Rəhman
və Rəhim Allahın adıyla
1. Kəf hə yə ayn sad.
2. Bu bir anımdır, bəndəsi
Zəkəriyyəyə Rəbbinin verdiyi rəhmətlə bağlıdır.
3. Rəbbinə gizlicə yalvarmışdı,
4. demişdi: «Rəbbim,
zəifləmiş sümüklərim ağarmış başım. Rəbbim, Sənə yalvara-yalvara
heç vaxt baxtsız olmadım.
5. Qorxuram ki, dinimizi
dəyişə məndən sonra yerimə keçəcək yaxınlarım. Arvadım da sonsuzdur.
Bir oğul bəxş elə mənə Öz dərgahından
6. mənim və Yaqub oğullarının
varisi olsun. Rəbbim, Sən onu bir insan elə ki, ondan razı qalasan».
7. «Zəkəriyyə! Biz sənə
bir oğulun müjdəsini veririk. Adı Yəhyədir. Bundan öncə bu adda
heç kimi var etməmişik» dedi Allah.
8. «Rəbbim, qocalıq haqlamış
məni, arvadım da sonsuzdur, oğlum necə ola bilər?» dedi o.
9. «Elədir» dedi Allah
- «Amma Rəbbin belə demiş: «Bu Mənim əlimdə asan bir işdir. Sən
öncə bir heç idin, səni heçdən var elədim».
10. «Rəbbim, elə isə
buna dair bir əlamət göstər mənə» dedi o. «Sən lal olmasan belə
üç gün, üç gecə insanlarla danışmamalısan - bu da sənin əlamətin»
dedi Allah.
11. Mə'bəddən qövmünün
qabağına çıxaraq işarəylə bildirdi ki, səhər-axşam həmd etsinlər
Allahı [namaz qılsınlar]
12. «Ey Yəhyə, Kitabdan
möhkəm yapış» deyə hikmət öyrətmişdik hələ uşaqkən ona.
13. Bir mərhəmət duyğusu,
bir paklıq da vermişdik ona dərgahımızdan. Taqva yiyəsiydi o.
14. Atasına-anasına yaxşı
idi, Rəbbinə asi olan bir yekəpər deyildi.
15. Doğulduğu gündə də,
öləcəyi gündə də, diriləcəyi gündə də Biz onu salamlayırıq.
16. Məryəmi də an Kitabda.
Ailəsindən kənarlaşıb şərqə doğru çəkilmişdi.
17. Özü ilə onların arasında
bir pərdə çəkmişdi. Biz də ruhumuzu [Cəbraili] göndərdik onun
yanına. Kamil bir bəşər kimi göründü ruhumuz ona.
18. «Rəhman Özü məni
səndən qorusun, taqva yiyəsisənsə dəymə mənə» dedi Məryəm.
19. «Mən Rəbbinin elçisiyəm,
gəldim sənə pak bir oğlan uşağını bağışlayam» dedi ruh.
20. «Mənə bir bəşərin
əli dəyməmiş, pozğun qadın da deyiləm, oğlum necə ola bilər?»
dedi Məryəm.
21. «Elədir. Amma Rəbbin
belə demiş: «Bu Mənim əlimdə asan bir işdir. İnsanlara bir mö'cüzə
olaraq, dərgahımızdan onlara rəhmət payı olaraq Biz onu var edəcəyik.
Öncədən belə bir qərar vermişik» dedi ruh.
22. Beləcə o uşaqla yükləndi
Məryəm.
23. Doğum sancısı onu
bir xurma ağıcının altına çəkdi. «Bundansa kaş öləydim, unudulub
gedəydim» dedi o.
24. Bir səs [ruh] onu
aşağıdan səslədi: «Yzmə özünü, Rəbbin içindəkini nəcabətli eləmiş.
25. Xurma ağacını özünə
çək, silkələ, üstünə tərtəzə xurmalar tökülsün.
26. Ye, iç, gözün aydın
olsun! İnsanlardan kimi görsən söylə ki, «Mən bu gün orucam, Rəhmanın
adına susmağı nəzir demişəm, kimsəylə kəlmə kəsmərəm».
27. Uşağı qucağında qövmünün
içinə gəldi. Dedilər: «Ey Məryəm, görünməmiş bir iş gördün.
28. Ey Hərunun bacısı,
pis kişi deyildi atan, əxlaqsız deyildi anan».
29. Əli ilə uşağı göstərdi
o. «Beşikdəki uşaqla necə danışmaq olar?» dedilər.
30. Uşaq dilləndi: «Mən
şübhəsiz, Allahın bəndəsiyəm, mənə Kitab [İncil] vermiş O, məni
peyğəmbər eləmiş.
31. Harda olursam olum,
mənim qədəmlərimi O mübarək eləmiş. Bir də buyurmuş sağ durduqca
namaz qılım, zəkat verim.
32. Və anama da yaxşı
olum. Bədbəxt bir yekəpər yaratmamış məni O.
33. Doğulduğum gündə
də, öləcəyim gündə də, diriləcəyim gündə də salam olsun mənə».
34. Məryəm oğlu İsa budur.
Şübhə elədikləri o gerçək kəlam budur.
35. Övlad götürən deyil
Özünə Allah. Ucalardan ucadır O. Hər nəyi istəsə, «Ol» desə olasıdır.
36. «Şübhəsiz, Allah
mənim də Rəbbimdir, sizin də Rəbbinizdir. Ona ibadət eləyin. Doğru
olan yol budur».
37. Çəkişməyə başladı
bir-biriylə ayrı-ayrı firqələr. O böyük günü görəcək kafirlərin
vay halına!
38. Yanımıza gələn gün
qulaqları elə yaxşı eşidəcək, gözləri elə yaxşı görəcək ki! Fəqət
zalımlar bu gün aşkar bir sapqınlıq içindədirlər.
39. Həsrət günü [dünya
həyatında yaxşı işlər görməyin həsrətini çəkəcəkləri qiyamət günü]
barəsində onlara xəbərdarlıq elə. Yoxsa onlar qəflətdə ikən, imana
gəlməmişkən birdən yaxalanarlar, iş işdən keçmiş olar.
40. Yer üzünün və burada
olanların varisi, şübhəsiz, Bizik. Və Bizim dərgahımıza qayıdar
onlar.
41. İbrahimi də an Kitabda.
Çox doğrucul insandı, peyğəmbərdi, şübhəsiz.
42. Bir zaman atasına
demişdi: «Atacan, axı nəyə görə nə eşidən, nə görən və nə sənə
bir yararı, ya zərəri olan şeylərə ibadət eləyirsən?
43. Atacan, sənə gəlməyən
elm, şübhəsiz, mənə gəlmiş. Mənə tabe ol səni doğru yola yönəldim.
44. Atacan, şeytana tapınmayasan.
Rəhmana çox asi olmuş o şeytan.
45. Atacan, doğrusu,
mən qorxuram Rəhmanın əzabı sənə toxuna və şeytana yoldaş olaraq
qalasan»
46. Atası dedi: «Ey İbrahim, mənim tanrılarımdan dönməkmi istəyirsən?
Düşündüyündən daşınmasan, səni daşa basacam. Uzun bir müddətliyə
məndən uzaq ol».
47. İbrahim dedi: «Salam
olsun sənə. Sənin üçün Rəbbimdən məğfirət diləyəcəyəm. Şübhəsiz,
mənə qarşı yaxşıdır O.
48. Allahı qoyub tapındığınız
bütlərlə sizi tərk eləyib gedirəm. Rəbbimə yalvararam. Rəbbimə
yalvara-yalvara, güman ki, baxtsız olmaram».
49. Allahı qoyub tapındıqları
bütlərlə onları tərk eləyib gedəndən sonra İshaqı və Yaqubu İbrahimə
bəxş elədik, hər birini peyğəmbər elədik.
50. Onlara pay verdik
rəhmətimizdən, hər dildə, hər dində xatırlatdıq onları.
51. Musanı da an Kitabda.
Pak olan bir insandı, göndərilmiş peyğəmbərdi, şübhəsiz.
52. Tur dağının sağ yanından
onu səslədik. Və özümüzə onu yaxın saldıq ki, dediyimizi eşidə
bilsin.
53. Rəhmətimizdən pay
kimi qardaşı Hərunu bəxş elədik Biz ona peyğəmbər olaraq.
54. İsməili də an Kitabda.
Və'dinə sadiq qalan bir insandı, göndərilmiş peyğəmbərdi, şübhəsiz.
55. Namaz qılmağı, zəkat
verməyi əmr edərdi əhlinə. Ondan razı idilər Rəbbinin dərgahında.
56. İdrisi də an Kitabda.
Çox doğrucul bir insandı, peyğəmbərdi, şübhəsiz.
57. Ali bir məqama ucaltdıq
onu.
58. Bunlar o peyğəmbərlərdilər
ki, ne'mət vermişdi onlara Allah. Adəmin, Nuhla birgə gəmidə daşıdıqlarımızın,
İbrahim və İsrailin nəslindəndi, doğru yola yönəltdiyimiz və seçdiyimiz
kimsələrdəndi bu şəxslər. Rəhmanın ayələri oxunanda bunlara səcdəyə
qapanıb ağlayardılar.
59. Bunlardan sonra gələn
nəsillər namazdan əl çəkdilər, şəhvətlərə uydular. Düşəcəklər
cəhənnəmin içinə.
60. Tövbə eləyən, iman
gətirən, saleh işlər görənlərsə girərlər cənnətə, onların haqlarında
bir haqsızlıq edilməz.
61. Girərlər Adn cənnətlərinə.
Bunları bəndələrinə qaibanə və'd etmiş Rəhman. Şübhəsiz, Onun
və'di yerinə yetəcəkdir.
62. Oralarda boş sözlər
yox, yalnız salam eşidərlər. Səhər-axşam ruziləri oralarda hazır
olar.
63. Budur o cənnət ki,
bəndələrimizdən müttəqi olanları ona varis edərik.
64. «Yalnız Rəbbinin
buyruğuyla nazil olarıq biz mələklər. Gələcək, keçmiş və indiki
işlərimizi təkcə O bilər. Rəbbin unutqan deyil».
65. Göylərin, yerin və
bunların arasında olanların Rəbbidir O. Ona ibadət elə. Səbrli
ol Ona ibadətində. Necə bilirsən, varmı Onun adaşı?
66. «Öləndən sonramı
qəbirdən sağ çıxacam» deyər insan.
67. Məgər xatırlamazmı
insan, öncə onu yaradan Biz idik, o sadəcə bir heç idi.
68. Rəbbinə and olsun
ki, Biz onları şeytanlarıyla birgə bir yerə cəm edərik, sonra
da diz çökdürərik onları cəhənnəmin çölündə.
69. Sonra isə hər dəstədən
seçib ayırarıq Rəhmanın əleyhinə ən çox çıxan kəsləri.
70. Bir də ki, Biz çox
yaxşı tanıyırıq kimlər daha layiqdir cəhənnəmə girməyə.
71. Sizlərdən hər biriniz
ora mütləq girməli. Bu bir hökmdür, onu icra eləməyə Rəbbin Özü
qərarlıdır.
72. Sonra müttəqilərə
nicat verərik, zalımları diz üstə çökmüş halda tərk edərik.
73. Ayələrimiz açıqca
oxunan zaman iman gətirənlərə «Bu iki dəstədən hansı birinin məqamı
daha yaxşı, yeri daha gözəldir?» deyər küfr eləyənlər.
74. Bunlardan öncə də
neçə-neçə nəsli yoxa çıxardıq. Onlar bunlardan daha varlı, daha
görümlüydülər.
75. De ki, «Və'd edilən
əzabı, ya qiyaməti görənədək sapqınlıq içində vurnuxanlara möhlət
verər Rəhman. O zaman bilərlər kimin yeri daha pisdir, kimin tərəfdarları
daha zəifdir».
76. Doğru yolda olanların
doğruluğunu artırar Allah. Qalımlı olansa saleh işlərdir, bunların
da daha çox xeyir gətirəcək savabı və bunlarla bağlı olan daha
gözəl aqibət yazısı Rəbbinin dərgahındadır.
77. «Mənə mal-dövlət
və övlad veriləcəkdir!» dedi ayələrimizi danan kəs. Gördünmü onu
nə dedi?
78. Görülməzimi bilir,
Rəhmanla bu barədə əhdmi bağlamış?
79. Xeyr! Nə deyirsə
yazarıq, əzabını uzatdıqca uzadarıq.
80. Onun dedikləri şeylərə
Biz özümüz varis olarıq, bunları tərk eləyib tək gələr o dərgahımıza.
81. Allahı qoyub başqalarına
tanrılar olaraq tapındılar ki, Allahın dərgəhında bunlar öz nüfuzuyla
onların xilası üçün iltimasçı olalar.
82. Xeyr! Onların ibadətini
inkar edəcəklər, onların ziddinə gedəcəklər.
83. Kafirlərin üstünə
şeytanlar göndərmişik. Bunlar da kafirləri Ona asi olmağa qızışdırarlar.
84. Onların işləklərinə
görə darıxma, Biz onların günlərini bircə-bircə sayırıq.
85. Rəhmanın hüzurunda
müttəqiləri bir hey'ət olaraq cəm edəcəyimiz gün,
86. suçluları susuzluqdan
yana-yana cəhənnəmə sürəcəyimiz gün
87. ancaq o kəslər üçün
iltimas edilər ki, Rəhmanla əhd bağlamış onlar.
88. «Bir övlad götürmüş
Özünə Rəhman» dedilər.
89. Dəhşətli bir söz
atdınız ortaya.
90. Az qala çatlayacaqdı
göylər, yarılacaqdı yer, yıxılıb dağılacaqdı dağlar,
91. Rəhmana bir övlad
calamaq istəmişdilər.
92. Rəhmana yaraşmaz
Özünə övlad götürə.
93. Göylərdə kim varsa,
yerdə kim varsa hamı Ona qul olaraq gələcək Rəhmanın dərgahına.
94. Onları birər-birər
saymış O.
95. Qiyamət günü hamısı
da təklənərək gələcək Onun dərgahına.
96. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, sevimli edəcək onları Rəhman.
97. Qur'anı sənin dilində
nazil eləmişik ki, müttəqilərə müjdə verdiyin zaman, tərs olan
kəslərə xəbərdarlıq edən zaman bir çətinlik çəkməyəsən.
98. Bunlardan öncə də,
neçə-neçə nəsli yoxa çıxardıq. Gözünə dəyirmi heç birisi, qulağına
gəlirmi heç birinin səsi?
|