Rəhman
və Rəhim Allahın adıyla
1. Ey insanlar, qorxun Rəbbinizdən və bilin,
tək bir candan yaratmış sizi O. Və bu candan onun tayını, sonra
da bir cüt candan xeyli sayda kişilər və qadınlar yaratmış. Çəkinin
Allahdan. Axı bir-birinizdən nəsə umursunuz Onun adıyla. Əqrəbalıq
bağlarını qırmayın. Şübhəsiz, üstünüzdə gözü var Allahın.
2. Özlərinə yetirin yetimlərin malını. Yaxşı
şeyi murdar şeyə dəyişməyin. Onların malını öz malınıza qatıb
yeməyin, yoxsa böyük bir günaha batarsınız.
3. Əgər qorxsanız ki, yetim qadınla evlənib gərəyincə verə bilməyəcəksiz
onun haqqını, xoşunuza gələn qadınlardan ikisini, üçünü, dördünü
alın. Əgər qorxsanız ki, bunları da ədalətlə yola verə bilməyəcəksiz,
birini alın, yaxud da sahibi olduğunuz cariyələrlə keçinin. Doğru
yoldan sapmamaqçün ən azı bunu etməli.
4. Hədiyyə olaraq verin qadınlara mehrini. Könül xoşluğuyla bağışlasalar
sizə mehrin bir qismini, nuşcanlıqla yeyin onu.
5. Malınızı beyinsizlərə verməyin, dayaq düzəldib sizə o maldan
Allah. O maldan onlara ruzi verin dolansınlar, geyindirin onları,
xoş sözlər deyin onlara.
6. Evlənmə çağına çatsalar belə sınaqdan keçirib yoxlayın yetimləri,
ağılları başındadırsa, onların özlərinə qaytarın mallarını. Qoyun
ərsəyə yetsin yetimlər, yeyib dağıtmayın onların malını. Varlı
kimsə göz dikməsin yetimin malına, yoxsul da insafla yesin o maldan.
Malını qaytaranda onlara, şahid tutub gətirin. Tək Allah bəs eləyər
hesab aparmaq üçün.
7. Kişinin payı var ata-ananın, əqrabanın qoyub
getdiyindən. Qadının da ata-ananın qoyub getdiyindən payı var.
Bu qoyub getdiklərinin azından da, çoxundan da həm kişiyə, həm
qadına bir pay düşər.
8. Mirasdan payı olmayan qohum-əqraba, yetimlər,
yazıqlar da gəliblərsə mal bölgüsünə, onlara da bir ruzi verin
və xoş sözlər söyləyin.
9. Özlərindən sonra cılız coluq-cocuğunu qoyub getsələr halı necə
olacaq uşaqlarının - deyə narahatlıq keçirənlər haqsızlığa yol
verməkdən çəkinsinlər. Allahdan qorxsunlar və doğru söz söyləsinlər.
10. Od tıxar qarınlarına yetimlərin malını haqsızlıqla yeyənlər.
Odlanıb alovlanacaq onlar.
11. Övladlarınıza mirasdan pay böləndə kişiyə iki qadına düşən
qədər pay ayırmağı tövsiyə edər Allah. İkidən artıq olsa övladlarınızdan
qadın xeylağının sayı, mirasın üçdə ikisi düşər onlara, əgər sayı
bir olsa, yarısı düşər ona. Ölənin uşağı varsa atasına, anasına
- hər birinə altıda bir, uşağı yoxsa ata-anasına keçir varislik
və üçdə bir pay düşər anasına. Ölənin qardaşı-bacısı varsa altıda
bir olur anasına düşən pay. Bu bölgü ölənin vəsiyyət elədiyini,
yaxud verməli olduğu borclarını çıxmaqla yerdə qalana aid olar.
Valideyniniz və övladlarınızdan faydalanmaq baxımından hansını
daha yaxın bilib sizə Allah, siz bunu bilməzsiniz. Allahdır, şübhəsiz,
hər şeyi bilən, müdrik olan.
12. Övladı yoxsa zövcənizin, qoyub getdiyi malın yarısı sizindir.
Övladı varsa, dörddə biri sizindir qoyub getdiyi malın. Bu bölgü
zövcənizin vəsiyyət elədiyini, yaxud verməli olduğu borclarını
çıxmaqla yerdə qalana aid olar. Övladınız yoxsa sizin, qoyub getdiyinizin
dörddə biri düşür zövcənizə. Övladınız varsa sizin, qoyub getdiyinizin
səkkizdə biri düşür zövcənizə. Bu bölgü vəsiyyət elədiyinizi,
yaxud da verməli olduğunuz borcları çıxmaqla yerdə qalana aid
olar. Əgər ölən kişinin və ya qadının varisləri övladı və valideyni
deyil, başqa qohumlarıdırsa və ölənin bir qardaşı, yaxud bir bacısı
qalıbsa, bunların hərəsinə altıda bir pay düşər, sayları çoxsa,
üçdə bir paya ortaq olarlar. Bu bölgü ölənin vəsiyyət elədiyini
və verməli olduğu borcları çıxmaqla yerdə qalana aid olar. Bunlar
Allahın tövsiyələridir. Şübhəsiz, hər şeyi biləndir, həlimdir
Allah.
13. Bunlar Allahın qoyduğu sədlərdir. Allaha və Onun Rəsuluna
itaətdə olanları içindən çaylar axan cənnətlərə salar Allah və
oralarda əbədilik qalarlar. Budur böyük qurtuluş!
14. Allaha və Onun Rəsuluna qarşı çıxanı, Onun qoyduğu sədləri
aşanı bir oda salar ki Allah, orada əbədilik qalar o. Alçaldıcı
bir əzaba düçar olar beləsi.
15. Qadınlarınızdan zinakarlıq edən varsa, bunu sübut üçün dörd
nəfər şahid gətirin öz içinizdən. Şahidlik etsələr, beləsini evdə
tutub saxlayın ölüncəyə qədər, yaxud bir yol açıncaya qədər Allah
ona.
16. İçinizdən iki nəfər zinakarlıq edərsə, əziyyət verin onlara.
Tövbə edib islah olunsalar, əl çəkin onlardan. Tövbələri qəbul
edəndir, Rəhimdir Allah.
17. Allaha görə o kəslərin tövbələri məqbuldur ki, bilməyib pis
iş tutar və tövbə edərlər o saat. Tövbəsini qəbul edər onların
Allah. Hər şeyi biləndir, müdrikdir Allah,
18. Dalbadal pislik edən və ölüm ayağında "Mən indi tövbə
etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbəsi məqbul
deyil. Ağrılı bir əzab gözləyir onları.
19. Ey mö'minlər, qadınlara vərəsəliklə zorla sahib çıxsanız,
halallıq gətirməz sizə bu. Verdiyinizin bir qismini geri almaq
üçün sıxışdırmayın onları. Açıqdan-açığa həyasızlıq edib şivən
qoparsalar - bu başqa məsələ. Ədəb-ərkanla davranın onlarla. Zəhləniz
getsə də onlardan səbrli olun, zəhləniz gedən bir şeyi xeyirli-bərəkətli
eləyər Allah.
20. Bir başqası ilə dəyişdirmək istəyəndə ömür yoldaşınızı vaxtilə
bir kantar daş-qaş vermisizsə ona, heç nəyi almayın verdiyinizdən.
Yalana-böhtana yol verib, günaha batıb gerimi alacaqsınız verdiyinizi?
21. Necə geri alarsız verdiyinizi, qaynayıb-qarışmışdız axı bir-birinizə,
möhkəm tə'minat almışdı axı sizdən ömür yoldaşınız.
22. Atanızın evləndiyi qadınla evlənməyin. Keçmiş ola keçmişdəkilər.
Əxlaqsızlıqdı, iyrənc bir şeydi, pis bir yoldu bu.
23. Ananız, qızınız, bacınız, bibiniz, xalanız, qardaşınız qızı,
bacınız qızı, sizi əmizdirmiş süd ananız, süd bacınız, qaynananız,
zifafa girdiyiniz qadından olub evinizdə saxladığınız qızlığınız
- zifafa girməmisinizsə həmin qadınla, qızını alsanız günaha batmazsınız
- doğma oğlunuzun halalı və iki bacını alıb evlənmək haram bilinmiş
sizə. Keçmiş ola keçmişdəkilər. Şübhəsiz, bağışlayandır, Rəhimdir
Allah.
24. Sahibi olduğunuz cariyələri çıxmaqla ərli qadınlarla evlənməyinizi
də eləcə yasaq yazmış sizə Allah. Başqaları ilə evlənmək isə halal
bilinmiş sizə bir şərtlə ki, gözləyəsiz isməti, yol verməyəsiz
əxlaqsızlığa, mehir verib evlənmək istəyəsiz onlarla. Sizə verdikləri
faydaya görə verin onlara kəsilən mükafatları. Mehrin kəsimindən
sonra az və ya çox verməyiniz barədə razılığa gəlsəniz günaha
batmazsınız. Şübhəsiz, biləndir hər şeyi, müdrikdir Allah.
25. Sizlərdən kimin mö'min subay qadınla evlənməyə çatmırsa gücü,
alsın mö'min cariyələrdən birini. Çox yaxşı bilir Allah sizin
imanınızı. Hamınız bir soydansınız, insansınız. Elə sə sahiblərinin
izni ilə evlənin onlarla o şərtlə ki, ismət-abır gözləyələr, gizli
bir dostu olmaya onların. Mehrlərini də insafla verin. Evləndikdən
sonra əxlaqsızlıq etsələr subay qadına verilən işgəncənin yarısı
düşür bunlara. Bir sıxıntıya düşməkdən çəkinən kimsəyə gərəkli
olar cariyə ilə evlənmək. Yaxşısı budur səbrli olasız. Bağışlayandır,
Rəhimdir Allah.
26. Allah istəyir açıqlasın sizə halal, haram olanı, çəksin sizi
sizdən öncəkilərin yoluna, qəbul etsin tövbənizi. Hər şeyi biləndir,
müdrikdir Allah.
27. Allah istər qəbul edə tövbənizi. Şəhvətlərə uyanlar isə istərlər
böyük bir sapqınlığa düşəsiz.
28. Allah istər yükünüzü yüngül eləyə. Zəif yaranmışdır insan
binadan.
29. Ey mö'minlər, bir-birinizin malını haqsızlıqla yeməyin. Yeyəndə
də aranızda qarşılıqlı razılıqla alış-veriş varsa yeyin. Özünüzü
öldürməyin. Siz qarşı çox Rəhimdir Allah.
30. Düşmənçiliklə, zülmlə belə iş tutanı od içinə basarlar, bu
da Allaha asan olar.
31. Əgər sizə yasaq bilinən böyük günahlardan qaçınsanız, kiçik
günahlarınızdan Biz keçərik və sizi şərəfli bir yerə yerləşdirərik.
32. Təmənna etməyin ki, sizi bir-birinizdən nə iləsə üstün tuta
Allah. Kişinin öz qazancından, qadının da öz qazancından payı
var. Allahdan Onun lütfünü diləyin. Şübhəsiz, hər şeyi bilir Allah.
33. Hər kəsə varislər seçdik ki, ata-ananın, qohum-əqrabanın qoyub
getdiyinə yiyə duralar. And içib əhd-peyman bağladığınız kəslərin
payını verin. hər şeyi görur Allah.
34. Qadınlardan üstün bilinmiş kişilər. Çünki kimini kimindən
üstün tutur Allah və çünki qadın üçün öz malından xərcləyir kişi.
Yrəkdən itaətkar olar yaxşı qadınlar, Allahın qorumağı əmr etdiyini
ərləri yanında olmayanda da qoruyar onlar. Dikbaşlıq etməyindən
qorxduğunuz qadınlara öyüd verin, yataqda tək buraxın və nəhayət
döyün onları. İtaət etsələr, bir bəhanə aramayın onların əleyhinə.
Şübhəsiz, ucadan ucadır, böyükdən böyük Allah.
35. Ər-arvadın ayrılmağından narahatlıq keçirsəniz, kişinin adamlarından
bir nəfəri və qadının adamlarından bir nəfəri göndərin versinlər
hökmlərini. Düzəltmək istəsələr bunlar aranı, Allah barışdırar
ərlə arvadı. Çünki Allah biləndir hər şeyi, xəbərdardır hər işdən.
36. Təkcə Allaha ibadət eləyin, Ona heç nəyi şərik qoşmayın. Ata-anaya,
qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya,
yaxın yoldaşa, yolçuya, tabeliyinizdə olanlara yaxşılıq eləyin.
Təkəbbürlüləri, lovğaları sevməz Allah.
37. Xəsisliklə baş girləyər, başqalarına da xəsisliyi buyurar,
Allahın bol ne'mətindən aldığını gizlədər onlar. Alçaldıcı bir
əzab hazırlamışıq kafirlərə.
38. Mal-dövlətini camaata gestərmək naminə xərcləyənlər nə Allaha
inanar, nə də axirət gününə. Şeytanla yoldaş olan nə fəna bir
yol tutub.
39. Nə zərəri vardı axı onlara, inansaydılar Allaha və axirət
gününə, Allah yolunda sərf etsəydilər Allahın onlara verdiyi ruzini.
Axı tanıyır onları Allah.
40. Zərrə qədər haqsızlıq etməz Allah, zərrə qədər yaxşılıq edənin
yaxşılığını qat-qat artırar, Özü verər beləsinin böyük əcrini.
41. Hər ümmətə bir şahid gətirsək və səni də bunlara şahid gətirsək,
necə olar halları?
42. Küfr edib Rəsula qarşı çıxanlar o gün yerlə yeksan olmaq istər
və Allahdan heç bir söz gizləməzlər.
43. Ey mö'minlər, nə qədər ki, sərxoşsunuz, nə dediyinizi bilmirsiniz,
yuyunub paklanmamısınız - bu yolçulara aid deyil -yaxın gəlməyin
namaza. Xəstə olan, yol üstə olan, ayaq yolundan qayıdan, qadına
toxunmuş olan düşdüyü vəziyyətdə su tapa bilməyəcəksə təmiz qumla
təyəmmüm eləsin: üzünə, əlinə sürtsün qumu. Şübhəsiz, əfv edəndir,
günahlardan keçəndir Allah.
44. Baxsana bunlara, Kitabdan pay verilən kəslərə - çaşqınlığı
satın alırlar və istəyirlər siz də çaşdırasız yolu.
45. Allah daha yaxşı tanıyır düşmənlərinizi. Dostunuz kimi Allah
bəs edər, yardımçınız kimi də Allah bəs edər sizə.
46. Yəhudilərdən elələri var kəlmələri təhrif edərək deyərlər:
"Eşitdik və üsyan elədik", "Dinlə qulaq vermədən".
Və dillərini əyib bükərək, dinə zərbə endirərək "Rainə"
deyərlər. "Eşitdik və itaət elədik", "Dinlə və
bizə bax" desəydilər onlar üçün daha yaxşı olardı, daha doğru
olardı. Küfrlərinə görə lə'nətləmişdir onları Allah, çox az inanar
onlar.
47. Ey Kitab verilənlər, əlinizdə olanı təsdiq üçün nazil etdiyimiz
Kitaba iman gətirin. Yzləri yoxluğa yönəldib arxaya çevirməzdən,
yaxud Şənbə adamlarını lə'nətlədiyimiz kimi onları da lə'nətləməzdən
öncə ödin bunu. Yerinə yetəndir Allahın əmri.
48. Ona şərik qoşanı bağışlamaz, bundan özgö bir iş tutanı istəsə
bağışlar O. Böyük bir günah işlətmiş Allaha şərik qoşan.
49. Bunları, özlərini təmizə çıxaranları görməzmi oldun? Təkcə
Allah təmizə çıxarar istədiyi adamı. Tük qədər də zülm edilməz
onlara.
50. Bax gör necə yalan uydururlar Allahın adına. Təkcə bu bəs
edər ki, açıqdan-açığa batalar suça.
51. Kitabdan pay düşənləri görməzmi oldun? Bir baxsana onlara
- bütə və şeytana inanırlar və bunlar mö'minlərdən daha doğru
yoldadır" deyirlər kafirlərə.
52. Allahın lə'nətlədiyi adamlardır onlar. Allah kimi lə'nətləsə
daha heç bir yardımçı tapmazsan ona.
53. Yoxsa hakimiyyətdən payı var onların? Elə olsaydı insanlara
bir çəyirdək belə verməzdilər.
54. Bəlkə Allahın bol ne'mətini verdiyi kimsələrə həsəd aparır
onlar? Axı İbrahimin nəslinə də Kitab və Hikmət vermişdik və böyük
bir hakimiyyət tapşırmışdıq onlara.
55. Onlardan kimisi inandı o Kitaba, kimisi də üz çevirdi ondan.
Od-alov bürümüş cəhənnəm bəs etdi belələrinə.
56. Od içinə basacağıq ayələrimizi dananları. Bişdikcə dəriləri,
əzab dadsınlar deyə başqa dərilər verəcəyik onlara. Şübhəsiz,
güclüdür, müdrikdir Allah.
57. İman gətirib yaxşı işlər görənləri də içindən çaylar axan
cənnətlərə salarıq, oralarda əbədilik qalarlar. Pak olan zövcələr
gözləyir oralarda onları. Sıx kölgəliyə salarıq onları.
58. Heç şübhəsiz, əmanəti yiyəsinə vermənizi, insanlar arasında
hakimlik edərkən ədalətli olmanızı əmr edər sizə Allah. Nə gözəl
öyüd verir sizə Allah. Şübhəsiz, eşidəndir, görəndir hər şeyi
Allah.
59. Ey mö'minlər, Allaha itaətdə olun, Rəsula və sizdən olan buyruq
sahibinə itaətdə olun. Hər hansı bir məsələdə anlaşılmazlığa düşsəniz
və əgər gerçəkdən inanırsınızsa Allaha və axirət gününə, buraxın
bunu Allahın və Rəsulun ixtiyarına. Belə etsəniz daha yaxşı, nəticəsi
daha gözəl.
60. Görmürsənmi onları, sənə göndərilənə və səndən öncə göndərilənə
inandıqlarını iddia edirlər və münsif seçəndə də şeytanı seçirlər.
Halbuki ona küfr eləmək buyrulmuşdu onlara. Yaxşıca azdırmaq istər
şeytan onları.
61. "Allahın göndərdiyinə və Rəsula iman gətirin" deyəndə
onlara görürsən necə uzaqlaşır səndən büsbütün o ikiüzlülər.
62. Yaxud da öz əllərilə gördükləri iş üzündən müsibətə uğramış
kimi yanına gəlib "Biz istədik yaxşılıq və barışıq olsun
ancaq" deyə necə də and içirlər Allaha.
63. Qəlblərində nə varsa bilir Allah. Yz çevir onlardan, öyüd
ver, tə'sirli sözlər söylə onlara.
64. Allahın iznilə yalnız göndərdik hər peyğəmbəri itaət edələr
ona. Özlərinə zülm eləyən zaman gəlsəydilər sənin yanına, Allahdan
məğfirət diləsəydilər və Rəsul da məğfirət diləsəydi onlara -
tövbələri qəbul edən, Rəhim görərdilər Allahı.
65. V-Allahi, iman gətirməz onlar nə qədər ki, aralarındakı qeylü-qala
son qoymaq üçün münsif seçməyiblər Səni və verdiyin hökmü qəbul
etməyiblər sıxıntısız-filansız.
66. "Öldürün özünüzü ya da çıxıb gedin yurdunuzdan"
deyə buyursaydıq onlara, yalnız az bir qismi yerinə yetirərdi
bunu. Yerinə yetirsəydilər verilən öyüdləri, xeyir gətirərdi onlara
bu, yerli-yataqlı iş olardı bu.
67. Biz də böyük bir əcir verərdik onlara.
68. Və mütləq doğru yola yönəldərdik onları.
69. Allahın ne'mət verdiyi peyğəmbərlər, zahidlər, şəhidlər və
əməli salehlərə tay tutular Allaha və Rəsula itaətdə olan kimsə.
Misilsizdir onların yoldaşlığı.
70. Allahdandır bu ne'mət. Hər şeyi bilmək üçün tək Allah bəs
edər hamıya.
71. Ey mö'minlər, tutun ehtiyatınızı, ayrı-ayrı, dəstə-dəstə ya
da hamılıqla birdən gedin döyüşə.
72. Sizlərdən eləsi var ağır tərpənişlidir. Fəlakət üz verəndə
sizə Allah lütf etdi mənə [Allah üzümə baxdı], şəhid düşmədim
deyər.
73. Allahın lütfündən sizə pay düşsə, aranızda onunla heç bir
ülfət yoxmuş kimi "Kaş ki, mən də onlara tay olaydım, böyük
bir qələbədən payım olaydı" deyər.
74. Allah yolunda qoy savaşsın dünya həyatını axirətə satanlar.
Allah yolunda savaşaraq həlak olana ya qalib gölənə böyük bir
əcir verəcəyik.
75. Sizə nə oldu axı, nəyə görə Allah yolunda, zavallı kişilərin,
qadınların, uşaqların uğrunda vuruşmursunuz, axı "Rəbbimiz,
çıxar bizim adamları zalım olan bu şəhərdən, bizə bir başçı göndər"
deyər onlar.
76. Mö'minlər vuruşar Allah yolunda, kafirlər vuruşar şeytan yolunda.
Savaşın şeytanın dostları ilə, zəif olar şeytanın hiyləsi.
77. O kəslərə ki, "Əl götürün savaşdan, namaz qılın, zəkat
verin" deyilmişdi, görmədinmi onları? Taleyinə savaşmaq yazılanda
onların, bə'zisi Allahdan qorxar kimi və hətta daha artıq qorxmağa
başladılar insanlardan. "Rəbbimiz, taleyimizə savaş yazdın,
olmazdımı tə'xirə salaydın bizimkini" dedilər. Azdır bu dünyanın
səfası, Allahdan çəkinənlər üçün axirət daha yaxşı. Zərrə qədər
zülm edilməz sizə.
78. Harada olursanız olun, lap tikili qalalarda da haqlayır ölüm
sizi. Yaxşılıq dəyəndə onlara, "Bu Allahdandır" deyərlər.
Pislik dəyəndə onlara "Bu səndən gəlir" deyərlər. De
ki, "Allahdan gəlir hər şey". Bunlara nə olub axı, anlamazlar
heç bir sözü.
79. Allahdan gəlir sənə hər yaxşılıq, öz ucbatından gəlir sənə
hər pislik. Səni insanlara elçi göndərdik. Allahın şahidliyi bəs
edər buna.
80. Allaha itaət eləyər Rəsula itaət eləyən. Dinindən üz döndərən
bilsin işini, Biz səni gözətçi göndərmədik onlara.
81. Yalnız sənin yanından çıxıb gedəndə "baş üstə" deyərlər,
bə'zisi sənin dediyinin tərsini fikirləşər gecələr. Və gecələr
onların düşünüb qurduqları quramaları qeydə alar Allah. Onlardan
üz çevir. Allaha təvəkkül elə. Sənə vəkil olmağa təkcə Allah bəs
edər.
82. Düşünüb daşınmırlarmı Qur'an barədə. Allahdan yox, başqasından
gəlsəydi o, içində çox ziddiyyətlər tapardılar.
83. Təhlükəsizlik və ya təhlükə barədə bir xəbər gəlsə onlara,
car çəkərlər aləmə. Halbuki bunu Rəsula və aralarındakı buyruq
sahiblərinə çatdırsalar, nəticə çıxarmağa qadir olanlar bilərlər
bu nə xəbərdi. Allahın lütfü və rəhməti üstünüzdə olmasaydı, ancaq
az bir qisminiz uymazdı şeytana.
84. Vuruş Allah yolunda, sən təkcə özünə cavabdehsən. Mö'minləri
də təşviq elə vuruşa. Allah kafirlərin gücünü qıraydı kaş. Hər
şeydən üstündür Allahın gücü də, dərs verəcək cəzası da.
85. Gözəl bir iş üçün iltimas edənə də pay düşər həmin işdən.
Pis bir iş üçün iltimas edənə də pay düşər həmin işdən. Hər şeyin
əvəzini verər Allah.
86. Sizi bir salamla salamlayanı daha gözəl salamla salamlayın
ya da eynilə salamlayın. Şübhəsiz, hər şeyin hesabını çəkəndir
Allah.
87. Allah - Ondan başqa tanrı yoxdur - mütləq bir yerə toplar
sizi qiyamət günü. Şübhəsiz, gələcək o gün. Kimin sözü Allahın
sözündən daha doğru ola bilər?
88. Sizə nə oldu ki, münafiqlər barədə sözləşərkən iki firqəyə
ayrıldınız. İşləklərinə görə başıaşağı etmişdir onları Allah.
Sizmi yola gətirmək istəyirsiz Allahın azdırdığı kimsəni. Bir
yol tapa bilməzsən Allahın azdırdığı kimsəyə.
89. İstədilər onlar kimi siz də küfr eləyəsiz, onlara tay olasız.
Hicrət etməyincə Allah yolunda onlar, dost seçməyin özünüzə onları.
Geriyə dönsələr, yaxalayıb öldürün onları harada görsəniz. Onlardan
heç kimi özünüzə dost, yardımçı seçməyin.
90. Müttəfiq olduğunuz bir qövmün adamları, yaxud sizinlə savaşmaqdan
və ya öz qövmülə savaşmaqdan usanıb sizə pənah gətirənlər onlara
aid deyil. Əgər istəsəydi Allah, üstünüzə salardı bunları, savaşardılar
sizinlə. Buna görə kənar durub savaşmazlar sizinlə. Barışıq təklif
etsələr sizə, onlara toxunmağa yol verməz Allah.
91. Sizə bir başqaları ürcah olacaq. O kəslər ki, sizə də sadiq
qalmaq istər, öz qövmünə də. Hər dəfə sövq ediləndə fitnəkarlığa,
düşərlər tora. Sizdən uzaq durmasalar, barışıq təklif etməsələr
və savaşdan əl çəkməsələr, yaxalayıb öldürün onları harada görsəniz.
Onların əleyhinə aşkar fərman verdik sizə.
92. Bir mö'minin digərini öldürməyi yasaqdır. Səhvən baş verərsə
bu - o başqa. Mö'min bir köləni azad etməli və ölənin ailəsinə
qan bahası verməlidir səhvən bir mö'mini öldürən kəs. Ölənin ailəsi
bağışlasa - bu başqa. Öldürülən mö'min sizə düşmən qövmdəndirsə,
mö'min bir köləni azad etməli, sizin ittifaq bağladığınız qövmdəndirsə,
ailəsinə qan bahası ödənməli və mö'min bir köləni azad etməli.
Buna gücü çatmayan iki ay durmadan oruc tutmalıdır ki, onun tövbəsini
qəbul buyursun Allah. Hər şeyi bilir Allah, müdrikdir Allah.
93. Hər kim bir mö'mini öldürsə qəsdən, cəzası cəhənnəm olacaq
və orada əbədilik qalacaq. Qəzəblənmiş ona, lə'nətləmiş onu və
böyük bir əzab hazırlamış ona Allah.
94. Ey mö'minlər, yürüşdə olanda Allah yolunda, aydınlaşdırmağa
çalışın hər şeyi. Sizə salam verənə "Sən müsəlman deyilsən"
deməyin göz dikərək bu dünyanın gəldi-gedər səfasına. Çoxlu qənimət
var axı Allahın dərgahında. Öncə siz də eləydiniz, lütf etdi sizə
Allah [imana gəldiniz]. Elə isə hər şeyi götür-qoy eləyin. Şübhəsiz,
işləklərinizdən xəbərdardır Allah.
95. Yerlərindən tərpənməyib zərərə düşməyən mö'minlər Allah yolunda
malıyla, canıyla mücahidlik eləyən mö'minlərə tay deyil. Malıyla,
canıyla Allah yolunda mücahidlik eləyənləri yerində oturanlardan
mərtəbəcə üstün tutmuş Allah. Hamısına yaxşılıq və'd etmiş Allah,
mücahidləri daha böyük əcirlərlə yerində oturanlardan üstün tutmuş
Allah.
96. Daha böyük mərtəbələr, məğfirət və rəhmət bəxş etmiş onlara
Allah. Bağışlayandır, Rəhimdir Allah.
97. Özlərinə zülm eləyən kimsələrə "Vəziyyətiniz necə idi"
deyəndə mələklər canlarını almağa gələn zaman, "Biz yer üzündə
zavallı kimsələrdik" dedilər. "Bəs geniş deyildimi Allahın
ərzi, barı bir hicrət edəydiniz" dedi mələklər. Cəhənnəmdir
onların sığınacağı. Pisdən də pis yerdir ora!
98. Kələyi kəsilən, bir yol tapa bilməyən zavallı kişilər, qadınlar,
uşaqlar onlara aid deyil.
99. Bəlkə əfv etdi onları Allah. Əfv edəndir, bağışlayandır Allah.
100. Allah yolunda hicrət eləyən kimsə çoxlu-çoxlu yerlər tapar,
bolluq tapar. Ölüm haqlayarsa Allahın və Rəsulun yanına evindən
hicrət edəni onun əcrini vermək Allaha düşər. Bağışlayandır, Rəhimdir
Allah.
101. Yer üzündə səfərə çıxan zaman qorxsanız ki, bir pisliyi keçə
sizə kafirlərin, bir günaha batmazsınız qısaltsanız namazı. Şübhəsiz,
açıqdan-açığa düşməndir sizə kafirlər.
102. Sən onların arasında olub namaz qıldırmaq istəsən onlara,
bir qismi səninlə bərabər namaza hazır dursun və özləri ilə götürsün
silahını. Səcdə etdikdən sonra arxanıza keçsin. Və namaz qılmamış
olanlardan bir dəstə gəlib səninlə bərabər namaz qılsın. Tədbirli
olsun, götürsün silahını. Kafirlər istərlər ayrı düşəsiz silahınızdan,
əşyanızdan və qəflətən basqın edələr üstünüzə. Yağmurdan əziyyət
çəksəniz, yaxud xəstə olsanız bir günaha batmazsınız yerə qoyar
olsanız silahınızı. Ehtiyatı əldən verməyin. Kafirlərə alçaldıcı
bir əzab hazırlamış Allah.
103. Namazı bitirəndə anın Allahı ayaq üstə dura-dura, yerdə otura-otura,
böyrünüz üstə uzana-uzana. Arxayınçılıqda isə namazı bütövlükdə
qılın. Namaz mö'minlər üçün müəyyən vaxtlarda vacib bilinir.
104. O qövmü tə'qib zamanı zəiflik göstərməyin. Əgər ağrı-acı
çəkirsinizsə, bilin, onlar da sizin çəkdiyiniz kimi çəkirlər ağrı-acını.
Ystəlik də sizin Allahdan dilədiyinizi onlar Allahdan diləmir.
Hər şeyi biləndir, müdrikdir Allah.
105. Biz sənə Kitabı haqq olaraq göndərdik ki, Allahın sənə göstərdiyi
kimi hakimlik edəsən insanlar arasında. Xainlərə baş qoşmayasın.
106. Məğfirət dilə Allahdan. Şübhəsiz, günahlardan keçəndir, Rəhimdir
Allah.
107. Əzlərinə xain çıxan kimsələrlə cidal eləmə, Xəyanət işlədib
suça batan insanı, şübhəsiz, sevməz Allah.
108. İnsanlardan gizlənir, Allahdan gizlənmir onlar. Allaha xoş
getməyən çıxışlarını qurarkən gecələr, yanlarında olar O. İşləklərinizdən
xəbərdardır Allah.
109. Bax bu da siz, bu dünyada deyişdiniz o ki var onlardan ötrü,
bəs qiyamət günü Allahla kim deyişəcək onlardan ötrü. Kim vəkillik
edəcək onlardan ötrü.
110. Kim pislik eləyər, özünə zülm eləyər və sonra da Allahdan
məğfirət dilərsə, günahlardan keçən görər, Rəhim görər Allahı.
111. Günah qazananın qazancı özünün əleyhinədir. Hər şeyi biləndir,
müdrikdir Allah.
112. Kim bir səhvə yol verirsə, bir günah işlədirsə və bir günahsızın
üstünə atırsa öz günahını - böhtan daşımış olur, açıqdan-açığa
günaha batmış olur.
113. Allahın sənin üstündə lütfü və rəhməti olmasaydı, onlardan
bir bölük adam səni yolundan sapdırmağa çalışardı. Təkcə özlərini
sapdırar onlar, bir ziyanı dəyməz sənə onların. Kitab və hikmət
göndərmiş sənə və bilmədiyin şeyləri öyrətmiş sənə onlar. Çox
böyük olmuş sənə lütfü Allahın.
114. Gizli söhbətlərinin çoxu xeyir gətirməz onlara. Sədəqə vermək,
yaxşılıq eləmək, adamların arasını düzəltmək qəsdi güdən kimsələrinsə
dəxli olmaz onlara. Böyük əcir verəcəyik Allahın rizasını qazanmaq
istəyənlərə, xeyirxahlıq edənlərə.
115. Açıqdan-açığa bəlli olandan sonra doğru yol, Rəsuldan ayrılıb
mö'minlərin yoluna deyil, özgə yola dönən kimsəni döndüyü yolda
tərk eləyib cəhənnəmə salarıq. Pisdən də pis yerdir ora.
116. Ona şərik qoşanları bağışlamaz Allah, başqa bir suçundansa
keçər O istədiyi adamın. Dərinlərdə azmış olur Allaha şərik qoşan.
117. Onu qoyub qadın cinsli bütlərə dua eləyər, azmış şeytana
yalvarar belələri.
118. Allah lə'nət etdi o şeytana və o da "Mən də mütləq alaram
bəndələrindən mənə düşən bir payı,
119. azdıraram yolundan onları, quramalar quraram onlara, əmr
edərəm heyvanların qulağını kəsərlər, əmr edərəm dəyişərlər başqa
şeyə Allahın xəlq etdiyini" dedi. Allahın yerinə şeytanı
dost tutan kimsə açıqdan-açığa itkiyə düşər.
120. Və'dlər verər, ümid verər onlara şeytan. Aldadar onları şeytan.
121. Cəhənnəmdir yurd-yuvası onların, qaça bilməzlər buradan.
122. İman gətirənləri, əməli salehləri içindən çaylar axan cənnətlərə
salarıq, oralarda əbədilik qalarlar. Bu, Allahın haqq və'didir.
Kim Allahdan daha sadiq olar dediyi sözə?
123. Sizin arzunuzla, Kitab əhlinin arzusu ilə olmaz bu. Çəkər
cəzasını fənalıq eləyən, Allahdan başqa özünə nə bir dost tapar,
nə bir yardımçı.
124. Fərqi yoxdur, kişi olsun, ya qadın, mö'min olub yararlı iş
görən kimsə cənnətə girər, zərrə qədər zülm edilməz beləsinə.
125. Kimin dini yaxşıdır, yaxşılıqlar edə-edə üzünü Allaha tutub,
Ona təslim olub haqqa yönəlmiş İbrahim dininə tapınanların dinindən?
İbrahimi dost seçmişdi Allah.
126. Allahındır göylərdə nə varsa, yerdə nə varsa, hər şeyi tutmuş
Allah.
127. Qadınlar haqqında səndən fətva istərlər. De ki, "Onlara
verilməli olanı vermədiklərimizə aid, evlənmək istədiyiniz yetim
qadınlara, zavallı uşaqlara və yetimlərə qarşı insaflı davranışa
aid Kitabda sizə oxunan ayələrdir Allahın onlar haqqında sizə
hökmü. Şübhəsiz, hər xeyirxah işinizdən xəbəri var Allahın".
128. Və əgər bir qadın ərinin dikbaşlığından, yaxud ona biganəliyindən
əndişələnirsə, bir-biri ilə dil tapmağa can atsa hər ikisi günaha
batmaz onlar. Barışıq xeyir gətirər. Simicliyə meyllidir canlar.
Yaxşılıqlar eləyib pisliklərdən çəkinsəniz, bilin, əməllərinizdən
xəbərdar olar Allah.
129. Ha çalışın arvadlar arasında tam mə'nada ədalətli olasız,
alınmaz. Bütünlüklə bircəsinə meyl salıb digərini havadan asılı
qoymayın. Aranı düzəldib haqsızlıqdan çəkinsəniz, bilin, suçlardan
keçəndir, Rəhimdir Allah.
130. Ərlə arvad ayrılarsa əgər hər birini bol ne'mətilə yoxsulluqdan
qurtarar Allah. Tutmuş hər şeyi, müdrikdir Allah.
131. Allahındır göylərdə nə varsa, yerdə nə varsa. Sizdən öncə
Kitab verilənlərə və sizə tövsiyə elədik çəkinəsiz Allahdan. Küfr
etsəniz, bilin, Allahındır göylərdə nə varsa, yerdə nə varsa.
Varlıdır, öyülməlidir Allah.
132. Allahındır göylərdə nə varsa, yerdə nə varsa. Vəkillik etməyə
tək Allah yetərlidir.
133. Ey insanlar, Allah istəsə aradan götürər sizi, yerinizə başqasını
gətirər. Hər şeyə qadirdir Allah.
134. Dünyanın ne'mətini istəyən kimsə bilsin, Allah dərgahındadır
dünyanın və axirətin ne'məti. Allah eşidir hər şeyi, görür hər
işi.
135. Ey iman gətirənlər! Özünüzün, ata-ananızın, yaxınlarınızın
əleyhinə olsa belə insafı gözləyin şahidlik eləyəndə bir kimsəyə,
varlısa da, fəqirsə də bu kimsə. Varlıya da, fəqirə də sizdən
yaxındır Allah. Elə isə həvəsə uymayın ki, insafı gözləyə biləsiz.
Hədyan söyləsəniz, insafdan sapsanız, bilin, işləklərinizdən xəbərdardır
Allah.
136. Ey iman gətirənlər! Sarsılmasın imanınız Allaha, Onun Rəsuluna,
Rəsuluna göndərdiyi Kitaba və daha öncə göndərdiyi Kitaba. Doğru
yoldan lap uzaq düşüb Allahı, mələklərini, Kitablarını, peyğəmbərlərini
və axirət gününü danan kimsə.
137. O kəslər ki, inandılar, sonra dandılar inandıqlarını və sonra
yenə inandılar və yenə də dandılar və yenə də artırdılar küfrlərini,
şübhəsiz, nə bağışlayar, nə də doğru yola yönəldər onları Allah.
138. Mücdə ver münafiqlərə, ağrılı bir əzab gözləyir onları.
139. Mö'minləri qoyub kafirlərlə dostlaşırlar. İzzətmi axtarırlar,
onlarda izzət nə gəzir. Bütünlükdə Allaha aiddir izzət.
140. Allah göndərdiyi Kitabda sizə çatdırmışdı ki, Allahın ayələrinə
küfr və istehza eləyən söhbətlərini eşidən zaman əyləşməyin onlarla
ta başqa söhbətə keçənə qədər, yoxsa siz də onlara oxşayarsız.
Münafiqləri və kafirləri hamılıqla cəhənnəmdə cəm edər Allah.
141. Sizə nə üz verəcəyini gözləyib kənarda duranlar bir zəfər
verərsə sizə Allah deyərlər: "Sizinlə bir deyilmiydik biz
məgər?" Və əgər kafirlərə zəfərdən pay düşərsə "Sizə
yardım etmədikmi, sizi mö'minlərdən qorumadıqmı?" deyərlər.
Qiyamət günü hökmünü verər sizə Allah. Mö'minlərin əleyhinə kafirlərin
əlinə bir fürsət verməz Allah.
142. Allahı aldatmağa çalışır münafiqlər. Bunun nə olduğunu onlara
göstərər O. Ərinə-ərinə qalxarlar namaza, insanların gözünə sadəcə
görünmək istərlər, Allahı çox az anarlar.
143. Onun-bunun arasında vurnuxarlar. Bir yol tapa bilməzsən Allah
çaşdıran kimsəyə.
144. Ey iman gətirənlər! Mö'minləri qoyub kafirlərlə dost olmayın.
Yoxsa istəyirsiz əleyhinizə açıqdan-açığa bir fərman versin Allah?
145. Şübhəsiz, münafiqlər odun ən alt qatındadır. Bir kimsə tapmazsan
ki, yardım edə onlara.
146. Ancaq tövbə eləyənlər, islah olunub düzələnlər, Allaha sığınanlar,
Allah naminə dinə könüldən dönənlər aid deyil onlara. Bunlar mö'minlərə
tay tutular. Mö'minlərə böyük bir əcir verər Allah.
147. Şükr etsəniz və imana gəlsəniz, Allah sizə niyə əzab versin
axı? Şükrün qarşılığını verir və bilir Allah.
148. Zülm çəkən kimsədən savayı bir özgəsinin açıqca pis söz söyləməsini
sevməz Allah. Hər şeyi eşidəndir, hər işi biləndir Allah.
149. Bir yaxşılığı bəyan etsəniz, yaxud gizləsəniz, yaxud da bir
pisliyi bağışlasanız, bilin, günahlardan keçəndir, qüdrətlidir
Allah.
150. O kəslər ki, danırlar Allahı, Onun elçilərini və ayırmaq
istəyirlər bir-birindən Allahı və elçilərini, "Kiminə inanırıq,
kimini danırıq" deyərək imanla küfr arasında bir yol tutmaq
istərlər,
151. əsil kafirlərdir onlar. Alçaldıcı bir əzab hazırlamışıq kafirlərə.
152. O kəslər ki, iman gətirirlər Allaha və elçilərinə və ayırmaq
istəməzlər elçilərdən birini o birindən, verər əcirini onların
Allah. Şübhəsiz, bağışlayandır, Rəhimdir Allah.
153. Kitab əhli istər göydən onlara bir Kitab nazil edəsən. Musadan
daha artıq bir şeyi diləmiş, "Allahı açıqca göstər bizə"
söyləmiş onlar. Haqsızlıq etdiklərinə görə ildırım vurmuşdu onları.
Aşkar dəlillər gəlmişdi onlara, bundan sonra tanrı seçib buzovu
ona tapınmışdılar. Ancaq əfv etdik onları və açıqdan-açığa sultanlıq
verdik Musaya.
154. Onlardan və'd almaq üçün üstlərində Tur dağını ucaltdıq.
"Səcdə edə-edə qapıdan girin içəri" dedik, "Pozmayın
şənbə günü yazılan yasaqları" dedik və möhkəmcə və'd aldıq
onlardan.
155. Pozdular və'dlərini, dandılar Allahın ayələrini, haqsız yerə
öldürdülər peyğəmbərləri, "Yrəyimiz pərdəlidir" dedilər.
Küfrə qarşılıq olaraq möhürlədi ürəyini onların Allah. Az bir
qismindən başqa iman gətirməz onlar.
156. Və bir də küfr eləyib Məryəmə böyük böhtan atmışdılar.
157. "Biz öldürdük Məryəm oğlu Məsih İsanı - Allahın elçisini"
demişdilər. Əslində nə öldürmüşdülər, nə çarmıxa çəkmişdilər Onu,
yalnız onlara elə görünmüşdü İsadır öldürdükləri. Şübhə içindədir
onun haqqında ayrı-ayrı fikirlərdə olanlar. Yoxdur bu barədə onların
bir bilgisi. Fərziyyələr qurmaqla məşğuldurlar sadəcə. Doğrudan-doğruya
onu öldürməyiblər.
158. Öz dərgahına ucaltmış onu Allah. Güclüdür, müdrikdir Allah.
159. And olsun, Kitab əhlindən bir kimsə yoxdur ölümündən öncə
inanmaya İsaya. O da qiyamət günü şahidlik edər onların əleyhinə.
160. Özlərinə halal saydıqlarını haram bildik yəhudilərə elədikləri
zülmə görə, çoxlarını Allah yolundan azdırdıqlarına görə,
161. yasaq ikən faiz almalarına görə, insanların malını insafsızcasına
yemələrinə görə. Ağrılı bir əzab hazırlamışıq onlardan kafirlik
edənlər üçün.
162. Ancaq aralarında elmi dərin olanlar və mö'minlər ki var,
sənə göndərilənə və səndən öncə göndərilənə iman gətirər, namaz
qılar, zəkat verər, Allaha və axirət gününə inanar onlar. Böyük
əcir verəcəyik onlara.
163. Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy verdiyimiz kimi,
İbrahim, İsməil, İshaq, Yaqub, onların törəmələri, İsa, Əyyub,
Yunus, Hərun və Suleymənə vəhy verdiyimiz kimi sənə də, şübhəsiz,
vəhy verdik. Davuda da Zəbur verdik.
164. Və daha öncə vəhy vermişdik sənə dediyimiz və demədiyimiz
elçilərə. Və Musa ilə danışmışdı da Allah.
165. Mücdə verən, əvvəlcədən xəbər verən peyğəmbərlər olaraq bunları
Biz göndərdik ki, bunlar gəldikdən sonra Allahın əleyhinə bir
bəhanə qalmasın insanlara. Güclüdür, müdrikdir Allah.
166. Ancaq sənə göndərdiyinə şahidlik edər Allah, Öz elmilə göndərmiş
O sənə Kitabı. Kitaba mələklər də şahidlik edər. Yetərlidir şahidliyi
təkcə Allahın.
167. O kəslər ki, küfr eləyiblər və sapıblar Allah yolundan, dərin
bir çaşqınlıq içində vurnuxur onlar.
168. O kəslər ki, küfr eləyiblər, özlərinə zülm eləyiblər, nə
bağışlayar onları, nə də bir yol göstərər onlara Allah.
169. Onları cəhənnəm yoluna yönəldər Allah, orada əbədilik qalarlar.
Allahın əlində bu çox asan bir işdir.
170. Ey insanlar,
haqq gətirdi Rəsul sizə Rəbbinizdən. İman gətirin, bunun sizə
xeyri var. Küfr etsəniz, bilin, Allahındır göylərdə nə varsa,
yerdə nə varsa. Hər şeyi biləndir, müdrikdir Allah.
171. Ey Kitab əhli! Dininizdə həddinizi aşmayın, Allah haqqında
yalnız haqq söyləyin. Allahın peyğəmbəridir, Onun Məryəmə atdığı
kəlməsidir və Əzündən gələn bir ruhdur Məryəm oğlu Məsih İsa.
İman gətirin Allaha və peyğəmbərlərinə. "Yçdür" deməyin,
öz xeyrinizçün son qoyun buna. Ancaq Allah tək Tanrıdır. Bir övlad
yiyəsi olmaqdan ucalardadır Allah. Onundur göylərdə nə varsa,
yerdə nə varsa. Bir vəkil olaraq təkcə Allah yetərlidir.
172. Allaha qul olmaqdan nə Məsih çəkinər, nə də Ona axın olan
mələklər. Ona ibadət eləməkdən çəkinən, təkəbbürlə yaxasını kənara
çəkən kimsə bilsin, hamını Öz dərgahına cəm edəcək O.
173. İman gətirənlərin və əməli salehlərinsə ödəyəcək əcrini və
daha da artıracaq Öz ne'mətini onlara. İbadət eləməkdən çəkinənləri,
təkkəbbürlə yaxasını kənara çəkənləri ağrılı bir əzaba düçar edəcək.
Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapar özünə onlar.
174. Ey insanlar, Rəbbinizdən dəlil gəldi sizə. Yolunuzu aydınladan
nur göndərdik, Qur'an göndərdik sizə.
175. Allaha iman gətirib Ondan bərk tutanları rəhmətinə və bolluca
ne'mətinə qərq edər, Ona doğru gedən yola yönəldər O.
176. Səndən fətva istərlər. De ki, atasız-anasız və övladsız bir
adamın mirası haqqında hökmünü sizə belə söyləyir Allah: "Ölənin
övladı yoxsa, tək bacısı varsa, qoyub getdiyi mal-dövlətin yarısı
o bacınındır. Əgər ölən bacıdırsa və onun da övladı yoxsa, onda
sağ qardaşı bacısının mirasını bütövlükdə alır. Ölənin ikicə bacısı
varsa, qoyub getdiyinin üçdə ikisi onlara düşür". Və əgər
qardaşlı-bacılı varislərin sayı çoxsa, qardaşa iki bacının payı
qədər pay düşür. Doğru yoldan sapmayasız deyə açıqlayır sizə bunları
Allah. Hər şeyi biləndir Allah.
|