Rəbbimiz
buyurur: "Aranızda əbəs yerə haqsızlığa yol verərək bir-birinizin
mallarını yeməyəsiz, hökm yiyələrinə verməyəsiz. Yoxsa siz də
insanların mallarından bir qismini yeyərsiz bata-bata bilərəkdən
günaha" (əl-Bəqərə - İnək, 188). Bu ilahi buyruqda diqqətimiz
hər şeydən öncə əmlakın toxunulmazlığı prinsipinə yönəldilir.
Bir ayədə iki dəfə təlqin olunur ki, başqasının sərvətinə, malına,
puluna göz dikmək olmaz, bu haqsızlıqdır, günahdır. Qınaq obyektivində
şübhəsiz ki, oğurluq, talançılıq, fırıldaqçılıq, rüşvətxorluq
və başqa üzdəniraq əməllər durur.
Bunlarla bərabər gətirilən
ayə fikrimizi özəl olaraq bir qədər də rüşvətxorluq üzərində cəmləmək
niyyətindədir və təlqin edir ki, camaat mallarını hökm yiyələrinə,
ixtiyar sahiblərinə verməsin. Vəzifəli şəxslərə rüşvət verməyin
özünü də günah kimi göstərir Rəbbimiz və bizi bundan çəkindirir.
Yəni rüşvəti alan da, verən də suç işləmiş olur.
Söhbət hər iki halda
toplumiçi münasibətlərdə hökm sürməli olan və İlahinin bütün fiziki
aləm üçün bəlirtdiyi tarazlıq qanunlarının xələldar olmağından
gedir. Deyilən kontekstdə bu, mülkiyyət toxunulmazlığına dair
ilahi prinsipin pozulmasından başlayır. Rüşvətxor məmur şüurlu
şəkildə belə bir suçu işləməkdən çəkinmir. Və baş verən mənəviyyatsızlıq
olayından təkcə özünün əxlaqi keyfiyyətləri zavala uğrasaydı,
necə deyərlər, dərd yarıydı. Rüşvət ehtiraslısı mənəviyyatsızlığın
daşıyıcısı funksiyası ilə bərabər eyni zamanda bu mərəzin topluma
ötürücüsü və yoluxdurucusu olaraq daha təhlükəli bir missiyanı
da həyata keçirir. Belə bir fəaliyyət ayədəki sonuncu ifadə ilə
təsdiqlənir: "bir qismini yeməyəsiz bata-bata bilərəkdən
günaha".
Burada aşkarlanan həqiqət
ondan ibarətdir ki, rüşvət verənin özü də başqasından rüşvət almaq
zorunda qala bilər və bu pozuculuq istər aşağıdan yuxarıya, istərsə
də yuxarıdan aşağıya bütövlükdə topluma ağır zərbələr vura, dövlətçilik
şüurunu sarsıda bilər.
Rüşvətxorluq mərəzinin
toplumiçi münasibətlərdə tarazlığı pozması bir də onda təzahür
tapır ki, əhalinin ehtiyacları üçün nəzərdə tutulan Tanrı ruzisi
çox məhdud bir qrup insanın əlində cəmləşir. Rəbbimiz bizi ondan
çəkindirir ki, əhalinin ehtiyacları üçün nəzərdə tutulan Tanrı
ruzisi "varlılar arasında əldən-ələ ötürülən sərvətə çevrilməsin"
(əl-Haşr - Toplanma, 7). Maddi sərvətin əldən-ələ ötürülməsi çağdaş
dillə korrupsiya deməkdir.
Müqəddəs Kitabımıza sayğı
ilə yanaşan, içində Allah qorxusundanmı, sevgisindənmi azacıq
da olsa pay gəzdirən şəxs bilməlidir ki, mal-dövlət Tanrının insanı
sınağa çəkmək vasitələrindən biridir. Rəbbimizin Öz buyuruğudur:
“Malınız-dövlətiniz, övladlarınız sizi bir sınağa çəkmək üçündür...”
(ət-Təğabun – Aldanış, 15).
Rüşvətxor və korrupsioner
öz fəaliyyətilə insanların bu haqqını təcavüzə məruz qoymaqla
yetinmir. O, eyni zamanda müqəddəs Kitabımızın çəkindirdiyi "israfa",
yəni əhalinin bir qismi ehtiyac içində ola-ola mal-dövlətin, necə
deyərlər, havaya sovrulması, eyş-işrətə, mənasız əyləncəyə xərclənməsi,
"itrafa", yəni mal-dövlətin çoxluğu səbəbilə azğınlaşaraq
nümayişkəranə qudurğanlıq hərəkətlərinə yol verilməsi, "təfaxürə",
yəni sərvət sahibi olmaqdan qürur duyulması, "təkasürə",
yəni sərvət yığımına aludəçilik göstərilməsi və s. və i. əməllərin
daşıyıcısına çevrilərək toplumda mənəvi ab-havanı zəhərləməklə
məşğul olur.
Müqəddəs Oxunun orijinalında
bizim çox zaman mülkiyyət mənasında anladığımız “mülk” sözü tez-tez
işlədilir. M-L-K kökündən olan bu söz “bir şeyə malik olmaq”la
bərabər həm də bu nəsnənin üzərində sərəncam hüququnun olması
mənasını da ehtiva edir. Bu mənada “mülk” sözü həm də “hakimiyyət”
anlamında təfsir edilir. Ayələrə baxaq: “Tanrınındır göylərlə
yerin və bunların arasında olanların mülkü, hakimiyyəti. Yaradır
O dilədiyi nəsnəni. Tanrı hər şeyə qadir” (“əl-Maidə” – Süfrə,
17); “Alqış Tanrıya, bir övlad götürməmiş, hakimiyyət, mülkiyyətdə
bir ortağı olmamış, zillətdən bir qoruyanı olmamış” (“əl-İsra”
– Gecə yolçuluğu, 111); “Gecəni gündüzə qatır, gündüzü də gecəyə.
Günəşi də, ayı da tabe tutmuş əmrinə. Hər biri axıb gedər bəlirlənən
vaxtadək. Budur Tanrı, Rəbbiniz! Onundur mülk, səltənət. Ondan
kənar sizin o çağırdıqlarınız bir çəyirdək qabığına belə sahib
deyillər” (“əl-Fatır” – Yaradan, 13).
Bu ayələrdən göründüyü
üzrə, hansı mənada işlənməyindən asılı olmayaraq bizim mülkiyyət
dediyimiz mülkün mütləq mənada sahibi Yaradan Özüdür. Bizim əldə
etdiklərimiz isə sadəcə müxtəlif məqsədlərlə müvəqqəti istifadəmizə
veriləndir.
Rəbbimiz təlqin edir
ki, insan yer üzündə yalnız Tanrı xəlifəsi, təmsilçisidir və bu
üzdən də Tanrıdan aldığı mülkə, mal-dövlətə mütləq mənada sahiblik
edə bilməz, onun sahiblik haqqı nisbidir. Çünki Tanrı nəinki yer
üzündə insanlar üçün yaratdıqlarına, O insanların özünə də sahibdir,
başqa sözlə, biz özümüz də Tanrı mülkiyyətinin hissəcikləriyik.
Necə ki, Rəbbimiz buyurur: “Bizik, şəksiz, varis olan yer üzünə,
üstündəki kəslərə” (Məryəm, 40)
İslam dinində maddi nemətlərin
qazanılmasına təbii olaraq təşviq var və bu təşviq ayələrin birində
belə ifadə olunur: “O-nun ayələrindəndir gecə, gündüz yatmağınız,
lütfündən pay istəyib axtarmağınız. Bunda, şəksiz, ayələr var
eşidənlərə” (“ər-Rum” – Rumlar, 23). Bununla belə müqəddəs Oxu
maddi sərvətlərin yalnız Allah yolunda, insanın rifahı, mənəvi
yüksəlişi, toplumun ehtiyaclarının ödənilməsi naminə xərclənməsini
vacib bilir: “Yaxşılıq, dindarlıq o kimsənin payında ki, Tanrıya,
axır günə, mələklərə, Yazıya, peyğəmbərlərə inanar, yaxınlara,
yetimlərə, yazıqlara, yolçulara, dilənənlərə, azadlıqdan məhrumlara
mal verər – o malı ki, sevdiyi nəsnələrdən – namaz qılar, zəkat
verər” (“əl-Bəqərə” – İnək, 177). Mal-dövlət əbədi dəyərlərin
əldə ediməsi təyinatına sərf olunmayıb da sadəcə varlanmaq üçün
bir məqsədə çevrilirsə, bu zaman insan oğlunun axirətdən payı
olmaz. Bunu müqəddəs Oxuda Ibrahim peyğəmbərin duasından da sezmək
mümkündür. Bütpərəst toplumda yüksək mövqe sahibi atası üçün Tanrıya
dua edən peyğəmbər deyir: “Eylə məni nemət cənnətinin varislərindən.
Atamı da bağışla. Şəksiz, sapmışlardan idi. Məni rəzil eyləmə
o gün ki, hamı dirçəldiləcək, o gün ki, nə mal-dövlət, nə oğullar
fayda verər. O kimsə bir başqa ki, təmiz bir ürəklə gələr Tanrıya”
(“əş-Şüəra” – Şairlər, 85-89).
Ayələrin birində Rəbbimiz
onu da nəzərimizə çatdırır ki, mal-dövlətin ilkin təyinatı bu
maddi aləmdə insanı ayaqda tutmaq, ona dayaq olmaqdan ibarətdir:
"Verməyəsiz malınızı beyinsizlərə, Tanrı bundan bir dayaq
eyləmiş sizə” (ən-Nisə - Qadınlar, 5).
Ayədəki bu ifadə bir
çox yozuma yol açır. Ənənəvi təfsirlərdə qeyd edirlər ki, mülkiyyət
haqqı o şəxsə tanınır ki, onun ağlı başında olsun və s. Ayədəki
ifadəni rüşvətxorluqla da əlaqələndirmək mümkündür. "İnsanların
mallarını hökm yiyələrinə verməyəsiz" buyuran Rəbbimiz burada
"beyinsizlərə verməyəsiz" deyir. Birincidə ilahi çəkindirmə
rüşvətxorluğun bütün toplumu bürüyəcəyi təhlükəsilə bağlıdırsa,
ikincidə bu təhlükənin gerçəkləşə biləcək nəticəsinə işarə edilir.
Yəni total rüşvətxorluq şəraitində insanlar istər ayrı-ayrı fərdlər,
istərsə də toplum halında yaşayış dayaqlarından məhrum bir duruma
düşürlər. Toplumun dayaqları sarsılır. Və dayaqları sarsılmış
toplumda rüşvət yiyəsi xoşbəxt ola biləcəyini zənn edirsə, deməli,
ağılsızdır. Düşünmür ki, ya bu dünyada onu acların nifrəti, ya
da axirətdə ilahidən ağır cəza gözləyir. Düşüncəsiz, beyinsiz
rüşvətxorun taleyi hər iki halda qibtə ediləsi deyil. Tanrı demişkən:
"Rəblərini dananların işdəkləri bir külün timsalında. Fırtınalı
bir gündə əsən külək şiddətlə yox eylər onu. Qazandığı nəsnələrin
üstündə onların hökmü olmaz..." (İbrahim, 18).
|