Rəhman
və Rəhim Allahın adıyla
1. Qaf. And olsun bu
Qur'ani Məcidə,
2. kafirlər görəndə ki,
onlara öz içindən xəbərdarlıq eləyən bir peyğəmbər gəlib çıxmış,
çaşbaş qalıb dedilər: «Bu çox qəribə işdir.
3. Öləndənmi sonra, torpağa
dönəndənmi sonra diriləcəyik? Həyata qayıtmamız çox müşkül bir
işdir».
4. Biz artıq bilirik
onlardan kimlər yem olacaq torpağa. Dərgahımızda saxlanılan yazıda
qeyd edilmiş hər şeyin barəsində.
5. Haqq gəldimi onlara,
onu dərhal dandılar. Tərəddüd içindədir, çaşbaşdır onlar.
6. Başlarının üstündəki
göyə bir nəzər salalar, görələr onu necə qurmuşuq, necə bəzəmişik.
Bircə çat yeri də yoxdur bu göydə.
7. Yer üzünü də döşədik.
Ystündə möhkəm dayanan dağlar yaratdıq, gözəl-gözəl bitkilərdən
növ-növ bitirdik.
8. Allaha üz tutan hər
bəndə üçün aşkar bil dəlil olaraq, öyüd olaraq Biz bunları elədik.
9. Xeyir-bərəkət daşıyan
su göndərdik səmadan. Bu su ilə gözəl bağlar var elədik, biçinlik
olan dənli bitkilər,
10. sıx salxımlı uca
xurma ağacları yetirdik
11. bəndələrə ruzi olaraq.
Və ölü bir ölkəni diriltdik. İnsanlar da beləcə qəbirlərdən çıxaraq
dirilərlər.
12. Onlardan öncə də
danmışdılar göndərilmiş elçiləri. Nuh qövmü, Ras camaatı, Səmud
qövmü,
13. Ad qövmü, Fir'on,
Lutun qardaşları,
14. əl-Eykə camaatı,
Tubbə qövmü - hər biri danmışdı peyğəmbərini və və'd verdiyim
o əzab haqlamışdı onları.
15. İlk xilqəti yaradanda
məgər yorulduqmu Biz? Onlarsa bir daha xəlq olacaqlarına şəkk
gətirirlər.
16. İnsanı yaradan Bizik,
Biz də bilirik nəfsi ona nə pıçıldayır. Biz ona şah damarından
daha yaxınıq.
17. Hər şeyi qeydə alan
iki mələk əyləşmiş sağında və solunda.
18. Ağzından söz çıxdımı,
hazırdırlar yanında bu gözətçi mələklər.
19. Vahimə gətirən ölüm
haqdır. Bu sənin [kafirə müraciətlə] əzəldən bəri qorxub qaçdığın
şeydir,
20. Sur çalınır. Bu,
kafirlərə və'd verilmiş olan gündür.
21. Hər kəs öz yanında
onu məhşərə çəkib aparan bir mələklə və onun əməllərinə şəhadət
verən bir mələklə gəlib çıxır.
22. «Sən bundan dünyada
xəbərsizdin. İndi qəflət pərdəsini üstündən götürmüşük, gözlərin
artıq itidir».
23. «Budur əməllərinin
yazısı» deyir yanındakı mələk.
24. «Aparıb tullayın
cəhənnəmə hər natərəs kafiri,
25. xeyir işə əngəl olan,
zalım olan, dinə şəkk gətirən hər kəsi.
26. O kəsi ki, başqa
bir tanrını şərik qoşardı Allaha. Atın onu şiddətli əzab içinə».
27. «Rəbbimiz! Onu mən
azdırmadım, dərin bir sapqınlıq içində vurnuxurdu özü öncədən»
deyir yanındakı şeytan.
28. «Dərgahımda sözləşməyə
son qoyun. Bu günün gələcəyini öncədən demişdim sizə.
29. Dediyim söz bir olar.
Bəndələrə də zülm eləyən deyiləm» deyir Allah.
30. O gün cəhənnəmə:
«Doldunmu?» deyərik. «Yenə varmı?» söyləyər.
31. Müttəqilərə cənnəti
yaxın eləyərlər. Əslində heç uzaq da deyil o cənnət.
32. Onlara deyilər: «Bu,
Allaha üz tutanlar üçün, Onun qoyduğu sədləri qoruyanlar üçün
və'd edilən bir yerdir.
33. Bu, Rəhmanı görməyə-görməyə
Ondan qorxan, Onun hüzuruna tərtəmiz ürəklə gələn kimsəyə və'd
edilən bir yerdir.
34. Sağ-salamat girin
oraya. Bu gün əbədiyyətə qovuşmaq günüdür».
35. Nə istəsələr taparlar
orada. Hər şey artıqlamasilə var Bizim dərgahımızda.
36. Onlardan öncə neçə-neçə
nəsilləri məhv eləmişik. Bu nəsillər onlardan daha güclü idilər,
diyar-diyar dolaşaraq ölümdən qaçmağa yer gəzirdilər.
37. Şübhəsiz, bunda bir
ibrət dərsi var döyünən ürəkli, eşidən qulaqlı, görən gözlü kimsə
üçün.
38. Göyləri, yeri, bunların
arasında olanları altı gündə yaratdıq bir yorğunluq duymadan.
39. Nə deyirlər desinlər,
bas səbrini. Günəş çıxmamış, günəş batmamış həmd oxu öz Rəbbinə.
40. Gecə vaxtının namazları
zamanı, sonra yenə həmd oxu öz Rəbbinə.
41. O gün carçının [İsrafil]
yaxşı bir məkandan car çəkəcəyi sözlərə qulaq kəsil.
42. Haqq olan dirilmək
əmrinin səslənməsini o gün eşidər hamı. O gün ölülərin qəbirlərdən
çıxan günüdür.
43. Can verən də Bizik,
can alan da Biz. Bizim də dərgahımıza axır dönəcək hamı.
44. O gün yer yarılar,
hamı tez-tələsik qəbirlərdən ayrılar. Hamını bir yerə beləcə cəm
edərik. Bizim əlimizdə bu çox asan bir işdir.
45. Biz daha yaxşı bilirik
onlar nə söyləyirlər. Sənin işin onlara zor göstərmək deyildir.
Verdiyim və'ddən qorxan kimsəyə yalnız öyüd ver sən bu Qur'anla.
|