Rəhman
və Rəhim Allahın adıyla
1. Ta sin. Bunlar Qur'anın,
haqqı aşkar bildirən bir Kitabın ayələridir.
2. Yol göstərir, müjdə
verir mö'minlərə,
3. o kəslərə ki, namaz
qılar, zəkat verər, axirətə yə'qinliklə inanarlar.
4. Axirətə inanmayan
kəslərə bərbəzəkli göstərmişik gördükləri işlərini, çaşqınlıq
içində vurnuxar onlar.
5. Pis bir əzab gözləyir
belələrini, axirətdə də ən çox itirən onlar olacaq.
6. Şübhəsiz, bu Qur'anı
müdrik olan, hər şeyi bilən Allahın dərgahından qəbul edirsən.
7. Ailəsinə bir zaman
Musa demişdi: «Bir od gördüm uzaqda. Gedib ordan sizə bir xəbər
gətirəcəm, yaxud da bir parça od gətirəcəm qızınasız».
8. Oraya çatan kimi səslədilər
onu: «Odun yanında və ətrafında olanlara xeyir-dua vermiş Allah.
Ucalardan ucadır aləmlərin Rəbbi Allah.
9. Ey Musa! Güclü və
müdrik olan Allah Mənəm, Mən!
10. Əlindəki əsanı yerə
at». Görəndə ki, ilan kimi qıvrılaraq sürünür əsa, arxasına baxmadan
qaçmağa üz tutdu Musa. «Ey Musa! Qorxma, Mənim hüzurumda qorxmaz
elçilər.
11. Zülm eləyəndən sonra
pisi yaxşıyla əvəzləyən kimsənin də günahından keçərəm, ona Rəhim
olaram.
12. Əlini qoltuğuna sal,
çıxar, Fir'ona və qövmünə göndərilən doqquz ayədən [mö'cüzədən]
biri olaraq qüsursuz, bəmbəyaz görünər əlin. Sapmış bir qövmdür
onlar».
13. Ayələrimiz aydın-aşkar
görünəndə onlara, «Bu açıqca bir cadudur» dedilər.
14. Yrəyində ayələrə
şəksiz inanmışdılar. Fəqət zalımlığı, lovğalığı üzündən ayələri
bilərəkdən dandılar. Bax necə olur sonu pozğunçuların.
15. Biz elm vermişdik
Davuda və Suleymənə. Həmd olsun Allaha, bizi mö'min bəndələrinin
çoxundan üstün tutmuş dedilər.
16. Davudun varisi oldu
Suleymən. «Ey insanlar! Quş dili öyrədilmiş bizə, Hər şey verilmiş
bizə. Bunlar Allahın lütfündən açıq-aşkar pay olaraq verilmiş»
dedi.
17. Cinlərdən, insanlardan,
quşlardan ibarət bir ordu quruldu Suleymən üçün. Hamısı dəstə-dəstə
yürüyürdülər.
18. Qarışqalar yaşayan
bir vadiyə çatdılar. «Ey qarışqalar, girin yuvalarınıza, qoymayın
əzsin sizi Suleymənin ordusu. Əzəndə də bunu heç duymaz onlar
söylədi» bir qarışqa.
19. Eşidib bu sözləri
güldü Suleymən. «Mənə, atama və anama verdiyin ne'mətə görə Sənə
şükr eləyə bilim deyə və rizanı qazanmaq üçün saleh bir iş görüm
deyə ilham ver mənə, rəhmətinlə saleh bəndələrinin sırasına sal
məni, Rəbbim!» dedi.
20. Quşları nəzərdən
keçirib dedi: «Şanapipiyi niyə görmürəm? Yoxsa ki, qeyb olmuş
o?
21. Aşkar bir dəlil [üzrlü
səbəb] gətirməli o mənə. Gətirməsə şiddətli bir əzaba uğradaram,
yaxud üzərəm başını».
22. Çox keçmədi uçub
gəldi şanapipik, dedi: «Sənin bilmədiyini öyrənib gəlmişəm. Səbə'dən
mən sənə doğru xəbər götirmişəm.
23. Orada bir qadın gördüm,
məlikədir, hər şey verilmiş ona, böyük bir taxt yiyəsidir.
24. Gördüm o da, qövmü
də Allahı qoyub günəşə səcdə eləyir. Tutduqları işləri bərbəzəkli
gestərmiş şeytan onlara, doğru yoldan kənar salmış onları, doğru
yolda deyillər.
25. Şeytan belə eləmiş
ki, göylərin, yerin gizlisini üzə çıxaran, içinizi, çölünüzü bilən
Allaha səcdə qılmayalar.
26. Allah təkdir, Ondan
başqa tanrı yoxdur, böyük ərşin Rəbbidir O».
27. Suleymən dedi: «Doğrumu
söylədin, yalanmı dedin, baxarıq.
28. Apar bu yazımı at
onlara, sonra çəkil bir kənara. Gör nə edəcəklər».
29. Məlikə dedi: «Ey
ə'yanlar! Çox mühüm bir məktub atmışlar mənə.
30. Suleyməndən gəlmiş,
Rəhman və Rəhim Allahın adıyla başlayır o.
31. Deyir mənə qarşı
çıxmayın, mənə təslim olaraq yanıma gəlin».
32. Dedi: «Ey ə'yanlar!
Söyləyin nə eləyim? Hər hansı iş barədə sizsiz hökm vermərəm».
33. «Bizlər güc sahibləriyik,
güclü sərkərdələrik. Əmr sənindir, sən də ver əmrini» dedilər.
34. Dedi: «Girdikləri
şəhəri xaraba qoyar, camaatın ən nüfuzlu şəxslərini alçaldar hökmdarlar.
Beləcə davranarlar.
35. İstəyirəm onlara
bir hədiyyə göndərim, görüm nəylə dönəcək elçilərim oradan».
36. Elçilər gəldilər
Suleymənin yanına. Dedi: «Siz dünya malıylamı mənə yardım edirsiz?
Allahın mənə vergisi sizə verdiyindən daha verimli. Siz də hədiyyənizlə
hələ bir sevinirsiz.
37. Hədiyyənizlə qayıdın
geriyə, bildirin, önündə tab gətirməyəcəkləri bir orduyla gələcəyik,
alçaldaraq, kiçildərək yurdlarından qovacağıq onları».
38. Dedi: «Həzərat! Onlar
mənə hələ təslim olmamış məlikənin taxtını sizdən hansı biriniz
gedib gətirə bilər?»
39. Cinlərdən olan ifrit
dedi: «Sən yerindən qalxmamış mən taxtı gətirərəm. Əmin ola bilərsən,
buna gucüm yetər mənim».
40. Kitabdan elm almış
olan bir başqası dedi: «Bir göz qırpımında gətirərəm o taxtı».
Taxtı yanında görüb «Rəbbimin lütfündən pay olaraq gəlmiş bu.
Məni imtahana çəkir görsün şükrmü, nankorluqmu eləyirəm. Ancaq
öz xeyrinə şükr eləyər şükr eləyən. Nankor kəs də bilməli, varlıdır,
kəramətlidir Rəbbim» dedi Suleymən.
41. «Məlikənin taxtını
bir hala salın ki, görəndə tanıya bilməsin. Baxaq, doğru yola
gəlirmi, gəlməyirmi?» dedi.
42. Gəlib çıxdı məlikə.
Taxtı göstərib «Beləmiydi sənin taxtın?» dedilər. «Oxşayır» dedi.
«Biz öncədən elm almışıq, Allaha təslim olmuşuq» dedi Suleymən.
43. Allahdan başqaları
adına tapındığı şeylərdi məlikəni imanından döndərən. Kafirlərin
içindən çıxmışdı o.
44. «Buyurun qəsrin içinə»
dedilər ona. Qəsrə girəntək elə zənn elədi dərin suya ayaq basır.
Çəkdi ətəyini, göründü baldırları. «Bu, şüşələrdən işlənmiş bir
qəsrdir, altından da su axır» dedi Suleymən. «Rəbbim! Zülm etmişəm
özümə. Suleymənlə bərabər təslim oldum aləmlərin Rəbbi Allaha»
dedi məlikə.
45. Biz Səmud qövmünə
göndərdik Salihi, onların öz qardaşını elçi olaraq. «Allaha ibadət
eləyin!» dedi onlara. Bir-birilə çəkişən iki zümrəyə ayrıldı onlar.
46. Dedi: «Ey qövmüm,
yaxşılıq gəlməmişkən pisliyin gəlməyini niyə tələsdirirsiz? Olmazmı
Allahdan məğfirət diləyəsiz, bəlkə sizə rəhm edilə?»
47. Dedilər: «Sənin və
sənə tabe olanların üzündən uğursuzluğa uğradıq». Dedi: «Allahın
dərgahındadır bunun səbəbi. Siz sınağa çəkilən bir qövmsünüz».
48. O şəhərdə doqquz
adam vardı ki, yer üzünün nizamını pozandılar, düzəldən deyildilər.
49. Allaha and içərək
dedilər: «Ona və ailəsinə gecə ikən basqın edəcəyik, sonra da
dostuna deyəcəyik ki, onları öldürəni görməmişik. Biz doğru sözlü,
düz əməlli kimsələrik».
50. Bir qurama qurdular.
Biz də hiylə qurduq onlara. Bunu duymaz oldular. 51. Bax necə
olmuş axırı onların bu hiyləsinin. Onları da, qövmünü də darmadağın
elədik.
52. Odur çökmüş evləri,
zalımdı yiyələri. Şübhəsiz, bu da ibrət olmalı anlayan bir qövm
üçün.
53. O kəslər ki, iman
gətirmişdilər, Allahdan qorxurdular, onları xilas elədik.
54. Lutu da göndərdik
elçi olaraq. Öz qövmünə dedi: «Zinayamı yol verirsiz göz-görəti?
55. Qadınları qoyub kişilərlə
şəhvətə uğraşırsız. Siz cahil bir qövmsünüz».
56. Təkcə bunu deyə bildi
soydaşları cavabında: «Qovun öz yurdunuzdan Lutun ailəsini. Paklanmaq
istəyən kimsələrdir onlar, şübhəsiz».
57. Onu və ailəsini xilas
elədik. Yalnız arvadını xilas eləmədik, geridə qoyduq onu.
58. Daş yağışı yağdırdıq
soydaşlarının başına. Nə pis bir yağışdı, yağırdı xəbərdarlıq
alsa da doğru yola gəlməyən kimsələrin başına.
59. De ki, «Həmd olsun
Allaha, salam olsun Allahın seçdiyi bəndələrinə. Allahmı yaxşıdır,
Ona qoşduqları şəriklərmi?»
60. Göyləri, yeri yaradan,
sizin üçün səmadan su endirən, bircə ağacını belə bitirməyə güc
yetirmədiyiniz gözəl-gözəl bağçaları bu su ilə var edənmi? Allaha
tay tutulan başqa tanrımı? Tapındığı bütlərisə Ona tay tutar onlar.
61. Yer üzünü yaşamaqçün
yaradan, üstündə çaylar axıdan, möhkəm duran dağlar quran, iki
dəniz arasına bir maneə qoyanmı? Allaha tay tutulan başqa tanrımı?
Çoxlarısa bilməyirlər birliyini Allahın.
62. Dar ayaqda yalvarana
əl tutan, düşdüyü bəladan qurtaran və sizləri yer üzünün xəlifələri
eləyənmi? Allaha tay tutulan başqa tanrımı? Bu barədə az-az düşünürsünüz.
63. Qurunun və dənizin
qaranlıqlarında sizə yol göstərən, arxasınca rəhmətinin gələcəyi
küləkləri müjdəçilər olaraq göndərənmi? Allaha tay tutulan başqa
tanrımı? Qoşduqları şəriklərdən ucalardadır Allah.
64. Bir xilqəti yaradan,
sonra onu təkrar yaradan, sizə göydən və yerdən ruzilər yetirənmi?
Allaha tay tutulan başqa tanrımı? De ki, «Doğru sözlü, düz əməlli
kimsələrsinizsə, gətirin dəlilinizi» .
65. De ki, «Göylərdə
və yerdə olan kimsələr bilməzlər görülməzi. Bunu təkcə Allah bilər».
Və bilməzlər nə zaman diriləcəklər.
66. Bəlkə axirət barədə
yetərincə biliyi var onların? Axı axirətə şəkk gətirirlər, onu
qavramaqçün yoxdur bəsirətləri.
67. Kafirlər dedilər:
«Biz də, atalarımız da torpağa dönəndənmi sonra çıxacağıq qəbirdən?
68. Bizə olan sayaq atalarımıza
da əvvəllər belə və'd verilmişdi. Öncəki nəsillərin əfsanələrindən
başqa bir şey deyildir bu deyilənlər».
69. De ki, «Bir gəzib-dolaşın
yer üzünü, baxın necə olmuş axırı günahkarların».
70. Onların üzündən üzülməyəsən.
Yrəyin sıxılmasın məkrli işlərindən.
71. «Doğru sözlü, düz
əməlli kimsələrsinizsə, deyin, bu və'din və'dəsi nə zaman gələr?»
deyərlər.
72. De ki, «Tələsdirdiyiniz
şeyin bir qismi bəlkə elə dərhal gəldi başınıza».
73. İnsanlara qarşı fəzilətlidir
Rəbbin, şübhəsiz. Fəqət naşükürdür çoxu onların.
74. Onların içini də,
çölünü də bilir Rəbbin, şübhəsiz.
75. Göydə, yerdə görülməz
olan nə varsa, aydınca bir Kitabda yazılıdır hamısı.
76. Mübahisə etdikləri
şeylərin çoxunu İsrail oğullarına, şübhəsiz, söyləyir bu Qur'an.
77. Yol göstərir, rəhmət
verir mö'minlərə bu Qur'an.
78. Şübhəsiz, verəcəkdir
hökmünü onlara Rəbbin. Güclüdür, hər şeyi biləndir O.
79. Allaha güvən! Açıq-aşkar
haqq yolunun üstündəsən, şübhəsiz.
80. Eşitməz səni ölülər,
eşitməz səni üz çevirib gedən karlar.
81. Sapqınlıqdan xilas
edib korları doğru yola gətirməyə yetməz gücün. Yalnız ayələrimizə
iman gətirən kimsələrə eşitdirə bilərsən haqq kəlamını. Müsəlmandır
belələri.
82. Deyilən o əzab kafirlərin
başına gələn zaman yerdən bir canlı çıxardarıq, insanlarla danışar,
deyər ki, kafirlər ayələrimizə inanmırdılar.
83. O gün hər ümmətdən
o kəsləri məhşərə çəkərik ki, ayələrimizi danırdılar. Bir-birinin
ardınca düzərək apararlar onları haqq-hesab çəkilən yerə.
84. Bura gəlib çatdılarmı,
«Mənimmi ayələrimi dandınız anlamaya-anlamaya bunları? Yoxsa ki,
bu nə işdi tuturdunuz?» deyər Allah.
85. Zülm elədiyinə görə
gələr başlarına deyilən o əzab, danışmağa da halı olmaz onların.
86. Gecəni dinclik zamanı,
gündüzü iş zamanı elədik. Bunu görməzmidirlər? Şübhəsiz, bunda
da ayələr var mö'minlər üçün.
87. Sur çalınan gün Allahın
istədiyi kimsələrdən savayı hamı, göylərdə kim varsa, yerdə kim
varsa hamı təlaş keçirər. Boyunları bükülmüş gələrlər Onun yanına.
88. Baxırsan dağlara,
yerlərində donub qalmış zənn edirsən onları. Fəqət buludlar kimi
yürüyər onlar. Bu, Allahın işidir. İşini möhkəm tutar O. Gördüyünüz
işlərdən xəbərdardır O.
89. Kimlər yaxşılıq gətirərsə,
bundan daha yaxşısını qazanarlar orada. Və təlaş keçirməzlər o
günün qorxusundan.
90. Kimlər pislik gətirərsə,
üzü üstə od içinə tullayarlar onları. Bəlkə elə bilirsiz elədiklərinizə
görə deyil, başqa bir şeyə görə verirlər bu cəzanızı?
91. De ki, «Mənə əmr
edilib bu müqəddəs şəhərin [Məkkənin] Rəbbinə, hər şeyin yiyəsinə
tapınım, Mənə əmr edilib müsəlman olum
92. Qur'an oxuyum. Kim
tutarsa doğru yolu, bu onun öz xeyrinə, kim saparsa doğru yoldan,
bu onun əleyhinə». De ki, «Mən yalnız olacağı bildirən kimsələrdən
biriyəm». De ki, «Həmd olsun Allaha. Ayələrini göstərəcək sizə
O, tanıyacaqsız onları». Gördüyünüz işlərdən xəbərsiz deyil Rəbbin.
|