İnanma
ilahi qüdrət tərəfindən yaradılışın bir təzahür forması kimi insana
məxsus olan bir xüsusiyyətdir. İslamın dini terminalogiyasında
iman adlandırılan inanma hadisəsinin ümumi mənası təsdiq etmək
və doğru olduğuna ürəkdən inanmaq deməkdir. Bir termin kimi isə
göstərilən sözün lüğəvi mənası peyğəmbərin Allahdan aldığı və
insanlara bildirdiyi hər şeyə qəti şəkildə inanmaq, onların doğruluğunu
qəbul edib mənimsəmək deməkdir. İnanmanın cəmiyyət tərəfindən
başa düşülməsi üçün onun dillə də ifadə edilməsi lazımdır. Dini
inancı, yəni imanı olan şəxsə mömin deyilir. İnanmayan və ya dini
inkar edənə isə münkir və ya ateist deyilir.
İnkardan başqa, inanca
zidd olan anlayışların başında Allaha şərik qoşmaq gəlir. Bu,
Allaha inanmaqla birlikdə, Onun gücünə bərabər olan başqa ilahiləri
də qəbul etmək deməkdir. Belə bir inanca malik olanlara müşrik
(bütpərəst) deyilir. Allaha şərik qoşmaq aşağıdakı vəziyyətlərdə
ortaya çıxır: bütləri, göy cisimlərini, od və s. kimi təbiət ünsürlərini
ilahiləşdirmək, sərvət, şəhvət kimi nəfsani hisslərə düşkün olmaq
və ya bəzi fərdlərə sitayiş etmək və s. Bundan başqa, üzdə özünü
inanan kimi göstərib, əslində ürəkdən inanmayanlara münafiq (ikiüzlü)
adı verilir.
İnanma əsas etibarı ilə
ümumi və xüsusi bir şəkildə gerçəkləşir. Belə bir ayrılma əqaiddə
icmalən və təfsilən iman kimi göstərilir. İcmalən inanma şəkli
hamısına birlikdə və əvvəlcədən olan bir inanışdır. Şəhadət kəlməsini
ürəkdən qəbul edərək dilinə gətirən şəxs bu inanc dairəsinə girmiş
və islamın bütün əsaslarını qəbul etdiyini bilvasitə vurğulamış
olur. Təfsilən inanma şəkli isə tək-tək, detallı olaraq və bütün
incəlikləri ilə dinə inanmaq deməkdir. Başqa bir sözlə, dindən
olduğu qəti olaraq məlum olan bütün əmr, yasaq, halal və haramları
bilərək bunların hər birinə inanmaq təfsilən inancdır.
İnanma mahiyyətinə görə
iki şəkildə - təqlid etməklə və təhqiqatla ortaya çıxır. Təqlidən
ortaya çıxan inanc insanın bir başqasına – ailəyə və ya ətrafdakılara
tabe olaraq nəyə inandığını öyrənmədən və dərindən başa düşmədən
müəyyənləşən bir inancdır. Təhqiqat yolu ilə olan isə fərdin şüurlu
bir anlayışla, dəlillərə əsaslanaraq və ürəkdən, öz iradəsi ilə
müəyyənləşən inanmadır. İnanma hadisəsi dini bir məna daşıdığı
və hər şeydən əvvəl fərdin özünə məxsus olduğu üçün, sadəcə, cəmiyyətə
uyğunlaşaraq, gözübağlı təqlid etməklə və ya ata-ananın arzusuna
görə tam olaraq meydana gəlməz. Tam və həqiqi bir inanc inanılan
şeyi başa düşmək, onu ruhuna hopdurmaq, mənliyinin və şəxsiyyətinin
bir hissəsi halına gətirmək deməkdir.
Düşünən insanları inanmağa sövq edən, uca bir Yaradanın varlığını
qəbul etməyə məcbur edən bir çox dəlil və işarə var. Əvvələn,
dünya, kainat və təbiətin var olması, bunların nizam içində varlıqlarını
davam etdirməsi bunların hərəkətlərinin sahibsiz və nəzarətsiz
olmadığını göstərir. Bundan başqa, insanın öz varlığı, vücudundakı
müvazinət, təxəyyül, ağıl və hafizəsi ilə bərabər duyduğu həzz,
məhəbbəti və kədəri ilə dəruni xüsusiyyətlərə malik olan daxili
aləmi də onun sonsuz hikmət və qüdrət sahibi olan bir varlıq tərəfindən
yaradılmasından xəbər verir.
İnanma bir ehtiyacdır.
O, insanda aydınlıq, hüzur və məhəbbət doğurur. İnkar isə qaranlıq,
sıxıntı və düşmənçiliyə aparır. Məsələn, inanan bir adam üçün
ölüm yeni bir həyatın başlanğıcı, inkarçı bir ateist üçün isə
yoxluğa və heçliyə gedən bir gedişdir. Başqa sözlə, inancda bir
ümid, optimizm və təminat, imansızlıqda isə ümidsizlik, pessimizm
və iztirab var.
Yaradıcı gücü inkar etmək
çətin olduğundan, insanlar Allaha şərik qoşmaq yolu ilə Onun avtoritetini
bölüşdürməyə meyl edirlər. Bu səbəbdən Quranda Allahın varlığından
çox birliyi, hər cəhətdən tayının və bərabərinin olmaması vurğulanır.
Bununla birlikdə, Onun varlığı ilə əlaqədar olan və müxtəlif işarələri
bildirən çoxlu ayə də var. Bu mövzudakı bəzi ayələrdə hər şeydən
əvvəl insanın yaradılışında (fitrətində) olan Allaha yönəlmə duyğusu
üzərində dayanılaraq (Rum 30) təbiəti etibarı
ilə pozulmuş insanın inanmağa meylliliyi ön plana çıxarılır. Necə
ki, təhlükə anında inanmayanlar daxil hər kəsin Allaha sığınıb
Ondan kömək diləməsi (İsra 67, Luqmən 32) bəşəri
yaradılışda gizli olan Yaradıcıya sığınma meylinin bir göstəricisidir.
Bunun üçündür ki, əsrlər boyu bütün cəmiyyətlər bir inanca sahib
olub.
Quranda ən çox gözə çarpan
aləmin sonradan yaradılışı və sistematik işləməsi dairəsində insanı
inanca istiqamətləndirmə metodudur. Bu kontekstdə ən açıq sübut
yaradıcısız əmələ gəlməsi və ya insan tərəfindən yaradılması mümkünsüz
olan kainat (Tur 35-36) və onun içindəki varlıq
növlərinin Allahın varlığının dəlili kimi göstərilməsidir (Nəhl
3-18; Rum 20-27;Vaqia 57-74 ). «Afaq» və «ənfus» şəklində
ifadə edilən (Fussılət 53) xarici və daxili aləmin
varlıqları arasında nizam və gözəlliklə əlaqədar olan nümunələr
Quranda uca bir Yaradıcının varlığını sübut edən əlamətlər kimi
göstərilir. Planlı bir ölçü ilə yaradıldığı bildirilən hər bir
varlıq (Rad 8; Qamər 49) özü haqqında məlumat
vermək üçün deyil, nəyə işarə etdyini vurğulamaq məqsədi ilə ələ
alınıb. Allahın varlığı kainatı izah edə bilməyin əvəzolunmaz
bir şərti kimi göstərilib. Necə ki, bir ayədə göy və yer durarkən
Allah haqqında hələ də bəzilərinin şübhə etməsi anlaşılmaz və
qəribə bir vəziyyət kimi səciyyələndirilir (İbrahim 10).
Bundan başqa Quranda
ağılla Allaha inanma cəhdi haqda nümunələr var. Məsələn, İbrahim
peyğəmbər növbə ilə ay, ulduz və günəşin tanrılıq xüsusiyyətlərinin
olmamasını düşünür və bunları yaradan bir varlığa iman edilməsi
nəticəsinə gəlir (Ənam 75-79). İman konkret davaranışlarla
güc qazanır və canlanır. Sadəcə, qəlbə və vicdana sıxışdırılan
və heç bir praktik nəticəsi olmayan bir inanc qapalı qalar, davamlılığı
çətinləşər, bir sözlə, təhlükələrə məruz qalar. İslam alimləri
davranışda, gündəlik həyatda və könüllü seçimlərdə əks olunmayan
bir inancı qol və ayaqları olmayan bədənə və ya kök və budaqları
olmayan ağac kötüyünə bənzədirlər. Ona görə Quranda inanma və
saleh əməl çox vaxt qoşa işlədilir.
|