Əgər
Həzrəti Məhəmməd sağ olsaydı, təəcüb edərdi ki,
Aya ilk ayağı dəyən müsəlman deyil.
Abdussalam, Nobel mükafatı laureatı, Pakistan
Dünya dinləri içərisində
islam qədər elmi çox yüksək qiymətləndirən bir din yoxdur. Məhəmməd
peyğəmbərə nazil olan ilk surə «Oxu!» əmri ilə başlanır. Ən gözəl
dualardan biri isə belədir: «Rəbbim, elmimi artır, -- de!» (20-114).
Peyğəmbərimiz: «Lazım gələrsə, elmin dalınca Çinə də gedin,» -
deyirdi. Gedirdik də. Çində də Dalay Lama: «Lazım gələrsə, elmin
dalınca lap Azərbaycana da gedin» - deyirdi. Və gəlirdilər də.
Nagah tək səbir gəldi. Hər şey dəyişdi. Çox keçmədi ki, yaxındakı
plov qazanı uzaqdakı Çini gözdən saldı. «Qələm cahillərin əlinə
keçdi, Mənsurlar dara çəkildi» (C.Rumi).
Bilmirəm,
bunları niyə yazıram? Hə, deyirlər, mollaların attestasiyası olacaq...
Attestasiya, yəqin ki, «test» sözündən götürülüb. Aprobasiya kimi
bir şeydi. Yəni mütəxəssisin professional səviyyəsinin fiksasiyası.
Mən kardioloq-cərrahın sınağını təsəvvür edə bilirəm: koronar
şuntlama zamanı imtahan olunan həkim döş qəfəsini yarır, ürəyi
çıxarıb qoyur qırağa. Sonra ürəyi sazlayıb əvvəlki yerinə pərçim
edir. Bu prosedurları yerinə yetirəndə cüzi səhvlərə yol verən
(məsələn, əlcəyini, saatını, qayçını, eynəyini xəstənin qarnında
qoyan) həkimə bir də heç kimin ürəyini etibar etmirlər.
Amma nə illah eləsəm
də, mollaların attestasiyasını təsəvvür edə bilmirəm. Fantaziyam
primitiv var-gəllərdən uzağa gedə bilmir... Çünki mollaların fəaliyyət
sahələri çox özəldir. Elə bir sahə ki, adı gələndə adamın kürəyində
qarışqalar gəzişir. Bu gün hər bir sahədə olduğu kimi, dini məsələlərdə
də böyük irəliləyiş var. Cəmiyyətdə mollanın yeri, bu yerin əhəmiyyəti
özünəməxsusdur. Mollalıq strateji bir sahədir və bu işi hər uşaq-muşağa
etibar etmək olmaz. Bir sıra ciddi elmi mətləblər var ki, onları
bilməyənləri nə minbərə buraxmaq olar, nə də cənazə mərasiminə.
Odur ki, konseptual məsələləri ehtiva edən bir neçə testi attestantlara
təqdim edirik. Düzgün cavab tapanlara «5» yazdırmaq «Bakı həftəliyi»nin
boynuna. Şansınızı qaçırmayın!
Test 1
Bir hədisə görə, cünub
qüslünün hər damlasından yetmiş iki min mələk peyda olur və onlar
qüsl edəni qanadları üzərinə alıb cənnətə aparırlar. Sual: Əgər
qüsl işində iştirakçı olan aftafada bir litr su vardısa və onun
tən yarısı qüsl əməliyyatına cəlb olundusa, məzkur şəxsi cənnətə
doğru neçə mələk müşayiət edəcək?
a) 1281
b) 32976
c) 1219783
Test 2
Yeri öz buynuzları üstündə
saxlayan öküzün buynuzlarından biri Şamaxı zəlzələsi zamanı sınıb.
İndi onun neçə buynuzu var?
a) iki
b) bir
c) buynuz-filan qalmayıb
Test 3
Hədisə görə, şeytan
öz oğlu Xənnası qulluq etmək üçün Adəm peyğəmbərin yanına göndərmişdi.
Onun yaramazlıqlarından bezən Adəm ata və Həvva nənəmiz şeytanın
bu xəbis balasını necə öldürdülər?
a) dənizdə boğdular
b) odda yandırdılar
c) qazanda bişirib ətini
yedilər
Test 4
Təzəpir məscidində müştəri
gözləyən molla harada dayansa, daha məqsədəuyğundur?
a) giriş qapısının ağzında
b) İslam Universitetinin
yanındakı mürdəşirxananın qabağında
c) fərq eləməz
Test 5
Hədisə görə, Salman
Farsi bir dəfə ayağı ilə dağa vurub və dağ qızıla dönüb. O, eyni
hərəkəti ikinci dəfə təkrar etsəydi, dağın axırı nə olardı?
a) daha yüksək əyarlı
(probalı) qızıl
b) brilliant
c) yenidən torpaq
Test 6
Əgər bir molla dini
biliklərin əsaslarına İranda yiyələnibsə, amma danışanda fars
aksenti ilə danışmırsa, o, cənnətə düşə bilərmi?
a) yox
b) qətiyyən yox
c) sual başınıza qəhətdi?
Allahdan başqa
heç kəsdə qüdrət və qüvvət yoxdur!
11 may, 2002
«Bakı həftəliyi»
|