|   RU  |  EN  |.....


79 NƏZİAT SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. And olsun kafirlərin canını dartıb çıxaran mələklərə,

2. and olsun mö'minlərin canını xoşluqla alan mələklərə,

3. and olsun səmada süzən mələklərə,

4. and olsun Allahın yolunda bir-birilə yarışdıqca yarışan mələklərə,

5. and olsun dünyanın işlərini nizamlayan mələklərə,

6. bir titrəyişlə titrəyər hər şey o gün,

7. sonra təkrar olar bu.

8. O gün titrəyər ürəklər,

9. müt'iləşər baxışlar.

10. Deyərlər: «Haradan gəlmişiksə oramı qaytaracaqlar bizi?

11. Çürümüş sümüklərə çevrilmiş olsaq damı?»

12. Deyərlər: «Belədirsə, onda biz itkiyə uğrayarıq».

13. Surun bircə səslənişilə

14. torpaqdan qalxar hamı.

15. Musanın əhvalatı çatmışmı sənə?

16. Müqəddəs Tuva vadisində Rəbbi onu səsləyib söyləmişdi:

17. «Fir'onun yanına get, azmış o.

18. De ki, «Səni paklığa də'vət edimmi,

19. Rəbbinə doğru yönələn yolu sənə göstərimmi ki, Ondan qorxasan».

20. Böyük mö'cüzəni göstərdi Fir'ona Musa.

21. Dandı peyğəmbəri, dikbaşlıq elədi Allaha Fir'on.

22. Döndü dindən-imandan, fitnə-fəsad törətdi yer üzündə.

23. Camaatı səsləyib yığdı bir yerə.

24. Dedi: «Ən uca rəbbiniz mənəm».

25. Dünyanın və axirətin əzabına uğratdı onu Allah.

26. Şübhəsiz, bunda bir ibrət var Allahdan qorxanlar üçün.

27. Hansınızı yaratmaq daha çətin bir işdir, sizimi, göyümü? Göyü də ki, O qurmuş.

28. Ucaltmış, düzəltmiş.

29. Gecəsini qaranlıq eləmiş, gündüzünü işıqlatmış Allah.

30. Sonra yer üzünü döşəmiş.

31. Oranın sularını üzə çıxarmış, orada otlaqlar yaratmış.

32. Orada dağları yerləşdirmiş.

33. Sizin dolanmağınız üçün, mal-qaranız üçün bunları var eləmiş.

34. Elə ki, o böyük bəla gəldi,

35. bir-bir xatırlar insan özünün əməllərini.

36. Hər baxanın gözünə görünər o cəhənnəm.

37. Azğınlıq eləmiş kimsənin,

38. dünya həyatını axirətdən üstün tutan kimsənin

39. cəhənnəm olar yeri, şübhəsiz.

40. Amma Rəbbinin hökmündən qorxan və nəfsinə güc gələn kəsin

41. cənnət olar yeri, şübhəsiz.

42. Səndən soruşarlar, qiyamət saatı nə vaxt göləcək?

43. Axı sən nə biləsən?

44. Bunu təkcə Rəbbin bilər.

45. Sən sadəcə xəbərdarlıq çatdıransan qiyamətdən qorxan kəsə.

46. Qiyaməti görən gün onlara elə gələr, bir axşamlıq, bir gündüzlük ömür imiş dünyadakı günləri.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.