Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun batmaqda
olan ulduza,
2. yoldaşınız [Muhamməd]
doğru yoldan sapmamış, azğınlaşmamış.
3. Sizə dediyini özündən
demir.
4. Dediyi vəhy aldığıdır.
5. Dediyini çox güclü
olan Cəbrail öyrətmiş ona.
6. Qüdrət yiyəsidir bu
mələk. Bərqərar olmuşdu
7. ən ali üfüqdə. Necə
varsa eləcə də göründü buradan Peyğəmbərə.
8. Sonra ona doğru yaxınlaşdı
və bir az da yaxın gəldi.
9. İki qövs arası qədərincə,
yaxud daha yaxın oldu araları.
10. Allahın Öz bəndəsinə
vəhyini Cəbrail yetirdi ona.
11. Gözünün gördüyünü
könlü danmadı Peyğəmbərin.
12. Gördüyünün haqqındamı
siz onunla mübahisə eləyirsiz.
13. Cəbraili bir yol
da görmüşdü o
14. uzaq sonluğun sərhəddindəki
sədr ağacının yanında.
15. Cənnət yurdu var
orada.
16. O sədr ağacını nə
örtürdüsə örtürdü.
17. Peyğəmbər heç nəyi
gözündən ötürmürdü, gördüyünü görürdü.
18. Rəbbinin ən böyük
ayələrini görmüşdü o.
19. Deyin nə olan şeydilər
Lat, Uzza bütləri
20. və üçüncü olan Mənət
bütü.
21. Deməli, oğlanlar
sizə aiddir, qızlar Allaha, eləmi?
22. İnsafdan deyil belə
bölgü.
23. Sizin və atalarınızın
qoyduğu quru adlardan başqa bir şey deyil bu bütlər. Bunların
barəsində bir dəlil-fərman nazil etməmiş Allah. Yalnız gümana
qapılar, nəfsinə uyar bütpərəstlər. Halbuki doğru yolu nişan verən
gəlib çıxmış onlara Rəblərindən.
24. Yoxsa hərə ürəyində
nə tutubsa olasıdır?
25. Axirət də, dünya
da Allahındır.
26. Göylərdə neçə-neçə
mələklər var ki, faydasız olar iltimasları nə qədər ki, istədiyi
və razı qaldığı bir bəndəsinin xətrinə iltimasçün izn verməmiş
Allah.
27. Yalnız axirətə inanmayanlar
qız deyərlər mələklərə.
28. Mələklərin yaranışı
barədə bir bilgisi yox onların. Yalnız belə zənn edərlər. Zənn
isə, şübhəsiz, haqdan bir şey deyə bilməz.
29. Bizi anmaqdan üz
döndərən və dünya həyatından başqa bir şey istəməyən kimsələrdən
üz çevir.
30. Bu, onların biliyinin
son həddidir. Şübhəsiz, Rəbbin daha yaxşı tanıyır Allahın yolundan
azanları, doğru yolda olanları.
31. Allahındır göylərdə
nə varsa, yerdə nə varsa. Pislik eləyənlərə pis cəza, yaxşılıq
eləyənlərə yaxşı qarşılıq verər O.
32. Yaxşılar o kəslərdir
ki, xırda-para günahlar işlətsə də böyük-böyük günahlardan, çirkin-çirkin
əməllərdən çəkinər onlar. Genişdir Rəbbinin məğfirəti, şübhəsiz.
Sizi torpaqdan yaradandan bəri, analarınızın bətnində hələ rüşeym
halında olandan bəri yaxşı tanıyır sizi O. Özünüzü təmizə çıxarmayın.
O yaxşı tanıyır Allahdan qorxaraq pis işlərdən çəkinənin kimliyini.
33. İman gətirəndən sonra
dinindən dönən kəs gördünmü nə elədi?
34. Malından azacıq verəndən
sonra kəsdi o ehsanını.
35. Görülməzi bilirmi
o, görürmü o?
36. Musanın yazısında
olanlardan yoxmu onun xəbəri?
37. Əhdinə vəfa eləyən
İbrahimin yazısında olanları bilmirmi o?
38. Heç bir günah yiyəsi
özgənin günah yükünü daşıyan deyil.
39. Ancaq öz çalışdığına
qovuşar insan.
40. Çalışdığı, şübhəsiz,
bilinəcək nə imiş.
41. Elədiyinin əvəzini
tam olaraq alacaq o.
42. Rəbbinin dərgahına
axır dönəcək hamı.
43. Şübhəsiz, güldürən
də Odur, ağladan da O.
44. Öldürən də Odur,
dirildən də O.
45. Erkəklə dişini bir-birinə
tay olaraq O yaratmış
46. balalığa tökülən
nutfədən.
47. Yaranmışı təkrar
yaratmaq Onun öhdəsindədir.
48. Varlandıran da, var
verən də Odur.
49. Şübhəsiz, Şira ulduzunun
da [cahiliyyə çağında ibadət edilən ulduz] Rəbbi Odur.
50. Odur məhv eləyən
öncə gəlib getmiş olan Ad qövmünü,
51. Səmud qövmünü. Bunların
içindən kimsəni sağ buraxmamış.
52. Daha öncə Nuh qövmünü
məhv eləmiş. Onlar daha zalım, daha azğın idilər.
53. Lut qövmünün şəhərlərini
də qaldırıb yerə vurmuş,
54. yağdırdığını yağdırmış
üstlərinə.
55. Rəbbinin hansı ne'mətinə
sən şəkk gətirirsən, ey insan?
56. Öncəki elçilər kimi
bu [Muhamməd] da xəbərdarlıq eləyəndir.
57. Artıq yaxınlaşmış
qiyamət günü.
58. Allahdan başqa heç
kim üzə çıxara bilməz bu günü.
59. Bu Qur'anamı təəccüb
eləyirsiz?
60. Gülürsüz, ağlamırsız.
61. Çünki vurnuxursuz
qəflət içində.
62. Təkcə Allaha səcdə
üçün əyilin, təkcə Allaha ibadət eləyin.
|