Dünya
xalqlarının əksərinin mifologiyasında ümumdünya daşqını haqda
süjetlər var. Bu total fəlakətin cəbəbi haqqında onların hamısında
belə bir motivasiya var: Allah (və ya ilahi hesab edilən) insanlara
qəzəblənir və nəticədə daşqın baş verir. Bir sözlə, daşqına səbəb
olaraq təbii bir motiv göstərilmir, hamısında daşqın cəza olaraq
götürülür.
Qəzəbin səbəbi bəzən fərqli olur: pis davranışlar, tabunun pozulması,
xüsusi səbəb olmadan heyvanların öldürülməsi və s. Əsatirlərin
çoxunda bir sıra adamların daşqın haqda öncədən xəbərdar edilməsi
deyilir. Bunlar isə cəzaya layiq olmayan kəslərdir. Qəzəbi doğuranların
yol verdiyi hərəkətlərdə iştirakçı olmayan, tamam əks düşüncə
və davranış sahibi olanlar isə salamat qalır. Bütün hallarda bunların
çox az olduğu deyilir. Sağ qalacaq adamlar öncədən xəbərdar edilir
və xilas üçün müxtəlif tədbirlər görürlər: kimində gəmi və ya
qayıq düzəldirlər, kimisi uca dağa dırmaşır, bir başqasında sağ
qalacaq insanlar hündür ağaca çıxmaqla qurtulurlar. Ağac suyun
səviiyəsi qalxdıqca böyüyür, uzanır, onları batmağa qoymur. Bəzi
xalqlarda xilasın üzən ada vasitəsilə olduğu fikri var. Hətta
ibtidai xalqlarda bu xilas vasitəsinin tısbağa çanağı, böyük balqabaq,
kokos qozunun qabığı varantları da var. Xilas olunanlar bir çox
hallarda özləri ilə heyvanlardan, zəruri bitkilərin toxumlarından
götürürlər. Daşqının müddəti, adətən, sakral rəqəmlərlə ifadə
olunur: yeddi gün, qırx gün. Daşqının çəkilməsi haqda məlumat
isə, adətən, quş vasitəsilə olur. Uçurulan quş, nəhayət, xoş xəbər
gətirir və adamlar düşürlər (gəmidən, ağacdan, tısbağa çanağından...).
Yeni həyat başlayır və bu yeni həyat əvvəlkindən daha imanlı olur.
Şər azalır.
Böyük
tufan haqda rəvayətin Bibliyadan qaynaqlanıb müxtəlif variantlarda
təkrarlanması versiyası haqda çox deyilsə də, bu, özünü doğrultmur.
Çünki böyük torpaqla son əsrlərə qədər əlaqəsi olmayan Amerika
sakinləri arasında da belə miflər var. Onların Bibliya əfsanələrindən
qaynaqlanmayıb müstəqil olduğu təsbit edilib. Sakit okeanın şimal-qərb
sahillərində yaşayan hindulara görə, tufandan öncə Ali Ruh insanlara
və heyvanlara qəzəblənibmiş. O, yaxşı adamın ailəsinə xilas imkanı
verməklə başqalarını məhv eləmək qərarına gəlir. Tufan başlayanda
İlahi Ruh yaxşı adama əmr edir ki, buluda ox atsın. Ox buluda
batandan sonra, ikinci oxu da birincinin dalına sancsın. Bu yolla
oxlar bir-birinin ucuna calanır və yaxşı adamın ailəsi və yaxşı
heyvanlar buludun üstünə çıxıb xilas olurlar. Bunu görən pislər
də oxla dırmaşmağa başlayırlar. Amma ilk ox buluddan çıxır və
onların hamısı yıxılıb məhv olurlar.
Akkad mifologiyasında
da daşqın haqda mif var, mifin qədim babil (e.ə. ikinci minilliyin
ortaları), yeni assur və yeni babil versiyaları mövcuddur. Mifə
görə, insan yaranandan bir müddət sonra Enlil onların dünya həyatına
çox uymalarından, hay-küylərindən qəzəblənir və adamları məhv
eləmək üçün taun xəstəliyi göndərir. Ardınca quraqlıq baş verir.
Daha sonra torpağa şoran göndərir ki, insanlar qırılsınlar. Amma
hər dəfə adamlar Enkinin köməyi ilə fəlakətdən sovuşurlar. Zəruri
müsaid mühitin yaranması nəticəsində onlar yenidən çoxalmağa başlayırlar.
Bu dəfə Enlil qəzəblənib daşqın göndərir. Bu daşqın yeddi gün,
yeddi gecə davam edir. Bəşəriyyət məhv olur, təkcə Atraxasis qalır.
Ona Enki kömək edir. Onun məsləhəti ilə Atraxasis gəmi düzəldir
və ona «həyatı qoruyan gəmi» adı verir. Atraxasis bu gəmiyə öz
ailəsini, sənətkarları, taxıl və otyeyən heyvanları doldurur.
Nəticədə sağ qalırlar.
Hindlilərin «Daşqın»
adlı mifinə görə tufan xəbərini Manuya bir balaq verir. Məşhur
«Qızıl balıq» sücetinin hind variantının qısa məzmunu belədir:
«Bir gün səhər-səhər Manuya dəstəmaz almaq üçün su gətirdilər.
O yuyunanda əlinə bir balıq düşdü. Balıq dedi: «Məni böyüt, nə
vaxtsa səni xilas edərəm». – «Sən məni nədən xilas edəcəksən ki?»
- «Daşqın olacaq. Bütün canlıları yer üzündən siləcək daşqın.
Ondan xilas edəcəm» - «Səni necə böyüdüm?» Balıq deyir: «Nə qədər
ki, biz balacayıq, hər tərəfdən təhlükə gözlənilir. Balıq balığı
yeyir. Əvvəlcə məni suyu olan kuzəyə qoy. O mənə dar olanda çüxur
qazıb su ilə doldur və məni orada saxla. Ora da mənə darlıq edəndə
dənizə buraxarsan. Orada mənə heç bir təhlükə qorxulu olmayacaq».
O, çox sürətlə böyüyür və nəhəng bir balığa çevrilir. Manuya deyir:
«Filan ildə daşqın olacaq. Onun üçün özünə gəmi düzəldərsən. Və
məni gözləyərsən. Səni xilas edəcəyəm. Balığın dediyi vaxtda Manu
gəmi düzəldir və gözləməyə başlayır. Daşqın başlayanda gəmiyə
minir. Bu vaxt balıq gəlir. Manu gəminin kəndirini onun buynuzuna
bağlayır və balıq onu Şimal dağına gətirir. Sonra daşqın çəkilməyə
başlayır və Manu aşağı enir. O vaxtdan Şimal dağı «Manoravasarpana»
- «Manunun endiyi» adlanır. Daşqın isə hər şeyi məhv edir və Manu
dünyada tək qalır...». («Brahman»)
Nuh adı Bibliyada “sakitləşdirici”
mənasında işlənir. Yəhudilik və xristianlıqda bu peyğəmbər dünya
tufanı zamanı xilas olan mömin, gəmi düzÿldən, yaxşı insanları,
heyvan və quşları xilas edən bir şəxs kimi göstərilir. Yenə Bibliyaya
görə Nuh öz oğulları Sam, Ham və Yafəslə tufandansonrakı bəşəriyyətin
babasıdır. Tufanın baş verməsi ilə bağlı insanların pozulması,
Allah yolundan uzaqlaşması, şərə tapınması səbəbi göstərilir.
Bu pozulmuşların içində yalnız bir nəfÿr Yəhvanın bərəkətinə nail
olur. Bu, Nuh peyğəmbərdir. O, Adəmin doqquzuncu silsilədən olan
törəməsi, Yenoxun nəticəsi kimi göstərilir.
Bibliya
rəvayətlərində Nuh peyğəmbərin də öz ulu babaları kimi çox yaşadığı
deyilir. İlk övladları dünyaya gələndə onun 500 yaşı varmış, tufan
vaxtı isə 600. Pozulmuş insanların tufan yolu ilə məhv edilməsi
qərarı qətiləşəndən sonra ıYəhva mömin, təmiz insan olan Nuha
tufanqabağı xəbərdarlıq edir və gəmi düzəltməyi əmr edir. Bibliyaya
görə, ona gəminin quruluşu, materialı, düzəlmə texnologiyası və
s haqda məlumat, instruksiya verilir. Nuhun və oğlullarının məşhur
gəmisinin dörd yaruslu olduğu haqda fikirlər geniş yayılıb. Sonrakı
rəvayətlərə görə üç yaruslu olan gəminin birinci mərtəbəsində
heyvanlar, ikincisi insanlar, üçüncü qatında isə quşlar yerləşdirilibmiş.
Bibliyaya görə, bir versiyada heyvanların hərəsindən bir cüt götürüb
(Varlıq, 6:19). Başqa bir yerdə isə yeddi cüt
təmiz, bir cüt isə natəmizindən götürüldüyü deyilir (7:
2-3). Axırda gəmiyə Nuhun özü, arvadı, oğulları və oğullarının
arvadları daxil olurlar. Cəmi səkkiz nəfər olurlar. Qırx gün və
qırx gecə davamlı yağış yağır. Uca dağlar belə su altında qalır,
bütün canlılar həlak olur. Yüz əlli gündən sonra su çəkilməyə
başlayır. Gəmi isə Ağrı dağının üstünə oturur. Əvvəlcə Íuh peyğəmbər
gəminin pəncərəsindən qarğa buraxır. Qarğa bir müddət uçur, amma
qonmağa yer tapmayıb geri qayıdır. Sonra göyərçin uçurur. O da
əvvəlcə yer tapmır. Yeddi gün keçəndən sonra göyərçin dimdiyində
zeytun yarpağı gətirir. Daha yeddi gün ñonra isə göyərçin qayıtmır.
Bu, artıq yerin quruması kimi qəbul olunur. 365 gündən sonra adamlar
və heyvanlar gəmidən çıxırlar. Nuh Yəhvaya qurban kəsir. Yəhudilikdə
bu, ilk qurban sayılır. Yəhva bir də yer üzündə tufan olmaması
üçün insanın insan qanı tökməyəcəyi haqda vəd alır. Bundan sonra
bir də tufan olmayacağına şəhadət kimi göy qurşağı çıxır.
Nuh peyğəmbər Quranda insanları təkallahlığa dəvət edən ülul-əzm
peyğəmbərlərdən ilkidir. Onun adı Müqəddəs Kitabımızda qırx dəfə
çəkilir. Ayrıca bir Nuh surəsi də var. Hesab olunur ki, Nuh peyğəmbərə
Adəm peyğəmbərdən min ildən çox vaxt sonra peyğəmbərlik verilib.
Bu zaman ərzində insanlar tövhid dinində imişlər. Sonradan bütpərəst
geniş yayılmağa başlayıb. Səbəbini isə belə izah edirlər. Adəm
peyğəmbərdən sonra min ilə yaxın tövhid dini ilə yaşayan insanlar
arasında sevdikləri saleh əməlli şəxsləri unutmamaq üçün onlara
heykəl qoymaq ənənəsi yaranıb. Bu heykəllər onlara tapınmaq üçün
qoyulmayıb. İlk nəsillər bunu ağıllarına belə gətirməyiblər. Onlara
hörmət edib, ehtimal ki, həm də indiki övliya məqbərələrinə olan
inanc kimi, onlara Allaha öz niyyətini çatdırmaq üçün vəsilə kimi
yanaşıblar. Amma zaman keçdikcə insanlar tövhid əqidəsindən sapmağa
başlayıblar. Bu heykəllərin güc sahibi olduğuna inanclar çoxalıb
və üstünlük təşkil edib. Beləliklə, yer üzündə insanlar ilk dəfə
Allaha şərik qoşmağa başlayıblar. Nuh qövmünün tapınıdığı bütlərin
Quranda adları da çəkilir: Vedd, Suva, Yağus, Yeuk, Nəsr
(Nuh, 23).
Nuh tufanının səbəbi
də elə bu böyük günah olur. Allaha şərik qoşmanın ilk böyük təzahürü
çox kəskin cəzalandırılır. Uca Allah Nuhun öz qövmünə peyğəmbər
olaraq göndərilməsi haqda Quranda belə məlumat verir: «Xəbəriniz
olsun ki, Biz Nuhu «Onlara ağrılı bir əzab gəlmədən qövmünü xəbərdar
elə» deyə göndərdik (Nuh, 1).
|
Nuh
tufanı. 16-cı əsr Şərq miniatürü |
Nuh onlara Allaha şərik
qoşmaqdan əl çəkib tövhid əqidəsinə qoşulmağı təbliğ edir. Onun
ilk təbliği Quranda belə təsvir edilir: «And olsun ki, Nuhu peyğəmbər
kimi qövmünə göndərdik. O da varıb: «Ey qövmüm! Allaha qulluq
edin, Ondan başqa heç bir ilahnız yoxdur. Gerçəkdən mən sizə böyük
bir günün əzabının gəlməsindən qorxuram» – dedi. Qövmündən olub
irəlidə gedənlər: «Şübhəsiz, biz səni açıq bir sapqınlıq içində
görürük» – dedilər. Nuh: «Ey qövmüm, məndə heç bir sapqınlıq yoxdur,
mən Aləmlərin Rəbbi tərəfindən göndərilən bir peyğəmbərəm» – dedi
– sizə Rəbbimin mesacını çatdırıram, sizə öyüd verirəm və mən
Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm. Sizə o
qorxunc aqibəti bildirmək üçün, qorunmağınız üçün və bəlkə də,
rəhmətə qovuşdurulmağınız üçün Rəbbinizin rəhməti olaraq sizə
bir zəbərdarlığın gəlməsinə inanmır və çaşırmısınız?» – dedi»
(Əraf, 59-63).
Bu qövm də Məhəmməd peyğəmbərə
etiraz edən cahillər qismində olub, Quran təbiri ilə desək, «qəlbləri
bir-birinə bənzəyirmiş» (Baqara 118). Bunlar
da peyğəmbər olaraq mələklərin gəlməsini istəyir, atalarının yolunda
israr edir, peyğəmbəri isə Məhəmməd peyğəmbər dönəmində olduğu
kimi, «dəli» -«cinli», «məcnun» adlandırırmışlar: «Qövmündən olan
kafir kübarlar dedilər: «Bu da sizin kimi bir bəşərdir sadəcə,
istəyir ağalıq eləyə sizə. Allah istəsəydi, mələkləri göndərərdi,
bunu yox. Biz dədə-babadan belə şey eşitməmişik. Bunda bir dəlilik
var, fikir verməyin, bir müddət gözləyin, bəlkə vaxtı gələ, ölə
o» (Muminin 24-25).
O vaxtkı adamların bir
cəhəti də insanın üstünlüyünün malda, var-dövlətdə, vəzifədə olmasını
düşünmələri imiş. Onlar Nuh peyğəmbəri ətrafına toplananlara ikrahla
baxır, onları kiçildir, onlarla bir sırada olmağı öz nəfslərinə
həzm etdirə bilmirmişlər. Və Nuha deyirlər ki, əgər o adamları
yanından uzaqlaşdırsa, bəlkə, onu dinləyələr. Nuh peyğəmbər onların
bu tələbinə qarşı deyir: «Mən inananları yanımdan qovası deyiləm.
Mənim vəzifəm xəbərdarlıq etməkdir» (Şuara, 14-15).
Nəhayət tufan qərarı
qətiləşir və Nuha gəminin düzəltmək tapşırılır. Doğru yoldan azmışlar
indi də ona lağ etməyə başlayıblar: «Deyəsən, peyğəmbərlikdən
bir şey çıxmadı, indi dülgərliyə keçdin?». Qurani-Kərimə görə,
tufandan qurtulanlar yalnız Nuhun soyundan olanlardır. «Bu dünyada
ancaq onun nəsli qaldı» (Saffət, 77). Nuhun arvadı,
oğulları Sam, Ham və Yafəs və arvadları gəmiyə minir, Kənan (Nuhun
digər oğlu) isə suda boğulur.
Orta əsr tarixçiləri
Samı ərəblərin və farsların, Hamı zəncilər və həbəşlərin, Yafəsi
türklər, uzaq şərq xalqları, bərbərlər, çinlilər və mavəraünnəhrlilərin
ulu babası olaraq qəbul edirdilər.
|