaq istəyirik tövbə
eləyən, imana gələn, yararlı bir iş görən kimsələr uğura uğrayalar.
68. İstədiyini yaradar,
istədiyini seçər Rəbbin. Yaradılanın, seçilənin seçməyə haqqı
yoxdur. Ona qoşduqları şəriklərdən ucadadır, ucalardan ucadır
Allah.
69. Onların içini də,
çölünü də bilir Rəbbin.
70. Odur Allah, Ondan
başqa tanrı yoxdur. Dünyada və axirətdə həmd edilib öyülməli təkcə
Odur. Hökm təkcə Onundur. Onun da dərgahına axır dönəcəksiniz.
71. De ki, «Deyin, görək
Allah qiyamətə qədər uzatsaydı gecəni, Allahdan başqa hansı tanrı
sizə nur gətirərdi? Yoxsa eşitmirsiniz?»
72. De ki, «Deyin görək,
əgər Allah qiyamətə qədər uzatsaydı gündüzü, dincinizi almaq üçün
Allahdan başqa hansı tanrı gətirərdi gecəni? Yoxsa ki, görmürsünüz?»
73. Dincələ biləsiz deyə,
lütf eləyib verdiyi ruzini axtarıb tapasız deyə, Allaha şükr eləyəsiz
deyə Özünün rəhmətindən pay olaraq var eləmiş gecəylə gündüzü.
74. O gün səsləyərək
onları, «Mənə qoşduğunuz şəriklərim hanı, görmürəm» deyər Allah.
75. Hər ümmətdən şahid
seçərik, soydaşlarına deyərik: «Gətirin dəlilinizi». Onda bilərlər
haqq tanrılıq təkcə Allahın işidir. Və uydurduqları şeylər yoxa
çıxar onlardan.
76. Musanın qövmündəndi
Qarun. Azğınlıq eləyirdi öz qövmünün içində. Biz ona o qədər xəzinələr
vermişdik ki, bunların açarlarını bir bölük qüvvətli adam zorla
daşıyırdılar. Soydaşları bir zaman ona söyləmişdilər: «Sən çox
da lovğalanma! Lovğaları sevməz Allah.
77. Allahın sənə verdiyi
ne'mətlər içində axirət evini də düşün, dünyadakı payını da unutma.
Yaxşılıq eləmiş sənə Allah. Sən də yer üzündə pozğunçuluq arama.
Şübhəsiz, pozğunçuları sevməz Allah».
78. «Bunlar mənə qazandığım
elmə görə verilmiş» dedi. Ondan daha güclü, daha sərvətli olan
neçə-neçə nəsilləri yoxa çıxarmış Allah. Bunu bilməzmi oldu? Suçluları
suçlarına görə sorğusuz-sualsız cəhənnəmə atarlar.
79. Zər-ziynət içində
qövmünün önünə çıxdı Qarun. Dünya həyatını arzulayan kimsələr
dedilər: «Qaruna veriləndən bizə də veriləydi. Dünyanın xoşbəxti
odur, şübhəsiz».
80. Elm almış kəslər
dedilər: «Yazıqlar olsun sizə. Allahın mükafatı bundan yaxşıdır
iman gətirənlər üçün, əməli salehlər üçün. Onu da yalnız səbrlilər
ala bilər».
81. Yem elədik torpağa
Qarunu qəsriylə bərabər. Allahsızdı deyə heç kimi də yox idi ona
yardım eləyə. Yardım alan kimsələrdən deyildi.
82. Hələ dünən onun yerində
olmağı arzulayan kimsələr səhər çağı dedilər: «Deməli, bəndələrindən
istədiyi kimsəyə ruzini artıq verər, istədiyi kimsəyə müəyyən
miqdarda verər Allah. Deməli, Öz lütfünü bizdən əsirgəsəydi, bizi
də gömərdi yerə Allah. Deməli, nankorlar uğura uğramazlar».
83. Odur axirət evi!
Onu o kəslərə verərik ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı
sevməz onlar. Müttəqilərə qismət olar axirət evində uğurlu tale.
84. Kimlər yaxşılıq götirərsə,
bundan daha yaxşısını alarlar. Kimlər pislik gətirərsə, bilsinlər,
yalnız öz işləklərinə qarşılıq olaraq cəza alarlar.
85. Qur'ana tabe olmağı
sənə vacib bilən Allah səni gəldiyin yerə [Məkkəyə] mütləq qaytaracaqdır.
De ki, «Rəbbim daha yaxşı bilər kim buraya doğru yolla gölib çıxmış,
kim sapqınlıq içində açıqdan-açığa vurnuxub qalmış».
86. Sən güman eləməzdin
sənə bu Kitab verilə. Yalnız Rəbbinin rəhmətindən pay olaraq sənə
verilmiş bu Kitab. Kafirlərə nəbadə arxa olasan.
87. Allahın ayələri sənə
nazil olanda ayıq ol ayırmayalar səni bu ayələrdən, dua elə Rəbbinə,
Ona şərik qoşanlardan olmayasan.
88. Allaha tay tutmayasan
başqa tanrını. Ondan başqa tanrı yoxdur. Ondan başqa hər şey məhv
olandır. Hökm təkcə Onundur. Onun da dərgahına axır dönəcəksiniz.
|