Rəhman
və Rəhim Allahın adıyla
1. Mö'minlər uğura uğrayandırlar,
2. Namaz vaxtı itaətkar
olandırlar.
3. Boş şeylərdən qaçandırlar.
4. Zəkatlarını verəndirlər.
5. Məhrəm yerlərini qoruyandırlar
6. zövcələrindən və cariyələrindən
savayı haram olan hamıdan. Bunlar tərəfindən qınanmayandılar –
7. Bunları qoyub başqa
yolla kam alanlar hədlərini aşandırlar –
8. Əmanətlərinə, əhdlərinə
sadiq qalandırlar.
9. Namazlarına riayət
edəndirlər.
10. Onlar varis olanlardır
11. Firdous cənnətlərinə.
Oralarda əbədilik qalanlardır.
12. Süzülmüş bir gildən
yaratdıq insanı.
13. Sonra nutfəyə döndərib
e'tibarlı bir yerdə [balalıqda] yerləşdirdik onu.
14. Sonra nutfədən qan
laxtacığı düzəltdik, qan laxtacığından bir parça ət yaratdıq,
bir parça əti sümüklərə çevirdik, sümüklərə ət geydirdik. Sonra
da ruh verib ona ayrı bir xilqət olaraq yaratdıq insanı. Bərəkətlidir,
uludur ən gözəl məxluqun xaliqi Allah.
15. Bütün bunlardan sonra
siz mütləq öləcəksiz.
16. Sonra qiyamət günü
diriləcəksiz.
17. Başınız üstə yollar
yaratdıq yeddi qatda. Bunların altındakı xilqətin işlərindən Biz
xəbərsiz deyilik.
18. Qədərincə göndərdik
səmadan suyu. Və torpaqda bərqərar elədik bu suyu. Şübhəsiz, bunu
aradan qaldırmağa da qadirik.
19. Sizin üçün xurmalıqlar,
üzümlüklər yetişdirdik bununla. Barlı-bəhərlidir bu bağlar, meyvəsindən
yeyirsiniz.
20. Turi Sinayda bitən,
yeyənlərçün yağ verən zeytun ağacını da bu su ilə var elədik.
21. Şübhəsiz, heyvanlarda
da sizə ibrət olası əlamətlər var. Südündən içirsiniz, bir çox
işinizdə karınıza gəlirlər, ətindən də yeyirsiniz.
22. Bunlar da, gəmilər
də sizin miniyinizdir.
23. Öz qövmünə göndərmişdik
Nuhu elçi olaraq. «Ey qövmüm! Təkcə Allaha ibadət eləyin. Ondan
başqa tanrı yoxdur. Ondan çəkinməzmisiniz?» dedi.
24. Qövmündən olan kafir
kübarlar dedilər: «Bu da sizin kimi bir bəşərdir sadəcə, istəyir
ağalıq eləyə sizə. Allah istəsəydi, mələkləri göndərərdi, bunu
yox. Biz dədə-babadan belə şey eşitməmişik.
25. Bunda bir dəlilik
var, fikir verməyin, bir müddət gözləyin, bəlkə vaxtı gələ, ölə
o».
26. «Rəbbim, mənə yardım
elə, məni danırlar» dedi Nuh.
27. Biz də ona vəhy elədik:
«Gezümüz önündə bir gəmi düzəlt. Əmrimiz yetişəntək təndir qaynayan
zaman öncə dediklərimiz kimsələrdən savayı öz ailəni, arvadlı-uşaqlı
hamını mindir gəmiyə. Və zalımlar barədə bir daha Mənə xitab eləmə.
Suda boğulacaqlar.
28. Ey Nuh, elə ki, sən
və səninlə olanlar rahatladız yerinizi gəmidə, «Həmd olsun Allaha,
bizi xilas eləmiş zalım qövmün əlindən» söylə.
29. «Mübarək bir yerə
göndər məni, Rəbbim, Sən göndərənlərin ən yaxşısısan» söylə.
30. Bunda, şübhəsiz ayələr
var. Və insanları beləcə imtahana çəkirik.
31. Onlardan sonra başqa-başqa
nəsilləri qurub yaratdıq.
32. Bir elçi göndərdik
onlara öz içindən. «Təkcə Allaha ibadət eləyin. Yoxdur sizin Ondan
başqa tanrınız. Ondan çəkinməzmisiniz?» dedi.
33. Bu elçinin qövmündən
olub kafirlik eləyən, axirətə qovuşmağı danan o kübarlar ki, biz
onlara dünya həyatında bolluca ne'mət vermişdik, dedilər: «Bu
da sizin kimi bir bəşərdir sadəcə, yediyinizdən o da yeyər, içdiyinizdən
o da içər.
34. Özünüzün bənzəri
bir bəşərə itaətdə olsanız, ziyana düşərsiniz.
35. Bumu və'd verir sizə
öləndən və torpağa, bir yığın sümüyə dönəndən sonra qəbirdən çıxacaqsız.
36. Heyhat! Heyhat...
Sizə və'd verilən sizdən nə qədər uzaq!
37. Həyatımız yalnız
bu dünyadadır. Yaşayırıq, ölürük. Bir də dirilən deyilik.
38. Allahın adına yalnız
yalan yaxır bu, biz buna inanan deyilik».
39. «Rəbbim, mənə yardım
elə, məni danırlar» dedi.
40. «Çox keçməz ki, peşmançılıq
çəkərlər» dedi Allah.
41. Və haqq olaraq haqladı
onları o uğultu. Çörə-çöpə çevirdik onları. Rəhmətdən iraq olsun,
məhv olsun zalım qövm!
42. Onlardan sonra da
başqa-başqa nəsilləri qurub yaratdıq.
43. Əcəlini nə qabaqlaya,
nə də ötürə bilər hər hansı ümmət belə.
44. Sonra bir-birinin
ardınca Biz elçilər göndərdik. Hər dəfə öz peyğəmbəri gələndə
bir ümmətə danardılar onu. Bir-birinin ardınca yox elədik o ümmətləri,
nağıllara döndülər. Rəhmətdən iraq olsun, məhv olsun imansızlar!
45. Ayələrimizlə və aşkar
bir dəlillə göndərmişdik sonra Biz Musanı və qardaşı Hərunu
46. Fir'onun və onun
ə'yanlarının yanına. Təkəbbürlük elədilər, lovğa bir qövm idilər.
47. «Bizim kimi bəşərdirlər
sadəcə, qövmləri də quldular bizə, bunlaramı inanmalıyıq?» dedilər.
48. Onları dandılar,
sonra da məhv oldular.
49. Soydaşları doğru
yola gələlər deyə Musaya Biz Kitab verdik.
50. Məryəm oğlunu da,
anasını da Biz mö'cüzə elədik. Yüksəklikdə yerləşən, axarlı-baxarlı
bir məkanda sığınacaq verdik hər ikisinə.
51. Ey elçilər! Təmiz-təmiz
şeylərdən yeyin, yararlı işlər görün. İşinizdən xəbərdaram, şübhəsiz.
52. Bu, sizin vahid olan
ümmətiniz, Mən də sizin Rəbbiniz. Qorxun Məndən!
53. Ayrı-ayrı firqələrə
ayrıldılar, dinlərini bir-birindən ayırdılar. Hər firqə öz dinində
sevinc tapar.
54. Əcəlləri gələnə qədər
burax onları vurnuxsunlar özlərinin burulğanında.
55. Bəlkə elə bilirlər bu dünyada mal-dövlət, oğul-uşaq veririksə
56. deməli, çalışırıq
onlara tez-tələsik yaxşılıqlar eləyək? Duymazlar ki, bu verdiklərimizlə
sınayırıq onları.
57. O kəslər ki, Rəblərinin
qorxusundan titrəyirlər,
58. o kəslər ki, Rəblərinin
ayələrinə iman gətirirlər,
59. o kəslər ki, Rəblərinə
şərik qoşmayırlar,
60. o kəslər ki, Rəblərinin
dərgahına dönəcəklər deyə verdiklərini ürəkləri əsə-əsə verirlər
–
61. yaxşılıq eləməkdə
yarışar onlar, Allahın yaxşılığını qabaqlar onlar.
62. Gücü yetən qədər
yükləyirik hər kəsi. Haqq söyləyən bir Kitab var dərgahımızda.
Heç kimin haqqında bir haqsızlıq edilməz.
63. Kafirlərin qəlbləri
bu Qur'andan xəbərsiz. Başqa-başqa işlərlə məşğuldur onlar. Çalışırlar
işlərini çatdıralar axıra.
64. Və nəhayət, əzaba
salan zaman onların böyüklərini, fəryad qopararlar.
65. «Fəryad qoparmayın
bu gün. Bizdən yardım görməzsiniz.
66. Sizə ayələrim oxunan
zaman bunlara siz arxa çevirirdiniz,
67. axşamlar yığışaraq
lovğa-lovğa ağzınıza gələnləri deyirdiniz».
68. Deyilənləri dərk
eləməzmi onlar? Yoxsa atalarına gəlməyən bir şeymi gəlmiş onlara?
69. Bəlkə peyğəmbərlərini
tanımamışlar deyə danırlar onu.
70. Bəlkə onların dediyi
doğrudur, onda bir dəlilik var? Xeyr. Onlara haqq gətirmiş o.
Onların da çoxunun haqdan xoşu gəlməyir.
71. Haqq onların istəyincə
olsaydı, göylərin, yerin, bunlarda olanların nizamı pozulardı.
Biz onlara öyüd verən, şərəf gətirən Kitab gətirmişik, onlar da
bu öyüddən, şərəfdən üz döndərirlər.
72. Bəlkə sən onlardan
bir vergi umursan? Rəbbinin vergisi daha verimli. O ruzi verənlərin
ən yaxşısıdır.
73. Sən əslində onları
doğru olan bir yola çağırırsan.
74. Bu yoldan kənardadır
axirətə imanı olmayanlar.
75. Hallarına acıyaraq
düşdükləri sıxıntıdan çıxarsaq da onları, azğınlıq içində vurnuxub
qalar yenə onlar.
76. Biz əzaba uğratmışdıq
onları, yenə Rəblərinə boyun əyməmişdilər, Ona yalvarmamışdılar.
77. Nəhayət, şiddətli
bir əzabın qapısını açdıq onların üzünə, ümidləri hər xeyirdən
üzüldü.
78. Odur qulaqları, gözləri,
ürəkləri sizdən ötrü var eləyən. Siz də ona az-az şükr eləyirsiz.
79. Odur sizi yer üzündə
yaradan, Onun da dərgahına axır cəm olacaqsız.
80. Can verən, can alan
Odur. Onun əmrilədir gecəylə gündüzün növbələşməsi. Bunu düşünməzmisiz?
81. Yenə də öncə gəlib
getmişlərin dediyini deyərlər.
82. Öncəkilər deyərdilər:
«Öləndənmi, torpağa və bir yığın sümüyə dönəndənmi sonra diriləcəyik?
83. Bizə olduğu sayaq
atalarımıza da belə bir və'd verilmişdi. Bu, öncəki nəsillərin
əfsanələrindən başqa bir şey deyildir».
84. De ki, «Bilirsizsə
deyin, kimindir yer üzü və burda olanlar?»
85. «Allahındır» deyəcəklər.
De ki, «Elə isə sizə dərs olmazmı bu?»
86. De ki, «Yeddi göyün
Rəbbi kimdir, böyük ərşin Rəbbi kimdir?»
87. «Allahdır!» deyəcəklər.
De ki, «Elə isə Ondan çəkinməzmisiniz?»
88. De ki, «Bilirsizsə
deyin, kimin əlindədir hər şeyin hakimliyi, o hansı varlıqdır
- himayə edilməyən, himayə eləyəndir?»
89. «Allahdır!» deyəcəklər.
De ki, «Elə isə bəs niyə aldanırsız?»
90. Onlara haqq gətirmişik.
Yenə yalan danışarlar.
91. Özünə bir övlad götürməmiş
Allah. Başqa bir tanrı da olmamış yanında Onun. Olsaydı, hər tanrı
öz məxluquyla çəkilərdi bir kənara, sonra bir-birinə güc gələrək
çəkişərdilər. Onun adına dediklərindən ucalardadır Allah.
92. Görülməzi, görüləni
biləndir O. Qoşduqları şəriklərdən ucalardadır.
93. De ki, «Rəbbim, onlara
və'd ediləni mənə göstərəcəksən.
94. Rəbbim, bunu göstərən
zaman salma məni zalım qövmün içinə».
95. Onlara və'd ediləni
sənə göstərməyə, əlbəttə, Biz qadirik.
96. Pisliyi özündən kənar
edəndə daha yaxşı bir üsulla bunu et. Biz daha yaxşı bilirik onlar
nə çərənləyir.
97. De ki, «Rəbbim, Sən
Özün qoru məni şeytanların şərindən.
98. Rəbbim, Sən Özün
iraq elə məndən onları».
99. Onlardan hər kimi
ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni.
100. Yarımçıq qoyduğum
işimi tamamlaram, yaxşı işlər görərəm». Bir sözdür deyir o, deməyin
nə faydası? Diriləcəkləri günə qədər bir maneə dayanar onların
arxasında.
101. Sur çalınan gün
əsil-nəsəb deyilən şey qaldırılar aradan və bir-birindən bu barədə
soruşmaz onlar.
102. Kimlərin ki, ağır
gəlmiş çəkisi, uğura uğramış onlar.
103. Kimlərin ki, yüngül
gəlmiş çəkisi, onlar itirmişlər özlərini, cəhənnəmdə əbədilik
qalarlar.
104. Od yalayar üzlərini,
tökülər qaş-qabaqları.
105. «Ayələrim sizə oxunan
zaman danırdınız onları, deyilmi?» dedi Allah.
106. «Rəbbimiz! Bədbəxtliyimiz
güc gəlmiş bizə, sapmışdıq yolumuzdan» dedilər –
107. «Rəbbimiz! Çıxar
bizi buradan, bir daha günah eləsək zalımlarıq deməli».
108. «İtilin oraya, Mənimlə
danışmayın» dedi Allah –
109. «Bəndələrimdən bə'zisi
Sənə iman gətirdik, Rəbbimiz! Keç bizim suçumuzdan, acı bizim
halımıza. Sən mərhəmətlilərin mərhəmətlisisən!» deyərdi.
110. Siz də lağa qoyurdunuz
onları. Bu da unutdurdu sizə Məni anmağı. Gülürdünüz onlara.
111. Səbr elədiklərinə
görə mükafat vermişəm bu gün onlara. Uğura uğramış onlar.
112. Deyin, neçə il qaldınız
yer üzündə?»
113. «Bir gün, bəlkə
daha az. Kim saymışsa ondan soruş» dedilər.
114. «Biləsiniz, yer
üzündə lap azacıq qaldınız» dedi Allah –
115. «Elə bildiniz sizi
boşuna yaratmışıq və bir daha dönməzsiniz Bizim dərgahımıza, deyilmi?»
116. Ucalardan ucadır
varlıqların haqq yiyəsi olan Allah. Ondan başqa tanrı yoxdur.
Uca ərşin Rəbbidir O.
117. Varlığının bir dəlili
olmayan hər hansı bir tanrını kim Allaha tay tutarsa, Rəbbinin
dərgahındadır beləsinin cəzası. Kafirlər uğura uğramazlar.
118. De ki, «Keç mənim
suçlarımdan, acı mənim halıma, Sən mərhəmətlilərin mərhəmətlisisən,
Rəbbim!»
|