«Yorğanı,
döşəyi oddur onların. Beləcə cəzalandırırıq zalımları»
Əraf, 41
Müxtəlif
dinlərdə oda çox isti münasibət var. Elə dinsizlikdə də. Təkamül
nəzəriyyəsi tərəfdarları oddan istifadəni insanın meymundan əmələ
gəlməsində dönüş nöqtəsi olaraq götürürlər. Məsələn, Engels «Meymunun
insana çevrilməsində əməyin rolu» adlı əsərində isbata çalışıb
ki, insanlar əvvəlcə, odu əldə etməzdən öncə çiy ət yeyirmişlər.
Bu isə onların alt çənələrinin çox möhkəm olmasını tələb edirmiş.
Guya insanlar bişmiş ət yeməyə başlayadan sonra ət çeynəmək üçün
böyük güc tələb olunmur. Nəticədə alt çənə mütəhərrikləşir və
o fərqli səslər tələffüz etmək üçün müsaid bir duruma gəlir. Bundan
sonra ayrı-ayrı sözlər və nəhayətdə dil meydana gəlir. Yəni insanlar
meymunluqdan qurtulduqları üçün oda minnətdar olmalıdırlar.
FƏDA
OLSUN SƏNƏ CANIM, NƏ DERSƏN?
Ümumiyyətlə,
müxtəlif din və əsatirlərə baxdıqda odun bu və ya digər şəkildə
müqəddəsləşdirilməsinə çox rast gəlinir. Onu ilahlaşdırmaq cəhdləri
də geniş yayılıb. Odun əldə edilməsi dünya xalqlarında müxtəlif
şəkildə izah olunur. Bəziləri onun vulkanlardan götürüldüyünü,
bir başqası tanrılar tərəfindən verildiyini və ya qəhrəmanlar
tərəfindən tanrılardan oğurlandığı inancını mənimsəyiblər. Odun
özü bəzən tanrı kimi, bəzən də tanrının gücünün əlaməti kimi götürülür.
Onun ruhunun olması inancı da var. Azərbaycanlı ailələlrində elə
indinin özündə oda münasibətdə bu inancın bəzi izləri mövcuddur.
Ocaq yananda səs çıxarırsa, odunları tərpədib səsini kəsirlər,
yanan qaz səs verəndə isə onu azaldırlar. Hesab olunur ki, od
yananda səs çıxırsa, demək, o deyinir, hansısa narazılığı var.
Bu, odun ruhu olması haqda inancdan irəli gəlir.
QURBANLARI
ÜNVANINA ÇATDIRAN VARLIQ?
Odun tanrılaşdırılması
daha çox hind və İran inanc sistemində özünə yer alıb. Hindlilərdə
od allahı kimi düşünülən Aqni adlı birisi var. Onlar inanırdılar
ki, günəş uzun zaman gizli qalıb, Aqni doğulandan sonra görünməyə
başlayıb. Ruslardakı od anlamındakı «oqon» sözünün də hind-Avropa
dillərindən bir olması səbəbindən eyni kökdən -«aqni»dən olması
bəllidir. Hindistanda sonralar od daha çox adamlarla ilahlar arasında
vasitəçi olan, qurbanları ilahlara çatdıran varlıq kimi qəbul
olunub. Hindlilər inanır ki, odun qidası odundur. Elə indi də
brahmanlar odu canlı sayır və qidalandırmaq üçün gündə üç dəfə
ona yağ atırlar. Ölünü yandırır, bunun üçün «müqəddəs od» gətirir,
oduna üç yerdən od vururlar. Və inanırlar ki, od yalnız bədəni
yandırır, ruhun yanmayan paltarı var. Ölənləri ona görə basdırmırlar
ki, çürümə uzun müddət aparır, ruh çox gözləməli olur. Yananda
isə ruh bədəndən tezcə çıxa bilir və az əziyyət çəkir. Əslən Bakıdan
olan tatar alimi Bezertinov özünün «Tenqrianstvo reliqiya drevnix
tyurok i monqolov» adlı əsərində qədim türklərdə qəhrəman ölən
zaman onun atının yandırılması ənənəsinin olduğunu yazır. Ulu
babalar düşünüblər ki, kişinin atı olmalıdır. Elə o dünyada da.
Çalışıblar ki, at o dünyaya sahibi ilə eyni vaxtda çatsın ki,
mərhum piyada qalmasın. Dost var, düşmən var. Və onu yandırırmışlar.
Burada təbii ki, müqəddəsləşdirmə barədə söhbət gedə bilməz. Məqsəd
atın o dünyaya gedən yolunu qısaltmaq olub.
MİLLİ
BİRLİK RƏMZİ
İstər zərdüştilikdə,
istər zurvanilikdə, istərsə də bunları birləşdirən məcusilikdə
od kultunun öz yeri var. İranlıların od tanrısı olan Atarın Aqniyə
çox bənzərliyi olub. Amma bu iki inanc arasında müxtəlif sahələrdə
oxşarlıq nə qədər çox olsa da, oda münasibətdə müəyyən fərqlər
də vardı. Belə ki, ruhun bədəndən qurtarması üçün ölünün bədəninin
tez məhvini atəşpərəstlər də zəruri hesab edirdilər. Onlar da
bu səbəbdən ölünü basdırmazdılar. Amma odda da yandırmazdılar.
Çünki odu muqəddəs, bədəni isə murdar hesab edərdilər. Hətta kahinlər
odun önündə oturanda ağızlarına parça ilə örtərdilər ki, nəfəsləri
odu murdarlamasın. Atəşpərəstlər ruhu bədəndən qurtarmaq üçün
ölünü açıq yerə atardılar, qurd-quş ətini yeyəndən sonra sümüyü
yığıb basdırardılar. Atəşpərəstlər Günəşi Ahuraməzdanın gözü (bəzilərinə
görə oğlu) sayır, Zərdüştün ondan əmələ gəldiyini düşünürdülər.
Atəşkədələrdə kahinlərin vəzifəsi odun sönməməsinə nəzarət idi.
Sasanilər dövründə sarayda milli birliyin rəmzi kimi sönməyən
od saxlanılardı. Müsəlmanlığa müqavimət göstərən, amma uğursuzluğa
uğrayan məcusilər sonralar odlarını da götürüb onlara həm coğrafi,
həm də inanc baxımından yaxın olan Hindistana köçdülər.
«ALLAH»LARDAN
OĞURLUQ HALALDIR?
Qədim yunan
mifologiyasına görə, Zevs (islamiyyətin çiçəklənən dövründə əski
yunan mətnləri ərəbcəyə tərcümə olunanda Zevs «Allah», digər yunan
«allah»ları isə «mələk» kimi tərcümə olunurdu) insanları cəzalandırmaq
üçün odu onların əlindən alıb. Sonra qəhrəman Prometey gedib odu
oğurlayıb gətirib, bu səbəbdən cəza olaraq qayaya zəncirlənib.
Esxilin «Zəncirlənmiş Prometey» adlı əsəri də var. Marksın Esxilə
və onun bu obrazına olan sevgisindən kommunizm düşərgəsində «Prometey
şəxsiyyət» ifadəsi yaranmışdı. Hindistandakı kimi olmasa da, əski
yunanlarda və romalılarda od kultu vardı. Yunanlar Hefesi, romalılar
isə Vulkanı od tanrısı sayırdılar. Bu xalqlar antik dönəmdə yeməyi,
adətən, ocaq başında yeyir, oda ərzaq, gözəl qoxulu otlar, çiçəklər,
zeytun yağı, şərab atardılar. Qədim Yunanıstanda olimpiada odu
da müqəddəs sayılırdı. Bu ölkədə oda sevgi təkcə mifologiya ilə
məhdudlaşmırdı. Qədim yunan dialektik filosofu Heraklit (e.ə.
544-483) sayırdı ki, hər şey oddan yaranıb. Onun fikrincə, ilk
ünsür oddur. Çünki o, hərəki və dəyişəndir. Ayrı-ayrı predmetlər,
hətta ruhlar da ondan yaranıb. O düşünürdü ki, bütün əşyalar zərurət
üzrə oddan törəyib. Bu zərurəti o, «loqos» adlandırırdı. Həyatı
tsikllərdən ibarət hesab edən filosofun fikrincə, hər bir mərhələnin
sonunda hər şey ilk ünsürə – oda çevrilir. Empedokl isə ondan
fərqli olaraq, odu dörd ünsürdən (ənasiri-ərbəə – su, hava, torpaq,
od) biri kimi qəbul edir və çox sevirdi. Bu sevgi nəhayət onun
özünü Etna vulkanına atması ilə nəticələndi.
OD
FURQAN – HAQQI BATİLDƏN AYIRAN STATUSUNDA
Odun, eləcə
də dörd ünsürdən biri olan suyun ilahlaşdırılması bəzən onlardan
məsumluğu müəyyən edən vasitə kimi istifadə edilməsinə də gətirib
çıxarıb. Bəzi ibtidai xalqlar fərdin təqsirkar olub-olmadığını
bilmək üçün şübhəli şəxsi qızğın daşların üstü ilə yeriməyə məcbur
edərdilər. İnsanların andının doğru olub-olmadığını yoxlamaq üçün
su ilə sınaq da vardı. Bu barədə sanskrit mətnlərində məlumat
verilir. Müqəssir bilinən adam suya girər, onun yanında olan adamın
ayağından yapışardı. Suya girəndə o «Məni qoru, Varuna» deyərdi
(Varuna hind inancında göy «allah»larından biri olub, Mitra ilə
sıx bağlıdır. O da müqavilə və andların yerinə yetirlməsinə «nəzarət
edir»). Bu vaxt yaydan ox atardılar. Bir nəfər yaxşı qaçan adam
oxun dalınca gedib onu gətirməli idi. Əgər ox gətirilənə kimi
şübhəli şəxs sağ qalardısa, düşünərdilər ki, Varuna onun doğruluğunu
təsdiq edib və onu azad edərdilər, boğulub ölərdisə, bu, günahkar
olması anlamına gələrdi. Və ya odla sınaq belə olardı. Müqəssir
sayılanı iki zəbanə çəkən odun qalağı arasındakı dar keçiddən
qaçaraq keçməyə məcbur edərdilər. Sağ qalsa, bəraət alardı. Deyirdilər
ki, müqavilə allahı Mitra onu günahsız elan edib.
BELƏSİNİ
ODDA YANDIRMAQ LAZIMDIR
Yəhudilik
və xristianlıqda od allahı və ya kultu yoxdur, amma müəyyən təsir
və sızıntıların olması danılmazdır. Yəhudilikdə inanılır ki, odu
Adəm peyğəmbər iki daşı bir-birinə sürtməklə yaradılışın ikinci
günündə əldə edib. Bununla yanaşı onlar hesab edir ki, qurbangahlarında
olan od göydən gəlib, yağış onu söndürə bilməyib. Bu inancda Tövratın
göydən bir od çərçivəsi içində endiyinə, hərflərinin qara odla
yazıldığına inanılır. Allahın gəlişinin odla müşayiət olunması
da düşünülür. Əhdi-ətiqdə deyilir: «Rəbb onların önündə gündüz
buludlu sütunla, gecə isə odlu sütunla gedərək yol göstərirdi.
İstəyirdi ki, gündüz və gecə getsinlər. Gündüzlər buludlu sütun,
gecələrsə odlu sütun xalqın nəzərindən ayrılmadı» (Çıxış,
13: 21-22). Yəhvaya qurban kəsiləndə onun odda yandırılması
zəruriliyinə inam vardı. Bu inanca görə, Rəbb od qoxusundan xoşlanır
(Çıxış 29:18). Yəhudi şəriət hökmlərində odla
cəza da var. Bir sıra günahlar zamanı odda yandırılma cəzası nəzərdə
tutulur: «Üç aya yaxın vaxt keçdi və İudaya dedilər: Famar, sənin
gəlinin yolunu azıb, artıq o zinadan hamilədir. İuda dedi: Aparın
onu və qoy odda yandırsınlar» (Əhdi-ətiq, Təkvin 38:24).
Və ya: «Əgər ruhaninin qızı zina ilə özünü ləkələyibsə, onda öz
atasını bişərəf edər. Beləsini odda yandırmaq lazımdır» (Əhdi-ətiq,
Levililər, 21: 9).
«O,
SİZİ ODLA VƏFTİZ EDƏCƏK»
İncildə
od daha çox haqla batili ayıran vasitə kimi verilir: «Mən sizi
tövbə üçün su ilə vəftiz edirəm, məndən sonra Gələn isə məndən
daha qüdrətlidir. Mən onun çarıqlarını daşımağa belə layiq deyiləm.
O sizi Müqəddəs Ruh və odla vəftiz edəcəkdir. Onun yabası əlindədir
və öz xırmanını təmizləyib Öz buğdasını anbara yığacaq, samanı
isə sönməz odla yandıracaqdır» (İncil, Mattanın müjdəsi
3: 11-12). Bundan başqa, cəhənnəmdə olan əbədi oddan
da tez-tez bəhs edilir: «İnşa edən hər kəsin əsəri zahir olacaqdır
ona görə ki, o gün (Qiyamət) onu bəlli edəcək, çünki odla kəşf
olunacaqdır və hər birinin əsərinin keyfiyyətini od imtahan edəcəkdir.
Kimin inşa etdiyi əsər davam gətirərsə, o, mükafat alacaq. Kimin
əsəri yanarsa, o, zərər çəkəcək, amma özü xilas olacaq, ancaq
od içindən keçə-keçə» (Korinflilərə birinci məktub 3:
13-15).
QÜDRƏT
DƏLİLLƏRİNDƏN, SADƏCƏ, BİRİ
İslamda
od kultu yoxdur. Allahdan başqa heç kəsdə (heç nədə) qüdrət və
ya qüvvət olmadığına inanılır. Uca dinimizdə od ilahi qüdrətinin
saysız dəlillərindən, sadəcə, biridir. Onun bir güc sahibi olmasından
söhbət gedə bilməz. Hər şey kimi od da ilahi qüdtərin nəzarəti
altındadır. İstəsə, yandırar, istəməsə, yox. «Dedilər: «Yandırın
onu, yardım eləyin tanrılarınıza. Onlara yardım üçün məhz belə
etməli». «Ey od, İbrahimə sərin ol, zərərsiz ol» dedik. Bir iş
açmaq istədilər İbrahimin başına. Biz də işi elə qurduq uduzan
onların özləri oldu (Ənbiya 68-70). Dinimizdə
cəhənnəmin məhz oddan ibarət olduğu deyilir. Amma bu od möminlərə
zərər verə bilməz. Qurana yaxşı əməllərə təhrik edəndə oddan qorunmaq
ifadəsi işlənilir. Burada cəhənnəm odu nəzərdə tutulur. Eyni zamanda,
bəlli olduğu kimi, İblisin xammalı oddur. Və o, bunu üstünlük
sayıb təkəkbbür göstərir. Torpaqdan yaradılana – Adəmə səcdə etmir.
Nəticədə Allah tərəfindən cəzalandırılır. Od məsələsində i-nin
üzərinə nöqtə qoymaq üçün elə bu yetərlidir.
SON
OLARAQ
Məcusilik
dinimizə görə batil sayılsa da, 18-ci əsrdə Hindistanın Multan
vilayətindən gəlmiş atəşpərəst tacir və zəvvarlar tərəfindən tikilmiş
Suraxanı atəşgahı bu gün də rəsmi və qeyri-rəsmi şəkildə təbliğ
olunur. Məmləkətin giriş-çıxışında bu məbədin təsvirləri az qala
ölkənin rəmzinə çevrilib. Bayrağında yaşıl rəng - müsəlmanlıq
rəmzi olan bir ölkənin. Yazda isə həmin multanı məbədindən od
gətirilib Bakıda novruz tonqalı qalanır. Hökumət rəsmilərinin
tapşırığı ilə. Belə «müdrik» qərarı yalnız Azərbaycan məmuru verə
bilər.
|