Qurandakı
ayələr mühkəm və mütəşabih deyə iki qrupa bölünür. “Mühkəm” sözü
Müqəddəs Kitabımızda iki yerdə işlənib: Ali İmran surəsinin 7-ci
və Məhəmməd surəsinin 20-ci ayələrində. Birincidə deyilir: “Kitabı
O göndərmiş sənə. Burda bəzi ayələr mühkəmdir. Kitabın anasıdır
bu ayələr. Digərləri mütəşabihdir. Mütəşabih ayələrdən yapışar
ürəyi düz olmayanlar fitnə-fəsad törətmək üçün, özlərinin xeyrinə
yozar onlar bu ayələri. Onların yozumunu bir Allah bilir, bir
də elmdə dərinləşmiş kəslər. Bunlar «Ona iman gətirdik, Rəbbimizdən
gəlir hər şey» deyərlər. Könül və ağıl sahiblərindən başqası gərəyincə
düşünə bilməz” (Ali Imran 7). Məhəmməd surəsində isə oxuyuruq:
“İman edənlər deyərlər ki: "Bir surə endirilsəydi, olmazdımı?"
Fəqət hökmü qəti olan bir surə endirilib içində savaş da anılanda
qəlblərində mərəz olanların ölüm bayğınlığına tutulmuş bir baxışla
sənə baxdıqlarını görərsən. Onlara uygun olan da odur” (Məhəmməd
20).
Mühkəm ayələr deyəndə
mənası çox açıq olan, çoxmənalı olmayan, izahı zamanı başqa ayələrə
ehtiyac duyulmayan ayələr nəzərdə tutulur. Bu ayələr fərqli şərhlərə
ehtimal vermir. Bir növ aksiomdur. Mühkəm ayələr Quran düşüncəsinin
bazisini formalaşdırır. Buraya daxildi haram və halal, keçmiş
ümmətlərin həyatı haqda məlumatlar, əsas iman və əməl mövzuları.
“Mütəşabih” sözü isə Quranda altı yerdə keçir və başqasına bənzədiyi
üçün mənasını ortaya qoymaqda çətinlik çəkilən söz kimi izah olunur.
Zumər surəsinin 23-cü ayəsində deyilir: “Allah sözün ən gözəlini
bir-birinə bənzər, iç-içə ikili mənalar ifadə edən bir Kitab halında
göndərib. Onun təhdidini eşidən zaman Rəblərindən qorxanların
tükləri biz-biz durur. Allahın müjdəsini eşidən zaman isə yumşalır
dəriləri, yüngülləşir ürəkləri. Allahın göstərdiyi yoldur Qur'an.
Bu Qur'anla istədiyi kimsəni doğru yola yönəldər O. Allahın azdırdığı
kimsəyəsə yol göstərən tapılmaz” (Zumər 23).
Yuxarıdakı ayələrə istinad edib mühkəm ayələri aydın anlamlı,
mütəşabihləri isə anlanması çox çətin, mənası gizli və ya anlaşılması
mümkünsüz kimi izah edirlər. Bəziləri isə deyir ki, mühkəm – hökm
ehtiva edən, hökm təyinatlı, mütəşabih isə birdən çox, bir-birinə
bənzər mənaları olan, bənzətmələrin və örnəklərin yer aldığı ayələrdir.
Ali İmran surəsinin 7-ci ayəsinin mütəşabih ayələrlə bağlı hissəsi
bir çöx məallarda “Mütəşabih ayələrin yozumunu Allah bilir” şəklindədir.
Burada bir sual meydana çıxır: əgər mütəşabih ayələrin yozumunu
yalnız Allah bilirsə və onlar da Quranın səksən faizə yaxınını
təşkil edirsə, bu, o anlama gəlmirmi ki, Quranın beşdə dördünün
mənası insanların üzünə bağlıdır? Eyni zamanda bu “And olsun ki,
Biz Quranı öyüd və ibrət üçün asanlaşdırdıq. Fəqət düşünən varmı?!”
(Qəmər 17) ayəsinə zidd deyilmi? Həmin ayədən
yuxarıda verilən cümlənin başqa məalları da var. Məsələn, bəzi
müəlliflər deyirlər ki, ayədəki “təvil” sözü (“Mütəşabih ayələrin
təvilini Allah bilir”) yozum, təfsir yox, sıralanma, əvvələ qayıtma
anlamı verir. Mütəşabih ayələr çoxmənalıdır və “təvil” deyəndə
onların birinci, ikinci, üçüncü anlamı və s. tipində gerçəyə uyğun
sıralama nəzərdə tutulur. Bunu isə Allah bilir.
Məşhur türk təfsir alimi Elmalılı Həmdi Yazır deyilən cümləni
başqa cür çevirib: “Onun gerçək yozumunu ancaq Allah bilir”. Burada
mütəşabih ayələrin mənasının insanların üzünə qapalı olmadığı,
amma əsl mənasının Allah tərəfindən bilindiyi deyilir ki, bu da
məntiqlidir. Üçüncü bir mövqe isə Yaşar Nuri Öztürkə məxsusdur.
O, deyilən cümləni belə açıqlayıb: “Bunların yozumunu bir Allah
bilir, bir də elmdə dərinləşmiş kəslər”..Mütəşabih
ayələr sayəsində islamda insan fikrinə geniş azadlıq verilib,
eyni zamanda bu ayələr onun da göstəricisidir ki, Allahın elminin
hüdudu yoxdur və məxluqlar Onun elmindən az bir qismini dərk edə
bilər. Ali İmran surəsinin yuxarıda verilən ayəsindən o da anlaşılır
ki, mütəşabihlərin mənasının anlaşılması müəyyən şərtə bağlıdır.
Onları çözmək istəyən şəxs mühkəm ayələrə inanmalı, mütəşabihlərə
onların işığında baxmalıdır. Onlara inanmayanlar (ürəyi düz olmayanlar)
bu ayələrdən yanlış nəticələr çıxara bilər.
Onu da deyirlər ki, mühkəm
ayələrin bir sıra mütəşabih yönü ola bilir və əslində ayələr üç
qismə bölünür: mühkəm, mütəşabih, bir yöndən mühkəm, bir yöndən
mütəşabih olan ayələr. Dediyimiz kimi, mütəşabihlərə mühkəmlərin
işığında baxılmalıdır. Məsələn, mühkəm ayədə deyilir ki, Allah
taalanın tayı-bərabəri, bənzəri yoxdu. Mütəşabih ayələrdə əldən,
gözdən danışılır.... taxtda oturmaqdan bəhs edilir, “Rəhman ərşdə
qərar tutmuş” (Ta-hə 5). “Danılmış peyğəmbərə
yardım olaraq gözümüz önündə üzürdü gəmi” (Qəmər 14).
«Ey iblis, Öz əlimlə yaratdığıma səni səcdədən edən nədir? Təkəbbürlümü
oldun, qürurlananmı oldun?» dedi Allah” (Sad 75).
Bu ayələri müstəqim mənada başa düşənlər Allahı insanlaşdırır
– antropomorfizmə varırlar. Bu tip yanlışlar əcaib hədislərin
də uydurulmasına yol açıb: "Allahın gözləri rahatsızlandı,
məlaikələr ziyarətinə gəldilər". “Allah mənimlə əl verib
görüşdü. Əlləri soyuq idi” və s.
Daha bir məqam ondan
ibarətdir ki, mütəşabih ayələrin bir qisminin mənası bəşəriyyətin
yeni təkamül, elmi-texniki tərəqqi etaplarında mümkün olacaq,
təkvini ayələr bu işdə insanlara yardımçı olacaq. Bir qisim mütəşabih
ayələrsə qeyblə bağlıdır və onlar qiyamətdən sonra çözüləcək.
Çünki insanlar qeybi bilməz. Bu, mümkünsüzdür. Qeybin pərdələri
yalnız imtahan müddəti bitəndə - axirətdə açılır. Bu dünyada insanların
bir qismi qeybə iman edir, bir qismi yox. Məhz əcr - əvəz verilən
günü görmədən, “Rəbbimiz demişdi, biz də iman etdik” deyənlərə
haqlı olmalarının sübutu kimi qeybin pərdələri açılacaq. İnanmayanlara
da haqqı inkar etməkdə haqsızlıqları bəlli olacaq. Allah vədinə
sadiqdir və qeyblə bağlı mütəşabih ayələrin gerçək mənası o vaxt
- anlamı qeyb aləminin qapıları açılandan sonra bilinəcək.
Başqa bir məqam. Axirətə,
cənnət və cəhənnəmə iman barədə deyilənlər mühkəmdir, bunların
necəliyi haqda deyilənlər isə mütəşabihdir. Başqa cür mümkün də
deyil. Səcdə surəsindən bir ayə də bunu sübut edir: “Gördüyü işlərə
görə gözaydınlığı olaraq özünə veriləcək şeydən heç kəsin xəbəri
yox» (Səcdə, 17). Əgər cənnətlə bağlı təsvirlərin
insan tərəfindən dərki mümkün olsaydı, gözaydınlığı barədə danışılmazdı.
Ona görə əminliklə drmək olar ki, Qurandakı cənnət təsvirləri,
sadəcə, insanlarda bir təsəvvür yaratmaq üçündür. Aydın məsələdir
ki, bir anlayışı ifadə etmək üçün ya onun hansısa bir oxşarı ilə
analogiya aparılmalı, ya da o tam əksi – korrelyatı ilə qarşı-qarşıya
qoyulmalıdır. Cənnətin korrelyatı cəhənnəmdir. Amma cəhənnəm özü
də qeybdir. Onun təsvirindəki dəhşətlər də analogiyadır. Beləliklə,
o dünyadakı yaşantıların təsviri üçün iki qarşılıqlı olaraq bir-birinə
zidd anlayış ortaya qoyulur. Onların hər birinə aid məlumatı dərk
eləmək, yəqin ki, insan üçün imkansız olduğundan, hər ikisi qeyb
olduğundan bu dünyanın informasiyaları ilə analogiya aparılır.
Quranda Cənnətin təsviri zamanı bu dünyada insanlara zövq verən
ən gözəl anlayışlar sadalanır: yaşıllıqlar, xalçalar, sərinlik,
şərab, bal çayları, irigözlü, gözləri heç kimə baxmamış və baxmayacaq
qadınlar; cəhənnəm üçün isə “metal ərintisi sayaq su”, dəhşətli
isti və s.
İstər cəhənnəmə aid təsvirlərdəki
dəhşətlər, istərsə də cənnətə aid komfort və ataraksiya təsvirləri
qeybdəki durumu insanlara, həm də ən bilgisiz kəslərə belə çatdırmaq
üçündür. Bu səbəbdən istifadə olunan təşbihlərin yerdəki, insanlar
tanış olan maddi təsvirlər olması tam təbiidir. Çünki yerdə olmayan
bir anlayışın, şeyin, ifadəsi üçün müvafiq söz də yoxdur. Ona
görə anlayış nə iləsə müqayisədə verilməlidir. İnsan beş duyğuya
malik olduğundan, cənnət və cəhənnəm təsvirlərində bu duyğularla
hiss edilən əlamətlər sadalanır. Cənnətə aid dadbilmə ilə dərk
edilənlər təsvirlər: «Müttəqilərə vəd edilən cənnət budur: çirkab
götürməyən sulu çaylar, dadı dəyişməyən südlü çaylar, içənlərə
ləzzət verən şərab çayları, təmiz bal çayları axırlar orada» (Muhəmməd,
15). Gözlə görülənlər: «Yanlarında irigözlü qadınlar
var, yalnız öz taylarına zillənmiş baxışları. Əl dəyməmiş yumurta
sayaq bəmbəyazdılar» (Saffət, 48-49) və s. İnsan
təsəvvürü özü hadisdir. Ona görə insan cənnətdəki gözəlliyi heç
cür təsəvvür edə bilməz. Bizim təsəvvürümüz bunun üçün proqramlanmayıb.
Eləcə də cəhənnəm təsvirləri bu qəbildəndir.
Bəzi mütəşabihlərin mənasını
bilmək imkanı yoxdur (bəlkə də, hələ ki yoxdur demək daha doğru
olar). Məsələn, hurufi mukatta adlanan, bir sıra surələrin əvvəlində
gələn hərflər. Bu hərflər nə deməkdir? Tanınmış təfsirçi ibn Kəsir
(14-cü əsr) Quranı hədislərlə təfsir edən ən məşhur şəxslərdən
biridir. O öz təfsirində Bəqərə surəsinin 29-cu (“Yer üzündə nə
varsa, sizin üçün yaratmış, sonra göyə çəkilib yeddi səma düzəltmiş.
Hər şeyi bilən Odur”) və Qələm surəsinin 1-ci (“Nun. And olsun
qələmə və onun yazdıqlarına”) ayəsinin təfsirində görün nələr
yazır: “Allah yaratdıqlarını yaratmaq istəyəndə incə sudan buxar
meydana gətirdi. Buxar suyun üzündən yüksəldi və bu yüksələn şeyə
yüksəklik mənasında “göy” dedi. Sonra suyu qatılaşdırdı və ondan
bir yer meydana gətirdi. Sonra bu yerləri parçaladı və onları
iki gündə - bazar və bazar ertəsi günü yeddi yer halına gətirdi.
Yeri balığın üzərində yaratdı. BU BALIQ ALLAH TAALANIN QƏLƏM SURƏSINDƏ
“NUN VƏ QƏLƏMƏ AND OLSUN KI” DEYƏ SÖZ ETDİYİ NUN BALIĞIDIR. Balıq
sudadır. Su isə qayalığın üzərindədir. Qayalıq isə heç bir şey
bitirməyən böyük bir daşın üzərindədir. Daş isə bir mələyin belindədir.
Mələksə bir qayanın üzərindədir. Qaya küləkdir. Həzrəti Loğmanın
“Nə göy vardı, nə yer, balıq hərəkət etdi və qımldadı, yer üzü
sarsıldı və üzərinə dağlar çəkilərək dayandırıldı. Bunu üçün dağlar
yer üzünə oturdulub” deyə bəhs etdiyi qaya budur.” Buradan o nəticə
çıxır ki, hədislər din qaynağı olmadığından Quranı təfsir edən
zaman onlardan istifadə yanlış nəticələrə gətirib çıxarır. İbn
Kəsirdən üç yüz il əvvəl yaşamış dünya şöhrətli alim Əbu Reyhan
Biruni 11-ci əsrdə Yerin kürə şəklində olduğunu və Günəşin ətrafında
fırlandığını təkvini ayələrlə sübut eləmiş və beləliklə, Qələm
surəsinin əvvəlindəki Nunun Yerin üzərində dayandığı balıq kimi
yanlış izahının yolunu bağlamışdı.
Mütəşabih ayələrin düzgün
anlaşılmaması ilə bağlı Mövlana Cəlaləddin Ruminin müəllimi, Azərbaycan
türkü Şəms Təbrizinin “Məqalat” (“Xirqeyi-Şəms”)
əsərində maraqlı bir rəvayət var: “Birisi Həmədan şəhərində vəz
edirdi: «Hər kəs Allahı varlıqlardan birinə bənzədir» deyə tənqidə
başlamışdı. Şəhərin vaizi gəldi, kürsüyə çıxdı və mütəşabih ayələri
sıralamağa başladı: “Rəhman ərşə hakim oldu” (Ta-hə 5);
“Məgər əminmisiniz, sizi yerə gömməyəcək göydə olan. Bir də görəcəksiniz
yer tərpənir, qalxır başınız üstə” (Mülk 16);
daha sonra «Rəbbin gəldi və mələklər səf-səf düzüldü” (Fəcr
22); «Üstlərindəki Rəblərindən qorxarlar, onlara əmr
edilən şeyləri yerinə yetirərlər” (Nəxl 50) kimi
ayələri kürsünün önündə oxumağa başladılar. Vaiz da təşbih inancına
sapmış kimsələrdən idi. Bu ayələrin mənalarını təşbih yönündən
söyləməyə başladı. Hədislər də rəvayət edirdi: «Rəbbinizi gecə
bədrlənmiş Ayı seyr edən kimi görəcəksiniz», «Allah Adəmi öz surətinə
baxıb xəlq etdi», «Rəbbimi qırmızı bir paltarda gördüm» kimi çeşidli
mənalara gələn hədisləri çox gözəl anladır, təşbih yönündən mənalarını
söyləyirdi: «Vay o kimsələrə ki, Tanrını bu sifatları ilə təşbih
etməz və bu surətlərlə bilməzlər! Onlar ibadət etsələr belə, yenə
cəhənnəmlik olarlar. Onların ibadətləri qəbul olunmaz» deyirdi.
Bu bəhslə bağlı ayə və hədisləri anladanda adamların bir qismi
Tanrının mütləq varlığını, onun məkansızlığını deyib suallar verdilər.
Vaizin sözlərinə etiraz etdilər. Amma o “Harada olursunuzsa, olun,
O, sizinlədir», «Onun bənzəri olan bir şey yoxdur» məalındakı
ayələri də bənzətmə yolu ilə izah etdi və bütün bunları təşbih
nöqtəsində birləşdirdi. Tənzih – yəni Tanrını nöqsan sifatlardan
arı bilmək xüsusunda çəkingən davrandı. Camaat evlərinə getdi.
Eşitdiklərini oğul-uşaqlarına anlatdılar və hamısına belə tövsiyə
etdilər: «Allahı ərş üzərində bilin, qayət gözəl bir surətdə iki
ayağını aşağı salmış bir halda kürsüyə oturub, şəhər vaizinin
dediyi kimi, mələklər də ərşin ətrafını çevrələyib. Hər kim onda
bu surətlər yoxdur desə, onun imanı yoxdur. Vay onun ölüsünə,
vay onun məzarına, vay onun son halına!»
Bir həftə sonra qərib bir sünni vaiz gəldi. Hafizlər tənzih ayələrini
oxudular. «Ona bənzər bir şey yoxdur, doğmadı, doğulmadı, səmalar
onun əliylə qurulub» məalındakı ayələrin təfsirinə başladı. Dedi
ki, təşbihçilərin dərisini soymaq lazımdı. «Hər kim təşbihdən
bəhs edərsə, kafir olar, hər kim surətdən söz açarsa, cəhənnəmdən
qurtula bilməz. Allaha məkan isnad edənin vay dininə, vay məzarına»
dedi. Təşbihə bənzəyən ayələri təvil etdi; bir-bir izah elədi,
cəhənnəmlə qorxutdu. Dedi ki, hər kəs surətdən söz açarsa, onun
ibadəti ibadət deyil, imanı iman deyil: «Allahın məkana möhtac
olduğunu söyləyən zavallının vay halına! Vay onun sözlərini dinləyənlərə!»
Sünni vaizin bu sözlərini
eşidənlər çox qorxdular, üzgün bir halda evlərinə qayıtdılar.
Bunlardan biri evinə gələndə iftar belə etmədi, evin bir guşəsinə
çəkilərək başını ayaqlarının arasına aldı, uşaq kimi ağlamağa
başladı. Oğul-uşaq ətrafına toplandı. Kişi onları qovdu. Arvadı
onun yanına gəlib sotuşdu: “İnşallah, xeyirdir, yemək soyuyur,
yeməyəcəksənmi? Uşaqları döyürsən, məni qovursan, nə olub?» Kişi
dedi: «Artıq mənə ilahi səslər gəlmir, içimə od düşdü». Qadın
ondan təkrar soruşdu: «Ümid bağladığın Tanrıdan ümidini kəsdinmi?
Bu nə haldı? Sən səbrli bir kişi idin. İndiyəcən başına bir çox
çətin işlər gəlmişdi. Hamısına səbr etdin. Tanrıya bel bağladın,
O da səni bütün çətinliklərdən qurtardı, könlünü xoş etdi. O keçən
nemətlərin şükran borcu olaraq bugünkü sıxıntılarını da yenə Tanrıya
həvalə et, üstünə rəhmət yağdırsın». Bu sözlərdən kişinin ürəyi
yumşaldı. «Nə edim, bizi aciz hala gətirdilər, canımız boğazımıza
yığıldı. Keçən dəfə alimin biri Allahı ərş üzərində biləcəksiniz,
onu ərş üstündə bilməyən kafirdir, ölərsə, kafir kimi ölər dedi.
Bu həftə başqa bir alim gəldi, kürsüyə çıxıb dedi: ”Hər kim Allahı
ərş üzərində bilər və belə bir şeyi ağlından geçirərsə, yəni onu
səmada təsəvvür edərsə, o kimsənin əməli və ibadəti qəbul olunmaz.
Çünki Allah məkandan münəzzəhdir” dedi. İndi bu bir-birinə zidd
sözlərin hansına inanım? Necə yaşayaq? Necə ölək? Aciz qaldıq!»
Arvad kişiyə belə dedi: «Heç acizlik göstərmə, çaşma! Allah istər
ərş üzərində olsun, istər ərşdən uzaq olsun, istər bir yerdə,
istər yersiz olsun, harada olursa-olsun, təki ömrü uzun olsun,
dövləti sonsuz olsun. Sən öz dərvişliyini düşün, dərvişlik vəzifəni
yerinə yetir...»
Beləliklə, yekun olaraq
onu deyə bilərik ki, mühkəm ayələr bir tərəfdən çox anlaşıqlı
olduğundan mücərrəd anlayışları dərk edə bilməyən kütlənin də
Qurandan bəhrələnməsi üçün təminat verir, eyni zamanda birmənalı
olduğundan ilahi sirləri arama yolunda insana bir bələdçidir.
Mütəşabih ayələr isə sirlər xəzinəsidir. Onlar insanı, təhqiqə,
araşdırmaya təhrik edir. Quran həm mühkəm, həm də mütəşabih ayələrdən
ibarət olduğundan xitab etdiyi insanlar ağıl işlətməyə ehtiyac
hiss edir. Daha çox ağıl işlədənlər Müqəddəs Kitabımızdan daha
çox bəhrələnə bilərlər. Bu, ağıla böyük önəm verilməsidir. Mütəşabih
ayələrin dərkinə girişən şəxs öncə mühkəmləri tam mənimsəməli,
mütəşabihlərin “iç-içə” olan fərqli mənalarından mühkəmə zidd
olanı qəbul etməməlidir. Əks təqdirdə mütəşabih sektorda gəzişmələr
məyusluqla nəticələnə bilər.
Düzünü Allah bilir.
|