Rəhman
və Rəhim Allahın adıyla
1. Sayalıdır bütün varlıqların
yiyəsi Allah. Hər şeyə qadirdir O.
2. Ölümlə dirimi qoşa
yaratmış ki, sınağa çəksin sizi, hansınızın daha gözəl işlə çalışdığını
bəlli eləsin. Güclüdür, günahlardan keçəndir O.
3. Yeddi göyü qat-qat
yaradan Odur. Bir uyğunsuzluq görməzsən Onun yaratdığında. Yaxşı-yaxşı
bax, varmı göyün bir çatlağı?
4. Gözlərini təkrar-təkrar
zillə göyə. İstədiyini tapmayaraq baxışların pərt və yorğun bir
halda dönər geriyə.
5. Ulduzlarla bəzədik
Biz yaxın göyü. Yanar daşlar var elədik bu göydə şeytanları qovmaq
üçün. Alovdan bir əzab hazırladıq onlara.
6. Cəhənnəm əzabı gözləyir
Rəblərini dananları. Pisdən pis yerdir ora!
7. Elə ki, atdılar cəhənnəmə
onları, bir anqırtı eşidərsən onun qaynar yerindən.
8. Kafirlərə qəzəbindən
az qalır parçalana cəhənnəm. Hər dəfə kafirlərin bir dəstəsi oraya
atılanda, cəhənnəm mə'murları onlara «Məgər sizə xəbərdarlıq eləyən
bir elçi gəlməmişdimi?» deyərlər.
9. Bunlar da cavabında
«Bəli, xəbərdarlıq eləyən bir elçi gəlmişdi bizə, dandıq onu,
söylədik heç nəyi nazil etməmiş Allah və siz də ki, böyük bir
sapqınlıq içində vurnuxursuz.
10. Dinləmiş olsaydıq
haqqı, anlamış olsaydıq haqqı, düşməzdik alov əhlinin içinə» deyərlər.
11. E'tiraf eləyərlər
suçlarını beləcə. Allahın rəhmətindən uzaq olsun alov əhli!
12. Məğfirət gözləyir,
böyük bir əcir gözləyir Rəblərini görməyə-görməyə Ondan qorxan
kimsələri.
13. Sözünüzü deməsəniz
də, desəniz də birdir. Yrəklərin içini O biləndir.
14. Hər şeyin xaliqimi
bilməz olar? Həssasdır, hər şeydən xəbərdardır O.
15. Odur yeri sizə ram
eləyən. Gəzin, dolaşın üstündə yerin. Allahın verdiyi ruzidən
yeyin. Qəbirlərdən çıxaraq Onun dərgahına axır dönəcəksiniz.
16. Məgər əminmisiniz,
sizi yerə gömməyəcək göydə olan. Bir də görəcəksiniz yer tərpənir,
qalxır başınız üstə.
17. Məgər əminmisiniz,
başınıza daş yağdırmayacaq göydə olan? Onda biləcəksiniz elədiyim
xəbərdarlıq nə imiş.
18. Bunlardan öncəkilər
də haqqı danmışdılar. Gördülərmi necə olur Məni danmağın axırı.
19. Başları üstündə qanad
gərən, qanad çalan quşları görməzmidilər? Yalnız Rəhmandır onları
göydə tutub saxlayan. Hər şeyi görəndir O.
20. Rəhmandan başqa sizə
yardım edəcək bir tərəfdar varmı, kimdir o? Aldanmış kimsələrdir
kafirlər yalnız.
21. Göndərdiyi ruzini
kəsərsə Allah, kimdir o kəs ki, sizə ruzi gətirə? Lovğalıqdan,
dinsizlikdən kafirlər əl çəkməmiş.
22. Yzü üstə sürünənmi,
düz yolda düz yeriyənmi daha doğru yoldadır?
23. De ki, «Sizi inşa
eləyən, sizinçün qulaqlar, gözlər, ürəklər düzəldən Odur. Siz
də ki, az-az şükr eləyirsiz Ona».
24. De ki, «Sizi yaradaraq
yer üzündə yayan Odur. Onun da dərgahında axır toplaşacaqsız».
25. «Doğru sözlü, düz
əməlli kimsələrsinizsə əgər, söyləyin, nə vaxt gələr və'dəsi bu
toplanışın?» deyərlər.
26. De ki, «Bunu təkcə
Allah bilir. Mənsə yalnız xəbərdarlıq eləyənəm olacağı açıqca».
27. Görəndə ki, artıq
yaxınlaşmış əzab, kafirlərin üzləri eybəcərləşib qaralar. «Budur
sizin inanmaq istəmədiyiniz o əzab» deyilər onlara.
28. De ki, «Lap tutalım
məni və mənimlə olanları məhv eləsin, yaxud halımıza acısın Allah,
söyləyin, ağrılı bir əzabdan kafirləri bəs kim qoruyar?»
29. De ki, «Odur Rəhman,
inancımız, güvəncimiz. Axır biləcəksiniz aşkar bir sapqınlıq içində
vurnuxan kim idi».
30. De ki, «Yerə çöküb
quruyarsa suyunuz, kim yerdən çıxarar sizə içməli suyu?»
|