Rəhman
və Rəhim Allahın adıyla
1. Ey iman gətirənlər! Əməl edin sazişlərə. Sizə deyilənlərdən
savayı yerdə qalan hər bir heyvan halal sayılmış sizə. Ancaq əyninizdə
ihram [həcc və umra ziyarəti zamanı geyinilən geyim] varkən ov
ovlamaq halal sayılmaz. İstədiyi hökmü verir Allah.
2. Ey iman gətirənlər! Allahın mərasimlərinə, haram aya, [Kə'bəyə]
hədiyyə olan qurbanlığa, boyunbağı ilə bəzədilmiş qurbanlıqlara
və Rəblərinin lütfünün və rizasının ardınca Beyti harama gələnlərə
siz nəbadə hörmətsizlik edəsiz. İhramı soyunandan sonra ov ovlaya
bilərsiz. Məscidi harama gələn zaman qarşınızı kəsən kəslərə qarşı
bəslədiyiniz kin sizi təcavüz etməyə qızışdırmasın. Yaxşılıq və
taqva naminə girin ünsiyyətə bir-birinizlə. Günah işlədəcəksinizsə,
düşmənçilik edəcəksinizsə girməyin ünsiyyətə bir-birinizlə. Qorxun
Allahdan. Allahın cəzası şiddətlidir.
3. Leş, qan, donuz əti, Allahdan qeyrisi adına kəsilənlər, canı
çıxmazdan öncə kəsməmiş olsanız boğulmuş, bir yerindən vurularaq
öldürülmüş, yıxılıb ölmüş, buynuz zədəsilə ölmüş və qurbangahlar
üstündə kəsilmiş heyvanları yemək və fal oxlarıyla pay qazanmaq
haram bilinmiş sizə. Əxlaqsızlıq deməkdir bunu qəbul etməmək.
Sizi dininizdən döndərməkdən üzmüş artıq ümidini kafirlər bu gün.
Onlardan qorxmayın, Məndən qorxun. Bu gün sizin dininizi, sizə
olan ne'mətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim.
Aclıqdan əziyyət çəkən bunlardan yeyə bilər günaha meyl etmədən.
Şübhəsiz, bağışlayandır, Rəhimdir Allah.
4. Səndən soruşarlar, nələr halaldır onlara? De ki, «Sizə halal
bilinmiş təmiz və yaxşı şeylər. Allahın sizə öyrətdiyindən öyrədərək
əhliləşdirdiyiniz ov itlərinin tutduğunu yeyin və anın Allahın
adını. Qorxun Allahdan. Şübhəsiz, hesabı tez aparandır Allah.
5. Bu gün halal bilinmiş sizə təmiz və yaxşı şeylər. Kitab verilənlərin
yediyi sizə halaldır. Sizin yediyiniz də onlara halaldır. Namus
gözləyib əxlaqsızlığa yol verməsəniz, mə'şuqəniz olmasa sizə halal
bilinər mö'min olan namuslu subay qadınlar və sizdən öncə Kitab
verilənlərdən olan namuslu subay qadınlar. İmanı danan adamın
boşa çıxar işləri, axirətdə də ziyana düşənlərdən olar».
6. Ey iman gətirənlər! Namaza qalxan zaman yuyun üzünüzü, yuyun
dirsəyə qədər əllərinizi, başınıza çəkib sürtün əllərinizi, yuyun
topuğa qədər ayaqlarınızı. Təmiz deyilsinizsə paklanın. Xəstə
olsanız, yaxud yol üstə olsanız, yaxud ayaq yolundan gəlmisinizsə,
yaxud da qadınla yaxınlıq etmisinizsə - su tapa bilməsəniz təmiz
qumla təyəmmüm edin: əllərinizə, üzünüzə sürtün qumu. Bərkə salmaq
istəməz sizi Allah. O istər pak etsin sizi, tamamlasın sizə olan
ne'mətini, siz də şükr eləyəsiz Ona.
7. Anın Allahın sizə olan ne'mətini, Ona verdiyiniz sözü. «Eşitdik,
itaət elədik» demişdiniz. Qorxun Allahdan. İçinizdə olanları bilir
Allah.
8. Ey iman gətirənlər! Allah xatirinə insafla şahidlik eləyin.
Bir dəstə adama bəslədiyiniz kin sizi insafdan çəkindirməsin.
İnsaflı davranış taqvaya daha yaxındır. Çəkinin Allahdan. İşləklərinizdən,
şübhəsiz, xəbərdardır Allah.
9. İmana gələnlərə, əməli salehlərə məğfirət və böyük əcir və'd
etmiş Allah.
10. Ayələrimizi yalan sayıb dananlarsa cəhənnəm adamlarıdır.
11. Ey iman gətirənlər, anın Allahın sizə olan ne'mətini. Sizə
tərəf uzadanda təcavüzkar əllərini bir qövm, o əlləri geriyə çəkmişdi
Allah. Çəkinin Allahdan. Qoy Allaha güvənsin mö'min bəndələr.
12. İsrail oğullarından söz almışdı Allah. On iki başçı seçdik
onların arasından. «Mən, şübhəsiz, sizinləyəm. Namaz qılsanız,
zəkat versəniz, elçilərimə inansanız, onlara yardım göstərsəniz,
Allaha gözəl bir borc versəniz, yuyaram günahlarınızı, salaram
sizi içindən çaylar axan cənnətlərə. Bundan sonra da sizlərdən
kim küfr eləyərsə doğru yoldan sapmış olur» dedi Allah.
13. Verdikləri sözü pozduqlarına görə onları lə'nətlədik, qəlblərini
qəddar elədik. Dəyişdirərək kəlmələrin yerlərini təhrif eləyir
mə'nanı onlar. Unudublar onlara xatırladılan şeylərin bir hissəsini.
Hələ də xəyanət görürsən onların bir çoxundan. Ancaq necə olsa
da əfv et, bağışla onları. Allah sevər gözəl davrananları.
14. «Biz xristianıq» deyənlərdən də və'd almışdıq. Unutdular onlara
xatırladılan şeylərin bir hissəsini və qiyamətə qədər düşmənçilik,
kin-küdurət saldıq onların arasına. Onların nə iş tutduğunu özlərinə
xəbər verəcək Allah.
15. Ey Kitab əhli! Sizə Bizim Rəsul gəlib, Kitabdan gizlədiyiniz
şeylərin çoxunu açıqlayır sizə o və çoxunun da üstündən keçib
o. Sizə Allahdan bir nur gəlib, aydın bir Kitab gəlib.
16. Allahın rizasını qazanmaq istəyənləri bu Kitabla salamat yollara
və Öz izniylə qaranlıqdan aydınlığa çıxarar Allah. Doğru yola
yönəldər onları O.
17. Küfr elədi o kəslər ki, «Məryəm oğlu Məsihdir Allah» dedilər.
«Elə isə kimin Allahlıqdan nəyi var ki, çıxsın Onun qabağına məhv
etmək istərsə Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə yaşayanın
hamısını» söylə. Göylərin, yerin və göylərlə yer arasının yiyəsi
Allahdır. İstədiyini yaradır O. Hər şeyə qadirdir Allah.
18. Yəhudilər və xristianlar «Biz Allahın oğullarıyıq, Onun sevimliləriyik»
dedilər. «Elə isə bəs niyə əzab verir sizə günahlarınıza görə
Allah? Siz də Onun yaratdığı bəşərsiniz» söylə onlara. İstədiyini
bağışlar, istədiyinə əzab verər Allah. Göylərin, yerin və göylərlə
yer arasının yiyəsi Allahdır. Onun da dərgahına dönəcək axır hamı.
19. Ey Kitab əhli! Kəsilmişdi elçilərin gəlişinin arası, sizə
Bizim Rəsul gəlmiş aydınlatsın hər şeyi. «Bizə mücdə verən, öyüd
verən bir peyğəmbər gəlməmiş» deməyəsiz. Mücdə verən, öyüd verən
peyğəmbər gəlmiş sizə. Hər şeyə qadirdir Allah.
20. Musa öz qövmünə belə demişdi: «Ey qövmüm, anın Allahın sizə
olan ne'mətini. İçinizdən peyğəmbərlər yaratdı, sizə hökmdarlıq
verdi, aləmlərdə kimsəyə vermədiyini sizə verdi Allah.
21. Ey qövmüm, girin o müqəddəs torpağa ki, onu taleyinizə yazıb
Allah. Geriyə getməyin, yoxsa hər şeyi itirib dönərsiniz geriyə».
22. «Ey Musa, böyük bir qövm var orada, onlar çıxmayınca biz oraya
girmərik. Çıxarlarsa girərik» demişdilər.
23. Allahdan qorxanlardan olan və Onun ne'mət verdiyi iki adam
«Qapıdan girib onların üstünə yüyürün, zəfər sizin olar qapıdan
girsəniz. Əgər mö'minsinizsə, di Allaha təvəkkül eləyin» demişdi.
24. «Ey Musa, nə qədər ki, oradadırlar, oraya girmərik biz. Sən
Rəbbinlə birlikdə gedin savaşın, əyləşib gözləyərik biz burada»
dedilər.
25. «Rəbbim, başqa kimsəm yoxdur mənim, bir özüməm, bir qardaşım.
Yoldan sapmış o qövm ilə aramızı ayır bizim» dedi Musa.
26. «O yer qırx il müddətinə haram oldu onlara. Çaşqınlıq içində
dolaşarlar yer üzünü. Yolsuzların üzündən üzülməyəsən» dedi Allah.
27. Haqq olaraq oxu onlara Adəmin iki oğlunun hekayətini. Hər
ikisi gətirmişdi qurbanlığını. Qəbul edilmişdi qurbanların biri,
edilməmişdi o biri. Qurbanı qəbul edilməyən «Səni öldürəcəyəm»
demişdi öz qardaşına. Bu da cavab olaraq demişdi: «Yalnız müttəqilərdən
qəbul edər qurbanı Allah.
28. Ystümə əl qaldırsan öldürəsən məni, üstünə əl qaldırmaram
öldürəm səni. Çünki mən qorxaram Allahdan, aləmlərin Rəbbindən!
29. İstərəm mənim günahımı da yükləyib öz üstünə cəhənnəmlik olasan.
Budur zalımların cəzası».
30. Nəfsi sövq elədi onu [qurbanı qəbul edilməyən] qardaşını öldürməyə,
öldürdü qardaşını. İtgiyə uğradı o.
31. Qardaşının cəsədini necə basdıracağını göstərmək üçün yeri
eşələyən bir qarğa göndərdi Allah. «Vay halıma, bir qarğa qədər
də olmadım ki, qardaşımın cəsədini necə basdıra bilim» dedi və
peşmançılıq çəkənlərdən oldu.
32. Buna görə belə yazdıq taleyinə İsrail oğullarının: «Bir kimsəyə
qıymayan, yer üzündə pozğunçuluq yaymayan adamı kim qətlə yetirirsə,
sanki bütün insanlığı öldürür o. Kim ölümdən qurtarırsa elə adamı,
sanki bütün insanlığa həyat verir». Aşkar dəlillər götirdi elçilərimiz
insanlara. Amma yenə də yer üzündə həddini aşır çoxu onların.
33. Allahla, Rəsuluyla cəng edənlərin, yer üzündə pozğunçuluq
yayanların cəzası belə olmalı: ya öldürülməli, ya asılmalı, ya
da əlləri, ayaqları çarpaz kəsilməli, ya da qovulmalı yurdundan
onlar. Bu cəzalar onlar üçün dünyada bir rəzillik payıdır alarlar.
Böyük əzab gözləyir onları axirətdə.
34. Ancaq əlinizə keçməzdən öncə tövbə edənlər onlara aid deyil.
Bilin, günahlardan keçəndir, Rəhimdir Allah.
35. Ey iman gətirənlər, Allahdan çəkinin, Ona doğru yol arayın
və Onun yolunda cihad eləyin ki, uğura uğrayasız.
36. Yer üzündə nə varsa və bir o qədər də üstəlik kafirlərin olarsa,
qiyamət gününün əzabından qurtulmaq üçün fidyə kimi versələr də
bunları qəbul olunmaz fidyələri. Ağrılı bir əzab gözləyir onları.
37. İstərlər çıxalar oddan. Çıxa bilməzlər oddan. Əbədidir əzabı
onların.
38. Kişi və qadın oğrunun əməllərinə görə Allahdan bir cəza olaraq
kəsin əllərini. Güclüdür, müdrikdir Allah.
39. Haqsızlığa yol verəndən sonra tövbə eləyib düzələn kimsə bilsin,
tövbəsini, şübhəsiz, qəbul edər Allah. Bağışlayandır, Rəhimdir
Allah.
40. Allahdır göylərin, yerin yiyəsi. İstədiyinə əzab verir, istədiyini
bağışlayır. Bunları bilməzmisən? Hər şeyə qadirdir Allah
41. Ey Rəsul, qoy Səni heç üzməsinlər kafirlikdə birbirilə yarışanlar,
ağzında «İman gətirdik» deyib ürəyində inanmayanlar, yəhudilərdən
olanlar. Yalana qulaq verər, Sənə qoşulmayan başqa qövmə qulaq
verər, kəlmələrin yerlərini dəyişdirib mə'nanı təhrif edər onlar.
«Əgər bu sizə verilirsə alın, verilmirsə həzər edin ondan» deyərlər.
Çaşdırmaq istəsə kimsəni Allah, Ona qarşı üsyana qalxmaqdan ötrü
nə eləsə bir şey gəlməz beləsinin əlindən. Onlar o kəslərdir ki,
Allah istəməz təmizləyə ürəklərini. Onların cəzası rəzillikdir
dünyada. Böyük əzab gözləyir onları axirətdə.
42. Yalana qulaq verərlər, haram yeyərlər. Yanına gəlsələr sənin,
istəsən hakimlik elə aralarında, istəsən də onlardan üz çevir.
Yz çevirsən, bir zərəri dəyməz sənə onların. Hakimlik eləsən ədalətlə
hökm ver. Adilləri sevər Allah.
43. İçində Allahın hökmü olan Tövrat onlarda var ikən əvvəl-əvvəl
səni hakim seçə-seçə sonra nə üzlə hökmünlə razılaşmayıb səndən
üz döndərirlər. Bunlar mö'min deyillər.
44. Həqiqətən, Biz göndərdik Tövratı. Göstərir və nurlandırır
doğru yolu bu Kitab. Yəhudilərə hökm verərdi bu Kitabla özlərini
Allaha təslim etmiş peyğəmbərlər. Rəblərinin qulu olan zahidlər
və alimlər də Allahın Kitabından öyrənib əzbərlədiklərilə hökm
verərdilər. Tövrata şahiddi onlar. Buna görə insanlardan qorxmayın,
Məndən qorxun və Mənim ayələrimi dəyər-dəyməzinə satmayın! Allahın
göndərdiyilə hakimlik etməyənlər kafirlərdir deməli.
45. İntiqam almağı yazdıq onlara o Kitabda - cana can, gözə göz,
buruna burun, qulağa qulaq, dişə diş və yaraya yara. Kim qisasdan
əl çəkərsə, bu öz günahlarının yuyulması deməkdir. Allahın göndərdiyilə
hakimlik etməyənlər zalımlardır deməli.
46. Onların ardınca Məryəm oğlu İsanı göndərdik təsdiq etsin ondan
öncə gəlmiş olan Tövratı. Ona İncili verdik. Göstərir, nurlandırır
doğru yolu o Kitab. Tövratı təsdiq edir, müttəqilərə yol göstərir,
öyüd verir o Kitab.
47. Qoy Allahın ondakı yazıları ilə hakimlik eləsin İncil əhli.
Allahın göndərdiyilə hakimlik etməyənlər fəsiqlərdir deməli.
48. Öncəki Kitabları təsdiq üçün və onları qorumaq üçün Biz sənə
də bu Kitabı nazil etdik haqq olaraq. Allahın göndədiyilə hakimlik
elə sən İncil əhli arasında. Sənə gələn gerçəkdən geri çəkilərək
uyma onların istəklərinə. Biz sizlərdən hər kəs üçün bir qanun
və yol göstərdik. Tək bir ümmət edərdi sizi istəsəydi əgər Allah.
Ancaq O verdiyini verib ki, sınağa çəksin sizi. Xeyirli işlər
görməyə tələsin. Allahın dərgahına dönəcəksiz axırı. Və O da bildirəcək
sizə nədən çəkişirdiniz.
49. Allahın göndərdiyilə hakimlik elə, uyma onların istəklərinə
və ayıq ol ki, çaşdırıb döndərməsinlər səni Allahın sənə göndərdiyi
Qur'anın bir hissəsindən. Səndən üz çevirsələr, bil, bə'zi günahları
üzündən bəlaya salmaq istər onları Allah. Əslində insanların çoxu
çıxmış yolundan.
50. Yoxsa cahiliyyə çağının hökmünü istəyirlər? Allahdan daha
gözəl kim hökm verə bilər e'tiqadlı bir qövm üçün?
51. Ey iman gətirənlər, yəhudiləri və xristianları özünüzə dost
eləməyin. Bir-birinin dostudur onlar. Sizdən kimsə onları dost
tutarsa özünə o da onlardan olar. Zalımları doğru yola çəkməz
Allah.
52. Yrəyi azarlılar görürsən necə canfəşanlıq edib «Qorxuruq ki,
bizlərə bir fəlakət üz verə» deyirlər. Ola bilər onlara zəfər
verə, yaxud bir şey verə Allah Öz dərgahından. Yrəklərində gizlətdiklərinə
görə peşmançılıq çəkərlər.
53. «Sizinlə birgəyik biz» deyə and içənlər bunlarmıdır» deyər
iman gətirənlər. Boşa çıxmış əməlləri, ziyana uğramış belələri.
54. Ey iman gətirənlər! Kim dinindən dönərsə, bilsin, Allah bir
qövm yetirər ki, O onları sevər, onlar Onu. Mö'minlərə itaət,
kafirlərə güc göstərər, Allah yolunda cihad eləyər, töhmətçinin
töhmətindən qorxmaz onlar. Bu, Allahın lütfüdür, dilədiyinə verir
onu. Hər şeyi tutmuş Allah, hər işi bilir Allah.
55. Sizin dostlarınız ancaq Allahdır, Onun Rəsuludur, namaz qılan,
zəkat verən, ruku edən mö'minlərdir.
56. Allahı, Onun Rəsulunu özünə dost bilən kimsə bilsin, yalnız
Allah firqəsinə qatılanlardır qələbəyə çatanlar.
57. Ey iman gətirənlər, sizdən öncə Kitab verilənlərin və kafirlərin
sırasında olub dininizi ələ salan, əyləncə bilən kimsələrlə dostlaşmayın,
Əgər mö'minsinizsə, çəkinin Allahdan.
58. Siz namaza çağırdınız, ələ salıb əyləndilər. Axı, düşüncəsizdilər.
59. De ki, «Ey Kitab əhli, Allaha, bizə və bizdən öncə göndərilənə
iman gətirmişik deyəmi bizdən gəlməyir xoşunuz? Yolsuzlardır çoxunuz».
60. De ki, «Allah dərgahında bundan daha pis qarşılığın olacağını
sizə xəbər verimmi?» Kimə lə'nət eləyibsə, kimə hirslənibsə Allah,
kimləri meymunlara, donuzlara, şeytanların qullarına döndəribsə
Allah, onların yeri daha pisdir Allahın dərgahında. Doğru yoldan
azıb uzaq düşənlərdir belələri.
61. Yanınıza gələn zaman «İmana gəldik» deyərlər. İçinizə küfrlə
girmiş, küfrlə də çıxıb getmiş onlar. Allah daha yaxşı bilir onların
iç üzünü.
62. Görürsən bir-birilə necə yarışır onların çoxu günah işləməkdə,
düşmənçilik eləməkdə, haram yeməkdə. Nə pis iş tutur onlar.
63. Günah söz söyləməkdən, haram yeməkdən çəkindirməli deyilmiydi
məgər onları rəbbanilər və xaxamlar. Nə pis iş tutur onlar
64. Yəhudilər «Əliaçıq deyil Allah» dedilər. Və yumuldu öz əlləri,
lə'nətə gəldi onlar. İki əli də açıqdır Allahın. Dilədiyi kimi
sərf eləyir ne'mətini. Onların çoxunun azğınlığını və küfrünü
mütləq artıracaq Rəbbindən Sənə gendərilən. Qiyamətə qədər sürəcək
düşmənçilik və kin-küdurət salmışıq onların arasına. Onlar yandıranda
hər dəfə hərb odunu, Allah söndürər onu. Pozğunçuluq törədərlər
yer üzündə. Pozğunçuları sevməz Allah.
65. İmana gəlsəydi, Allahdan çəkinsəydi Kitab əhli, keçərdik suçlarından,
bol ne'mətli cənnətlərə salardıq onları.
66. Tövrata, İncilə və Rəblərinin göndərdiyi Qur'ana əgər gərəyincə
əməl eləsəydilər, başlarının üstündə yetişən, ayaqlarının altında
bitən ne'mətlərdən yeyərdilər. Mö'tədil bir zümrə vardı onların
arasında. Ancaq pis işlərlə məşğuldu çoxu onların.
67. Ey Rəsul! Təbliğ elə Rəbbindən sənə nazil olanı. Bunu eləməsən,
Onun göndərdiyi yazını çatdırmırsan deməli. Səni insanlardan qoruyur
Allah. Kafir qövmü doğru yola çəkməz Allah.
68. De ki, «Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə
nazil olana əməl eləməsəniz, bir özülün üzərində deyilsiniz deməli».
Onlardan bir çoxlarının azğınlığını və küfrünü Rəbbindən sənə
nazil olan Qur'an mütləq artıracaq. Elə isə kafirlərin üzündən
üzülməyəsən.
69. İmana gələnlər, yəhudilər, sabiilər və xristianlardan kim
inanırsa Allaha və axirət gününə, yaxşı işlər görürsə, onlara
zaval yoxdur, dərd əlindən üzülməzlər.
70. İsrail oğullarından söz almışdıq, peyğəmbərlər göndərmişdik
onlara. Hər dəfə peyğəmbərlər onlara xoş gəlməyən bir şeyi gətirəndə,
bə'zisinə yalan yaxır, bə'zisini öldürürdü onlar.
71. Elə zənn edirdilər bir fitnə olmayacaq. Kor oldular, kar oldular.
Sonra tövbələrini qəbul buyurdu Allah. Yenə də kor oldu, kar oldu
bir çoxları. Onların işləklərini görür Allah.
72. Küfr elədi o kəslər ki, «Allah yalnız Məryəm oğlu Məsihdir»
dedilər. «Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət
eləyin. Allaha şərik qoşana cənnəti haram bilər Allah, od olar
onun yuvası. Yoxdur zalımların bir yardımçısı» demişdi Məsih axı.
73. Küfr elədi o kəslər ki, «Allah üçün üçüncüsüdür» dedilər.
Tanrı yalnız tək Tanrıdır. Dediklərindən dönməsələr, ağrılı bir
əzaba düşər əlbəttə onlar.
74. Allaha tövbə qılıb Ondan əfv diləməzlərmi? Günahlardan keçəndir,
Rəhimdir Allah.
75. Sadəcə bir elçidir Məryəm oğlu Məsih. Ondan öncə də elçilər
gəlib getmiş. Haqq sözlüdür onun anası. Yemək yeyirdi hər ikisi
[yə'ni yemək yediklərinə görə tanrı ola bilməzlər]. Gör bir necə
açıqlayırıq ayələri onlara, sonra da gör necə haqdan üz döndərirlər.
76. De ki, «Allahı qoyub sizə nə zərəri, nə də yararı olan birisinəmi
ibadət eləyirsiz?» Təkcə Allahdır hər şeyi eşidən, hər işi bilən.
77. De ki, «Ey Kitab əhli! Dininizdə həddinizi haqsız yerə aşmayın.
Öncədən sapmışların, bir çoxunu sapdırmışların, düz yolu azmışların
istəklərinə uymayın».
78. İsrail oğullarından küfr eləyən kimsələr Davudun və Məryəm
oğlu İsanın diliylə lə'nətə gəlmişlər. Ysyana qalxmışdılar, düşmənçilik
edirdilər.
79. Gördükləri pis işlərdən əl götürmürdülər. Nə pis iş tuturdular!
80. Görürsən, kafirlərlə dostluq edir onların bir çoxu. Nəfsləri
onlara nə pis şey verib ki, Allahın qəzəbinə düşüblər və əbədilik
qalacaqlar əzab içində.
81. İnanmış olsaydılar Allaha, Peyğəmbərə və ona nazil olana,
kafirləri dost tutmazdılar. Onların bir çoxu yolsuzlardır.
82. Mö'minlərlə ən çox ədavətdə olan insanlar arasında yəhudilərə
və Allaha şərik qoşanlara rast gələcəksən. Mö'minlərə ən çox sevgi
bəsləyən insanlar arasında «Bizlər xristianlarıq» deyənləri tapacaqsan.
Çünki keşişlər və rahiblər var bunların arasında. Təkəbbürlük
etməz onlar.
83. Rəsula nazil olanı dinləyə-dinləyə haqqı öyrənib bildiklərinə
görə onların göz yaşlarının daşdığını görürsən. Deyirlər: «Rəbbimiz,
imana gəldik, şahidlərlə bir yazıya al bizi.
84. Axı nəyə görə inanmayaq Allaha və bizə gələn gerçəyə, bir
halda ki, saleh qövmə qatılmağı umuruq Rəbbimizdən».
85. Bu sözlərinə görə içindən çaylar axan və içində əbədilik qalacaqları
cənnətlər vermiş onlara Allah. Budur mükafatları gözəl davrananların.
86. Küfr eləyənlər, ayələrimizi yalan sayanlar cəhənnəm adamlarıdır.
87. Ey iman gətirənlər! Haram eləməyin o gözəl və təmiz şeyləri
ki, halal buyurub sizə Allah. Həddinizi aşmayın. Həddini aşanları
sevməz Allah.
88. Allahın sizə halal elədiyi təmiz, gözəl ruzilərdən yeyin.
İman gətirdiyiniz Allahdan çəkinin.
89. Çərənləyərək içdiyiniz anda görə sizi sorğuya çəkər Allah.
Pozulan anda görə günahı yumaq üçün ailənizə yedirdiyinizin orta
hesabı ilə on fəqiri yedizdirmək, yaxud onları pal-paltarla tə'min
etmək, yaxud da bir köləni azadlığa çıxarmaq gərək. Buna gücü
çatmayan üç gün oruc tutmalı. Andlarınızın kəffarəsi bunlardır.
And içəndə əməl edin andınıza. Ona şükr eləyəsiz deyə beləcə açıqlayır
sizə ayələrini Allah.
90. Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan
işidir, iyrənc əməldir. Bunlardan kənar durun ki, uğura uğrayasız.
91. Şərabla, qumarla şeytan aranıza düşmənçilik, kin-küdurət salmaq
istər, Allahı anmaqdan və namaz qılmaqdan çəkindirmək istər. Deməli,
bunlardan əl çəkdiniz, deyilmi?
92. Allaha itaətdə olun, Rəsula itaətdə olun. Pisliklərdən həzər
eləyin. Yoxsa, bilin, Rəsulumuzun borcu hər şeyi açıqca bildirməkdir
ancaq.
93. İman gətirənlərin və əməli salehlərin - taqva edib, imana
gəlib yararlı işlər görsələr və bir daha Allahdan çəkinib yaxşılıqlar
etsələr - bir günahı qalmaz daha əvvəllər daddıqlarına görə. Gözəl
davrananları sevər Allah.
94. Ey iman gətirənlər! Əllərinizin və nizələrinizin ovladığı
ovla sizi Allah sınağa çəkər ki, bilsin kim çəkinir xəlvətdə Ondan.
Bundan sonra kim həddini aşarsa, ağrılı bir əzab gözlər onu.
95. Ey iman gətirənlər! Əyninizdə ihram varkən ov ovlamayın. Kim
qəsdən ov ovlayarsa, əvəzində mal-qarasından keçməli və bunların
da miqdarının ovlanan ovun misli olduğuna içinizdən iki ədalətli
adam qərar verməli. Bu mal-qara qurbanlıq kimi Kə'bəyə göndərilməli.
Yoxsulları doyuzdurmaq və ya elədiyinin ağırlığını dadmaq üçün
buna bərabər oruc tutmaq da kəffarə sayılır. Ötüb keçmiş günahlardan
keçmiş Allah. Güclüdür, intiqam alandır Allah.
96. Dolanışıq üçün dənizdə ov ovlamaq və onu yemək sizə də, yolçulara
da halal bilinmiş. Əyninizdə ihram varkən quruda ov ovlamaq sizə
haram bilinmiş. Hüzuruna cəm olacağınız Allahdan çəkinin.
97. Kə'bəni, o müqəddəs Evi insanlara dayaq olaraq qurmuş Allah.
Haram ayı Kə'bəyə hədiyyə olan qurbanlığı, boyunbağı ilə bəzədilmiş
qurbanlıqları da meydana gətirmiş ki, biləsiniz - göylərdə nə
varsa, yerdə nə varsa bilir Allah.
98. Bilin, Allahın cəzası şiddətlidir. Və bağışlayandır, Rəhimdir
Allah.
99. Hər şeyi bəyan eləməkdir ancaq Rəsulun borcu. İçinizi, çölünüzü
bilir Allah.
100. De ki, «Bərabər tutulmaz murdarla təmiz xoşuna gəlsə belə
murdarın çoxu. Elə isə, ey ağıl sahibləri, Allahdan qorxun ki,
uğura uğrayasız».
101. Ey iman gətirənlər! Sorğu-sual eləməyin o şeylərin barəsində
ki, xoşunuza gəlməyəcək açıqlanarsa. Soruşun bu şeyləri Qur'an
nazil olarkən, onlar açıqlanarlar sizə. Onların üstündən keçmiş
Allah. Günahlardan keçəndir, həlimdir Allah.
102. Sizdən öncə gəlib gedən bir qövm soruşmuşdu bu şeyləri, sonra
da küfr eləmişdi həmin şeylərə.
103. Nə bəhirə, nə səibə, nə vəsilə, nə də ham deyilən şeyləri
yaratmış Allah. Yalnız küfr eləyənlər yalan uydururlar Allahın
adına və çoxları da ağıl işlətmirlər.
104. «Gəlin itaət eləyin Allahın göndərdiyinə və Rəsula» deyiləndə
onlara, «Atalarımızın qoyduğu özül yetər bizə» deyərlər. hətta
bir şey bilmirdisə, doğru yolda deyildisə ataları, onda necə?
105. Ey iman gətirənlər! Siz öz hayınızda olun. Siz doğru yolu
tutan zaman yolundan sapmış bir kimsə zərər verə bilməz sizə.
Hamılıqla dönəcəksiz Allahın dərgahına. O da bildirər sizə nə
iş görürdünüzsə.
106. Ey iman gətirənlər! Birinizi haqlayanda ölüm, aranızdan seçmə
iki adil adam şahidlik eləsin onun vəsiyyətinə. Yaxud da yol üstündə
ikən başınıza müsibət açsa ölüm sizlərdən olmayan iki başqa adam
eləsin bu şahidliyi. Əgər şübhələnirsinizsə bu ikisindən, qoyun
namazdan sonra and içsinlər Allaha: «Qohumlarla olsa belə dəyişmərik
andımızı heç bir dəyərə, gizləmərik Allahın şahidliyini. Yoxsa
günah yiyələrinin sırasında olarıq».
107. Əgər mə'lum olarsa ki, günah işlədib onlar, haqlarına təcavüz
edilənlərdən şahidliyə daha çox layiq olan iki nəfər tutar onların
yerini və «Bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur,
haqqı tapdamadıq biz. Yoxsa zalımlardan olardıq» deyə and içərlər
Allaha.
108. Şahidliyi qaydasınca eləmək, yaxud and içəndən sonra andın
qəbul edilməyəcəyindən qorxuya düşmək üçün gərəkli olan budur.
Allahdan qorxun və eşidin - yolsuzları doğru yola çəkməz Allah.
109. Peyğəmbərləri toplayacağı gün «Sizə nə cavab verildi?» deyər
Allah. «Yox bizim bir bilgimiz, görünməyən şeyləri bilən təkcə
Sənsən, Sən» deyərlər.
110. Allah demişdi: «Ey Məryəm oğlu İsa! Xatırla sənə və anana
verdiyim ne'mətimi. Ruhul-Qüdslə yardım eləmişdim sənə. Beşik
yaşında da, böyüyəndə də insanlarla danışırdın. Kitabı, hikməti,
Tövratı və İncili öyrətdim sənə. Gildən quş şəklində bir şey düzəltmişdin
Mənim iznimlə, üfləmişdin onu, iznimlə quş olmuşdu o. İznimlə
sağaltmışdın anadan kor doğulmuşu, cüzamlını. İznimlə qaytarırdın
ölüləri həyata. İsrail oğullarını qoymamışdım sənə yaxın düşələr.
Sən aşkar dəlillər gətirəndə onlara aralarındakı kafirlər «Bu
aşkar bir cadudan başqa bir şey deyildir» demişdilər.
111. «Mənə və peyğəmbərlərə iman gətirin» deyə əmr eləmişdim həvarilərə.
«Biz iman gətirdik, müsəlman olduğumuza şahidlik elə» demişdilər.
112. «Ey Məryəm oğlu İsa, bizə göydən bir süfrə göndərə bilərmi
Rəbbin» demişdi həvarilər. «Əgər mö'minsinizsə, qorxun Allahdan»
dedi o.
113. «O süfrədən yemək istərik, sakitləşsin ürəyimiz, bilək ki,
bizə dediyin doğru imiş və gözümüzlə görə bilək biz onu» dedilər.
114. İlahi, Rəbbimiz! Bizə və bizdən sonra gələcəklərə bayram
və Səndən bir dəlil olaraq göydən bir süfrə göndər, ruzi ver bizə.
Sən ruzi verənlərin ən xeyirlisisən» dedi Məryəm oğlu İsa.
115. «Onu göndərərəm sizə. Ancaq küfr eləyənə aləmlərdə heç kimə
vermədiyim bir əzabı verərəm» dedi Allah.
116. «Allahdan başqa iki tanrı olaraq mənə və anama tapının» deyə
sənmi buyurdun insanlara, ey Məryəm oğlu İsa?» və yenə dedi Allah,
«Haşa, - dedi o - Sən ucasan. Haqqım yoxdur mənə görə haqq olmayan
bir şeyi söyləməyə. Əgər söyləmişəmsə, bunu bilmiş olarsan. İçimdə
nə varsa mənim, bilirsən. İçində nə varsa Sənin, bilməzəm. Görülməzləri
bilən təkcə Sənsən, Sən.
117. «Mənim və sizin Rəbbiniz olan Allaha ibadət eləyin» deyə
Sənin mənə buyurduuğundan savayı bir şey deməmişəm onlara. Nə
qədər ki, onların içində idim, şahidlik eləyirdim onlara. Ancaq
Sən məni vəfat etdirəndən sonra təkcə Sən göz oldun onlara. Sən
hər şeyi görənsən.
118. Əzab verirsən ver onlara, Sənin bəndələrindilər. Keçsən günahlarından,
demək təkcə Sənsən güclü və müdrik olan».
119. «Bu gün sadiqlərə sədaqətlərinin fayda gətirdiyi gündür.
İçindən çaylar axan cənnətlər gözləyir onları, oralarda əbədilik
qalarlar» dedi Allah. Razı qaldı onlardan Allah, onlar da Allahdan.
Budur o böyük qurtuluş!
120. Göylərin, yerin və onlarda nə varsa onun yiyəsi Allahdır.
hər şeyə qadirdir O
|