Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim.
2. Bunlar hikmət dolu
Kitabın ayələridir.
3. Yol göstərir, rəhmət
verir yaxşılara bu Kitab.
4. Namaz qılar, zəkat
verər, axirətə iman gətirər onlar.
5. Rəblərinin yolunda
olanlardır, uğura uğrayanlardır onlar.
6. İnsanlardan eləsi
var elmsizlik üzündən boş-boş söhbətlərilə azdırar adamları Allah
yolundan, rişxənd edər bu yola. Alçaldıcı bir əzab gözləyir belələrini.
7. Ayələrimiz oxunanda
ona təkəbbürlə yaxasını kənara çəkər. Qulaqlarında ağırlıq var
elə bil, eşitməyir elə bil. Ağrılı bir əzabın müjdəsini ver ona.
8. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, ne'mətli cənnətlər gözləyir
onları.
9. Oralarda əbədilik
qalarlar. Bu, Allahın haqq və'didir. Güclüdür, müdrikdir O.
10. Göyləri görə biləcəyiniz
dirəklərsiz var eləmiş. Ayağınız altından yer qaçmasın deyə yer
üzündə möhkəm duran dağlar yaratmış. Hər canlıdan xəlq eləyib
yer üzünə yaymış O. Səmadan su endirərək hər cür gözəl bitkidən
Biz növ-növ bitirmişik.
11. Bunlar Allahın işidir.
Bəs Ondan başqaları nəyi yarada bilmiş, göstərin Mənə. Açıq-aşkar
bir sapqınlıq içində vurnuxar zalım kimsələr.
12. Luqmənə hikmət verdik
şükr eləyə Allaha. Öz xeyrinə şükr eləyər şükr eləyən. Naşükürlük
eləyən də bilməli, varlıdır, öyülməlidir Allah.
13. Bir zamanlar oğluna
öyüd verərək Luqmən demişdi: «Nəbadə Allaha şərik qoşasan. Allaha
şərik qoşmaq çox böyük bir zülmdür».
14. İnsana buyurmuşuq
yaxşı olsun atasına, anasına. Zəifləyə-zəifləyə, əziyyətdən-əziyyətə
qatlaşaraq bətnində gəzdirər, sonra da iki il süd verər ona anası.
Demişik şükr eləsin Mənə, valideynlərinə. Mənim dərgahıma axır
dönəcək hamı.
15. Əgər atanla anan
səni qısnasalar ki, bilmədiyin bir şeyi Mənə şərik qoşasan, onlara
itaət eləmə. Ancaq dünya həyatında çalış insaf gözləyəsən onlarla
rəftarında. Mənə tövbə eləyib haqq yoluna qayıtmış kimsələrin
yoluyla get. Mənim dərgahıma axır dönəcəksiniz. Mən də bildirərəm
sizə nə iş görürdünüzsə.
16. Luqmən dedi: «Oğlum!
Bir xardal dənəsi ağırlığında olsa belə, bir qaya içində, göylərdə,
yerin təkində - harada olsa belə gördüyün pis bir işi üzə çıxarar
Allah. Həssasdır, hər şeydən xəbərdardır Allah.
17. Oğlum! Namaz qıl,
insaf buyur, fənalıqdan adamları ayır, başına gələnlərə səbr elə,
döz. Bunlar sənə güc verər işini möhkəm tutasan.
18. Yz-gözünü turşutma
adamlara, lovğa-lovğa yerimə yer üzündə. Ədəbazları, lovğaları
sevməz Allah.
19. Yeriyəndə öz yerişini
yeri, danışanda azalt səsini. Eşşək anqırtısıdır ən iyrənc səs,
şübhəsiz».
20. Göylərdə nə varsa,
yerdə nə varsa sizin üçün yaratmış Allah. Görülən, görülməz ne'mətini
bol-boluna vermiş sizə. Bunları görməzmi oldun? İnsanlardan eləsi
var bir bilgisi olmadan, doğru yolu tapmadan, nur paylayan bir
Kitabı qavramadan mübahisə eləyər Allahın barəsində.
21. Belələrinə «Allahın
göndərdiyinin ardınca gedin» deyiləndə «Biz atalarımızın yoluyla
gedirik» deyərlər. Əgər atalarını od əzabına aparan yola çağırmışsa
şeytan, onda necə?
22. E'tibarlı bir dəstəkdən
yapışmış kimidir Allahı bir bilən düz əməlli bir adam. Allaha
qalar bütün işlər.
23. Bir kimsənin kafirliyi
üzündən üzülməyəsən. Bizim dərgahımıza axır dönəcək hamı. Biz
də bildirərik onlara nə iş görürdülərsə. Şübhəsiz, ürəklərin içini
bilir Allah.
24. Bir az dolandırarıq
dünyada onları, sonra da ağır bir əzaba sürüklərik onları.
25. «Göyləri, yeri yaradan
kimdir?» soruşsan «Allahdır!» deyəcəklər. De ki, «Həmd edilib
öyülməyə layiq olan təkcə Allahdır». Ancaq bunu bilməyir onların
çoxu.
26. Allahındır göylərdə
nə varsa, yerdə nə varsa. Allahdır varlı olan, öyülməyə layiq
olan.
27. Yer üzündə bitən
bütün ağaclar qələmlərə dönsələr, dəniz də mürəkkəbə - yeddi dəniz
də üstəlik mürəkkəb olsa belə yazılmaqla bitən deyil Allahın kəlamları.
Şübhəsiz, güclüdür, müdrikdir Allah.
28. Sizi hamılıqla yaratmaq
və sonra qiyamətdə diriltmək bircə canı xəlq eləmək və qiyamətdə
diriltmək kimi asan bir işdir Allahın əlində. Eşidəndir, görəndir
hər şeyi Allah.
29. Gecəni gündüzə, gündüzü
gecəyə qatar Allah. Günəşlə ayı buyruğu altına almış O, müəyyən
bir vaxta qədər hər biri axıb gedər. Bunları bilməzmisən? Gördüyünüz
işlərdən xəbərdardır Allah.
30. Çünki Allah haqdır,
Ondan başqa tapındıqları şeylərsə - batil. Ucadan ucadır, uludan
ulu Allah.
31. Məgər görməzmisən,
Allahın lütfüylə üzür dənizdə gəmilər. Varlığının dəlilini göstərir
sizə Allah beləcə. Şübhəsiz, bunda bir ayə var səbr yiyələri üçün,
tez-tez şükr eləyənlər üçün.
32. Başlarının üstünü
dağlar kimi dalğalar alan zaman dənizdə, təkcə Onun dininə könül
verərək yalvararlar Allaha. Elə ki, quruya çıxardıq onları, bə'zisi
tərəddüd keçirər, bə'zisi qalar kafirliyində. Yalnız xain olan,
nankor olan kimsələr Bizim ayələri inkar edərlər.
33. Ey insanlar! Çəkinin
Rəbbinizdən, qorxun o gündən ki, ata oğulun, oğul atanın karına
gəlməyəcək. Şübhəsiz, haqdır Allahın və'di. Qoy sizi aldatmasın
dünya həyatı. Allahın əfv edəcəyilə qoy sizi aldatmasın şeytan.
34. Təkcə Allah bilər
qiyamətin vaxtını. Yağışı da göndərən, bətnlərdə olanı da bilən
Odur. Heç kim bilməz sabah onu nə gözləyir. Heç kim bilməz o harada
öləcək. Hər şeyi bilən, hər şeydən xəbərdar olan yalnız Allahdır.
|