Rəhman
və Rəhim Allahın adıyla
1. Ey örtüyünə bürünən!
2. Qalx ayağa, xəbərdarlıq
elə.
3. Uca tut Rəbbinin adını,
4. Təmiz saxla paltarını.
5. Çirkindən uzaq ol.
6. Elədiyin yaxşılığı
çox görüb minnət qoyma heç kimə.
7. Rəbbinin yolunda səbrli
ol.
8. Sur çalınan zaman
9. gələn gün çətin bir
gün olacaq,
10. kafirlər üçün asan
bir gün olmayacaq.
11. Yalqız yaratdığım
o kimsəni burax Mənim öhdəmə.
12. Bol-bol sərvət verdim
ona,
13. sağlam, güclü oğullar
verdim ona.
14. Hər şeydən bol verdim
ona.
15. Yenə də tamahı var
verdiyim ne'mətləri onun üçün artırım.
16. Xeyr, artıran deyiləm.
Ayələrimizə qarşı natərəslik eləyənin biridir.
17. Cəhənnəmin dikinə
dırmaşdıracam onu.
18. Düşündü, daşındı,
ölçdü, biçdi.
19. Ölüm olsun ona, nə
pis ölçüb-biçdi o.
20. Bir də ölüm olsun
ona, nə pis ölçüb-biçdi o.
21. Sonra baxdı,
22. turşutdu üz-gözünü,
tökdü qaş-qabağını,
23. arxa çevirdi dinə,
təkəbbürlə yaxasını çəkdi kənara.
24. Dedi: «Cadubazlardan
gələn bir cadudur bu Qur'an.
25. Yalnız bəşər kəlamıdır
bu Qur'an».
26. Cəhənnəmə salacağam
onu.
27. Nə biləsən cəhənnəm
nədir.
28. Bir şeyi sağ buraxmaz,
29. dəriləri yandırar.
30. Cəhənnəmin on doqquz
mə'muru var.
31. Cəhənnəm mə'murlarını
mələklərdən elədik. Saylarını bildirdik ki, kafirləri bununla
sınağa çəkək, Kitab verilən kimsələr inansınlar buna, imana gələnlərin
artsın imanı, Kitab verilən və mö'min kimsələr şübhəyə düşməsinlər,
ürəyi azarlılar və kafirlər qoy desinlər: «Bunu söyləməkdə nədi
qəsdi Allahın?» İstədiyi kimsəni azdırar, istədiyi kimsəni də
doğru yola yənəldər beləcə Allah. Əslində Rəbbinin ordusunun [mələklərin]
sayını təkcə Onun Özü bilər. O cəhənnəm misalı da bəşərə pis aqibəti
xatırlatmaq üçündür.
32. Xeyr, təkcə bunun
üçün deyil. And olsun aya,
33. and olsun qayıdıb
gələn gecəyə,
34. işıqlanan səhərə,
35. bəlaların böyüyüdür
cəhənnəm,
36. bəşərə xəbərdarlıqdır
o.
37. İrəliləmək, geriləmək
istəyənlərinizə öncədən verilir onun xəbəri.
38. Hər kəsin öz taleyi
qazandığı suçlarına bağlıdır.
39. Əməl dəftəri sağ
əldən verilən kimsələrin taleyisə başqadır.
40. Onlar cənnətdədirlər.
Soruşarlar
41. suçlulardan:
42. «Sizi bu cəhənnəmə
nə gətirib çıxarmış?»
43. Suçlular da deyərlər:
«Namaz qılan kimsələrdən deyildik.
44. Yoxsulları yedirtməzdik.
45. Batilpərəst kimsələrlə
bərabər biz də vurnuxardıq batil işin içində.
46. Danardıq qiyamət
gününü.
47. Və axır haqladı ölüm
bizi».
48. Və artıq onlardan
ötrü iltimas edənlərin iltimasının olmaz heç bir faydası.
49. Elə isə bunlara nə
olub ki, verilən öyüdlərdən üz döndərirlər.
50. Sanki vəhşi eşşəklərdir,
51. ürküşüb qaçırlar
şir qabağından.
52. Hərəsi özünə ayrıca
bir Kitab istər verilə.
53. Onlar axirətdən qorxan
deyillər.
54. Şübhəsiz, bir öyüddür
bu Qur'an.
55. İstəyən oxuyub ondan
öyüd ala bilər.
56. Və Allahın istəyi
də olmadan heç kəs öyüd ala bilməz. Hamı Ondan çəkinməli. Ondan
çəkinənlərin suçlarından keçər O.
|