Rəhman
və Rəhim Allahın adıyla
1. Münafiqlər yanına
gələn zaman «Biz şəhadət veririk ki, sən şübhəsiz, Allahın Elçisisən»
deyərlər. Allah Özü bilir sən Onun Elçisisən. Və Allah Özü şahiddir
onlar yalançıdılar [ürəklərində başqa şey tutub danışırlar].
2. İçdikləri andlarını
qalxan edib özlərinə, döndərərlər adamları Allah yolundan. Doğrudan
da pisdən pisdir onların bu əməli.
3. Öncə iman gətirmiş,
sonra küfr eləmişlər, küfrlə möhürlənmiş ürəkləri. Artıq anlamazlar
din nədir, iman nədir.
4. Onlara baxanda boyları-buxunları
xoşuna gələr sənin. Elə ki, dindilər, sözlərini dinləyərək görürsən
ki, divara dirənmiş quru kötük kimidirlər. Hər ucalan səs-sədanı
[döyüşə səsləyən əmri və s.] özlərinin əleyhinə bilərlər. Düşməndir
onlar. Onlardan həzər elə sən. Allah öldürsün onları, necə də
aldanaraq imandan yayınırlar.
5. «Gəlin Allahın Elçisi
sizə məğfirət diləsin» deyiləndə üzlərini arxaya döndərirlər.
Və görürsən necə də təkəbbürlə haqdan dönürlər.
6. Onlara məğfirət diləsən
də, diləməsən də, fərq eləməz, Onları bağışlamaz Allah. Yolsuzları
doğru yola yönəltməz Allah.
7. «Allahın Elçisinin
yanındakı mühacirlər üçün malınızdan xərcləməyin, dağılıb getsin
onlar» deyərlər. Allahındır göylərin, yerin xəzinələri. Amma münafiqlər
anlamazlar bunu.
8. «Bu savaşdan Mədinəyə
sağ-salamat dönə bilsək güclülər [yə'ni özləri] zəifləri [mö'minləri]
oradan mütləq çıxaracaqlar» deyirdilər. Güc Allahda, Rəsulunda,
mö'minlərdədir! Amma münafiqlər bilməzlər bunu.
9. Ey iman gətirənlər!
Nə mallarınız, nə övladlarınız Allahı anmaqdan sizi ayırmayalar.
Allahı anmaqdan qalanlar itkiyə uğrayarlar.
10. Nə qədər ki, haqlamamış
ölüm sizi, nə qədər ki, «Rəbbim! Azacıq da olsa mənə möhlət versən
əgər, sədəqə paylayaram, yaxşılardan olaram» deməmişsiniz, verdiyimiz
ruzilərdən zəkat verin, xərcləyin.
11. Allah möhlət verən
deyil əcəli gələn kəsə. İşləklərinizdən xəbərdardır Allah.
|