Rəhman
və Rəhim Allahın adıyla
1. Nəyi soruşurlar biri-birindən?
2. O böyük xəbərimi?
3. Haqqında fikirləri
bir-birilə düz gəlməyən xəbərimi?
4. Şübhəsiz, biləcəklər
nə imiş axırı bu xəbəri danmağın.
5. Əlbəttə, axır biləcəklər.
6. Yer üzünü beşik eləmədikmi?
7. Dağları dirəklər təkin
basdırmadıqmı?
8. Sizləri taylar olaraq
yaratmadıqmı?
9. Yuxunuzu dincəlmək
zamanı eləmədikmi?
10. Gecəni sizdən ötrü
yorğan eləmədikmi?
11. Gündüzü dolanışıq
zamanı eləmədikmi?
12. Ystünüzdə yeddi qat
möhkəm göyü bina eləmədikmi?
13. Günəşi işıq saçan
çıraq eləmədikmi?
14. Sıxaraq buludları
yağış yağdırmadıqmı?
15. Bu yağışın suyuyla
bitirmədikmi dənli, dənsiz bitkiləri,
16. sıx ağaclı bağ-bağatı?
17. Mükafat və cəza vaxtıdır
hökm veriləcək gün.
18. Sur çalınan gün gələrsiz
dəstə-dəstə.
19. Qapı-qapı açılar
göy.
20. Yerindən oynayar
dağlar, tozu qalar.
21. Tələ olar cəhənnəm
22. azğınlara, düşər
onlar oraya.
23. Zaman-zaman əbədilik
qalarlar orada.
24. Nə sərinlik dadarlar
orada, nə sərin su içərlər,
25. içəcəkləri qaynar
su olar, irin olar.
26. Gördükləri işlərə
uyğun gələn cəza olar bu əzab.
27. Haqq-hesabdan qorxmurdular.
28. Ayələrimizi hey danırdılar.
29. Biz də hər şeyi yazmışıq,
hər şeyin hesabını aparmışıq birər-birər.
30. «Di dadın əzabı.
Sizin üçün başqa heç nəyi yox, yalnız əzabınızı bundan sonra artırarıq».
31. Qurtuluş tapar müttəqilər
32. bağlar və üzümlüklər
içində,
33. sinələri düyünlənmiş
yaşıd qızlar arasında,
34. camlara doldurulan
içkilərin ləzzətində.
35. Mə'nasız söz, yalan
söz eşitməzlər orada biri-birindən.
36. Rəbbinin artıqlamasilə
verdiyi mükafatdır onlara bu verilənlər.
37. Göylərin, yerin,
bunların arasında olanların Rəbbidir O. Hüzurunda hamının nitqi
tutulan Rəhmandır O.
38. Sıraya düzüləndə
önündə Cəbrail və mələklər Rəhmandan icazəsiz danışa bilməzlər.
Danışanda da xoş niyyətli söz deyərlər.
39. Bax budur haqq olan
gün. Bunu arzulayan kəs Rəbbinə doğru yönələn haqq yolunu tutub
gedər.
40. Yaxındakı bir əzabın
xəbərini verdik sizə. O gün hər kəs baxıb görər öz əlinin əməlini.
Kafir də «Kaş torpağa dönəydim mən» söyləyər.
|