Tanrı
adıyla, Tanrı anımıyla müqəddəs Kitabımıza üz tutaraq bir daha
yerinə düşər vurğulayaq ki, “Tanrıdan başqa ilah yox”. “Lə iləhə
illə-llah”ın tərcüməsi olan bu ifadə əslində ilahi hikmətlərin
mayasındakı azadlıq ideolojisinin adı, ünvanı, başlığı məqamındadır.
Ayələrdə toxunulan bütün mətləblər nəhayətdə məhz o ifadənin həm
açımı, həm də təsdiqinə yönəlmiş məzmundadır. Qadın, qadına münasibət
məsələsi də azadlıq ideolojisindən gəlmə ilahi tələblər fonunda
təqdim edilir. Bu məsələnin ilkin Quran çözümünü ümumən insan
haqlarının müqəddəsliyi və toxunulmazlığı prinsipini təfərrüatalarına
qədər “xırdalayan” ayrı-ayrı ayələrin hikmətlərində tapırıq. Və
söhbət təkcə ondan getmir ki, müqəddəs Oxu möhürlü insan haqları
mexaniki olaraq qadına da şamil edilir.
Qadının kişilərlə hüquq
bərabərliyi toplumiçi tarazlığın başlıca təminatlarından biridir:
“Bir-birinin dostudur inanan kişilərlə inanan qadınlar. Yaxşılığı
buyurar, yamanlıqdan ayırarlar. Namaz qılar, zəkat verər, Tanrıya,
elçisinə itaətdə olarlar. Rəhm edəcək Tanrı belələrinə. Tanrı,
şəksiz, güclü, hikmət yiyəsi” (Tövbə, 71). Ayədən göründüyü kimi,
islami mühitin qadınları da ictimai-siyasi mühitin fəal iştirakçılarıdır.
Və insanlara “yaxşılığı buyurmaq, yamanlıqdan ayırmaq”, toplumu
doğru yola yönəltmək, idarə etmək məsələsində söz sahibi təkcə
kişilər deyil.
Sosial bərabərlik prinsipi
ilahi məntiq baxımından Tanrı qarşısında hamının bərabərliyi meyarı
ilə şərtlənir. İnsanların bu dünyada bərabərliyinin konkret anlamda
qavranılması üçün isə müqəddəs Oxunun özəlliklə təlqin etdiyi
bir də odur ki, bəşər artımının ilkin şərikli iştirakçıları və
beynəlxalq tarazlığın ilkin təminatçıları bir kişi və bir qadın
olmuşdur: “Ey insanlar, Biz sizi bir kişidən, bir qadından yaratdıq.
Sizi xalqlar, qəbilələr eylədik tanışasız, bilişəsiz. Şəksiz,
Tanrı qatında ən hörmətliniz aranızda çəkinmə duyğusuna ən çox
sahib olan kəs. Tanrı gerçəkdən biləyən, agah” (“Hucurat” – Hücrələr,
13). Ayədən anlaşılır ki, insanlar arasında üstünlük dərəcəsi
milli-irqi mənsubiyyətə görə deyil də Tanrıya yaxınlıq meyarı
ilə ölçülür. Milli-irqi ayrıseçkiliyin yolverilməz olduğu barədə
müqəddəs Oxu hikməti ibtidai məqamda bir kişi və bir qadının həyat
yaradıcılığında şərikli iştirakı məsələsinə bağlanır ki, burada
da cinsi ayrıseşkilik qərəzi və mərəzi ilahi məntiqlə istisna
olunur. Bu istisna qadının toplumda yerini müəyyənləşdirən ayələrin
ana xəttini təşkil edir.
Yeri gəldi-gəlmədi kişinin
qadından üstünlüyündən söz salmaq Quran məntiqinə ziddir. Kişinin
və qadının yaradılışdan fərqli və üstün cəhətləri var ki, bunlara
toxunan müqəddəs Kitabımızda Rəbbimiz belə buyurur: “O nəsnənin
istəyində olmayasız ki, bəzinizi bəzinizdən onunla Tanrı üstün
tutmuş. Nəyi qazanmışlarsa, kişilərə bundan bir pay düşər. Nəyi
qazanmışlarsa, qadınlara bundan bir pay düşər. Tanrıdan Onun lütfünü
diləyin. Tanrı, şəksiz, hər nəsnəni biləyən”. (“ən-Nisə” – Qadınlar,
32)
Təbiidir ki, ümumən insanlar
yaradılışdan istedad baxımından da bir-birindən fərqlidirlər.
Rəbbimiz buyurur: “...Hər bilik yiyəsindən üstün bir biləyən var”
(Yusif, 76). Bu istedad üstünlüyünə dair açıqlama ümumi səciyyədədir,
kişilərin qadınlardan üstünlüyünə aid deyil. Uca Yaradan Öz Yazısında
təsdiq edir ki, cinsi mənsubiyyətindən asılı olmayaraq Öz istəyilə
kiminə az, kiminə çox istedad bəxş edir.
Təəssüf ki, din qaynağı
adına qələmə verilən hədis ədəbiyyatında qadın əqli baxımdan aşağılanan
bir biçimdə təqdim olunur. Bu üzdən də, məsələn, hədislərin birində
qadınlardan dövlət başçısı olmaz fikri də aşılanır. Yəni, dövlət
başçısı qadın olan məmləkət guya zavala uğrayar və s. Bu fikrin
yanlışlığı Quran hikmətləri fonunda daha aydın görünür.
“Nəml” (Qarışqalar) surəsində
Səba diyarının məlikəsindən söz açılır. O, Tanrıya tapınmaqla
soydaşlarını, ölkəsini Süleyman peyğəmbərlə qanlı qarşıdurmadan
xilas edir. Son anda vurğulanan məlikənin “Rəbbim! Zülm etmişdim
canıma. Təslim oldum Süleymanla bərabər Tanrıya, aləmlərin Rəbbinə”
(44) bəyanı ilə imana gəlməyi məsələsidirsə, buna qədərki ayələrdə
gördüyümüz hökmdar qadının idarəçilik işlərində, çətin anlarda
doğru-düzgün qərarlar çıxarmasıdır. Səba məlikəsi Süleyman peyğəmbərin
ultimatumunu ətrafı ilə müzakirəyə çıxarmaqla bir dövlət rəhbəri
olaraq müqəddəs Kitabımızda təlqin olunan “şura” (məsləhət-məşvərət)
prinsipinə riayət etmiş olur. Beləcə müqəddəs Oxu islamı qadını
müdrik dövlət başçısı qiyafəsində təqdim edir.
“Mumtəhinə” (Imtahan
olunan) surəsinin bir ayəsində Tanrı Öz elçisinə belə buyurur:
“Ey peyğəmbər, sənə sadiqlik andını qəbul etməkdən ötrü gələn
o inanan qadınlar əllərini sənin əlin üstünə qoyub and içsələr
ki, Tanrıya heç bir şeyi ortaq qoşmayacaq, oğurluq törətməyəcək,
zina etməyəcək, övladlarını öldürməyəcək, heç nədən bir böhtan
deməyəcək, gözəl-gözəl işlərdə sənə asilik etməyəcəklər, qəbul
buyur sadiqlik andlarını...” (12). Ayədə diqqət peyğəmbərlə beyətləşmə,
yəni onun qanuni hakimiyyətini qəbul etmək aksiyasına yönəldilir.
Toplumda tarazlığın təmin edilməsi naminə bu hakimiyyətin yalnız
yüksək əxlaqi dəyərlər üzərində qurulduğu qeyd olunur. Bu, öz
yerində, ancaq peyğəmbərə sadiqlik andını qəbul etmək, onunla
beyətləşmək aksiyasında qadınların da iştirakı zərurətinin ayrıca
bir ayədə nəzərə çatdırılması qadın haqlarının siyasi müstəvidə
tanınması və tanıdılması deməkdir. Ayənin məzmunu çağdaş anlamda
qadınların səsvermə hüququna da şamil olunmağa əsas verir. Yeri
gəlmişkən, qadınlara səsvermə hüququnu 20-ci əsrin əvvəllərində
təmin etmiş Azərbaycan bu məsələdə hələ o zaman indi nəhəng bir
dövlətə çevrilmiş Amerikanı qabaqlamışdı. Ancaq yenə də acınacaqlı
haldır ki, hazırda bəzi müsəlman ölkələrində qadınlar saxta dini
hökmlərin təsirilə bu hüquqdan məhrum qalmaqdadırlar.
Məhəmməd Seçilmişin sevimli
zövcəsi Aişənin ərinin vəfatından sonra fəal siyasətlə məşğul
olduğu, hətta bir bölük qoşuna komandanlıq etdiyi tarixdən bəllidir.
O da bəllidir ki, Quran hikmətlərini öz siyasi niyyətlərinə görə
arxaik ərəb şüuruna uyğunlaşdırıb yozmaq istəyən bəzi şəriət sahibləri
önündə açıq ictihad mücadiləsi verən Aişə həyatın bütün sahələrində
qadının iştirakı məsələsində israrlı mövqe tutmuşdur. O, eyni
zamanda qadınları siyasi rəhbərlikdə görmək istəməyənlərə qarşı
çıxaraq məhz özü qadınlara imamlıq etmiş və bu işdə də şəxsi nümunə
göstərmişdir.
Qadına münasibətdə bəzi
stereotip təsəvvürlərin qalmasında dinimizi suçlu görənlər yanılırlar.
Çoxları bunun gerçək islama dəxli olmadığının, “dırnaqrası” müsəmanlıqdan
gəlmə olduğunun fərqinə varmaqda çətinlik çəkir. Təbiidir, çünki
yüzillər uzunu saxta dini hökmlərin doğurduğu stereotiplərdən
can qurtarmaq üçün də zamana ehtiyac var. Və bu zamanı qısalda
biləcək yeganə güc qaynağı yenə də zamanüstü Quran, müqəddəs Oxudur.
|