Rəhman və Rəhim
Allahın adıyla
1. Artıq yaxınlaşmış
əmri Allahın, Onu tələsdirməyin. Ona qoşduqları şəriklərdən ucadadır,
ucalardan ucadır O.
2. Bəndələrindən istədiyi
kimsələrə vəhy aparan mələkləri göndərir O. Kafirlərə xəbərdarlıq
eləyin, bildirin, Məndən başqa tanrı yoxdur. Qorxun Məndən.
3. Göyləri, yeri haqq
olaraq yaratmış, Ona qoşduqları şəriklərdən ucalarda qərar tutmuş
O.
4. Nutfədən yaratmış
insanı Allah. İnsan da ki, açıqca düşmən kəsilmiş Ona.
5. Heyvanları da sizdən
ötrü yaratmış. Yunlarıyla, tükləriylə qızınırsınız. Başqa şeylərdə
də karınıza gölirlər. Ətlərini yeyirsiniz.
6. Axşamlar otlaqdan
gətirəndə də, səhərlər otlağa aparanda da ayrı bir zövq verir
heyvanlar sizə.
7. Daşıyırlar yükünüzü
bu şəhərdən o şəhərə. Özünüz daşımalı olsanız əgər, çox əziyyət
bahasına başa gələr bu sizə. Şübhəsiz, çox şəfqətlidir, Rəhimdir
Rəbbiniz sizin.
8. Miniyiniz, bəzəyiniz
olalar deyə atları, qatırları, ulaqları yaratmış. Bilməzsiniz
daha nələr yaradar O.
9. Doğru yolu bəyan eləmək
Allahın öhdəsində. Bu yoldan sapan da var. Allah diləsəydi əgər,
hamınızı yönəldərdi doğru yola.
10. Odur sizdən ötrü
səmadan su endirən. İçdiyiniz bu sudandır. Heyvanlarınızı yemlədiyiniz
bitkilər də bu sudan içib bitir.
11. Və bu suyla sizdən
ötrü əkin yerləri, zeytunluqlar, xurmalıqlar, üzümlüklər və hər
cür meyvə ağacları yetirər O. Bunlarda, şübhəsiz, ayələr var düşünən
kəslər üçün.
12. Gecəni, gündüzü,
günəşi, ayı sizə taba eləmiş. Ulduzlar da boyun əymiş Allaha.
Bunlarda, şübhəsiz, ayələr var düşünüb-daşınanlar üçün.
13. Rəngarəngdir sizdən
ötrü yer üzündə yaratdığı nə varsa. Bunda da, şübhəsiz, bir ayə
var görüb-götürənlər üçün.
14. Sizdən ötrü dənizi
də ram eləmiş təptəzə ət [balıq] yeyəsiniz, bəzək-düzək çıxararaq
dənizdən bəzənib düzənəsiniz. Görürsən suları yara-yara necə üzür
gəmilər. Allahın lütfündən pay diləyin, Ona şükr eləyin.
15. Yer üzündə möhkəm
duran dağlar qurmuş ki, ayağınız altından yer qaçmasın [ayağınızı
torpağa bərk basasınız]. Çayları, yolları var eləmiş ki, yolunuzla
yollanasız.
16. Yer üzündə əlamətlər,
göy üzündə ulduzları yaratmış ki, tapalar öz səmtlərini.
17. Yaradanla yaratmayan
taymı tutular məgər biri-birinə? Bir ağıl işlətsəniz!
18. Allahın ne'mətlərini
saymaq istəsəniz də saya bilməzsiniz heç. Şübhəsiz, günahlardan
keçəndir, Rəhimdir Allah.
19. Demədiyinizi də,
dediyinizi də bilir Allah.
20. Allahı qoyub o tanrılara
tapınırlar ki, heç nəyi xəlq etməz onlar, özləri xəlq olunurlar.
21. Diri də deyillər,
ölüdürlər, bilməzlər nə zaman bir daha diriləcəklər.
22. Tanrınız tək Tanrıdır.
Və o kəslər ki, axirətə inanmayırlar, küfrlə yüklü olur ürəkləri
onların, təkəbbürlük edirlər.
23. Şübhə yox ki, onların
demədiyini də, dediyini də bilir Allah. Təkəbbürlük edənləri sevməz
O.
24. «Rəbbinizin nazil
elədiyi nədir?» deyiləndə onlara «Bizdən əvvəlkilərin əfsanələri!»
deyərlər.
25. Və qiyamət günü daşıyarlar
bütövlükdə özlərinin günah yüklərini. Eləcə də daşıyarlar cahillik
üzündən azdırdıqları kəslərin bə'zi günah yüklərini. Nə pis bir
şey imiş daşıdıqları!
26. Onlardan öncə gəlib-gedənlər
də quramalar qurmuşdular. Evlərinin təməlinə yetişdi Allahın əmri,
başlarına çökdü evlərinin damları! Gözləmədikləri yöndən yetişdi
onlara bu əzab.
27. Sonra qiyamət günü
alçaldar onları Allah və deyər: «Hanı Mənim o şəriklərim ki, onların
üzündən mö'minlərlə ixtilafda idiniz?» «Bu gün rəzillik, pislik
düşər kafirlərin payına!» deyər elmli kəslər.
28. Özlərinə zülm eləyən
kimsələrin canlarını mələklər alan zaman təslim olar, «Biz ki,
bir pislik eləməmişdik!» söyləyər onlar. Gördüyünüz işləri, şübhəsiz,
bilir Allah.
29. «Cəhənnəmin qapılarından
içəri girin, orada əbədilik qalacaqsınız». Nə pis bir yuva imiş
təkəbbürlük edənlərin yeri!
30. «Rəbbinizin nazil
elədiyi nədir?» deyildi müttəqilərə. «Xeyir!» dedilər. Bu dünyada
yaxşılıqlar edənlərin nəsibi yaxşılıq olar. Axirət evisə onlar
üçün daha yaxşı. Nə gözəl evi varmış müttəqilərin.
31. İçindən çaylar axan
Adn cənnətlərinə girər onlar. hər nə istəsələr var orada onlar
üçün. Müttəqiləri beləcə mükafatlandırır Allah.
32. Yaxşıların canlarını
almağa gələn zaman «Salam olsun sizə, gördüyünüz işlərə qarşılıq
olaraq girin cənnətə!» deyər mələklər.
33. Mələklərinmi gəlməyini,
Allahın əmrininmi [əzabının] gəlməyini gözləyir küfr eləyən kimsələr?
Onlardan öncəkilər də belə iş tuturdular. Onlara Allah zülm eləmirdi,
özləri özlərinə eləyirdilər.
34. Elədikləri pisliklərin
cəzasına çatdılar, ələ saldıqları şey yaxaladı onları.
35. Ona şərik qoşanlar
dedilər: «Allah diləsəydi əgər, Ondan başqa heç nəyə nə biz tapınardıq,
nə də ata-babamız və Onun əmri olmadan haram da qılmazdıq bizlər
heç nəyi». Onlardan öncəkilər də belə iş tuturdular. Peyğəmbərlərin
borcu məgər hər şeyi açıqca çatdırmaqdan ibarət deyilmi yalnız?
36. «Allaha ibadət eləyin,
şeytandan uzaq olun» deyərək peyğəmbər göndərmişdik hər bir ümmətə.
O ümmətlərdən bə'zisini Allah doğru yola yönəltdi, bə'zisini də
sapqınlıq haqladı. Gəzin, dolaşın yer üzünü, görün bir necə olmuş
aqibəti peyğəmbərlərini danan kəslərin.
37. Sən nə qədər istəsən
də doğru yola gələlər, bil, azdırdığı kimsəni doğru yola gətirməz
Allah. Yardım göstərən də olmaz belələrinə.
38. Var gücləriylə Allaha
and içdilər: «Ölən bir kimsəni dirildən deyil Allah». Xeyr, elə
deyil, öləni dirildər O, bu Onun haqq və'didir. Ancaq bunu bilməyir
əksər adamlar.
39. Bununla mö'minlərlə
mübahisə etdikləri şeyləri açıqlayar kafirlərə O və onlar da bilərlər
ki, yalan sözlər imiş söylədikləri.
40. Biz nəyi diləsək,
«Ol» desək olasıdır.
41. Zülm çəkəndən sonra
Allah yolunda Hicrət edən kəslərə [Həzrət Muhamməd və əshabı]
gözəl bir yurd [Mədinə] verərik. Axirət əcri isə daha böyükdür.
Kaş ki, bunu biləydilər!
42. Bunlardır səbr eləyib
dözən kəslər, Rəblərinə güvənən kəslər.
43. Yalnız vəhy verdiyimiz
kişiləri göndərmişdik səndən öncə peyğəmbərlər olaraq. Bunu bilmirsinizsə,
zikr əhlindən [Tövrat və İncil üləmasından] soruşun.
44. Aşkar dəlillər və
Kitablar verib göndərmişdik onları. Sənə də bu Qur'anı Biz nazil
elədik ki, açıqlayıb bildirəsən insanlara nazil olan hökmləri.
Bəlkə düşünərək öyüd alalar.
45. Pis hiylələr quranlar
məgər əminmidirlər yerə gömdürməyəcək onları Allah, yaxud gözləmədikləri
yöndən gəlməyəcək onlara o əzab?
46. Yaxud işində-gücündə
ikən yaxalamayacaq onları o əzab - aciz qoya bilməz onlar Allahı,
-
47. yaxud da yox olmaqdan
qorxa-qorxa uğramayacaq onlar o əzaba. Həqiqətən, çox şəfqətlidir,
Rəhimdir Rəbbiniz sizin [yə'ni hələ ki, onları cəzasız qoyub].
48. Məgər görmürlərmi
ki, Allahın yaratdığı şeylərin kölgələri sağa-sola sürünərək səcdə
edirlər Allaha.
49. Canlı adına göylərdə
nə varsa, yerdə nə varsa, səcdə qılar Allaha. Mələklər də eləcə.
Təkəbbürlük etməz onlar.
50. Onlardan ucalarda
qərar tutan Rəblərindən qorxarlar, onlara əmr edilən şeyləri yerinə
yetirərlər. 51. «İki tanrıya tapınmayın. O ancaq tək Tanrıdır.
Ancaq Məndən qorxun!» dedi Allah.
52. Onundur göylərdə
nə varsa, yerdə nə varsa. Təkcə Ona itaətdə olmalı. Siz Allahı
qoyub başqasındanmı qorxursunuz?
53. Sizə çatan hər ne'mət
yalnız Allahdan çatar. Bundan sonra sizə bir sıxıntı üz verən
zaman yalnız Ona üz tutaraq yalvarırsınız.
54. Sizdən o sıxıntını
uzaq etdimi, içinizdən bə'ziləri dərhal Ona şərik qoşmağa başlar,
55. küfr eləyər verdiyimiz
ne'mətə. Nə eybi, işinizdən qalmayın, sonra biləcəksiniz bunun
axırı nə imiş!
56. Aləmdən bixəbər bütlərə
pay ayırırlar verdiyimiz ruzidən. Allaha and olsun ki, atdığınız
şərə görə [bütlərə pay ayırmağı Allahın adı ilə bağladığınıza
görə] mütləq cavab verməli olacaqsınız.
57. Qızları [mələkləri]
Allahın övladları sanırlar. Bunun fövqündədir O. Özlərisə oğlan
uşaqlarını arzulayırlar.
58. Doğulan çağasının
qız olduğu xəbəri müjdə verilən zaman onlardan bir kimsəyə hirsindən
qəmə batar, üzü qapqara qaralar.
59. Bu pis müjdə üzündən
qövmündən qaçaraq gizlənər o. Bilməz utana-utanamı alsın əlinə,
torpağamı basdırsın o çağasını! Bax necə pis fikrə düşübdür onlar
[yə'ni Allaha layiq bildiyi məxluqatı, qızları özlərinə layiq
bilmirlər].
60. Axirətə iman gətirməyən
kəslərin pisdən pisdir sifətləri. Allaha aiddir ən ali sifətlər.
Güclüdür, müdrikdir O.
61. Hər haqsız işə görə
insanlara cəza versəydi Allah bir canlı da qalmazdı yer üzündə.
Ancaq bəlli bir əcələ qədər möhlət verər onlara O. Əcəlləri gəldimi,
bircə saatlığa belə vaxtı nə ötürə bilərlər, nə qabaqlaya.
62. Allaha layiq görürdülər
bəyənmədiklərini. Dilləri də «Dünyanın ən gözəl son ucu onlarındır»
deyə yalan söyləyər. Əslindəsə oddur onların nəsibi, od içinə
sürüklənib girərlər.
63. Allaha and olsun,
Səndən öncəki ümmətlərə də peyğəmbərlər göndərmişdik. Bərbəzəkli
göstərdi gördükləri işlərini onlara şeytan. Bu gün də onların
dostudur şeytan. Ağrılı bir əzab gözləyir onları.
64. Biz sənə Kitabı nazil
elədik ki, mübahisə etdikləri mətləbi açıqlayıb bildirəsən onlara.
Və iman götirənlər üçün yol göstərsin, rəhmət versin bu Kitab.
65. Ölmüşdü torpaq, səmadan
su endirdi, diriltdi onu Allah. Şübhəsiz, bunda bir ayə var eşidən
kəslər üçün.
66. Heyvanlarda da ibrətamiz
şeylər vardır sizin üçün. Qarınlarından, mə'də-bağırsaqdakılarla
qan arasından çıxardığımız xalis süd [yə'ni nə yarımçıq həzm edilən
qida, nə də qan iyi, tamı verən maye] içənlərin boğazından asan
keçən südü içirdirik sizə.
67. Xurmalardan, üzümlərdən
də şərbət və gözəl ruzilər alırsınız. Şübhəsiz, bunda bir ayə
var düşünüb-daşınanlar üçün.
68. Rəbbin vəhy eləmiş
bal arısına: «Dağlarda, ağaclar arasında və insanların sənin üçün
düzəltdiyi şeylərdə yuvalar qur özünə.
69. Sonra da barınaraq
hər meyvədən uç Rəbbinin yollarında». İnsanlara şəfa gətirən rəngarəng
bir bal çıxar bu arının qarnından. Şübhəsiz, bunda bir ayə var
düşünən kimsələr üçün.
70. Allah sizi yaratmış.
Sonra sizdən can alar O. Sizlərdən bə'zi kimsələri ömrün rəzil
çağına yetirər ki, bir az bilik almış olsalar belə heç nəyi bilməsinlər.
Şübhəsiz, hər şeyi bilir Allah, hər şeyə qadirdir O.
71. Ruzilər verən zaman
bə'zinizi bə'zinizdən üstün tutar da Allah. Ruzisi çox düşənlər
bu ruzidən verməyirlər əlləri altında olan kəslərə. Yoxsa ki,
ruzisini almaqda birdir hamı [yə'ni heç kim başqa bir bəndəni
bəsləmir, hamını bəsləyən Allahdır və hər bir adam Allah bəndəsidir].
Allahınmı ne'mətini danırlar?
72. Sizin canlarınızdan
sizlər üçün taylar yaratmış Allah. Bu taylardan övladlar, nəvələr
var eləmiş sizin üçün. Gözəl-gözəl ruzilər vermiş sizə. Belədirsə,
batiləmi inanarlar, Allahınmı ne'mətinə küfr eləyərlər?
73. Allahı qoyub bütlərəmi
tapınırlar? Nə göylərdə, nə yerdə insanlara verilməli ruzisi olmaz
onların. Onlar heç nəyə qadir deyillər.
74. Allahın adına bənzətmələr
qoşmayın! Özünün bənzərsiz olduğunu Allah bilər, siz bilməzsiniz!
75. Heç nəyə özünün gücü
yetməyən, özgösinin malı olan köləni gözəl ruzi verdiyimiz, bu
ruzidən gizlində və açıqda xərcləyən bir kimsə ilə tutuşdurdu
Allah. Məgər taymı tutular bunlar biri-birinə? Yalnız Allahı həmd
etməli. Çoxlarının xəbəri yox işlərin axırından.
76. Bu iki adamı da misal
çəkərək bir-biriylə tutuşdurdu Allah. Bunların biri laldır, kara
gələn deyil, ağasına yükdür o. Doğru yolu tutaraq, insaf gözləyərək
buyruq verən kimsəyə taymı tutular məgər beləsi?
77. Təkcə Allah bilər
göylərin, yerin görülməzini. Bir göz qırpımında olar qiyamətin
qopması, yaxud bundan tez olar. Şübhəsiz, hər şeyə qadirdir Allah.
78. Analarınızın bətnindən
sizi çıxardanda Allah heç nəyi bilmirdiniz. Ona şükr edəsiz deyə
qulaqlar, gözlər və ürəklər vermiş sizə.
79. Məgər görmürlərmi
ki, göyün boşluğunda uçan quşlar necə boyun əymiş Rəblərinə. Allahdan
savayı heç kim tutub saxlaya bilməz onları. Şübhəsiz, bunda ayələr
var iman gətirənlər üçün.
80 Evlərinizi yaşayış
yeri eləmiş Allah. Heyvan dərilərindən sizə çadırlar var eləmiş
ki, daşımaq asan olsun səfərə çıxan zaman, yüngüllük gətirsin
sizə bir yerdə qərar tutan zaman. Yunlarından [qoyun və dəvə yunundan],
tüklərindən [keçi tükündən] bir müddət geyiləcək, döşəniləcək
şeylər düzəltmiş sizə o.
81. Allah yaratdığı şeylərdən
sizlər üçün kölgəliklər var eləmiş, sizdən ötrü dağlarda mağaralar,
istidən-soyuqdan qoruyan paltarlar, zərbədən qoruyan zirehli geyimlər
var eləmiş. Müsəlman olasız deyə sizə Öz ne'mətini tamamlayır
beləcə.
82. Əgər üz döndərsələr,
bil, hər şeyi açıqca bəyan etməkdir yalnız sənin vəzifən.
83. Allahın ne'mətini
əvvəl-əvvəl tanırlar, sonra isə danırlar. Kafirlərdən ibarətdir
onların çoxu.
84. Qiyamət günü hər
ümmətdən bir şahid gətirərik. Və küfr eləmiş kimsələrə üzr belə
istəməyə izn verilməz və üzrü də umulmaz onların əsla.
85. Zalımlıq eləmiş kimsələr
əzabı gördülərmi, yumşaldılmaz əzabları və möhlət də verilməz
heç onlara.
86. Ona şərik qoşanlar
elə ki, gördülər şəriklərini, dedilər: «Rəbbimiz, Sənə yox, bunlara
biz tapınırdıq, bunlardır şəriklərimiz». Şərikləri də onlara söz
atdılar: «Siz yalan deyirsiniz».
87. Allaha təslim oldu
müşriklər o gün və uydurduqları şeylər onlardan kənar düşdü.
88. O kəslər ki, kafirlik
elədilər, döndərdilər adamları Allah yolundan, əzab dalınca əzab
göndərdik onlara. Qarışıqlıq salırdılar.
89. O gün hər ümmətdən
bir nəfəri özlərinə şahid tutarıq. Səni də öz ümmətinə şahid olaraq
gətirmişik. Hər şeyi müsəlmanlara bəyan eləyən, yol göstərən,
rəhmət verən, müjdə verən Kitabı Biz sənə göndərmişik.
90. İnsaflı olmağı, yaxşılıqlar
eləməyi, əqrabaya öz haqqını verməyi buyurar Allah. Zinanı, fənalığı,
zülmü yasaq buyurar Allah. Öyüd alasız deyə beləcə öyüd verər
sizə O.
91. Allahla əhd bağlayandan
sonra vəfa edin əhdinizə, pozmayın Allahın adına verdiyiniz andları.
Allahı özünüzə şahid tutursuz axı. Tutduğunuz işləri, şübhəsiz,
bilir Allah.
92. Bənzəməyin o qadına
ki, əyirdiyi ipliklə möhkəm-möhkəm toxuyar, sonra da öz əliylə
sökər toxuduğunu. Sayının, sərvətinin bir ümmətin digərindən çox
olması naminə andlar içib aranızda qarışıqlıq salmayın, sınayar
sizi Allah. Və qiyamət günü də mütləq bildirər sizə nədən çəkişirdiniz.
93. Allah diləsəydi əgər
vahid bir ümmət yaradardı sizi. Fəqət istədiyi kimsəni azdırar,
istədiyi kimsəni də doğru yola yönəldər O. Gördüyünüz işlərə görə
mütləq cavab verəcəksiz.
94. İçdiyiniz andlarla
aranızda qarışıqlıq salmayın. Yoxsa ayağınızı yerə möhkəm basmış
ikən yer qaçar altınızdan. Pis bir əzab dadarsınız. Çünki Allah
yolundan döndərirdiz adamları. Böyük bir əzab gözləyir sizləri
axirətdə.
95. Allaha verdiyiniz
əhdi dəyər-dəyməzinə satmayın. Allahın dərgahında onlar sizə daha
çox xeyir gətirər. Kaş bunu biləydiniz.
96. Sizdəkilər gəldi-gedərdi,
Allahın dərgahındakılar qalandı. Səbr göstərənlərə verəcəyimiz
əcri gördükləri işlərinin ən gözəlinə əvəz olaraq verəcəyik.
97. Mö'min kişilərdən,
qadınlardan saleh işlər görənləri gözəl bir ömürlə yaşadacağıq,
verəcəyimiz əcrisə gördükləri işlərinin ən gözəlinə əvəz olaraq
verəcəyik.
98. Qur'an oxumağa başlayan
zaman Allaha sığın qovulmuş şeytanın şərindən qorunmaq üçün [«ə'uzu
billahi minə-ş-şeytani-r-racim» söylə].
99. O kəslər ki, iman
gətiriblər və Rəblərinə güvənirlər, ilişməz onlara şeytanın şəri.
100. Ancaq ona qulaq
asanlara, müşriklərə ilişər şeytanın şəri.
101. Bir ayənin yerinə
başqa bir ayəni Biz gətirəndə - Allah daha yaxşı bilir nəyi nazil
etdiyini - deyərdilər: «Sən özündən uyduransan». Belə deyil. Fəqət
haqqı bilməyir onların çoxu.
102. De ki, «İmana gələnlərə
güc vermək üçün, müsəlmanlara yol göstərmək, müjdə vermək üçün
Ruhu-l-Qüdsü [Cəbraili] nazil elədik Rəbbinin dərgahından».
103. «Biz bilirik, ona
[Muhammədə] bir nəfər [bir xristian köləsi nəzərdə tutulur] tə'lim
verir» söyləyər onlar. Onların dedikləri adamın dili əcəmidir,
bu Qur'anın dilisə açıq, fəsih ərəbcədir.
104. Allahın ayələrinə
iman gətirməyən kəsləri doğru yola yönəltməz Allah. Ağrılı bir
əzab gözləyir onları.
105. Yalanı yalnız o
kəslər uydurarlar ki, Allahın ayələrinə iman gətirməyirlər. Məhz
onlardır yalançılar.
106. İman gətirəndən
sonra Allahı danan - məcburiyyət qarşısında qalaraq diliylə küfr
desə də ürəyi imanda rahatlıq tapan kəsə bu aid deyil, - küfrdə
sevinc tapan kimsələr tutularlar Allahın qəzəbinə. Böyük bir əzab
gözləyir onları.
107. Çünki dünya həyatını
axirətdən üstün tutmuşdu onlar. Şübhəsiz, kafirlərin qövmünü doğru
yola çəkməz Allah.
108. Onlardır ürəyinə,
qulaqlarına, gözlərinə Allahın möhür vurduğu kəslər. Məhz onlardır
qəflətdə olanlar.
109. İtkiyə uğrayar onlar,
şübhəsiz, axirətdə.
110. Əlbəttə, Rəbbin
o kəslərə yardım edər ki, işkəncə çəkərək hicrətə üz qoyublar,
sonra Allah yolunda cihad ediblər, səbr göstəriblər. Bütün bunlardan
sonra günahlardan keçən görər, Rəhim görərsən Rəbbini.
111. Öz canının hayında
vurnuxar hər kəs qiyamət günü. Hərəyə öz əməlinə görə verilər,
haqsızlıq edilməz əsla bir kəsə.
112. Belə bir şəhəri
misal gətirmiş Allah. Əmin-amanlıq içində yaşayırdı bu şəhər.
Hər yerdən bolluca ruzi gəlirdi buraya. Fəqət küfr elədi bu şəhər
Allahın ne'mətlərinə. Gördüyü işlərə əvəz olaraq aclığı, qorxunu
ona daddırdı Allah.
113. Bir Rəsul gəlmişdi
buraya onların öz içindən. Dandılar Peyğəmbəri, əzaba uğradılar.
Zalımlardır onlar.
114. Siz Ona ibadət edirsinizsə,
yeyin Allah verən halal, gözəl ruzilərdən, şükr eləyin Allahın
ne'mətinə.
115. Leşi, qanı, donuz
ətini və Allahdan qeyrisi adına kəsilən heyvanları sizə haram
qılmış Allah. Məcburiyyət qarşısında qalan kəs başqasının payına
əl uzatmadan və zərurət miqdarını aşmadan bunlardan yeyərsə əgər,
bilsin, şübhəsiz, günahlardan keçəndir, Rəhimdir Allah.
116. Dilinizin söylədiyi
yalanı təkrarlayaraq «Bu halaldır, o haram» deməyin. Yoxsa Allahın
adına yalan yaxmış olarsız. Allahın adına yalan yaxanlar uğura
uğramazlar.
117. Bir az zövq-səfa
çəkər. sonra ağrılı bir əzaba uğrayar onlar.
118. Bundan öncə yəhudilərə
də yasaq buyurmuşduq sənə dediklərimizi. Onlara Biz zülm eləmədik,
özləri özlərinə eləyirdilər.
119. Bir də Rəbbin o
kəslərə yardım edər ki, cahilliyi üzündən pis iş tutandan sonra
tövbə eləyiblər, düzəliblər. Bütün bunlardan sonra günahlardan
keçən görər, Rəhim görərsən Rəbbini.
120. İbrahim özlüyündə
bir ümmət idi. Allaha itaətdə idi, üzü Ona doğru idi, müşriklərdən
deyildi.
121. Şükr edərdi Onun
ne'mətlərinə. Seçmişdi onu Allah, yönəltmişdi doğru yola.
122. Yaxşılıq vermişdik
ona dünyada, yaxşılardan olaraq qalır o axirətdə.
123. «Haqqa doğru yönələn
İbrahimin dininin yoluyla get, müşriklərdən deyil o» deyə sənə
vəhy elədik.
124. Şənbəni ibadət günü
eləmək o kəslərə vacib bilindi ki, bu barədə fikir ayrılığına
düşdülər. Şübhəsiz, qiyamət günü Öz hökmünü verər Rəbbin və bildirər
onlara nədən çəkişirdilər aralarında.
125. Hikmətlə, gözəl-gözəl
öyüdlərlə də'vət elə onları Allah yoluna və onlarla mübahisə zamanı
daha gözəl sözlər söylə. Şübhəsiz, Rəbbin daha yaxşı tanıyır Onun
yolundan sapanı da, doğru yolu tapanı da.
126. Cəza vermək istəsəniz
bir kəsə sizə vermiş olduğu əzabı qaytarın onun özünə. Əgər səbr
göstərsəniz, bu daha yaxşı. Səbr xeyir gətirər səbr yiyələrinə.
127. Səbr elə, sənin
səbr eləməyin Allahın yardımını diləməyindir. Onların kafirliyi
üzündən üzülməyəsən. Qurduqları quramalardan sıxıntıya düşməyəsən.
128. Şübhəsiz, müttəqilərin,
yaxşıların tərəfindədir Allah.
|