Quranda
«Dində məcburiyyət - ikrah etdirmə yoxdur» məalında bir ayə var.
Yəni insana onun xoşuna gəlməyən bir işi qəbul etdirmək, onu diksindirmək,
ikrah yaratmaq olmaz. İstər dini qəbul etmək məsələsində, istərsə
də qəbul etmiş insanların dini olan nəisə icrasında ikrahı – məcburiyyəti
Müqəddəs Kitabımız məqbul saymır.
Uca Tanrı insanlara böyük
bir azadlıq verib. Dindar olmaq və ya kafir olmaq məsələsini hər
kəs azad şəkildə seçməlidir. Baqara surəsində deyilir: «Dində
məcburiyyət yoxdur. Doğru yol azdıran yoldan ayrılıb aydınlaşıb.
Kim bütləri inkar eləyib Allaha tapınarsa, artıq o Allahın qopmaz
ipindən bərk yapışıb tutmuşdur. Allah eşidəndir hər şeyi, biləndir
hər işi» (Baqara 256).
Bu, Müqəddəs Kitabımızın
təyinatı ilə bağlıdır. Əslində düşünürük ki, başqa dinlərdən fərqli
olaraq, dinimizdə heç etik imperativ belə yoxdur. Din yol göstərmə,
doğrunu əyridən, düzü yanlışdan, xeyiri şərdən seçmə üçün yardımdır.
Seçim imkanına müdaxilədə Allah taala heç peyğəmbərimizə də səlahiyyət
vermir. Çünki bir ayədə deyildiyi kimi, «Bu Quran bir öyüddür,
aləmlərdən ötrüdür» (Yusuf 104). Hətta peyğəmbərimizə
xəbərdarlıq da edilir: «İstəsəydi Rəbbin əgər yer üzündə kim varsa,
hamılıqla iman gətirərdi Ona. Sənmi zor işlədirsən insanları gətirmək
üçün?» (Yunus 99).
Quranda onu da oxuyuruq
ki, peyğəmbərimiz insanların islama, imana gəlməsini, doğru yolu
seçməsini nə qədər istəsə də, onlara nə qədər acısa da, bu, onlara
təzyiq etmək, məcbur etmək həddinə çata bilməz: «Səndən üz çevirsələr,
bilsinlər, Biz səni göndərməmişik göz qoyasan onlara. Sənin borcun
yalnız bəyan eləməkdir verdiyimiz hökmləri» (Şura 48).
Başqa peyğəmbərlərin həyat və fəaliyyəti barədə Quran ayələrinə
diqqət yetirəndə bunun hər zaman belə olduğunu görürük. Məsələn,
Hud peyğəmbərin xitab elədiyi kütlə Allaha qarşı sayğısızlıq göstərirdi.
Amma onların bu etirazları qabağında Hudun seçdiyi tövrə fikir
verək: «Hud dedi: «Ey qövmüm, mən ağılsız deyiləm, Aləmlərin Rəbbinin
göndərdiyi elçiyəm. Mən Rəbbimin sözlərini yetirirəm sizə, etibarlı
öyüdlər verirəm sizə» (Əraf, 67-68). Eyni
tərzi Saleh peyğəmbərin, bütün başqa peyğəmbərlərin də xitab etdiyi
camaata münasibətində görürük: «Ey millətim! Mən sizə Rəbbimin
risaləsini təbliğ etdim. Fəqət siz nəsihət edənləri sevməzsiniz».
Təzyiq və məcburiyyətə
qarşı bu xəbərdarlıq nədəndir? Allah taalanın bizdən istədiyi
səmimiyyət, ixlas, işi ürəkdən icra etməkdir. Məşhur türk təfsirçisi
Elmalılı Həmdi Yazır «Haqq dini, Quran dili» əsərində bu barədə
yazır: «Aləmdə məcburiyyət ola bilər, amma dində, dinin hökmündə,
dinin dairəsində olmaz və olmamalıdır. İslamın şəni məcbur etmək
deyil, bəlkə, məcburiyyətdən qorumaqdır».
Məcburiyyət nələrə gətirib
çıxarır? Bir örnək verək. Ötən il qonşu ölkələrin birinin naziri
televiziya müsahibəsində belə bir cümlə işlətdi: «İranlı qadınlar
ölkəmizin sərhədlərini çadrada keçir, mehmanxanadan isə elə bir
libasda çıxırlar ki, elə bil Hollivud manekenləridir».
Bəli, əgər bir insan
qəlbindən gəlmədən namaz qılır, oruc tutur, başını örtürsə, burada
səmimiyyət yoxdursa, bu, insanı münafiqə çevirə bilər. Amma müəyyən
inancı varsa, amma namaz qılmır və ya oruc tutmursa, bu ən azı
imansız deyil. Qurandakı bütün tövsiyələr insanın öz arzusuna,
öz öhdəsinə buraxılıb. İnsan bunların bacardığı və ya istədiyini
yerinə yetirir. Ümumiyyətlə, islam məcburiyyətə qeyri-məqbul bir
şey kimi yanaşır. İçdən, qəlbdən gələrək edilən daha gözəl və
faydalı sayılır.
|