Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun bir-birinin
ardınca göndərilən yellərə,
2. and olsun şiddətlə
əsən yellərə,
3. and olsun yağış yayan
yellərə,
4. and olsun haqqı batildən
ayıran ayələrə,
5. and olsun vəhy gətirən
o mələklərə
6. ki, yaxşılara Allahın
məğfirətini, pislərə xəbərdarlığını çatdırarlar.
7. Şübhəsiz, sizə və'd
edilən qiyamət qopacaqdır.
8. Sönər ulduzlar o zaman,
9. yarılar göy o zaman,
10. dağılar dağlar o
zaman
11. və peyğəmbərlərə
öz ümmətləri barədə şəhadət vermək vaxtının çatdığı bildirilər
o zaman.
12. Hansı günə yazılmış
onların şəhadəti?
13. Hökm veriləcək günə!
14. Nə biləsən hökm veriləcək
gün nədir?
15. O gün vay halına
haqqı danan kimsələrin.
16. Öncəki nəsilləri
məhv etmədikmi?
17. Sonrakı nəsilləri
də Biz qatarıq onlara.
18. Suçluların cəzasını
Biz eləcə verərik.
19. O gün vay halına
haqqı danan kimsələrin.
20. Sizi zəif bir mayedən
yaratmadıqmı?
21. Bu mayeni möhkəm
bir məkana [balalığa] salmadıqmı?
22. Burada mə'lum bir
vaxta qədər onu saxlamadıqmı?
23. Bunlara yetmədimi
gücümüz? Bax nə qədər gözəl yetər hər bir şeyə gücümüz!
24. O gün vay halına
haqqı danan kimsələrin!
25. Yer üzünü məskən
eləmədikmi
26. dirilərə, ölülərə?
27. Burada uca-uca dağlar
yaratmadıqmı? Şirin-şirin suları sizə içirtmədikmi?
28. O gün vay halına
haqqı danan kimsələrin!
29. «Di tərpənin dandığınız
haqqa tərəf.
30. Cəhənnəm dumanının
üç şaxəli kölgəsinə tərəf gedin.
31. Sərinlik gətirən
deyil, oddan xilas edən deyil bu duman».
32. İri-iri qəsrlər böyüklüyündə
qığılcımlar saçar bu od.
33. Qapqara dəvələrə
bənzəyər bu qığılcımlar.
34. O gün vay halına
haqqı danan kimsələrin!
35. Nitqi tutulan gündür
o gün onların.
36. İzn də verilməz onlara
üzr bəyan edələr.
37. O gün vay halına
haqqı danan kimsələrin!
38. «Bu gün sizi və öncəki
nəsilləri bir yerə yığdığımız gündür, hökm verilən gündür.
39. Mənə qarşı hansı
tədbiriniz varsa, əməl eləyin».
40. O gün vay halına
haqqı danan kimsələrin!
41. Şübhəsiz, müttəqilər
gölgəliklərdədir, bulaqlar başındadır,
42. ürəkləri istəyən
meyvələrin içindədir.
43. «Gördüyünüz işlərə
əvəz olaraq nuşcanlıqla yeyin, için».
44. Beləcə mükafat veririk
yaxşılara.
45. O gün vay halına
haqqı danan kimsələrin!
46. «Yeyin, bir az zövq-səfa
çəkib dolanın. Siz, şübhəsiz, günaha batmış kimsələrsiniz».
47. O gün vay halına
haqqı danan kimsələrin!
48. «Əyilin» deyiləndə
əyilməzdilər.
49. O gün vay halına
haqqı danan kimsələrin!
50. Qur'ana da inanmazsa,
bəs hansı kəlama inanar onlar?
|