Rəhman
və Rəhim Allahın adıyla
1. Səninlə əri barədə
danışan qadının söhbətini eşitmiş Allah. Şikayət eləyirdi Allaha
bu qadın. Söhbətinizi eşidirdi Allah. Şübhəsiz, eşidəndir, görəndir
hər şeyi Allah.
2. Sizlərdən o kəslər
ki, arvadlarını boşamaq üçün onları öz analarına bənzədərək haram
sayırlar, bilsinlər, arvadları anaları deyillər. Yalnız onları
doğanlardır anaları. Pis sözdür, yalan sözdür dedikləri söz. Şübhəsiz,
əfv edəndir, günahlardan keçəndir Allah.
3. Arvadını bu yolla
boşamaq istəyən, sonra da sözündən dönən kəs onunla yenidən təmasa
girməzdən öncə bir köləni azad etməli. Bu, sizə bir öyüddür. İşləklərinizdən
xəbərdardır Allah.
4. Azad ediləsi bir köləsi
olmasa, arvadıyla təmasa girməzdən öncə iki ay dalbadal oruc tutmalı.
Buna gücü çatmayan altmış nəfər yoxsulu doyuzdurmalı. Bunlar ondan
ötrüdür ki, iman gətirəsiz Allaha və Rəsuluna. Deyilənlər Allahın
qoyduğu sədlərdir. Ağrılı bir əzab gözləyir kafirləri.
5. Öncə gəlib-getmiş
olan kimsələr necə alçaldılıbsa, Allaha və Rəsuluna qarşı çıxan
kəslər də eləcə alçaldılacaq. Aşkar ayələrdir nazil elədiklərimiz,
alçaldıcı bir əzab gözləyir bunları dananları.
6. O gün ki, hamını diriltdi
Allah, bildirər onlara nə iş tuturdularsa. İşləklərini birər-birər
hesaba almış Allah. Özlərisə hər bir şeyi unutmuş. Hər şeyə şahiddir
Allah.
7. Göylərdə nə varsa,
yerdə nə varsa bilir Allah. Bunu bilməzmi oldun? Üç nəfər gizli
söhbət edən yerdə dördüncü mütləq Odur. Beş nəfər gizli söhbət
edən yerdə altıncı mütləq Odur. İstər bundan az olsunlar, istər
də çox, fərqi yox, harada olsalar onların yanındadır O. Və axır
qiyamət günü bildirər onlara nə iş tuturdularsa. Şübhəsiz, hər
şeyi biləndir Allah.
8. Məgər görməzmi oldun
o kəsləri ki, gizli söhbətlər eləmək yasaq ikən onlara, bundan
əl çəkmirdilər, günah işlətmək, düşmənçilik eləmək, Rəsula qarşı
çıxmaq barədə sözləşirdilər. Yanına gələn zaman, Allahın səni
salamlamadığı sayaq səni salamlayarlar [«əs-sələmu aleyk» əvəzinə
«əs-səmu aleyk», yə'ni «ölüm olsun sənə» deyərlər]. «Dediklərimizə
görə bizi əzaba uğratmalı deyildimi Allah məgər?» deyərlər özlərinə.
Vasil olacaqları cəhənnəm bəs eləyər onlara. Pisdən pisdir onların
gedəcəkləri yer!
9. Ey iman gətirənlər!
Gizlində danışan zaman bir-birinizlə günah işləmək, düşmənçilik
eləmək, Rəsula qarşı çıxmaq barədə sözləşməyin, yaxşı bir iş barədə,
taqvalı iş barədə söhbətlər eləyin. Qorxun Allahdan, Onun hüzurunda
cəm olacaqsız.
10. Gizli söhbətlər şeytan
işidir, o istər mə'yus eləyə bu söhbətlər iman gətirənləri. Allahın
izni olmadan bir zərər verə bilməz onlara şeytan. Qoy Allaha güvənsin
mö'min olan kimsələr.
11. Ey iman gətirənlər!
Məclislərdə təzə gələnlər üçün «Yer verin» deyiləndə sizə, onlara
yer verin ki, genişlik bəxş eləyə Allah sizə, vüs'ət verə işinizə.
«Qalxın» deyildimi, qalxın ki, sizlərdən iman gətirən, elm alan
kimsələri uca-uca məqamlara yüksəldə Allah. Gördüyünüz işlərdən
xəbərdardır Allah.
12. Ey iman gətirənlər!
Rəsul ilə məhrəmanə söhbət eləmək istəyəndə öncə yoxsullara sədəqə
verib gəlin. Sizin üçün belə daha yaxşı olar, daha çox pak olarsız
[yə'ni Peyğəmbərlə söhbətə günahlardan qismən də olsa təmizlənib
gəlməyiniz məsləhətdir]. Sədəqə verməyə heç nə tapa bilməsəniz,
qəmlənməyin, bilin, günahlardan keçəndir, Rəhimdir Allah.
13. Rəsul ilə məhrəmanə
söhbətə gəlməzdən öncə kasıb düşəcəyinizdənmi qorxaraq sədəqə
vermədiniz? Tövbənizi qəbul buyurmuş Allah. Namaz qılın, zəkat
verin, Allaha və Rəsuluna itaət eləyin. İşləklərinizdən xəbərdardır
Allah.
14. Allahın qəzəbinə
düçar olmuş bir qövmün adamlarını özlərinə dost bilən o kəsləri
məgər tanımazmısan? Nə sizdəndir, nə onlardan o kəslər. Bilə-bilə
yalandan and içərlər.
15. Şiddətli bir əzab
hazırlamış onlara Allah. Nə pis iş görürdülər!
16. Qalxan elədilər özlərinə
andlarını, azdırdılar mö'minləri Allah yolundan. Alçaldıcı bir
əzab gözləyir onları.
17. Nə malları, nə oğul-uşağı
yarar verməz onlara Allahın dərgahında. Cəhənnəmlikdir onlar.
Od içində əbədilik qalarlar.
18. Allahın hamını dirildəcəyi
gün sizə and içdikləri kimi Ona da and verərlər və elə bilərlər
dünyada olduğu sayaq axirətdə də karlarına gələr yalan. Bilin,
onlardır yalançılar!
19. Tabe etmiş özünə
onları şeytan. Allahı anmağı unutdurmuş onlara. Şeytanın tərəfdarlarıdır
belələri. Şeytanın tərəfdarlarıdır itkiyə uğrayanlar.
20. Allaha və Rəsuluna
qarşı çıxanlar alçaq kimsələrin sırasındadır.
21. «Mən və peyğəmbərlərim
mütləq qalib gələcəyik» deyə yazmış hökmünü öncədən Allah. Şübhəsiz,
qüvvətlidir, güclüdür Allah.
22. Allaha və axirət
gününə inanan elə qövm tapmazsan ki, Allaha və Rəsuluna qarşı
çıxan kimsələrlə dostluq edələr. Ataları, oğulları, qardaşları,
qohumları olsa belə bu kimsələr onların. İmanı ürəklərinə yazmış
Allah, dərgahından göndərdiyi nur ilə yardım eləmiş onlara. İçindən
çaylar axan cənnətlərə salar Allah onları, oralarda əbədilik qalarlar.
Razı qalar onlardan Allah. Onlar da razı qalar Allahın ne'mətindən.
Allah firqəsinin adamlarıdır belələri. Bilin, Allah firqəsinin
adamlarıdır uğura uğrayanlar!
|