Rəhman
və Rəhim Allahın adıyla
1. Bu bir surədir, onu
nazil edərək vacib buyurmuşuq hökmlərini. İbrət alasız deyə aydın
ayələr nazil eləmişik bu surədə.
2. Zinaya yol vermiş
qadına və kişiyə - hər birinə yüz sayda kötək vurun. Allaha və
axirət gününə iman gətirmisizsə, Allahın dininin buyurduğu bu
cəzaya görə nəbadə onlara rəhminiz gələ. Bir dəstə mö'min də şahidlik
eləsin onların aldığı bu cəzaya.
3. Zinakar kişi yalnız
zinakar ya bütpərəst qadınla evlənə bilər. Zinakar qadın da yalnız
zinakar ya bütpərəst kişiyə ərə getməli. Onlar mö'minlərə haram
bilinmiş.
4. İsmətli qadınları
zinada ittiham eləyən və sonra dörd şahid gətirə bilməyən kimsələrə
səksən sayda kötək vurun. Onların şahidliyini heç vaxt qəbul eləməyin.
Sapmışlardır belələri.
5. Ancaq sonra tövbə
eləsələr, düzəlsələr bu başqa. Şübhəsiz, günahlardan keçəndir,
Rəhimdir Allah.
6. Arvadını zinada ittiham
eləyən və şahidləri olmayan ər dörd dəfə and içərək Allaha şəhadət
gətirər ki, dedikləri doğrudur.
7. Beşinci dəfə də Allaha
şəhadət verərək deyər ki, yalan danışarsa əgər, onda qoy Allah
ona lə'nət eləsin.
8. Arvad da dörd dəfə
and içərək Allaha şəhadət gətirsə ki, ərinin dedikləri yalandır,
cəzadan azad olar.
9. Beşinci dəfə isə Allaha
şəhadət verər ki, əri düz danışırsa əgər, onda qoy Allahın qəzəbinə
arvadın özü düşsün.
10. Fəziləti, rəhməti
olmasaydı Allahın, günahkarın cəzasını verərdi dərhal. Şübhəsiz,
tövbələri qəbul edəndir, müdrikdir Allah.
11. Sizin öz içinizdən
olan bir güruhdur o böhtanı [Peyğəmbərin zövcəsi həzrət Aişəyə
atılan böhtan nəzərdə tutulur] atanlar. Şər iş bilməyin bunu siz
özünüzə, bu sizin öz xeyrinizə. Qazandığı günaha görə hər biri
çatacaq öz cəzasına. Onlardan günaha ən çox batan kəsi isə böyük
bir əzab gözləyir.
12. Bunu eşidən zaman
sizdən olan mö'min kişilər, qadınlar öz gümanını xeyirliyə yozmamalıydılarmı,
«Bu açıqca yalandır» deməli deyildilərmi?
13. Dörd şahid gətirməli
deyildilərmi? Nə qədər ki, şahidləri gətirməmişlər, yalançılar
olaraq tanınarlar Allahın dərgahında.
14. Dünyada və axirətdə
fəziləti, rəhməti olmasaydı Allahın, böyük bir əzaba uğrayardınız
yaydığınız yalana görə.
15. Düşməyirdi dilinizdən
o yalan. Bilmədiyiniz şeyi söyləyirdi diliniz. Siz elə bilirdiniz
mə'nasız bir şeydi bu. Mə'nası böyükdür bunun Allahın dərgahında.
16. Bunu eşidən zaman
«Bu barədə danışmaq bizə yaraşan deyil. Ucalardan ucasan! Bu böyük
bir böhtandır!» deməli deyildinizmi?
17. Əgər mö'minsinizsə,
nəbadə bir də belə iş tutasız. Bunu sizə tövsiyə edir Allah.
18. Ayələrini sizə aydınca
açıqlayır Allah. Biləndir hər şeyi, müdrikdir Allah.
19. O kəslər ki, istəyirlər
əxlaqsızlıq yayıla mö'minlər arasında, ağrılı bir əzab gözləyir
dünyada və axirətdə onları. Bunu Allah bilər, siz bilməzsiniz.
20. Fəziləti, rəhməti
olmasaydı Allahın, sizin cəzanızı verərdi dərhal. Şübhəsiz, şəfqətlidir,
Rəhimdir Allah.
21. Ey iman gətirənlər!
Yeriməyin yerişini şeytanın. Şeytanın yerişini yeriyən kəs əxlaqsızlığı,
fənalığı əmr edər. Fəziləti, rəhməti olmasaydı Allahın, heç hansınız
heç zaman paklana bilməzdi heç. Ancaq istədiyi kimsəni paklayar
Allah. Eşidəndir hər şeyi, biləndir hər şeyi Allah.
22. Sizlərdən fəzilət
sahibləri, sərvətli kəslər and içməsinlər ki, qohumlarına, yoxsullara,
Allah yolunda hicrət etmiş kimsələrə bir şey verməyəcəklər. Onları
əfv eləsin, bağışlasınlar. Məgər istəməzmisiniz günahlarınızdan
keçə Allah? Günahlardan keçəndir, Rəhimdir axı Allah.
23. Zinanı ağlına belə
gətirməyən ismətli qadınları zinada ittiham eləyən kimsələr lə'nətə
gəlmişlər dünyada və axirətdə. Böyük bir əzab gözləyir onları.
24. O gün dilləri, əlləri
və ayaqları onların işləri barədə şəhadət verəcəklər.
25. Layiq olduqları cəzanı
verəcək o gün Allah. Və onlar biləcəklər açıq-aşkar haqdır Allah.
26. Pis qadınlar pis
kişilərə, pis kişilər pis qadınlara tay olarlar. Və yaxşı qadınlar
yaxşı kişilərə, yaxşı kişilər yaxşı qadınlara tay olarlar. Haqlarında
pislər nə söyləyirsə, yaxşılara yapışmaz. Məğfirət gözləyir yaxşıları.
27. Ey iman gətirənlər!
Özgənin evinə nəbadə icazəsiz, sahibinə salamsız girəsiz. Belə
daha yaxşı olar sizin üçün. Bəlkə bu barədə düşünəsiniz?
28. Bir kimsəni tapmasanız
o evdə, yenə də icazə almamışkən içəriyə keçməyin. «Qayıdın!»
deyilsə sizə, qayıdın. Belə daha yaxşı olar sizin üçün. Gördüyünüz
işləri bilir Allah.
29. İçində heç kimin
yaşamadığı və sizə gərəkli olan şeylər tapdığınız evlərə icazəsiz
girsəniz, günaha batmazsınız. İçinizi, çölünüzü bilir Allah.
30. Mö'min kişilərə söylə
naməhrəm şeylərdən çəksinlər gözlərini, qorusunlar məhrəm yerlərini.
Belə daha yaxşı olar onlar üçün. Şübhəsiz, onların işlərindən
xəbərdardır Allah.
31. Mö'min qadınlara
söylə naməhrəm şeylərdən çəksinlər gözlərini, qorusunlar məhrəm
yerlərini. Görünən ziynətlərindən savayı heç bir ziynətini göstərməsinlər.
Baş örtüklərini bağlayıb sallasınlar boyunlarına, sinələrinə.
Ərləri, ataları, qaynataları, oğulları, ərlərinin oğulları, qardaşları,
qardaşlarının oğulları, bacılarının oğulları, müsəlman qadınlar,
cariyələr, qadınların məhrəm yerlərini anlamayan uşaqlardan savayı
heç kimə göstərməsinlər ziynətlərini. Ayaqlarını yerə vurmasınlar
ta onların gizlədiyi ziynətləri cingiltidən aşkar ola. Ey iman
gətirənlər! Tövbə edin hamılıqla Allaha, qayıdın Onun yoluna,
uğura uğrayarsız.
32. İçinizdəki ərsiz
azad qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən
əməli düz olanları bir-birilə evləndirin. Əgər yoxsuldurlarsa,
Allah kəramətilə varlandırar onları. Lütfü genişdir, hər şeyi
biləndir Allah.
33. Evlənmək imkanı tapmayanlar
abır-ismət gözləsinlər, Allah kəramətilə varlandırar onları. Kölələrinizdən
hansı biri sizdən yazı [özünü satın almaq üçün azad olandan sonra
ödəyəcəyi məbləği və ödənc müddətini nəzərdə tutan saziş] istəsə
və əgər əmin olsanız ki, bu yazıya gücü çatacaq, onun istəyinə
əməl eləyin. Allahın malından da ona bir sərmayə verin. İffətini
qoruyan cariyələrinizi dünyanın gəldi-gedərini qazanmaq naminə
zorla vadar eləməyin zinaya. Bunu eləyən kəs bilsin, zorlanan
qadınları bağışlar, onlara qarşı Rəhimdir Allah.
34. Aydın-aydın ayələr,
sizdən öncə gəlib-getmişlərdən nümunələr və müttəqilər üçün öyüdlər
nazil etmişik bu surədə.
35. Göylərin, yerin nurudur
Allah. Onun nuru içində çıraq olan bir qəndildir elə bil. Bir
şüşənin içindədir o çıraq. Şüşə isə inci kimi parlayan bir ulduzdur
elə bil. Nə şərqdə, nə qərbdə bitən mübarək zeytun yağıyla yanar
bu çıraq. Od dəyməsə də bu yağa, hazırdır aləmi nurlandırmağa.
Nur [od nuru], Allahın nuru üstündə nur! İstədiyi kimsəni Öz nuruna
qovuşdurar Allah. İnsanlara neçə-neçə misallar çəkər Allah. Hər
şeyi bilir Allah.
36. Allahın izni ilə Onun adı anılan, uca tutulan evlərdə səhər-axşam
Onu öyərlər.
37. Allahı anmaqdan,
namaz qılmaqdan, zəkat verməkdən qoymaz bu adamları ticarət, alış-veriş.
Yrəklərinin bərk döyünəcəyi gündən, gözlərinin sağa-sola döyükəcəyi
gündən qorxar onlar.
38. Gördükləri işlərinin
ən gözəlinə görə verər mükafatını onlara Allah. Artıqlamasıyla
verər onlara kəramətindən. İstədiyi kimsəyə hesabsız ruzi verər
Allah.
39. Çöllükdə görünən
səraba bənzər kafirlərin işləri. Su təşnəsi su zənn edib buna
yaxın gələntək yoxa çıxmış görər suyu. Bir də baxar Allahla üz-üzədir.
Və Allah da dərhal çəkər beləsiylə haqq-hesabını. Hesabı tez aparandır
Allah.
40. Yaxud da dənizin
ənginliklərində qaranlıqlar kimidir kafirlərin işləri. Qalaq-qalaq
qalanmış dalğalar, dalğalar üstünə qalanmış qara buludlar. Qaranlıq
üstündə qaranlıqlar. Öz əlini görə bilməz bir kimsə bu zülmətlər
içində. Allahın nur vermədiyi kimsənin nuru olmaz.
41. Məgər görməzmi oldun,
göylərdə, yerdə olan kimsələr, göydə qanad gərən quşlar öyürlər
Allahı. Hər biri də Allahı necə anacağını, Onu necə öyəcəyini
bilir. Onların nə etdiyini bilir Allah.
42. Allahdır göylərin,
yerin yiyəsi. Onun da dərgahına axır dönəcək hamı.
43. Məgər görməzmi oldun,
Allah cövlan etdirir buludları, sonra bir yerə gətirib üst-üstə
yığır onları. Görürsən necə yağış yağır buludların içindən. Və
sonra səmadan dalğalar kimi buludlar göndərir, buludlardan dolu
endirir. İstədiyi kimsəni döyür doluyla, istədiyi kimsədən sovuşdurur
dolunu. Şimşək elə çaxır parıltısı az qalır gözləri kor eləyə.
44. Gecəni gündüzə, gündüzü
gecəyə qatar Allah. Şübhəsiz, bunda Onun qüdrətinin nişanəsi var
bəsirətli kəslər üçün.
45. Bütün canlıları sudan
yaratmış Allah. Kimi qarnı üstə sürünür, kimi ikiayaqlıdır, kimi
də dördayaqlı. Dilədiyi xilqəti yaradır Allah. Hər şeyə qadirdir
Allah.
46. Aydın-aydın ayələrdir
göndərdiyimiz. İstədiyi kimsəni doğru yola yetirər Allah.
47. «Allaha və Rəsula
iman getirdik, itaət elədik» deyər münafiqlər. Sonra da bə'ziləri
bu sözlərdən dönərlər. Onlar mö'min deyillər.
48. Allahın hökmü ilə
mübahisələrini həll etmək üçun Allaha və Rəsuluna üz tutmaq istəyən
zaman onlar, bundan üz döndərər içlərindən bə'ziləri.
49. Haqq onların xeyrinə
olanda isə itaətkar-itaətkar, tez-tələsik gələrlər Rəsulun yanına.
50. Azarmı var, şübhəmi
var ürəklərində, yoxsa qorxurlar Özünün Rəsulu ilə onlara bir
haqsızlıq yetirə Allah? Xeyr, o kimsələr zalımlardır sadəcə.
51. Allahın hökmü ilə
mübahisələrini həll etmək üçün Allaha və Rəsuluna üz tutaraq «Eşitdik,
itaət elədik» sözlərini yalnız mö'minlər deyər, bu onların sözləridir.
Məhz onlardır uğura uğrayanlar.
52. Allaha və Rəsuluna
itaət eləyən, Allahdan qorxan, Ondan çəkinən kimsələrdir qurtuluş
qazananlar.
53. Savaşmaq barədə əmr
versən əgər münafiqlərə, var güclərilə and içərlər savaşa çıxacaqlarına.
De ki, «And içməyin, mə'lumdur itaətiniz. İşləklərinizdən xəbərdardır
Allah».
54. De ki, «Allaha itaət
eləyin, Rəsula itaət eləyin. Əgər üz çevirsəniz, bilin, Rəsul
öz yükünə, siz də öz yükünüzə cavabdehsiniz. Ona itaətdə olsanız,
doğru yolu taparsız. Onun hökmlərini sizə açıqca çatdırmaqdır
Rəsulun borcu yalnız».
55. Sizlərdən iman götirən,
saleh işlər görən kəslərə Allah və'd vermiş, yer üzündə onları
xəlifələr edəcək. Onlardan öncəkiləri də xəlifələr eləmişdi bir
zaman. Və'd vermiş, gücləndirəcək onlar üçün seçdiyi dini, arxayınçılıqla
əvəz edəcək qorxularını. Çünki təkcə Mənə ibadət eləyər, heç bir
şeyi Mənə şərik qoşmaz onlar. Bundan sonra kafirlik eləyən kimsələrsə
sapmışlardır sadəcə.
56. Namaz qılın, zəkat
verin, Rəsula itaət eləyin bəlkə sizə rəhm edilə.
57. Elə bilmə Bizi yer
üzündə aciz qoymağa kafirlər güc yetirər. Od olar onların yuvası.
Pisdən pis yerdir ora!
58. Ey iman gətirənlər!
Kölələriniz, cariyələriniz və içinizdə həddi buluğa çatmamış olanlar
sizdən hər gün üç dəfə icazə istəsinlər: bir sübh namazından öncə,
bir günorta zamanı və bir də gecə namazından sonra paltarınızı
soyunanda sizə xidmət üçün yanınıza gəlib-gedən vaxtlarda. Yç
dəfə dincələ bilməyinizdən ötrü belə vacib bilinmiş. Başqa vaxtlarda
isə bir-birinizin yanına nə qədər girib-çıxsanız günaha batmazsınız.
Ayələri sizə beləcə açıqlayır Allah. Biləndir hər şeyi, müdrikdir
Allah.
59. Yetkinlik çağına
yetəndə uşaqlarınız, onlar da böyükləri kimi icazə istəsinlər
hər dəfə. Ayələrini sizə beləcə açıqlayır Allah. Biləndir hər
şeyi, müdrikdir Allah.
60. Ərə getmək ümidini
itirmiş, qarımış qadınlar ziynətlərini göstərməmək şərtilə üst
geyimlərini çıxarda bilərlər, bunda bir günah olmaz. Ancaq bundan
da çəkinsələr daha yaxşı olar onlar üçün. Eşidir hər şeyi, bilir
hər şeyi Allah.
61. Kor olan, topal olan,
xəstə olan kimsələr hansı evə getsələr, orada yemək yeyə bilərlər.
Öz evinizdə, atanızın evində, ananızın evində, qardaşınızın evində,
bacınızın evində, əminizin evində, bibinizin evində, dayınızın
evində, xalanızın evində, açarı sizdə olan evdə, dostunuzun evində
yemək yeyə bilərsiz, bunda bir günah olmaz. Yeyəndə hamılıqla,
yaxud ayrı-ayrılıqda yeyə bilərsiz, bunda bir günah olmaz. Evə
girən zaman əhlinizi, özünüzü salamlayın, Allahdan bu evə sülh,
bərəkət, gözəllik diləyin. Düşünüb-daşınasız deyə ayələri sizə
beləcə açıqlayır Allah.
62. Bir iş barədə qərar
çıxarmaq üçün Rəsulla bir yerə cəm oldularmı, Allaha və Rəsuluna
iman gətirən mö'min kimsələr ondan rüsxət almamış bir yerə gedən
deyillər. Allaha və Rəsuluna iman gətirən kimsələrdir səndən rüsxət
istəyənlər. Bə'zi işlərinin dalınca getmək üçün səndən rüsxət
istəsələr, rüsxəti istədiyin kimsəyə ver və ona Allahdan məğfirət
istə. Şübhəsiz, günahlardan keçəndir, Rəhimdir Allah.
63. Siz Rəsulu bir-birinizi
çağırdığınız kimi çağırmayın. İçinizdən sivişib aradan çıxanları
tanıyır Allah. Başlarına bir bəlanın gəlməyindən, yaxud ağrılı
bir əzaba uğramaqdan həzər eləsin Onun buyruğuna xilaf çıxanlar.
64. Bir baxın, göylərdə
nə varsa, yerdə nə varsa Allahın deyilmi? Sizin bu gününüzü də,
Onun dərgahına onların dönəcəyi günü də, şübhəsiz, bilir O. Gördükləri
işləri onlara bildirər O. Hər şeyi bilir Allah.
|