«Bilsəydiniz
orucun nə qədər xeyri var sizə».
(Baqara, 184)
Oruc islamın
şərtlərindən biridir. Müsəlmanlar orucu bir fayda təmənnasıyla
yox, Allahın tövsiyəsi olduğu üçün tuturlar. Ancaq Allahın bütün
tövsiyələri kimi, bunun da mütləq bir faydası olduğunun da fərqindədirlər.
Oruc nəfsi, iradəni, əxlàqı tərbiyədə mühüm rol oynayır, sosial
faydaları da danılmazdır.
Tibbi cəhətdən də çox xeyirlidir. İl boyu durmadan işləyən mədə
və həzm sistemi orucluqda sanki məzuniyyətə çıxır, dincəlir. Günün
uzunluğu qədər. Çörəyin əsl dadını, gözəl ətrini duyuruq, əsl
qiymətini anlayır, ona yavanlığa bir əlavə kimi baxmırıq. Eləcə
də başqa nemətlərin zahirini yox, mahiyyətini görür, dərk edirik.
İl boyu yavaş-yavaş unutmaq üçün.
«SİZDƏN ÖNCƏKİLƏRİN
TALEYİNƏ YAZILDIĞI KİMİ...»
Quranda əvvəlki nəsillərə
də peyğəmbərlər vasitəsilə orucun tövsiyə edildiyi yazılır. «Ey
möminlər, sizdən öncəkilərin taleyinə yazıldığı kimi, sizə də
oruc buyuruldu ki, Allaha qarşı çıxmaqdan çəkinəsiniz» (Baqara,
183). Biz bu xalqlara hansı formada və şərtlər altında
vəhy edildiyini deyə bilmərik. Bilinən odur ki, oruc bu və ya
digər formada dünyanın istənilən dinində var. Bu ibadət dövrü
dindarların həyatında vacib bir məqamdır. Orucun əsasında imtina
durur – qida qəbulu ya tamamilə dayandırılır, ya da məhdudiyyət
qoyulur. Dindarlar bu ibadəti yerinə yetirməklə ruhi və fiziki
təmizlənməyi hədəfə alırlar. İnsanlar orucun faydalarını lap qədimdən
bilirdilər. Tibbi faydasını da o cümlədən. Herodot yazırdı ki,
«Misir sakinləri adamların ən sağlamıdırlar. Onlar ayda üç gün
qusma və imalə yolu ilə təmizlənmə aparırlar. Çünki insanın bütün
xəstəlikləri qida ilə aldığını düşünürlər». Aclıq müddətləri Hind-Çində
də dini reqlamentə salınmışdı. Tibet traktatı olan Çcud-Şidə «aclıq
yolu ilə müalicədən» danışılır. Pifaqorla bağlı təfərrüatlar da
maraqlıdır. Yazılana görə, o vegetarian olmaqla yanaşı qırx günlük
oruc tutar, şagirdlərindən də tələb edərmiş ki, heç olmasa yalnız
çörək və su ilə keçinsinlər. Antik dövrün tanınmış simalarından
Platon, Herodot, Plutarx da bu üsullara əl atıblar. Bundan başqa,
mənbələr əski babillərin, misirlilərin, assurların oruc tutmuş
olduqları haqda məlumat verir.
BUDDİZMDƏ ORUC
Buddizm oruca ən çox
əhəmiyyət verən dinlərdəndir. Bu dində oruc özünənəzarətin yeganə
yolu sayılır. Buddaya görə, hər kəs iki ayda bir dəfə oruc tutmalı
və bu zaman cəmiyyət içində özünü ifşa eləməli – yol verdiyi günahları
etiraf etməlidir. Buddanın fikrincə, əbədi qurtuluşa – nirvanaya
çatmaq üçün insan buna əngəl olan arzulardan vaz keçməlidir. Arzulardan
qurtarmağın ən əsas yollarından biri isə oruc tutmaqdır. Budda
mətnlərində bir asket haqqında hekayə var. Qəddar şahın əmri ilə
onun vəhşicəsinə döyürlər, sonra əllərini və ayaqlarını qoparırlar,
amma o bütün bunları sakitliklə qarşılayır, bir dəfə də olsun
qəzəb və ya kin göstərmir. Bunu belə izah edirlər ki, o, öz ruhunu
hissi həzzləri məhdudlaşdırmaqla inkişaf etdirib. Hind dinlərindən
brahmanizmdə hər ayın 12-ci və 13-cü günlərində oruc tutmaq ənənəsi
var. Bu dində nə yaşlılar, nə xəstələr, nə də uşaqlar orucdan
azad deyillər. Bəziləri insani istəklərinə qalib gəlmək üçün 15
günlük oruc tuturlar. Bu müddət ərzində bir udum su içmək olar.
Başqa nəsə yeymək və ya içmək orucu pozur.
ORUC FƏLAKƏTDƏN
QORUNMA VASİTƏSİ KİMİ
İbrahim dini olan iudaizm,
xristianlıq və islam oruca münasibətdə bir çox cəhətdən oxşardırlar.
Bunların hamısında oruc hansısa təqvim gününə bağlıdır. Bundan
başqa, oruc təkcə yeməyə məhdudiyyətlə bitmir, insandan saleh
əməl, Allaha yaxınlaşmaq üçün düşüncələrini təmizləmə tələb olunur.
Bu dinlərin hər birində oruc bitəndə bayramla qeyd olunur və s.
Xronologiya ilə bunları nəzərdən keçirək. Əhdi-ətiqdən bəlli olur
ki, o vaxt oruca Allaha yaxınlaşmaq vasitəsi kimi baxıblar. Bu
ibadətin insanı dəyişdirdiyini düşünüblər. Hesab ediblər ki, ruhun
bədənin təsirindən çıxmasına orucla nail olmaq olar. Eyni zamanda,
o da məlum olur ki, o vaxtlar fəlakətlərdən qorunmaq üçün kütləvi
oruc tutulurmuş. Əhdi-ətiqdə deyilir: «Və ninəvalılar inandılar
Allaha və oruc elan elədilər. Və böyükdən kiçiyə cır-cındır geyindilər.
Bu söhbət Ninəva çarına çatdı. Və o öz taxtından qalxdı, özünün
çar libasını çıxardı, cır-cındır geyindi və külün üstündə oturdu
və fərman verdi ki, Ninəva çarı və əyanların adından elan eləsinldər
ki: «nə insanlar, nə mal, nə öküzlər, nə qoyunlar otaracağa getməsin,
yeməsin, içməsin, və adamlar və heyvanlar cındırla örtülü olsun
və Allaha möhkəm yalvarsınlar. Hər kəs özünün şər yolundan və
əlinin zorakılığından əl çəksin. Kim bilir, bəlkə Allah rəhmə
gəldi, öz qəzəbini bizdən uzaqlaşdırdı və biz məhv olmadıq. Və
Allah gördü ki, bunlar şər yolundan döndülər, onlara yazığı gəldi,
onlara göndərməyi vəd elədiyi fəlakəti göndərmədi» («Peyğəmbər
İonanın kitabı» 3:5-10).
ZAHİRPƏRƏSTLİK
PİSLƏNİLİR
Kitab əhlinin orucun
mahiyyəti haqqında düşüncələri də əvvəlki kitablar əsasında formalaşıb
və burada da Quran məntiqinə çox yaxın olan yanaşmalar var. Aşağıdakı
örnəkdən bunu görəcəyik. «Mən seçdiyim oruc odumu ki, gündə adam
öz ruhuna əziyyət verir, öz başını qamış kimi aşağı əyir, öz altına
cındır paltar və ya kül sərir? Bunu sən Allaha xoş gələn oruc
adlandırırsan? Budu Mən seçdiyim oruc: yalanın qandalını kəs,
əsarət buxovlarını aç, məzlumları azadlığa burax, bütün buxovları
qırıb at, öz çörəyini acla böl, sərgərdan kasıbları evə apar,
çılpaq görəndə geyindir, öz həmtayfalarından gizlənmə. Onda sənin
nurun şəfəq kimi açılacaq, sağlamlığın tezliklə güclənəcək və
sənin həqiqətin sənin önündə gedəcək, Allahın cəlalı səni müşayiət
edəcək» (Əhdi-ətiq, «Peyğəmbər İsaiyyanın kitabı», 58:5-8).
Yəni oruc Allah üçündür. Adamlara göstərmək üçün yox. Allahı sənin
qüssəli görünüşün yox, onun xoşuna gələcək, təqdir edəcəyi əməllər
razı salar. Və oruc saleh əməllə bütünləşməlidir. O cümlədən,
bu ibadətin həyata keçirildiyi zaman kəsiyi sosial yardımlaşma
dönəmi olmalıdır.
YƏHUDİLİKDƏ ORUC
PRAKTİKASI
Yəhudilikdə uşaqlar on
iki yaşından oruc tuta bilərlər. Vacib sayılan əsas oruc Yom kippur
(bağışlanma günü) adlı kəffarə orucudur. Yom Kippur yəhudi təqviminin
ilk ayı olan Tişrinin onuncu günüdür. Bu tarix Məhşər günü də
adlanır. Yəhudilər bu günlərdə günahlarından peşmançılıq bildirir,
tövbə edir, bağışlanmalarını istəyirlər. Belə izahlar var ki,
Musa peyğəmbər Tur dağına Allah taaladan buyruqlar almaq üçün
çıxanda o vaxtkı yəhudilər qızıl bir buzova tapınıblar. Bağışlanma
tədbirləri də məhz bu səbəbdəndir, Bu zaman oruc belə tutulur:
imsaq əvvəlki axşam gün batanda başlayır. Yəni gün batandan oruc
başlayır və səhəri gün ilk iki ulduz çıxana qədər davam edir.
Bu müddətdə yeyib-içmək yasaqdır. Bu, haradasa iyirmi beş saat
sürür. Xəstələr istisna olmaqla on iki yaşından yuxarı hər kəs
oruc tutmalıdır. Oruc zamanı intim əlaqə, dəri ayaqqabı geymək,
dişləri təmizləmək, pul xərcləmək, ətir, sabun, makiyacdan istifadə
yasaqdır. Hamilə qadınlar adi adamlar kimi bütün günü oruc tuturlar.
Əgər südəmər körpəsi olan ananın uşağı xəstədirsə və süddən başqa
heç nə istəmirsə və uşağın hyatı üçün təhlükə ola bilərsə, o,
oruc tutmamalıdır. Əgər hamilə qadın hansısa yeməyin qoxusunu
duydusa və «Mən yemək istəyirəm» dedisə, onun qulağına pıçıldayırlar
ki, bu gün Yom Kippurdu. Deyirlər ki, bəzən bu, kifayət edir ki,
sakitləşsin. Xeyri olmasa, barmağını şorbaya batırırlar. Bu da
kifayət eləməsə, azca yemək verilir. Birinci gecə və demək olar
ki, bütün növbəti gün ərzində yəhudilər sinaqoqa toplanır, bu
gün üçün hazırlanmış olan duaları oxuyurlar. Təmizlik simvolu
olan ağ rəngli paltar geyinirlər. Axşam yeməyi üçün toyuq supu
hazırlanır. Misir yəhudiləri oruc qabağı yumurta ilə limon supu
yeyirlər. Oruc qabağı bütün yeməklər yüngül olmalı, nə çox duzlu,
nə də şirin olmalıdır ki, susuzluğa səbəb olmasın. Xəstə adama
yuyunmağa icazə var. Bir də əgər qadının gəlin gəldiyi gündən
otuz gün keçməyibsə, ona üzünü yumağa icazə verilir ki, öz ərinə
çirkin görünməsin.
Yom Kippurda həm də ölənləri
xatırlayıb dua oxuyurlar. Çünki düşünürlər ki, ölənləri xatırlama
insanın ürəyini yumşaldır. Bunu bir də ona görə edirlər ki, ölənlərin
də tövbəyə - günahlarını yumağa ehtiyacı olduğunu düşünürlər.
Hazırda yəhudilikdə başqa oruclar da var: Nə vaxt öldüyü
məlum olmayan qohumların xatirəsinə tutulan oruc. Bu
oruc faşizmin öldürdüyü yəhudilərin xatirəsinə hörmət olaraq qəbul
olunub. Bir gündür. Səhər başlayır və axşam qurtarır. Şiva
asar: Yerusəlimin dağıdılması ilə bağlı orucdur. Tişabe-av:
Ciddi orucdur. Eramızın yetmişinci ilində Yerusəlimdə məbədlərin
dağıdılması ilə bağlıdır. Bu günlərdə ət yeyilmir və şərab içilmir.
Bu oruc da Yom Kippurda olduğu kimi, axşam başlayır və bir sutka
davam edir. Yəhudilikdə oruclar ay təqvimi ilə olduğundan il boyu
dəyişir.
XRİSTİANLIQDA
ORUC
Xristianlaqda oruclar
il ərzində iki yüz gün əhatə edir. Bunların dördü uzunmüddətlidir.
Pasxadan əvvəl böyük oruc – 7 həftə, Pyotr
orucu - 8-42 gün, Uspensk orucu – iki
həftə, mövlud və ya Filip orucu 15 noyabrdan
yeni ilə qədər. Bundan başqa birgünlük oruclar da var - çərşənbə
və cümə günləri. Katolisiszmdə orucların müddəti daha azdır, amma
bir günlük oruclara şənbə də əlavə olunur. Protestantlıqda orucun
reqlamentasiyası yoxdur. Amma bəzi konfessiyalarında günlük oruc
tutulur, o da hər bir fərdin şəxsi işi kimi. Xristianlıqda oruc
fərzdir və kilsənin üçünücü əmridir. Orucun vaxtı və qaydaları
məsələsində xristian məzhəbləri arasında fərqlər var. İyirmi bir
yaşı tamam olan adamın oruc tuta biləcəyi deyilir. Və altmış yaşına
qədər tutulur. Xristianlıqda orucun iki çeşidi var. Şükran orucu
və kilsə orucu. Çərşəmbə, cümə və şənbə günləri, bəzi bayram ərəfələri
oruc üçün təşfiq edilir. Bu, İsa peyğəmbərin çərəşəmbə günü ələ
keçməsi, cümə günü çarmıxa çəkilməsi, şənbə günü isə basdırılması
ilə əlaqələndirilir. Pasxa öncəsi iki gün oruc tutmaq da xristianlarda
yayılmış bir ənənədir. Hesab edirlər ki, pasxa günü İsa peyğəmbər
dirilib və göyə yüksəlib. Xristian orucu ciddi ola bilər, amma
tam aclıq bu oruclarda olmur. Adətən, heyvani mənşəli qidalardan
uzaq durur, bitki mənşəli qidalar qəbul edirlər. Bəzi oruclarda
balıq və balıq məhsulları yeməyə icazə var. İndikindən fərqli
olaraq qədimlərdə xristianlar bir neçə həftə (qırx günə qədər)
hər cür yeməkdən imtina edərdilər.
Xristianlıqda inanılır
ki, oruc insanı təkcə fiziki cəhətdən təmizləmir, onun biosahəsini
də arındırır. Öz iştahını nəzarətə alan adam ruhani cəhətdən də
təmizlənir. Xristian ilahiyyatçılarına görə, oruc nuru zülmətdən
ayırmaq üçündür. Varlıq kitabında deyilir ki, Allah əvvəlcə nuru
zülmətdən ayırıb, sonra yaradılışa başlayıb. Buna görə İsa peyğəmbər
də qırx gün oruc tutub. Məqsədi bu olub ki, ilahi sözü şeytani
sözdən ayıra bilsin. Xristianlar düşünür ki, Allah nuru zülmətdən
ayıra bilməyən adamın üzərinə mükəlləfiyyət qoymaz.
|