Rəhman
və Rəhim Allahın adıyla
1. Yaxınlaşmış qiyamət
saatı, yarılmış ay.
2. Bir ayə görsələr belə
haqdan üz döndərərlər. «Əzəlki cadudur bu» deyərlər.
3. Danarlar Peyğəmbəri,
uyarlar öz nəfslərinə. Hər şey tutar öz yerini.
4. İbrət dərsli neçə-neçə
əhvalatlar danışıldı onlara.
5. Bütöv bir hikmətlə
yoğruludur hərəsi. Xəbardarlıq eləməyin, görünür, yox faydası.
6. O inkar elədiklərinə
carçı çağıran gün, onlardan üz çevir sən.
7. Gözləri təlaşla dolu
qəbirlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar.
8. Carçıya sarı tələsərlər.
«Bu gün çox çətin gündür» deyər kafirlər.
9. Bunlardan da öncə
Nuh qövmünün adamları danmışdılar bəndəmizi. «Bu dəlidir» demişdilər.
Əlacsız qalmışdı Nuh.
10. Yalvardı Rəbbinə:
«Mən məğlubam, yardım elə».
11. Açdıq göyün qapılarını,
göydən leysan yağdı yerə.
12. Bulaqlar qaynatdıq
yerin yarıqlarından. Allahın əmrini yerinə yetirmək üçün göylə
yerin suları birləşib axın oldu.
13. Taxtadan, mıxdan
qayırılmış bir gəmiyə mindirdik Nuhu.
14. Danılmış peyğəmbərə
yardım olaraq gözümüz önündə üzürdü gəmi.
15. Biz bunu elədik ki,
ibrət ola sonrakı nəsillərə. Bu ibrətdən kim barınmaq istəyir?
16. Axır gördülərmi verdiyim
əzab nə imiş, bildilərmi elədiyim xəbərdarlıq nə imiş?
17. Biz Qur'anı yaddaş
üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qur'andan?
18. Ad qövmü də danmışdı
peyğəmbərini. Axır gördülərmi verdiyim əzab nə imiş, bildilərmi
elədiyim xəbərdarlıq nə imiş?
19. Başdan-başa nəhs
olan bir gündə vıyıltılı sərt külək göndərdik üstlərinə.
20. Kökündən qopmuş xurma
ağacları kimi adamları qatıb qabağına aparırdı külək.
21. Axır gördülərmi verdiyim
əzab nə imiş, bildilərmi elədiyim xəbərdarlıq nə imiş?
22. Biz Qur'anı yaddaş
üçün asan elədik, sadə elədik, Kim barınmaq istəyir bu Qur'andan?
23. Xəbərdarlıq eləyən
peyğəmbərini Səmud qövmü də dandı.
24. Dedilər: «Öz içimizdən
olan bir bəşərin ardıncamı biz hamımız getməliyik? Getsək, sapqınlıq
içindəyik, dəliyik, deməli.
25. İçimizdə təkcə onamı
vəhy verilmiş? Yalançının, lovğanın biridir o».
26. Sabah [qiyamət günü]
hökmən biləcəklər kim yalançı, kim lovğadır.
27. Onları sınaqdan keçirmək
üçün dəvəni göndərən Biz idik. Salihə demişdik: «Gözlə gör nə
iş görəcəklər, səbr elə nə eləsələr.
28. Və bildir ki, bulağın
suyundan onların da, dəvənin də növbə ilə payı var».
29. Çağırdılar özlərinin
bir dostunu, bu da alıb qılıncını kəsdi dəvəni.
30. Axır gördülərmi verdiyim
əzab nə imiş, bildilərmi elədiyim xəbərdarlıq nə imiş?
31. O tək gurultunu göndərdik
üstlərinə. Çörə-çöpə, çubuğa çevrildilər.
32. Biz Qur'anı yaddaş
üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qur'andan?
33. Lut qövmü də danmışdı
xəbərdarlıq eləyən peyğəmbərini.
34. Daş yağdıran yel
göndərdik üstlərinə. Yalnız Lutun ailəsini bəladan qurtardıq səhər
çağı.
35. Bu bir ne'mət idi
verdik ona dərgahımızdan. Beləcə mükafatlandırırıq Allaha şükr
eləyən kimsələri.
36. Lut onları qorxuzmaq
istəmişdi əzabımızla. Onlarsa şübhəylə yanaşdılar onun xəbərdarlığına.
37. Ona qonaq gələn mələklərə
onların gözü düşdü. Kor elədik gözlərini. «Di dadın əzabımı, bilin,
elədiyim xəbərdarlıq nə imiş».
38. Bir səhər qovuşdular
əbədi bir əzaba.
39. «Di dadın əzabımı,
bilin, elədiyim xəbərdarlıq nə imiş».
40. Biz Qur'anı yaddaş
üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qur'andan?
41. Fir'on ailəsinə xəbərdarlıq
gəlib çatdı.
42. Ayələrimizin hamısını
dandılar. Biz də güclü, müqtədir Allahın əzabına uğratdıq onları.
43. Siz [Qüreyş bütpərəstlərinə
müraciətlə] kafirlər onlardan artıqmısınız? Bəlkə ilahi Kitablarda
sizə əzabdan bəraət yazılmış?
44. Yoxsa [Peyğəmbərə
müraciətlə] «Biz qalib bir dəstəyik» deyirlər?
45. Dağılacaq dəstələri,
baş götürüb qaçacaqlar.
46. Onlara və'd edilən
əzabın və'dəsidir qiyamət saatı. Çox dəhşətli, çox acıdır bu saatın
əzabı.
47. Bir sapqınlıq, bir
çılğınlıq içindədir suçlular.
48. Yzü üstə od içinə
sürüklənən gün, «Di dadın cəhənnəm əzabını» deyilər onlara.
49. Bir ölçü gözləyərək
yaratmışıq hər şeyi.
50. Bir göz qırpımında
əmrimiz yetər yerinə.
51. Sizin kimi neçə-neçə
nəsilləri məhv eləmişik. Bir kimsə tapılarmı dərsini ala bundan?
52. Görülən hər bir iş
qeydə düşər əməl kitablarında.
53. Xırda-iri nə varsa,
yazılar sətir-sətir.
54. Cənnətlər içindədir,
çaylar qırağındadır müttəqilər.
55. Müqtədir hökmdarın
dərgahındakı haqq məclisində əyləşmiş onlar.
|