Rəhman
və Rəhim Allahın adıyla
1. Ey örtüyünə bürünən!
2. Qalx ayağa gecələr,
yatmağını azalt bir az.
3. Gecənin yarısında,
yaxud bundan bir az öncə,
4. yaxud bundan bir az
sonra aram-aram Qur'an oxu.
5. Biz səni ağır bir
kəlamla yükləyəcəyik.
6. Gecələr yuxudan ayılanda
qulağın eşitdiyini ürəyin duyar, sözlər daha aydın olar.
7. Gündüzlər çoxlu-çoxlu
işlər qatar başını [Qur'an oxumağa vaxtın az olar].
8. An Rəbbinin adını.
Hər şeyi buraxıb təkcə Ona tut üzünü.
9. Şərqin, qərbin Rəbbidir
O. Ondan başqa tanrı yoxdur. Vəkil elə Onu özünə.
10. Bütpərəstlər nə deyirlər
desinlər, bas səbrini. Onlardan xoşluqla ayrılaraq uzaq ol.
11. Burax mənim öhdəmə
haqqı danan var-dövlətli kimsələri. Bir az möhlət ver onlara.
12. Dərgahımızda ağır-ağır
zəncirlər var, cəhənnəm odu var,
13. boğazda qalan təamlar
var, ağrılı bir əzab var.
14. O gün lərzəyə gölər
yerlə dağlar, dağlar toza dönüb dağılar.
15. Bir Elçi göndərmişik
şahidlik eləsin işlərinizə. Fir'ona da bir elçi göndərmişdik beləcə.
16. Elçinin əleyhinə
çıxdı Fir'on, şiddətli bir əzaba uğratdıq onu.
17. Küfrdən əl çəkməsəniz,
uşaqları qocaldan o günün əzabından bəs necə qorunarsız?
18. Göy belə yarılar
o günün dəhşətindən. Allahın və'd verdiyi yetər yerinə.
19. Bu deyilənlər yalnız
bir öyüddür, o kəsdən ötrüdür ki, bir yol tutub Rəbbinə sarı getmək
istər.
20. Şübhəsiz, Rəbbin
bilir, sən və sənə tabe olanların bir dəstəsi bə'zən gecənin üçdə
ikisinə azacıq yaxın vaxta qədər, bə'zən yarısına, bə'zən də üçdə
birinə qədər ayaq üstə qalırsınız, qalxıb namaz qılırsınız. Gecənin,
gündüzün vaxt ölçüsünü Allah bilər, siz bilməzsiniz. Buna görə
tövbənizi qəbul buyurmuş Allah. Oxuyun Qur'andan nəyi bacarırsınız.
Aranızda xəstələr var, bə'ziniz Allahın lütfündən pay qazanmaqçün
yer üzünü dolaşır, bə'ziniz də Allah yolunda savaşır. Bunları
bilir Allah. Oxuyun Qur'andan nəyi bacarırsınız. Namaz qılın,
zəkat verin, Allaha gözəl-gözəl borc verin. Özünüzə elədiyiniz
yaxşılığın əvəzini daha yaxşı bir savab olaraq, daha böyük bir
əcir olaraq Allahın dərgahında tapacaqsınız. Allahdan məğfirət
diləyin. Günahlardan keçəndir, Rəhimdir Allah.
|