Rəhman
və Rəhim Allahın adıyla
1. Ey iman gətirənlər!
Mənə də, sizə də düşmən kəsilən kəsləri dost tutmayın özünüzə.
Hələ də sevgiylə yanaşırsız onlara. Sizə gələn haqqı danmışlar
axı. Rəbbiniz Allaha iman gətirdiyiniz üçün Rəsulu da, sizi də
qovurlar yurdunuzdan axı. Mənim yolumda cihad eləmək, rizamı qazanmaq
naminə yurdunuzdan didərgin düşmüsüzsə, onlarla gizlində necə
dostluq edirsiz? Demədiyinizi də, dediyinizi də Mən bilirəm. İçinizdən
onlara xəbər çatdıran varsa, doğru yoldan sapmışın sapmışıdır
həmin kəs.
2. Kafirlərin əlinə keçmiş
olsanız, düşmən kəsilər sizə, əl qaldırar üstünüzə, ağzına nə
gəldi söyləyər sizə bu cür kimsələr. Çox istərlər siz də kafir
olasız.
3. Nə bütpərəst qohumlarınız,
nə övladlarınız qiyamət günü sizin üçün yarar verən deyillər.
Aranızı ayırar Allah. İşləklərinizi görəndir Allah.
4. Gözəl bir nümunə qoyub
getmiş sizlərə İbrahim və onunla bir olanlar. Qövmlərinə demişdilər:
«Biz sizdən və Allahı qoyub tapındığınız tanrılardan uzağıq. Biz
sizin dininizi danırıq. Təkcə Allaha iman gətirməsəniz, aramızda
əbədilik düşmənçilik və nifaq olacaq». Amma İbrahimin atasına
dediyi «Allahdan sənin üçün məğfirət diləyəcəm, fəqət Allahın
verəcəyi əzabı səndən sovuşdurmağa mənim gücüm yetməyəcək» sözləri
nümunə ola bilməz heç cür sizlərə. «Rəbbimiz! Sənə güvəndik, Sənə
tutduq üzümüzü, Sənin dərgahına axır dönəcək hamı».
5. «Kafirlərin əliylə
imtahana çəkmə bizi, suçumuzdan keç bizim Rəbbimiz! Güclü və müdrik
olan təkcə Sənsən, Sən, Rəbbimiz».
6. Gözəl bir nümunə qoyub
getmiş onlar sizlərə, sizlərdən Allaha və axirət gününə qovuşmağı
arzulayan kimsələrə. Allahdan üz döndərən kəs bilsin, varlıdır,
öyülməlidir Allah.
7. Düşmənçilik elədiyiniz
kimsələrlə aranıza bəlkə sevgi saldı Allah. Hər şeyə qadirdir
Allah. Günahlardan keçəndir, Rəhimdir Allah.
8. Din yolunda sizinlə
savaşmayan, sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıqlar
eləməyi, insaflı olmağı sizə yasaq yazmamış Allah. Şübhəsiz, insaflıları
sevər Allah.
9. Ancaq din yolunda
sizinlə savaşan, sizi yurdunuzdan çıxaran kimsələrlə və didərgin
salınan zaman onlara yardım eləyən kəslərlə dost olmağı sizə yasaq
yazmış Allah. Onları özlərinə dost tutanlar zalımlardır ki var.
10. Ey iman gətirənlər!
Yanınıza hicrət eləyən mö'min qadınları imtahana çəkin. Onların
necə dindar olmağını Allah daha yaxşı bilir. Öyrənib bilsəniz
mö'mindir bu qadınlar, kafirlərin yanına qaytarmayın onları. Halal
olmaz bu qadınlar kafirlərə. Kafirlər də bunlara halal deyil.
Kafir ərlərinin bunlara verdikləri mehirlərini kafirlərin özlərinə
qaytarın. Mehir verib bunlarla evlənsəniz, batmazsınız günaha.
Kafir qadınlarla bağladığınız nigahı pozun. Onlara verdiyiniz
mehri geri istəyin. Kafir ərlər də hicrət eləmiş mö'min qadınlara
verdikləri mehirləri qoy geri istəsinlər. Allahın hökmü belədir.
Aranızda hakimlik eləyən Odur. Hər şeyi biləndir, müdrikdir Allah.
11. Kafir zövcələrə sərf
edilmiş şeylərdən pənah apardıqları kafirlərin payına nə düşərsə,
bunun miqdarında da mö'min ərlərə kafirlərdən aldığınız qənimətdən
pay verin. İnandığınız Allaha qarşı çıxmaqdan çəkinin.
12. Ey Peyğəmbər! Sənə
bey'ət gətirməkçün yanına gölən mö'min qadınlar gərək and içələr
ki, heç nəyi Allaha şərik qoşmayacaqlar, oğurluq, zinakarlıq eləməyəcəklər,
uşaqlarını öldürməyəcəklər, başqasının uşağını öz ərlərindən sanıb
böhtan atmayacaqlar, qayda-qanun gözləyərək sənin əmrindən çıxmayacaqlar.
Bu şərtlərlə qəbul buyur bey'ətlərini. Allahdan məğfirət dilə
onlara. Günahlardan keçəndir, Rəhimdir Allah.
13. Ey iman gətirənlər!
Allahın qəzəbinə düçar olmuşları dost tutmayın özünüzə. Qəbirdə
yatanlarla görüşəcəklərinə ümidi olmayan mə'yus kafirlər kimi
bunlar da axirətdən üzmüşlər ümidlərini.
|