Allahın
bəndələri mələkləri də qadın cinsində sanmış onlar.
Zuxruf, 19
Bir neçə
il əvvəl Bakıda çox populyar olan bir ekstrasensin haqqında yazı
yazmaq üçün qəbuluna getmişdik. Gözləmə otağı dini mövzuda şəkillərlə
bəzədilmişdi. Divardakı şəkillərdən birində çox geniş yayılmış
bir mövzu -İbrahim peyğəmbərin həzrət İsmayılı qurban kəsmək ərəfəsi
təsvir olunmuşdu. İsmayıl divana bənzər mebelin üstünə uzadılıb.
Göydən qoç endirilir. Qoçu əlində tutan, guya, mələkdi. Orta uzunluqda,
biqudifason priçoskası xeyli pırpızlanmış, maksi donu hava şarı
təkin dolmuş bu qadın rəsmini «rəssam» mələk deyibən çəkmişdi,
amma mələk əvəzinə pinti bir tərəkəmə arvadı portreti ortalığa
çıxmışdı. O şəklə baxanda adamda rəsm çəkməyi qadağan edən ortodoksalların
atasına rəhmət oxumağa güclü meyl yaranırdı.
Qurani-Kərimin nazil
olmasından min dörd yüz ilə qədər zaman ötsə də, hələ də dini
təsəvvürlərdə mələk qadın şəklində yaşayır. Təsadüfi deyil ki,
Mələk adı Azərbaycanda yalnız qadınlara verilir. Bədii ədəbiyyatda
gözəllər mələyə bənzədilir. Bəs Quran mələklər haqda nə deyir?
Qurani-Kərimdə düşünən,
idrak sahibi olan varlıqlar sırasında insan və cinlərlə yanaşı
mələklərin də adı çəkilir. Onlar gözə görünmür. Göydə olur və
uça bilirlər. Hədis ədəbiyyaitında mələklərin nurdan yaradıldığı
deyilsə də, Quranda onların oddan yaradıldığı deyilir: «Sizi xəlq
elədik, sonra şəklə saldıq, sonra da mələklərə: «Adəmə səcdə eləyin»
söylədik. Onlar səcdə elədi, Iblis eləmədi, səcdə eləyənlərdən
olmadı o. «Sənə buyurmamışdım, axı, belə edəsən, səni səcdədən
edən nədir?» - dedi Allah. «Mən ondan üstünəm, məni oddan xəlq
elədin, onu gildən» - dedi iblis» (Əraf, 11-12).
Mələklər Allahın elçiləri və xidmətçiləridirlər. Onların cinsi
yoxdur, amma onları qız sayanlar olub və Quranda bu xüsusla bağlı
deyilir: «Yalnız axirətə inanmayanlar «qız» deyər mələklərə. Mələklərin
yaradılışı barədə bir bilgisi yox onların» (Nəcm, 27-28).
Mələklər Uca Tanrının
buyruğundadırlar və hər zaman Allaha həmd oxuyarlar: «O zaman
görərsən, ərşi hər tərəfdən dövrəyə almış və həmd oxuyur Rəblərinə
mələklər. Artıq hamının işi haqq ilə həll olónmuş. «Həmd olsun
Allaha, aləmlərin Rəbbinə» - deyər mələklər» (Zumər,75).
Mələklər Allaha sözsüz itaət edirlər. Bunların içərisində dördü
var ki, Allaha daha yaxın olduqları üçün bunlara «mukarribun»
(yaxın olanlar) adı verilib. Bunlar Cəbrayıl, Mikayıl, İsrafil
və Əzrayıldir.
Mikayılın
bütün kainata göz yetirirdiyi deyilir. Onun adı Quranda bir dəfə
Cəbrayılla birgə çəkilir, amma vəzifəsi haqda bir şey deyilmir:
«Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrayıla və Mikayıla düşmən
kəsilən bilsin, Allah da kafirlərin düşmənidir» (Baqara,
98). Cəbrayıl isə mələklər içərisində daha üstünlərindən
olub, Allahla peyğəmbərlər arasında əsas vasitəçi kimi götürülür.
Onun Quranı Məhəmməd peyğəmbərə çatdırdığı, kafirlərdən qoruduğu
barədə məlumat alırıq: «De ki, «Cəbrayıla düşmən kəsilən düşməndir
Allaha». Çünki Quranı Allahın izni ilə əvvəlkini təsdiq edən,
möminlərə yol göstərən, mücdə gətirən Kitab olaraq sənin qəlbinə
o göndərmişdir» (Baqara, 97).
Quranda Cəbrayıl
həm də peyğəmbərimizin dostu kimi tanıdılır: «İkiniz də Allaha
tövbə eləyin. Günaha batmış ürəkləriniz. Peyğəmbərin əleyhinə
çıxsanız, bilin, Allahdır onun dostu, Cəbrayıldır, yaxşılardan
olan möminlərdir, mələklərdir ona yardım edənlər» (Təhrim,
4). Quranın bir ayəsində «Cəbrayıl» əvəzinə, sadəcə,
«Ruh» sözü işlədilsə də, əksər təfsirçilər ondan söz açıldığı
qənaətindəirlər: «Hər iş üçün Rəblərinin iznilə yerə enər mələklər
və Ruh Qədir gecəsi» (Qədr, 4). Bir başqa ayədə
isə Cəbrayıl əvəzinə «Ruhülqüds» (müqəddəs ruh) sözü işlədilir:
«De ki, «İmana gələnlərə güc vermək üçün, müsəlmanlara yol göstərmək,
mücdə vermək üçün Ruhülqüdsü nazil elədik Rəbbinin dərgahından»
(Nəhl,102). Qurani-Kərimèí Cəbrail vasitəsilə
ayə-ayə diqtə edildiyi bəllidir. Qıyəmə surəsində bu barədə deyilir:
«Sənə vəhy olunanda Quran, dərhal dillənmə, dinmə. Onu sənin ürəyində
cəm eləmək, onu sənə oxutdurmaq Bizim öhdəmizdədir. Cəbrayılın
diliylə onu oxuduqda sən dinlə» (Qıyəmə,16-18).
Bu ayə ilə bağlı onu deyirlər ki, ilk vaxtlarda Məhəmməd peyğəmbər
vəhy alan kimi onu uca səslə təkrarlayarmış. Hicrətin ilk illərində
isə artıq vəhy bitincəyə qədər gözləyərmiş.
«Yaxın olan»lardan üçüncü
mələk isə Əzrayıldır. O, Quranda «ölüm mələyi»
olaraq adlandırılır: «De ki, «Canınızı almağa vəkil edilən o ölüm
mələyi gəlib sizi vəfat etdirər, sonra da Rəbbinizin dərgahına
dönərsiniz» (Səcdə, 11). Əzrayılın özü, adətən,
tək olaraq düşünülsə də, Quran mətni can alan mələklərin bir neçə
olduğunu deyir. Hətta onların fəaliyyət tərzlərində də fərqlər
var: bəziləri canı xoşluqla alır, bəziləri isə dartıb çıxarır:
«And olsun kafirlərin canınû dartıb çıxaran mələklərə. And olsun
möminlərin canını xoşluqla alan mələklərə» (Nəziat, 1-2).
İslam əsatirində Əzrayılın
ölüm mələyi vəzifəsinə təyinatı haqda belə deyilir. «Allah Adəmi
yaratmaq üçün Cəbrayıl, İsrafil, Mikayıl və Əzrayılı yerə göndərir
ki, gil gətirsinlər. Əvvəlki üç mələk möhkəm olduğuna görə Yerdən
gil qopara bilmirlər. Əzrayıl isə gili dartıb qoparır. Belə sərtliyinə
görə Allah ona can almaq məsələsini tapşırır». Başqa bir mifdə
isə deyilir: «Allahın dərgahında bir ağac var. Orada hər kəsin
ölüm saatı qoyulub. Kim öləsidirsə, onun adı yazılmış yarpaq ağacdan
düşür və Əzrayıl yarpağı götürüb gəlir adı yazılan kəsin canını
almağa. Əzrayıl zalımların canını sərtliklə, möminlərinkini isə
yumşaqlıqla alır».
Dördüncü mələk olan İsrafilin
Qiyamətin başladığını xəbər verəcək mələk olduğu qəbul edilib.
Onu Bibliyadakı Serafimlə müqayisə edirlər. Qiyamət Sura üflənməsi
ilə başlanacaq. «Elə ki çalındı Sur, Allahın istədiyi kimsələrdən
savayı göylərdə kim varsa, yerdə kim varsa, yıxılıb ölər hamısı.
Bir daha çalınanda isə bütün ölənlər qalxıb ayağa gözləyərlər
olacağı» (Zumər, 68). Bundan başqa, hər bir insanı
təhlükələrdən qorumaq üçün xüsusi mələklərin olduğu da Quranda
deyilir: «İnsanı irəlidən, arxadan izləyən mələklər var. Allahın
əmrilə hifz eləyirlər onu» (Rad, 11). Başqa iki
mələk isə hər bir kəsin işləklərini qələmə alır. Bu yazılanlar
axirətdə hər bir kəsə təqdim olunacaq. Həmin mələklər «katibeyn»
- iki katib adlanır. Dini təsəvvürlərə görə, bu mələklər səhər
namazı və ikindi namazı zamanı növbəni dəyişirlər. Ona görə həmin
zamanlar adamlar günah eləməyə daha çox yaxın olurlar və bu namazların
zamanında qılınması ona görə vacib sayılır. Həmin mələklər iş,
söz, fikir və düşüncələri «əməl dəftəri» deyilən yerə yazırlar:
«Sizin üstünüzdə gözətçilər var. Nəcib mələklərdir, hər şeyi yazar
onlar. Tutduğunuz hər işi bilər onlar» (İnfıtar,10-12).
Həmin mələklərin qeydiyyat apardığı sənəd Quranda «kitab» adlanır,
amma dilimizdə bu anlamda daha çox «əməl dəftəri» ifadəsi işlənir:
«Hər insanın tale yükünü, gördüyü işlərin yükünü boynuna yükləyib
ona daşıtdırarıq və qiyamət günü vərəq-vərəq açarıq önündə bu
kitabı. «Oxu kitabını, sən özün bəsinsən bu gün, özünlə özün çək
haqq-hesabını» (İsra,13-14).
Quran ayələrindən bəlli
olur ki, mələklər Allaha çox ixlasla, həvəslə qulluq edir, öz
işlərindən zövq alırlar. Onlar bu səbəbdən Uca Tanrının sevgisinə
nail olublar. Onlara and içilir: «And olsun səmada süzən mələklərə.
And olsun Allahın yolunda bir-biri ilə yarışdıqca yarışan mələklərə.
And olsun dünya işlərini nizamlayan mələklərə» (Nəziat,
3-5).
Quranda bunlardan başqa
Hərut və Mərut adlı iki mələkdən də söz açılıır. Onlar sehrin
bilicisi kimi təqdim olunur. Hərut və Mərut insanlara sehr öyrədiblər.
Amma xəbərdarlıq da ediblər ki, bu, yaxşı iş deyil. Quranın Baqara
surəsində deyilir: «Onlar insanlara cadu və Babildə Hərut və Mərut
adlı mələklərə göndəriləni öyrədirlər. Bu mələklərsə: «Biz bir
fitnəyik (sizi, sadəcə, sınaqdan keçiririk), kafirlik eləməyin»
deməsəydilər, kimsəyə bir şey öyrətməzdilər. İnsanlar həmin mələklərdən
ərlə arvadın arasını vuracaq şeyləri öyrənirdilər, amma Allahdan
xəbərsiz kimsə zərər çəkməzdi. Özlərinə yararlı deyil, zərərli
şeylər öyrənirdilər. Bilirdilər ki, bu əməllərinə görə axirətdə
bir nəsibləri olmayacaq. Əvəzində özlərini satdıqlarının nə pis
şey olduğunu biləydilər kaş» (Baqara, 102).
Əsatirlərdə isə deyilir
ki, guya üç mələk yerə gəliblər, sübut eləsinlər ki, onlar dözümlü
və səbatlıdırlar. Onlardan biri çox tez səhvini başa düşüb və
geri qayıdıb. O birilər isə Hərut və Mərut imiş. Onlar qalıblar
və gözəl qadınlara aludə olublar. Sonra onun təsiri ilə bütpərəstliyə
meyl eləyiblər. Qətl törədiblər və s. Göründüyü kimi, Quran ayəsi
tamam başqa məlumat verir. C. Ruminin «Məsnəvi»sində də onlardan
söz açılır: «(Ağlın ağlından qaçan, peyğəmbər və övliyalara uymayan
şəxs) məşhur Hərut və Məruta bənzəyər. Onlar da qürurları üzündən
zəhərli ox yedilər. Müqəddəs yaradılışlarına, mələk olduqlarına
etimad etdilər. ...Bu iki mələk cahan xalqının günahlarını, pisliyini
görəndə hiddətlərindən əllərini dişləyirdilər. Fəqət gözləriylə
öz ayıblarını görmürdülər. Tanrı Hərut və Məruta: «Əgər siz nurdan
yaradılmış məsum mələksinizsə, aldanmış, ziyankar günahkarları
görməyin. Şükr edin ki, şəhvətdən və cinsi təmayüldən qurtulmuşsunuz.
Əgər sizə də şəhvət versəm, artıq göy üzü qəbul etməz. Özünüzə
gəlin, lənətlənmiş şeytan sizə qalib gəlməsin» dedi». Rumi Hərut
və Mərutun Babil quyusunda cəzalandırıldığını da yazır («Məsnəvi»,
I cild, 266-268).
Quranda bundan başqa
daha iki mələkdən söz açılır. Bunların ölümdən sonra qəbirdə dindirmə
və cəza işinə baxdığı bildirilir. Quranda adları çəkilməsə də,
dini ədəbiyyatda onlar Nakir və Münkər olaraq adlandırılır. Bir
sıra ayələr onlarla əlaqələndirilir: «Görəydin can verən zaman
necə əziyyət çəkir kafir olan kimsələr. Önündən, arxasından mələklər
onları vuraraq deyirlər: «Dadın yanğın əzabını, öz əlinizlə gördüyünüz
işlərin cəzasıdır bu. Yoxsa bəndələrə əsla zülm eləməz Allah»
(Ənfəl, 50-51).
Cəhənnəmdə cəza vermək
işi də mələklərə həvalə olunub: «Cəhənnəmin on doqquz məmuru var.
Cəhənnəm məmurlarını mələklərdən elədik» (Muddəssir, 30-31).
Bunlar yuxarıda qeyd olunan mələklər sırasından deyil, cəhənnəmdə
görəcəkləri işlərin xarakterinə uyğun keyfiyyətləri var. Təbiidir,
cəhənnəmdəki cəzaları vermək işini incəqəlbli, sentimental personallara
həvalə etmək olmazdı: «Ey iman gətirənlər! Özünüzü və arvad-uşağınızı
yanacağı insanlar və daşlar olan oddan qoruyun. Daşürəkli, qoluzorlu
mələklər məsuldur bu odun yanmağına» (Təhrim, 6).
Cəhənnəmdə bütün cəza
arsenalına rəhbərlik edən bir baş mələk də var, o, Quranda «cəhənnəmin
yiyəsi» - «Malik» adlandırılr: «Ey Malik, Rəbbinə söylə, öldürsün
bizi» deyər cəhənnəm əhli» (Zuxruf, 77). Mələklərin
iltiması Allahın kimi isə bağışlaması üçün arqument ola bilməz.
Allah istəsə, onların xahişini nəzərə alar, amma əksinə də ola
bilər: «Göylərdə neçə-neçə mələklər var ki, faydasız olar iltimasları
nə qədər ki, istədiyi və razı qaldığı bir bəndəsinin xətrinə iltimasçün
izn verməmiş Allah» (Nəcm, 26). Mələklərə aid
bir sıra emosional keyfiyyətlərin olduğunu da ayrı-ayrı ayələrdən
öyrənmək olar. Onlar sevinir, rişxənd edir, «daşürəkli» ola bilir.
«Mələklər rişxəndlə: «Bəlkə qaçmayasınız....» deyərdilər» (Ənbiyə,
13).
Yuxarıda deyildiyi kimi,
mələklər göydə uçur, «süzür», yerə enir və s. Eyni zamanda, onların
görünüşü haqda da maraqlı məlumatlar verilir. «Həmd olsun göyləri,
yeri yaradan, cüt qanadlı, üç qanadlı, dörd qanadlı, daha neçə
qanadlı mələkləri elçilər eləyən Allaha» (Fatır 1).
|