Rəhman
və Rəhim Allahın adıyla
1. O kəslər ki, özləri
kafirlik eləyiblər, başqalarını da ayırıblar Allah yolundan, onların
yaxşı işlərini boşa çıxarar Allah.
2. O kəslər ki, imana
gəliblər, saleh işlər görüblər və Rəblərindən Muhammədə haqq olaraq
göndərilənə iman gətiriblər, günahlarından keçər, işlərini düzəldər
onların Allah.
3. Çünki batilə uymuş
kafirlik eləyənlər, Rəblərindən gələn haqqa tabe olmuş iman gətirənlər.
İnsanların kimliyini beləcə anladar onlara Allah.
4. Kafirlərlə savaşda
üz-üzə gələn zaman vurun boyunlarını. Çox qırıb-tökdünüzmü əl
saxlayın, tutduğunuz əsirlərin əl-qolunu bağlayın. Yerə qoydularmı
kafirlər silahlarını, təmənnasız olaraq, yaxud da əvəzində fidyə
alıb əsirləri azad buraxın. Allah istəsəydi əgər, onlardan intiqamı
Özü alardı. Ancaq sizləri bir-birinizlə imtahana çəkmək istəyər
O. Onun yolunda öldürülənlərin işlərini boşa çıxarmaz Allah.
5. Doğru yola yetişdirər
onları, düzəldər işlərini onların.
6. Öncədən tanıtdığı
cənnətə salar onları.
7. Ey iman gətirənlər!
Allahın dininə yardım etsəniz, yardım əlini uzadar sizə, möhkəmlədər
addımlarınızı Allah.
8. Yox olsunlar kafirlər!
Onların işlərini boşa çıxarar Allah.
9. Allahın göndərdiyindən
xoşları gəlməmiş onların. Onların işlərini batil eləmiş Allah.
10. Bir gəzələr, dolaşalar
yer üzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. Məhv eləmiş
onları Allah. Kafirlərin də başına kələr belə işlər.
11. Çünki iman gətirənlərin
dostudur Allah. Və çünki kafirlərin dostu yoxdur.
12. İman gətirənləri,
əməli salehləri içindən çaylar axan cənnətlərə salar Allah. Kafirlərsə
barınarlar dünyanın ləzzətindən, heyvan kimi yeyərlər, sonra od
içinə girərlər.
13. Məhv etmişik neçə-neçə
şəhəri. Onların camaatı səni didərgin saldıqları şəhərin [Məkkənin]
camaatından güclü idilər. Bir kimsə tapılmaz yardım edə onlara.
14. Əlində Rəbbinin dərgahından
aşkar bir dəlili olan kimsə ilə pis əməli öz gözünə bərbəzəkli
görünən kəs birmidir? Öz nəfsinin əsiridir bu kəslər.
15. Müttəqilərə və'd
verilən cənnət budur: çirkab götürməyən sulu çaylar, dadı dəyişməyən
südlü çaylar, içənlərə ləzzət verən şərab çayları, təmiz bal çayları
axırlar orada. Hər meyvə növündən varlarıdır orada. Rəbləri də
bağışlamış onları. Onların bu vəziyyəti, məgər od içində əbədilik
qalan, qaynar su içizdirilən və bu sudan bağırsaqları doğranan
kimsələrin düşdüyü halət ilə birmidir?
16. Bunlardan elələri
var sənə qulaq kəsilərlər. Səndən aralanantək elmli kimsələrdən
«Bir az öncə o nə dedi?» soruşarlar. Belələrinin ürəyini möhürləmişdir
Allah. Öz nəfsinin əsiridir belələri.
17. Doqru yolda olanların
imanını artırar, taqva duyğusunu gücləndirər Allah.
18. Qiyamətin qəflətən
gəlməyinimi gözləyir onlar? Artıq gəlib yetişmiş onun əlamətləri.
Qiyamətin özü gəlib çıxdımı, daha öyüd almağın onlara nə faydası?
19. Bil, Allahdan başqa
tanrı yoxdur. Özünün də, mö'min kişilərlə qadınların da günahlarının
baqışlanmasını dilə Ondan. Gündüzlər, gecələr nəylə məşğul olduğunuzu
bilir Allah.
20. «Kaş cihad barəsində
bir surə nazil olaydı və savaşa qalxaydıq hamımız» deyər iman
gətirənlər. Elə ki, bu barədə aşkar bir surə nazil oldu, görürsən,
ölüm vahiməsiylə bayılacaq kimsələrtək dikmiş gözlərini sənin
üzünə ürəyi azarlılar. Yaxşı olardı
21. itaət eləyəydilər,
gözəl sözlər deyəydilər. Savaş başlanan zaman Allaha sadiq qalsaydılar,
onlar üçün daha yaxşı olardı.
22. İmandan üz döndərsəniz,
yer üzündə pozğunçuluqmu törədəcəksiz, əqrabalıq bağlarınımı qıracaqsız.
23. Bunlar o kəslərdir
ki, lə'nətləmiş onları Allah, qulaqlarını kar eləmiş, gözlərini
kor eləmiş.
24. Qur'anı gərəyincə
düşünmürlər, nədir? Qıfılmı vurulmuş ürəklərinə?
25. Doğru yolu görüb
biləndən sonra ona arxa çevirənləri şeytan azdırmış. Bərbəzəkli
göstərmiş kafirliyi onlara, imandan dönməyi təlqin etmiş onlara.
26. Çünki Allahın göndərdiyindən
xoşları gəlməyən kimsələrə «Biz bə'zi işlərdə sizə tabe olacağıq»
demişdilər. Onların sirlərini bilir Allah.
27. Canlarını almağa
gələn zaman mələklər, üzlərinə, kürəklərinə vuran zaman onların,
necə olar halları?
28. Çünki Allahı qəzəbləndirən
şeyə tabe olmuşdular, Onun rizasını qazanmaq istəməmişdilər. Onların
işlərini batil eləmiş Allah.
29. Yoxsa ürəyi azarlılar
elə bildilər onların gizlində bəslədiyi kini üzə çıxarmaz Allah?
30. İstəsəydik əgər,
onları birər-birər sənə nişan verərdik, üzlərindən tanıyardın
onları. Ancaq sən onları danışıqlarının ahəngindən də tanıya bilirsən.
İşləklərinizi bilir Allah.
31. Biz sizi sınaqdan
keçirərik üzə çıxaraq içinizdən mücahidləri, səbr yiyələrini,
aşkar eləyək işlərinizi.
32. O kəslər ki, özləri
kafirlik eləyiblər, başqalarını da ayırıblar Allah yolundan, doğru
yolu görüb biləndən sonra Rəsulun əleyhinə çıxıblar, bir zərər
verə bilməz onlar Allaha. Onların işlərini boşa çıxarar Allah.
33. Ey iman gətirənlər!
Allaha itaətdə olun. Gördüyünüz işləri zay eləməyin.
34. O kəslər ki, özləri
kafirlik eləyiblər, başqalarını da ayırıblar Allah yolundan və
sonra da kafirlər olaraq ölüblər, suçlarından keçməyəcək onların
Allah.
35. Sizlər daha üstün
ikən zəiflik göstərməyin, sülhə də'vət etməyin, sizinlədir Allah.
İşinizin savabını azaldan deyil Allah.
36. Bir oyundur, əyləncədir
dünya həyatı. Əgər iman gətirsəniz, Allahdan çəkinsəniz, verər
sizin əcrinizi, malınızın hamısını, sizdən zəkat istəməz.
37. Əgər malınızı sizdən
israrla istəsə və siz də qızırğalansanız, gizlində bəslədiyiniz
kini üzə çıxarar Allah.
38. Budur, sizi Allah
yolunda malınızı xərcləməyə çağırırlar. İçinizdə eləsi var xəsislik
eləyir. Xəsislik eləyən bilsin, xəsisliyi özünə eləyər. Allah
varlıdır, siz fəqir. Və Ondan üz döndərsəniz, sizi aradan götürər,
sizə bənzəməyən özgə bir qövmü yerinizə gətirər.
|